- Səhabələr - https://sehabe.meneviyyat.az -

Abdullah bin Əbi Əvfa (r.a.)

Döyüş meydanlarında qılıncı ilə, sülh zamanında da elm və zəkası ilə İlahi həqiqətləri dünyanın hər yanına yaymağa çalışan səhabələrdən biri də Ab­dullah bin Əbi Əvfadır. Hz. Abdullah “Abadaleyi-Səba” (Yeddi Abdullah) kimi İslam tarixində məşhur olan alim səhabələrdəndi.

Hz. Abdullah bir gün atası Əbu Əvfa ilə birlikdə mallarının zəkatını vermək üçün Rəsulullahın yanına gedər, Peyğəmbərimiz (s.ə.s) də bu fədakar ailənin ixlas, səmimiyyət və İslama bağlılıqlarından dolayı ata-oğula dua edərdi. Zəkatlarını gətirən digər səhabələrə yal­nız onlar üçün dua etdiyi halda, Abdullah üçün: “Ya Rəbbi, Əbu Əvfa  ailəsinə mərhəmət və kərəmini bol et”, ‒ buyurmuşdu.[1]

Bu dua Hz. Abdullah üçün dünyalara bədəl idi. Bu anı və sözləri həyatının ən şirin anı kimi yad edərdi. Sonda Rəsulullahın duası qəbul olmuş, Hz. Abdullah İlahi həqiqətləri dünyaya yayma bəxtiyarlığına qovuşmuşdu.

Hz. Abdullah bir tərəfdən elmlə məşğul olur, digər tərəfdən də döyüşlərə qatılırdı.[2] Rəsulullahla birlikdə yeddi qəzvəyə qatıldı. Hüneyn və Xeybər döyüşlərində böyük qəhrəmanlıqlar göstərdi. Hüneyndə çətin anlarda öz vücudu ilə Rəsulullahı qoruyan səhabələrdən biri də Hz. Abdullah idi. Müharibənin dəhşəti onu qorxutmurdu. Nəhayət, yaralandı. Bu yaranın izləri ömrünün sonuna qədər vücudunda qaldı.

Qəza ümrəsində Rəsu­lul­lah Kəbəni təvaf edərkən Hz. Abdullah Peyğəmbərimizə cangüdənlik edirdi. Onun dilindən nəql edilən bir rəvayətdə: “Peyğəmbərimiz ümrə üçün Kəbəni təvaf və Səfa ilə Mərvə arasında səy edərkən biz də onu müşriklərdən qoruyurduq”, ‒ deyər.

Abdullah bin Əbi Əvfa Rəsulullahdan 95 hədis rəvayət etmişdir. Bunların çoxu cihad haqqındadır. Məsələn, “Cən­nət qılıncların kölgəsi altındadır” hədisini Hz. Abdullah rəvayət etmiş­dir.

Abdullah bin Əbi Əvfa son dərəcə səbirli bir insan idi. Baş verən müsibətlər zamanı ailəsinə, ətrafına daim səbri tövsiyə edərdi. Bir dəfə çox sev­diyi kiçik qızı vəfat etmişdi. Zövcəsi yana-yana ağlayırdı. Hz. Abdullah zövcəsinin bu şəkildə səsli ağlamasına yaxşı baxmadı, xəbərdarlıq etdi: “Ürəkdən kədərlənə bilərsən, göz yaşı tökə bilərsən, lakin mərsiyə deyib ağlama!”

O, Rəsulullahın sünnəsi ilə gedirdi. Çünki Rəsulullah da oğlu İbrahim vəfat edəndə eyni şəkildə hərəkət etmişdi.

Hz. Abdullah Rəsuli-Əkrəmin vəfatına qədər Mədinədə qaldı. Rəsulullahın peyğəmbərlik nurundan feyz aldı. Vəfatından sonra Kufəyə getdi, orada məskunlaşdı. Hz. Abdullah Kufədə hicri 86-cı ilində vəfat edən son səhabədir. Hz. Abdullah vəfat edəndə Əbu Hənifə altı yaşında idi.

Allah ondan razı olsun!


[1] Buxari, Fədail, 5.

[2] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 381, 383.