Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah bin Cübeyr (r.a.)

Tarix: 13.02.2014 | Bu məqalə 627 dəfə oxunub.

Hz. Abdullah İkinci Əqəbə beyətində iştirak etmiş və burada Rəsulullahı həyatı bahasına qoruyacağına dair söz vermişdi. Bütləri heç sevməzdi. Səhl bin Hüneyf (r.a.) ilə birlikdə gecə müşriklərin taxtadan düzəltdikləri bütləri qırar, yandırmaq üçün səhabələrə gətirərdilər.

Hz. Abdullah İslamın qəhrəman bir mücahid idi. Yaxşı ox atardı. Peyğəmbərimizə qeydsiz-şərtsiz itaət edərdi. Ona görə də Allah Rəsulu (s.ə.s.) Hz. Abdullahı Uhud döyüşündə əlli nəfərlik oxçu birliyinə başçı təyin etdi. Oxçulara da bu tapşırığı verdi: “Bizi arxamızdan qoruyun, əsla yerinizdən ayrılmayın! Bizim öldürül­düyü­mü­zü görsəniz də, köməyimizə gəlməyin. Qənimət yığan görsəniz də, yanımıza qaçmayın. Quşların üstümüzü bürüdüyünü görsəniz də, mən sizə xəbər göndərmədikcə əsla yerinizdən ayrılmayın. Siz yerinizdə dayanmasanız, biz qalib ola bilmərik”.

Peyğəmbərimiz bu əmrini bir dəfə də təkrarladı. Sonra da tapşırığını verdiyinə dair Allahı şahid tutdu.

Nəhayət, döyüş başladı. Döyüşün əvvəlində müsəlman ordusu üstünlük qazanırdı. Müşriklər qaçmağa, müsəlmanlardan bəziləri də qənimət toplamağa başladılar. Bunu görən oxçulardan bəziləri: “Nə durmusunuz?! Allah düşmən qüvvələrini darmadağın etdi. Qardaşlarınız qənimət yığır. Siz də qənimət yığın”, ‒ deyə qışqırmağa başladılar.

Başda Abdullah bin Cübeyr (r.a.) olmaqla, çox az səhabə Rəsulullahın əmrini xatırladaraq bunun doğru olmadığını, Allaha və Rəsuluna itaət etməyin vacibliyini desələr də, dinləyən olmadı. “Biz, vallah, gedib qənimətdən payımızı alacağıq”, ‒ dedilər. Və vəzifələrini buraxıb qənimət arxasınca qaçdılar. Hz. Abdullahla birlikdə on  nəfər yerində qaldı.

Xalid bin Vəlid o əsnada hələ müsəlman olmamışdı. Fərasətli hərbi sərkərdə idi. Döyüş taktikalarını çox yaxşı bilirdi. O başa düşürdü ki, oxçular yerində qaldığı müddətcə döyüşdə müvəffəqiyyət qazana bilməyəcəklər. Əvvəlcə oxçuların öhdəsindən gəlməli idilər. Təpənin arxasına çəkilib bir fürsət axtarmağa başladı. Oxçuların çoxunun təpəni tərk etdiyini görüncə dərhal hərəkətə keçdi.

Abdullah bin Cübeyr (r.a.) müşrik süvarilərinin üstünə gəldiyini görün­cə yerdə qalan on səhabəyə müşriklərə ox atmağı əmr etdi. Mücahidlər cərgəyə düzüldülər, müşrikləri oxa tutdular.

Hz. Abdullah böyük bir xəcalət içində düşmənə ox atırdı. Təpəni tərk edən oxçuların məsuliyyətini öz vicdanında hiss edirdi. Sonda oxlarının qurtardığını gördü. Nizəsi ilə hücuma keçdi. Bir neçəsini yaraladı. Nizə qırılınca qılıncını sıyırdı. Qanının son damlasına qədər müşrikləri saxlamaq istəyirdi. Nəticədə, müşriklər bədənini dəlik-deşik etdilər. Beləcə Abdullah bin Cübeyr (r.a.) ölüm bahasına Rəsulullahın əmrini yerinə yetirmiş və şəhidlik mərtəbəsini qazanmışdı.[1]

Allah ondan razı olsun!


[1] İbn Sad, Təbəqat, II, 39-40; III, 473; Əhməd ibn Hənbəl, Müsnəd, IV, 293.