Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah bin Atiq (r.a)

Tarix: 18.01.2014 | Bu məqalə 594 dəfə oxunub.

İslam nurunun yayılması Məkkə müşrikləri ilə yanaşı, yəhudiləri də narahat edirdi. Xüsusilə, Bəni-Nadir yəhudiləri heç cür Rəsulullahın (s.ə.s) peyğəmbərliyini həzm edə bilmirdilər. Rəsulullaha (s.ə.s) qarşı kin, nifrət və ədavət hissi bəsləyirdilər. Öz alimlərini Rəsulullahın (s.ə.s) yanına göndərərək onu çətin vəziyyətdə qoymaq istəyirdilər. Ancaq Quran onları susdururdu.

Məhz Bəni-Nadir yəhudilərindən Rəsulullaha (s.ə.s) ən çox düşmənçilik hissi bəsləyənlərdən biri də Səlləm bin Əbi Huqeyq idi. O, Rəsulullahı (s.ə.s) və müsəlmanları daim təhdid edir, ətrafındakıları Rəsulullahın (s.ə.s) əleyhinə qızışdıraraq onu öldürtdürmək istəyirdi.

Rəsulullahın (s.ə.s) səhabələri onun bu zülm və təhdidlərinə artıq dözə bilmirdilər. Bir gün öz aralarında Rəsulullahın (s.ə.s) düşmənlərini sayırdılar. Ən böyük düşmənləri arasında, şübhəsiz, Səlləm bin Əbi Huqeyq də vardı. O ən qəddar düşmənlərdən idi. Ona görə də bu yəhudini öldürmək lazımdı. Çünki o, Rəsulullahı (s.ə.s) öldürtdürməyə çalışırdı. Səhabələr Səlləm bin Huqeyqi öldürmək üçün Rəsulullahdan (s.ə.s) icazə istədilər. Rəsulullah (s.ə.s) da onlara icazə verdi.

Bu qəddar düşməni öldürən də Abdullah bin Atiq oldu. Qəhrəman səhabələrdən olan Abdullah bin Atiq xəzrəc qəbiləsinə mənsub idi. Bir gün dörd səhabə ilə birlikdə yəhudilərin qala şəhəri olan Xeybərə getdi. Bu peyğəmbər düşmənini öldürmək niyyətində olanlar beş nəfər idilər: Abdullah bin Ənis, Əbu Qatadə, Övsəd bin Huzai, Məsud bin Sinan və Hz. Abdullahın özü… Bu heyətin başında Abdullah bin Atiq dayanmışdı.

Gecə vaxtı Xeybərə girdilər. Səlləm bin Əbi Huqeyqin evinin yaxınlığında nə qədər var idisə, hamısının çöldən kilidlədilər. Səlləmin evi yüksək bir yerdə idi. Ancaq nərdivanla çıxmaq olurdu. Yuxarı çıxdılar və qapını döydülər. Səlləmin arvadı onların kim oldu­ğu­nu soruşduqda: “Biz ərəbik, ev sahibi ilə görüş­mək istəyirik”, ‒ deyərək içəri girdilər. Səlləmi öldürdülər. Arvadına və uşaqlarına toxunmadılar.

Abdullah bin Atiq gözləri yaxşı görmədiyinə görə nərdivandan yıxıldı. Ayağı yaman burxuldu. Yoldaşları onu çiyinlərinə alıb şəhərdən çıxardılar.

Lakin Səlləmin ölüb-ölmədiyindən əmin deyidilər. Yaralı qala bilərdi. Onlardan bir nəfər geri qayıtdı. Hadisə ilə bağlı toplaşan izdihamın arasına girdi. Səlləmin arvadının “öldü” dediyini eşitdi. Sevinclə geri qayıtdı və yoldaşlarını müjdələdi[1].

Abdullah bin Atiq Rəsulullahın yanına gələndə Peyğəmbərimizdən xüsusi mükafat aldı. Belə ki, o, pak əlini Atiqin yaralı ayağına çəkdi. Hz. Abdullahın ayağı bir möcüzə ilə sağaldı[2].

Hicrətin 9-cu ilində Peyğəmbərimiz (s.ə.s) Tayy qəbiləsini bütlərini qırmaq üçün Hz. Əlinin başçılığı ilə göndərdiyi yüz əlli nəfərlik hərbi birlik göndərdi. Bu birliyin tərkibində, sözsüz ki, Hz. Abdullah da vardı.

Onun Yəmamə döyüşündə göstərdiyi qəhrəmanlıqlar da dillərdə dastandır. Bu döyüş Hz. Əbu Bəkrin xəlifəliyi dövründə baş vermişdi. Yalançı peyğəmbər Müseylimə müsəlmanları narahat edirdi. Hz. Xalid bin Vəlid başçılığı ilə yalançı peyğəmbərin üstünə bir or­du göndərildi. Çünki həm müsəlmanları dinindən döndərməyə çalışır, həm də onları narahat edirdi. Artıq müsəlmanların onlardan xilas etmək vaxtı gəlmişdi. Xalid bin Vəlidlə Mü­sey­limətül-Kəzzabın tərəfdarları arasında arasında güclü döyüş oldu. Hz. Abdullah da bu döyüşdə böyük qəhrəmanlıqlar göstərdi. Ağır yaralandığı, bədənindən qanlar axdığı halda, qılıncını əlindən yerə qoymurdu. Sonda o da şəhidlər karvanına qatıldı.

Beləcə ömrünü İslamın xidmətinə həsr edən bu böyük səhabə hicrətin 12-ci ilində ən çox arzu etdiyi şəhidlik mərtəbəsinə çatdı[3].


[1] Təbəqat, II, 91.

[2] Üsdül-Ğabə, III, 214.

[3] Əl-İsabə fi mərifətis-Səhabə, II, 341.