Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abbas ibn Abdülmuttalib (r.a)

Tarix: 30.09.2013 | Bu məqalə 1. 025 dəfə oxunub.

İslamdan əvvəl də Kəbəyə xidmət müqəddəs vəzifə hesab olunurdu. Bu müqəddəs vəzifəni Qureyşin zadəgan ailələrindən olan Hz. Abbasın ailəsi yerinə yetirərdi. Kəbəni təmir edər, zəvvarlara su paylayardılar. Kəbəyə xidmət bu ailənin bir ənənəsi idi.

Hz. Abbas hələ uşaq idi. Bir gün itdi. Anası hər tərəfi axtardı, lakin onu tapa bilmədi. “Əgər Abbasımı tapsam, Kəbəni ipək parçalarla bəzəyəcəm!” – deyə əhd etdi. Nəhayət, Abbas tapıldı. Anası da sözünü yerinə yetirdi. Beləcə tarixdə ilk dəfə Kəbə Hz. Abbasın anası tərəfindən ipək parçalarla örtüldü. Ailəsinin bu gözəl adətinə sahib çıxan Hz. Abbas Kəbədə heç kəsin pis söz danışmasına icazə verməzdi.

Hz. Abbas müsəlman olmadan əvvəl də qardaşı oğlu Rəsulullahı sevərdi. Onu Məkkə müşriklərindən qoruyardı. Peyğəmbərimiz bəzi mühüm qərarlar alanda əvvəl onunla məsləhətləşərdi. Məkkə müşrikləri Rəsulullaha (s.ə.s.) çox əziyyət verəndə mədinəlilər öz diyarlarına dəvət etdilər. Məşhur Əqəbə beyətində Hz. Abbas da vardı, onlardan Rəsulullahı can və malları ilə qorumalarına dair söz vermələrini tələb etdi. Mədinəlilərə belə xitab etdi:

– Ey mədinəlilər! Məhəmmədin yüksək məqamını və dəyərini yaxşı bilirsiniz. Məkkədəki düşmənlərindən onu qoruduq, qorumağa da davam edəcəyik. Onu Mədinəyə dəvət edirsiniz. Ancaq onu qoruya biləcəksinizsə, yurdunuza aparın. Əgər onu himayə edəcəyinizdən əmin deyilsinizsə, bu təşəbbüsdən imtina edin.

Beləcə Hz. Abbas Rəsulullahı qorumalarına dair zəmanət almaq istədi. Mədinəli­lər­dən söz aldı. Mədinəlilər, yəni Övs və Xəzrəc tayfaları Rəsulullahı canları kimi qoruyucaqlarına dair söz verincə Hz. Abbasın ürəyi rahatlaşdı. Üçüncü Əqəbə beyəti beləcə müsbət nəticələndi.

Hz. Abbas Bədir döyüşündə müşriklərin tərəfində vuruşmuşdu. Rəsulullah bütün səhabələrə onun öldürülməməsi barəsində: “Abbasla qarşılaşsanız, əsla onu öldürməyin! Abbas bizdəndir”, – deyə təlimat vermişdi.

Hz. Abbas Bədir döyüşündə əsir alındı. Peyğəmbərimiz ona dedi ki, əsirlikdən azad olmaq istəyirsə, fidyə ödəməlidir. Hz. Abbas:

– Ya Rəsulallah, mən müsəlmanam. Qureyş qəbiləsi məni bu döyüşə zorla gətirdi, – de­di. Peyğəmbərimiz:

– Sənin müsəlman olub-olmadığını Allah bilir, – buyurdu, – əgər düz deyirsənsə, Allah, əlbəttə, onun savabını sənə verər. Lakin sən zahirdə bizim əleyhimizdə idin. Sən mütləq fidyə verməlisən.

Döyüşdən sonra Hz. Abbasın üstündəki pulu qənimət olaraq almışdılar. Hz. Abbas Peyğəmbərimizə:

– Heç olmasa, məndən aldı­ğınız qızılları fidyə olaraq qəbul et, – dedi. Rəsulullah (s.ə.s.) bu təklifi qəbul et­mədi:

– Xeyr, o pul, Allahın bizə səndən nəsib etdiyi bir qənimətdir, – buyur­du. Hz. Abbas:

– Ya Rəsulallah, mənim ondan başqa malım yox. Sən məni Mək­kədə dilənçi vəziyyətinəmi salmaq istəyirsən? – dedi. Peyğəmbərimiz (s.ə.s.):

– Ey Abbas, qızıllar harada qaldı?! – deyə soruşdu. Hz. Abbas təəccüblənmişdi. Rəsulullahdan:

– Hansı qızıllar? – deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s.) belə buyurdu:

– Məkkədən çıxdığın gün zövcən Ümmül-Fəzlə verdiyin qızıllar! O əsnada yanınızda heç kəs yox idi. Sən zövcənə: “Bu səfərim əsnasında başıma nə gələcəyini bilmirəm. Əgər başıma bir fəlakət gəlsə, mən geri dönməsəm, bu qədər sənin üçün, bu qədər Fəzl üçün, bu qədər Ab­dullah üçün, bu qədər Ubeydullah üçün, bu qədər də Qusəm üçündür”, – demiş­din.

