Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah bin Amr bin As (r.a.)

Tarix: 16.01.2014 | Bu məqalə 1. 314 dəfə oxunub.

Amr bin Asın oğlu Hz. Abdullah yaşının az olmasına baxmayaraq, öndə gələn sahəbələrdən idi. Rəsulullahı (s.ə.s.) kölgə kimi izləyərdi. O düşünürdü ki, haqq kəlam olan peyğəmbər kəlamlarını mütləq yazmaq lazımdır. Ona görə ilk dəfə hədisləri yazmağa təşəbbüs etdi. Rəsulullahdan icazə istədi. Allah Rəsulu buna əvvəllər icazə verməmişdi. Çünki hədisi-şəriflər Quranla qarışdırıla bilərdi. Bunun üçün Peyğəmbərimiz səhabələrin bütün səylərini Quranı əzbərləməyə sərf etməsini istəyirdi. Lakin Qurani-Kərimin nazil olması tamamlanandan sonra bu ehtimal aradan qalxdı. Beləcə Hz. Abdul­lahın bu istəyini qəbul etdi. Hədisləri toplamağa, yazmağa icazə verdi.

Hədisləri toplamağa uyğun olan şəxs də, şübhəsiz, Abdullah bin Amr idi. Güclü zəkaya sahib bu gənc səhabə eyni zamanda son dərəcə təqvalı bir şəxs idi. Rəsulullahdan eşitdiyi hədisləri toplamağa başladı.

Bəzən Peyğəmbərimizin bir insan olaraq əsəbiləşdiyi anlar da olurdu. Hz. Abdullah Rəsulullahdan soruşdu: “Ya Rəsulallah, sizin qəzəbli və ya sevincli anların­ızda söylədikləriniz sözləri də yazımmı?” Rəsulullah bu suala (s.ə.s.) belə cavabı verdi: “Bəli, mən yalnız haqqı danışıram”[1].

Rəsulullahın bu bəyandan sonra Hz. Abdullah Peyğəmbərimizin bütün sözlərini yazıya almağa çalışırdı. Artıq əmin idi. Çünki Allah-Təala Uca Rəsulunun haqdan başqa bir şey danışmadığını Qurani-Kərimdə bəyan etmişdi.[2]

Hz. Abdullah Rəsuli-Əkrəmdən eşitdiyi hədisləri “Sadiqə” adını verdiyi əsərində topladı. Ona bu əsərlə əlaqədar sual verənlərə bu cavabı verərdi: “”Sadiqə” adlandırdığım əsərim birbaşa Rəsulullahdan (s.ə.s.) eşitdiklərim sözlərdir“.

Hz. Abdullah bu əsəri haqqında: “Onu bütün dünyaya dəyişmərəm”, ‒ deyirdi.[3] “Sadiqə” adlı bu əsər bütün hədis alimlərinə qaynaq oldu.

Hz. Abdullahın fəziləti və hədis elminə göstərdiyi xidməti təqdirlə qarşılandı. Bir hədis dəryası olan Əbu Hureyrə Həzrətləri Hz. Abdullahın bu üstünlüyünü belə dilə gətirmişdi: “Hədisi-şərifləri Abdullah bin Amr bin Ası çıxmaq şərti ilə məndən daha çox əzbərləyən və rəvayət edən olmamışdır. O, məndən daha çox əzbərləmişdir. Çünki o, hədisləri yazırdı, mən isə yazmaz­dım”[4].

Rəsulullahdan eşitdiyi hər sözü yazan Hz. Abdullah həqiqi mənada bir hədis müəllimi idi.

Hz. Abdullah ibadəti ilə də seçilən səhabələrdən idi. Çox vaxt gecələri ibadətlə, gündüzləri də orucla keçirərdi. Atası Amr bin As (r.a.): “Ya Rəsulallah, Abdul­lah davamlı olaraq gündüzləri oruc tutub gecələri namaz qılır!” ‒ deyə şikayət etmək məcburiyyətində qalmışdı. Peyğəmbərimiz də ona bu tövsiyəni vermişdi: “Bəzən oruc tut, bəzən tutma. Gecənin bir hissəsini ibadət et, bir hissəsini yat. Atana da itaət et”.

Abdullah (r.a.) Qurani-Kərimi də çox oxuyardı. Bir gün Peyğəmbərimizin yanına gəlib:

‒ Ya Rəsulallah, nə qədər vaxta Quranı xətm edim? ‒ deyə soruşdu. Peyğəmbərimiz:

‒ Ayda bir dəfə xətm et, ‒ buyurdu. Abdullah (r.a.):

‒ Ya Rəsulallah, bundan daha qısa bir müddətə xətm edə bilərəm! ‒ dedi. Peyğəmbərimiz:

‒ İyirmi günə xətm et, ‒ buyurdu. Abdullah (r.a.):

‒ Ya Rəsulallah, mən bundan da qısa bir müddətə xətm edə bilərəm! ‒ deyəndə Allah Rəsulu on günə xətm etməyi tövsiyəsi buyurdu.

