Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Abdullah ibn Amr (r.a.)

Tarix: 16.01.2014 | Bu məqalə 715 dəfə oxunub.

Peyğəmbərliyin 13-cü ili idi… Hicrətdən əvvəl Mədinədə İslamı təbliğ edən Hz. Musab bin Umeyrin (r.a.) vasitəsilə bir çox mədinəlilər müsəlman olmuşdu. Həcc mövsümü gəlincə ikisi qadın olmaqla, 75 nəfərlik bir heyət Hz. Musabla birlikdə Məkkəyə yollandı. Məkkəyə üz tutan karvanda isə beş yüz nəfər insan vardı. Onların əksəriyyətini müşriklər təşkil edirdi. Onlar da həcc mövsümündə Kəbəyə gedərək bütlərə tapınır, özlərinə görə bunu həcc sayırdılar.

Mədinəli müsəlmanlar Peyğəmbərimizlə (s.ə.s) gecə görüşmək üzrə sözləşdilər. Lakin bu xəbəri müşriklərdən gizli tuturdular. Kab bin Malik (r.a.) bir neçə müsəlmanla hələ o zaman müşrik olan Abdullah bin Amrın yanına ge­dərək onu İslama dəvət etdi. Çünki bu şəxs Xəzrəc qəbiləsinin zadəganlarından idi. Əgər iman etsə, qəbiləsinə mənsub bir çox insanların qurtuluşuna vəsilə ola bilərdi. Ona belə xitab etdi:

‒ Ey Cabirin atası! Sən bizim seyyidimiz və ağamızsan, hörmət sahibi və hər kəsin tanıdığı bir insansan. Bizim könlümüz razı olmaz ki, sənin kimi şərəfli və qəbiləsi arasında xüsusi yeri olan bir insan cəhənnəmə odun olsun.

Kab bin Malik bu sözlərdən sonra ona müsəlman olmasını təklif etdi. Etiraz etməyib qəlbinin İslama isindiyini hiss edəndə Allah Rəsulu ilə görüşəcəklərini dedi. Təmiz qəlbli olan Abdullah bin Amr çox keçmədən iman edərək səadətə qovuşdu[1].

O gecə bütün mədinəli müsəlmanlar Əqabədə Peyğəmbərimizlə görüşdülər. Peyğəmbərimiz (s.ə.s) onlara aralarından on iki nəfərdən ibarət nümayəndə seçməyi buyurdu. Xəzrəcliləri təmsil edən doqquz adamdan biri də Hz. Abdullah bin Amr idi (r.a.). Hz. Abdullah güclü iradəyə sahib bir insan idi. Oxuyub yazmağı da bacarırdı. Bu səyahətdə Hz. Abdullah möminlər səfinə daxil olunca hər halıyla daha da mükəmməl bir insan olmuşdu. Beyətə qatılanları Peyğəmbərimiz cənnətlə müjdələmiş, beləcə Hz. Abdullah da müsəlman olaraq bu səadətə qovuşmuşdu.

Hz. Abdullah Peyğəmbərimizin Mədinəni təşrif etməsindən sonra ondan elm və hikmət dərsi al­maq üçün o qüdsi söhbətlərində iştirak etdi. Hz. Abdullah böyük bir ailənin başçısı və özü də yoxsul olduğu halda, Peyğəmbər söhbətin­dən geri qalmırdı. Bundan başqa Suffə mədrəsəsinin tələbələri arasında da yer almışdı. Allahın mədhinə, Rəsulullahın iltifatına layiq olan Hz. Abdullah Bədirdə müşriklərlə döyüşməyə dəvət alınca cəbhəyə yollandı. Uca dinin bəxtiyar ərləri arasında oldu.

Bir il sonra Peyğəmbərimiz (s.ə.s) Uhud döyüşü üçün mücahid toplayarkən Hz. Ab­dullah da Peyğəmbər ordusunda olmağı arzu etdi. Evdə bir oğlu, yeddi qızı vardı. İkinci Əqabə beyətində müsəlman olan oğlu Hz. Cabir də (r.a.) müşriklərə qarşı qılınc çalmaq istəyirdi. Lakin qız uşaqlarını tək başına, kimsəsiz də buraxa bilməzdi. İkisi də döyüşdə şəhid olsa, onlara kim baxacaqdı? Mücahid oğlunun könlünü alan Hz. Abdullah belə dedi: “Vallah, Cabir, bu qızların kimsəsiz qalmasını düşünməsəm, sənin gözlərimin qarşısında şəhid olmağını istəyərdim! Mən sənin evdə qalıb bacılarına baxmağını məsləhət görürəm”[2].

