Həzrət Xalid (r.a.) məhz bu hadisədən sonra “Seyfullah” (Allahın qılıncı) ləqəbini almışdır. Həzrət Xalid sayca çox düşmənin Müsəlman ordusunu pərən-pərən salmasına imkan verməmiş, ordunu sağ-salamat Mədinəyə gətirməyi bacarmışdı.[2]
Şəhidlik arzusu ilə aram tapmayan Həzrət Xalid (r.a.) cihad meydanlarını Allaha ən yaxın yer hesab edirdi. Bir dəfə belə demişdi: “Mən hərb meydanında cihaddan aldığım həzzi heç vaxt zifaf gecəsindən ala bilmərəm”.
Onun ən böyük arzusu cihad meydanlarında şəhid olmaq idi. İranın üstünə yeriyəndə iranlılara belə bir xəbər göndərmişdi: “Sizin üstünüzə elə bir ordu ilə gəlirəm ki, axirəti sizin fani dünyanı sevdiyiniz qədər sevir”.
Allah Rəsulu Xalidin şücaət və cəsarətini ayrı-ayrı vaxtlarda və müxtəlif yerlərdə təqdir etmişdir. Məkkənin fəthində müsəlmanlar şəhərə girəndə Xalidi uzaqdan görən Allah Rəsulu Əbu Hüreyrədən gələnin kim olduğunu soruşmuşdu. Əbu Hüreyrə: “Xalid ibn Vəliddir” demişdi. Rəsulullah da: “O, Allahın nə yaxşı bəndəsidir!” deyə buyurmuşdu.[3]
Allah Rəsulu bir dəfə Həzrət Xalid haqqında: “Xalid ibn Vəlidə gəlincə, o, hər şeyini sizin üçün vermişdir, varını-yoxunu hərblərdə Allah yolunda sərf etmişdir” deyə buyurmuşdu.[4]
Həzrət Xalid Hüdeybiyyə müqaviləsindən sonra Amr ibn əl-Asla birlikdə müsəlman olmaq qərarına gəlmiş və Mədinənin yolunu tutmuşdular. Bundan xəbər tutan Peyğəmbərimiz (s.a.s.) “Məkkə ciyərparələrini bizə göndərir” deyə buyurmuşdur.