Hz. Abdullah daha qısa müddətə xətm edə biləcəyini söyləməsinə baxmayaraq, Rəsulullah buna icazə vermədi.[5]

Peyğəmbərimiz bu qəhrəman səhabənin çox yorulacağından və gələcəkdəki xidmətlərini axsatmasından narahat olurdu. Ona görə də orta yolu tutmağı tövsiyə etdi. Hz. Abdullah ömrünün sonlarına yaxın Peyğəmbərimizin bu tövsiyəsinin hikmətini gördü. Etirafını belə dilə gətirdi: “Kaş ki Rəsulullahın tövsiyəsinə riayət edəydim. O, mənə səhralar dolusu qırmızı qoyunlardan daha xeyirlidir”[6].

Hz. Abdullahın vərdiş halına çevirdiyi adətlərindən biri də sübh namazından sonra yatmaması idi. Yatanları da oyadardı. Bir gün sübh nama­zından sonra bir nəfəri yatarkən gördü və dərhal oyatdı, belə dedi: “Bu vaxtın İlahi təcəllilər (Allahın mərhəmətinin yer üzünə endiyi) vaxtı olduğunu bilmirsən? Allah məxluqalarından bir qismini bu vaxtda cənnətlə mükafatlandırar”.

Hz. Abdullah bu sözləri ilə səhərin erkən saatlarında oyaq qalmağın və görülən işlərin bərəkətli və məhsuldar olduğunu nəzərə çatdırırdı.

Hz. Abdullah bin Amr bin As xarici dil bilən səhabələrdən biri idi. Suryanicə bilirdi. İbranicə olan Tövratı rahatlıqla oxuyub anlayırdı.

Hz. Abdullah Rəsulullahın (s.ə.s.) həqiqi bir tələbəsi idi. Ağlına gələn sualları tərəddüd etmədən Peyğəmbərimizdən soruşardı. Bütün suallarının cavabını birbaşa ondan alardı. Bir gün Rəsulullaha belə bir sual verdi:

‒ Üç xeyir və üç şər nədir?

Rəsulullah belə cavab verdi:

‒ Üç xeyir: doğru danışan dil, Allahdan qorxan qəlb, dindar qadın… Üç şər isə: yalan danışan dil, Allahdan qorxmayan qəlb, pis qadındır[7].

Abdullah bin Amr (r.a.) yaşının az olması ilə bağlı Bədir və Uhud döyüşülərinə qatıla bilmədi. Lakin daha sonra bütün döyüşlərdə Peyğəmbərimizlə birlikdə iştirak etdi.

Abdullah bin Amr (r.a.) vəfatına qədər ətrafına elm və mədəniyyət nurları saçmağa davam etdi. Ondan hədis öyrənmək üçün çox uzaqlardan gələnlər olurdu. Tələbələri onu çox sevərdi. Ondan dərs aldıqları zaman kiminsə gəlib dərsi pozmasını istəməzdilər. Bu böyük səhabə 700-dən çox hədis rəvayət etdi. Bu hədislərin bəzilərini sizə təqdim edirik:

Böyük günahlardan biri də kiminsə ana və atasına lənət etmə­si, söy­məsidir“. Səhabələr: “Ya Rəsulallah, bir adam öz ana və atasına necə lənət edər?!” ‒ deyə soruşdular. Rəsulullah (s.ə.s.): “Bir insan başqa bir insanın atasına söysə, o da ona cavab versə, öz ana və atasına söymüş sayılar“, ‒ buyurdu[8].

Allah qatında yoldaşların ən xeyirlisi yoldaşlarına, qonşuların ən xeyirlisi də qonşularına yaxşılıq edəndir[9].

İsraf və qürur qarışmadığı müddətcə yeyin için, bol-bol sədəqə verin[10].

Allah elmi insanların başından və qəlbindən çıxarmaqla deyil, aralarından alimləri almaqla qaldırar. Nəticədə, heç bir alim qalmayınca insanlar cahilləri başa çıxardacaq, suallarını onlara verəcəklər. Onlar da bilmədən fitva verdikləri üçün özləri azğınlaşdığı kimi, başqalarını da azğın yola salarlar[11].

Hz. Abdullah bir dəfə: “Mənim bildiklərimi bilsəydiniz, beliniz bükülənə qədər səcdədən qalxmazdınız”, ‒ demişdi. Hz. Abdullahın hikmətli söz­lərindən biri də belədir: “Bir qadının ərinin imkanlı vaxtında onun üzünə gülməsi, kasıb olanda da ondan üz çevirməsi cəhənnəmlik olduğunun əlamətidir”.

Hz. Abdullah, hicrətin 65-ci ilində Şamda vəfat etdi.

Allah ondan razı olsun!


[1] Təbəqat, IV, 262; V, 64, 482; VII, 494.

[2] Nəcm surəsi, 3.

[3] Üsdül-Ğabə,  III, 234.

[4] Buxari, Elm, 39.

[5] Üsdül-Ğabə, III, 234.

[6] Hilyə, I, 284-285.

[7] Hilyə, I, 288.

[8] Buxari, Ədəb, 4; Tirmizi, Birr, 4.

[9] Tirmizi, Birr, 28.

[10] İbni Macə, Libas, 23.

[11] Buxari, Elm. 3; Müslim, Elm, 5.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.