Atasının sözünü yerə salmayan Hz. Cabir evdə qaldı, Hz. Abdullah da Uhud döyüşünə qatıldı.

Hz. Abdullah Uhudda müşriklərin üzərinə cumduqca hər qılınc zərbəsində Allah düşmənlərinə ağır itki verdirirdi. Böyük şücaət göstərirdi. İmanı uğrunda var gücü ilə mübarizə edirdi. Ona Peyğəmbərin yanında vuruşmağa nə ailəsi, nə də körpə qız uşaqları mane olmuşdu. Bu döyüşdə də əsas məqsəd tövhid bayrağının dalğalanması, Allahın uca adının dünyaya yayılması idi.

Döyüşün qızğın yerində müşriklərdən Üsamənin qılıncı Hz. Abdullaha şəhidlik şər­bə­tini daddırdı. Abdullah bin Amrin duası qəbul edilmiş, Uhudda ilk şəhid olan səhabə olmuşdu.

Döyüşdən sonra Mədinədə qalanlar Uhuda gəlmişdilər. Şəhid olanlar arasında hər kəs öz yaxınını axtarırdı. Hz. Cabir də gəlmişdi. Atasının cəsədi ilə qarşılaş­masını belə nəql edir: “Uhud günü atam üzü örtülü vəziyyətdə gətirilmişdi. Üzərindəki örtüyü qaldır­dım. Müşriklər burnunu və qulağını kəsmiş və onu tanınmaz hala salmışdılar. Özümü saxlaya bilməyib ağladım. O əsnada bibim Fatimə də gəldi. Fəryad edib ağlamağa başladı. Ona təsəlli vermək üçün Rəsulullah belə buyurdu: “Niyə ağ­layırsan?! O şəhid yerindən qaldırılana qədər mələklər ona qanadları ilə kölgə salırdılar”[3].

Daha sonra Peyğəmbərimiz əmr etdi ki, Hz. Abdullahı Amr bin Cəmuhla (r.a.) dəfn etsinlər və: “Bunlar həyatda da bir-birini sevən ən yaxşı iki dost idilər”, ‒ buyurdu[4].

 Bir gün Allah Rəsulu Cabir bin Abdullahı qəmli görmüşdü:

‒ Ey Cabir, nə oldu sənə? Səni kədərli və qəmli görürəm, ‒ dedi. Hz. Cabir də:

‒ Ey Allahın Elçisi, atam şəhid oldu, özündən sonra isə bir bölük ailə və borc qoyub getdi! ‒ dedi.

Peyğəmbərimiz (s.ə.s) bu müjdəni və səadətli təsəllini verdi:

‒ Atan şəhid olunca Allah onu dirildib hüzuruna aldı və soruşdu: “Ey qulum, istə məndən, istədiyini sənə verim!” Atan da: “Ya Rəbbi, mən Sənə layiqincə qulluq edə bilmədim. Məni dünyaya geri göndərməyini, Peyğəmbərimin yanında döyüşüb sənin uğrunda bir dəfə də şəhid olmağı diləyirəm!” ‒ dedi. Allah da: “Mən şəhidlərin geri dönməyəcəklərinə hökm etdim”, ‒ buyurdu. Sonra atan: “Elə isə ya Rəbbi, bunu məndən sonra gələnlərə çatdır”, ‒ deyincə Allah-Təala bu ayəni vəhy etdi: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”[5].

Bu xəbəri eşidən Hz. Cabir çox sevindi[6].

Aradan 46 il keçmiş idi… Hz. Abdullahın qəbri sel-sularının altında qaldı. Axan sular torpağı oyunca şəhidlərin qəbirləri açılmışdı. Cəsədləri başqa yerə köçürmək üçün qəbirləri açdılar. Şəhidlər sanki yeni vəfat etmişdilər. Cəsədləri heç dəyişməmiş və pozulmamışdı. Qəbir açılar-açılmaz müşk kimi bir ətir yayıldı. Sanki yatırdılar. Hz. Abdullah yaralananda əlini ya­rasının üstünə qoymuşdu. Qəbirlər açıldı. Hz. Abdullahı götürmək istəyəndə əli tərpəndi, yarası qanamağa başladı. Sonda əlini olduğu kimi qoydular. Qanaxma da dayandı[7].


[1] Sirə, II, 83.

[2] Üsdül-Ğabə, I, 257; Təbəqat, III, 563.

[3] Üsdül-Ğabə, III, 232; Təbəqat, III, 561.

[4] Təbəqat, III, 562.

[5] Ali-İmran, 3/169-170.

[6] Üsdül-Ğabə, III, 232; Hilyətül-Övliya, II, 4-5.

[7] Təbəqat, III, 562.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.