Hz. Abbası heyrət hissi bürümüşdü:

– Bunu sənə kim xəbər verdi? Vallah, bunu məndən və Ümmül-Fəzldən başqa heç kim bilə bilməzdi! – dedi. Peyğəmbəri­miz:

– Allah xəbər verdi, – buyurdu. Nəticədə, Hz. Abbas:

– Mən şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şahidlik edərəm ki, sən Allahın Rəsulusan, – deyərək Müsəlman olduğunu açıqladı.[1]

Peyğəmbərimiz əmisindən  Məkkəyə qayıtmasını, müşriklərin hərəkətlərinə nəzarət edib ona məlumat verməsini xahiş etdi. Hz. Abbas Məkkəyə qayıtdı, bir müddət ima­nını gizlədi. Çox mühüm vəzifələr gördü. Məkkədə baş verən bütün hadisələri Rəsulullaha xəbər verər, Məkkənin necə fəth edilə biləcəyini bir-bir başa salırdı.

Müşriklər bunun sezmişdilər. Ona görə də Hz. Abbası sevmirdilər. Ancaq ona heç nə deyə bilməzdilər. Hz. Abbas da onların soyuq münasibətlərindən narahat olardı. Bəzən:

– Ya Rəsulallah, müşriklərin məni görəndə üzünü turşutmalarından narahat oluram! – deyərdi. Peyğəmbərimiz onu təsəlli verər və: “Onlar səni sevmədikcə cənnətə girə bilməz”, – buyurar, onların axirətdə çəkəcəkləri əza­ba diqqət çəkərdi.

Hz. Abbas bəzən hicrət etməyi düşünər, Peyğəmbərimizdən icazə istəyərdi. Lakin Rəsulullah (s.ə.s.) ona:

– Allah mənimlə peyğəmbərliyin son möhürünü vurduğu kimi, səninlə də hicrəti sona çatdıracaq, – deyər, Məkkədə qalmasını xahiş edərdi.

Rəsulullah (s.ə.s.) Hz. Abbası çox sevərdi. Onun haqqında: “Qureyşin ən səxavətlisidir, – buyurar, – ey Allahım, Abbası və övladlarını bağışla, onları günahın çirklərindən təmizlə, mühafizə et!” – deyə dua edərdi.[2]

Peyğəmbərimiz Hz. Abbasa müraciət edəndə: “Ey Rəsulullahın əmisi”, – deyərdi. Belə müraciət Hz. Abbasın xoşuna gələrdi. Tez-tez Rəsulullahın yanına gəlir, ondan dua və elm öyrətməsini xahiş edərdi. Rəsulullah da ona qısa dualar öyrədər, dünya və axirətdə xeyir diləməsini istəyərdi.

Hz. Abbas Rəsulullahdan yaşlı olmasına baxmayaraq, ona böyük hörməti vardı. “Rəsulullahdan böyüyəm”, – deməyə dili gəlməzdi. “Sən böyüksən, yoxsa Rəsulullah?” – deyə soruşan­lara: “O, məndən böyükdür, mən isə ondan yaşlıyam!” – deyə cavab verərdi.

Hz. Abbasın Peyğəmbərimizin vəfatından sonra da böyük xidmətləri oldu. Hicrətin 18-ci ili idi… Quraqlıq və qıtlıq bütün Ərəbistan yarımadasını bürümüşdü. Bütün canlılar susuzluqdan əziyyət çəkirdi. Müsəlmanların xəlifəsi Hz. Ömər bu vəziyyət qarşısında çarəsiz idi. Allahdan başqa pənah yeri yox idi. Hz. Ömər bütün əhali ilə: uşaqlar, yaşlılarla yağış duası etməyə başladı. Bun­ların arasında Hz. Abbas da vardı. Hz. Ömər Hz. Abbasla birlikdə minbərə çıxdı, göz yaşları içində Uca Allaha belə yalvardı: “Uca Rəbbim! Kainatın sultanı Rəsulullah (s.ə.s.) həyatda ikən belə za­man­larda sənə yalvarar, sən də bizə yağış lütf edərdin. İndi isə o Uca Peyğəmbərin əmisi ilə sənə yalvarırıq. Bizə yağış göndər”.

Hz. Ömərin bu duasından sonra Hz. Abbas da belə dua etdi: “Allahım, hər şeyi bilən, görən sənsən. Çarəsiz məxluqu başlı-başına qoymaz, ayağı qırıq dəvənin baxımsızlıqdan həlakına imkan verməzsən. Uca Rəbbim, uşaqlar əməlli-başlı haldan düşdü. Yaşlılar iynə-sapa dön­dü. Ah-zarlar göyləri bürüdü. Sən gizlini də, ən aşkarı da bilənsən. Bu zəif qul­larının imdadına çat. Mər­həmət və köməyini əsirgəmə. Rəsuluna olan qohum olduğuma görə məndən tutub sənə yalvarırlar. Yağış ver, Ya Rəbbi”.

Bu yalvarışlardan sonra buludlar çoxaldı, səma qaraldı, göy guruldadı, İlahi rəhmət yağış damlaları halında yer üzünə endi. Bərəkət çiçək açdı. Yer üzü və canlılar bayram etdi…

Peyğəmbərimizin əmisi Hz. Abbas hicri 32-ci ildə 88 yaşında vəfat etmişdir.

Allah ondan razı olsun!


[1] Təbəqat, IV, 13-14.

[2] Üsdül-Ğabə, III, 310; Tirmizi, Mənaqib, 29.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.