- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allahın qılıncı

Xalid ibn Vəlidə aid xüsusiyyətlər bunlardır: “İslamın itiyi”, “Seyfullah” (Seyfullahul-məslul – Allahın qınından sıyrılmış qılıncı), “Allahın sevimli qulu”, “Məkkənin ciyərparası”, “Ərəb­lərin dahi hərbçisi”, sarığında Peyğəmbərimizin (s.a.s.) bir telini gəzdirən və “Hansı döyüşdə sarığım başımda olub, məğlubiyyət üzü görməmişəm” deyən böyük səhabə, Akkadın sözləri ilə desək, “tayı-bərabəri olmayan böyük düha”, müsəlman olmamışdan əvvəl də, müsəlman olandan sonra da heç bir döyüşdə məğlub olmayan böyük sərkərdə.

Xalid ibn Vəlidin ən məşhur ləqəbi “Seyfullah”, yəni “Allahın qılıncı”dır.[1]

Allah Rəsulu Mutə döyüşündə göstərdiyi igidliyə görə onu “Allahın qılıncı” adlandırmış və təqdir etmişdir.

Həzrət Xalid hicri təqvimi ilə yeddinci ildə müsəlman olmuş, bir il sonra baş verən Mutə döyüşündə sıravi əsgər kimi iştirak etmişdi. Müsəlman ordusunun sərkərdələri bir-bir şəhid olandan sonra səhabələr yığışıb məşvərət edərək İslamı yenicə qəbul etmiş bu igid səhabəni özlərinə sərkərdə seçmişdilər. Bu vaxt Mədinədə bəsirət gözü ilə döyüşün gedişatını camaata xəbər verən Peyğəmbərimiz (s.a.s.) sərkərdələrin bir-bir şəhid olduğunu və ordunun başına Allahın bir qılıncının keçdiyini demişdir. Həzrət Xalid (r.a.) məhz bu hadisədən sonra “Seyfullah” (Allahın qılıncı) ləqəbini almışdır. Həzrət Xalid sayca çox düşmənin Müsəlman ordusunu pərən-pərən salmasına imkan verməmiş, ordunu sağ-salamat Mədinəyə gətirməyi ba­carmışdı.[2]

Şəhidlik arzusu ilə aram tapmayan Həzrət Xalid (r.a.) cihad meydanlarını Allaha ən yaxın yer hesab edirdi. Bir dəfə belə demişdi: “Mən hərb meydanında cihaddan aldığım həzzi heç vaxt zifaf gecəsindən ala bilmərəm”.

Onun ən böyük arzusu cihad meydanlarında şəhid olmaq­ idi. İranın üstünə yeriyəndə iranlılara belə bir xəbər gön­dərmişdi: “Sizin üstünüzə elə bir ordu ilə gəlirəm ki, axirəti sizin fani dünyanı sevdiyiniz qədər sevir”.

Allah Rəsulu Xalidin şücaət və cəsarətini ayrı-ayrı vaxtlarda və müxtəlif yerlərdə təqdir etmişdir. Məkkənin fəthində müsəlmanlar şəhərə girəndə Xalidi uzaqdan görən Allah Rə­sulu Əbu Hüreyrədən gələnin kim olduğunu soruşmuşdu. Əbu Hüreyrə: “Xalid ibn Vəliddir” demişdi. Rəsulullah da: “O, Allahın nə yaxşı bəndəsidir!” deyə buyurmuşdu.[3]

Allah Rəsulu bir dəfə Həzrət Xalid haqqında: “Xalid ibn Vəlidə gəlincə, o, hər şeyini sizin üçün vermişdir, varını-yoxunu hərblərdə Allah yolunda sərf etmişdir” deyə buyurmuşdu.[4]

Həzrət Xalid Hüdeybiyyə müqaviləsindən sonra Amr ibn əl-Asla birlikdə müsəlman olmaq  qərarına gəlmiş və Mədinənin yolunu tutmuşdular. Bundan xəbər tutan Peyğəmbərimiz (s.a.s.) “Məkkə ciyərparələrini bizə göndərir” deyə buyurmuşdur.

Son günlərini keçirən Hz. Xalid yatağında hıçqıra-hıçqıra ağlamış, ölüm qorxusundan sızladığını sanan dostuna: “Bə­də­nimdə elə bir yer yoxdur ki, qılınc, ox yarası olmasın. An­caq döyüşlərdə məğlubiyyət üzü görməyən Xalid bu gün yatağında ölür” – deyib şəhidlik arzusu ilə son nəfəsini vermişdir.

Sad ibn Zeyd Onun vəfatından sonra bu beyti demişdi: “Ləyaqətli bir insan kimi yaşadı, vəfatı böyük bir itki oldu. Dünyada ondan bircə at qaldı, bir də bir qılınc!”

Həzrət Xalid (r.a.) Peyğəmbərimiz (s.a.s.) vida həccində sa­çını kəsdirərkən yerə düşən telləri Ondan istəmiş, “Atam-anam sənə qurban, ey Allahın Rəsulu! Saçlarını məndən başqa­sına vermə” – deyə yalvarmışdı.

Xalid ibn Vəlid sarığında daim Peyğəmbərin saqqalından bir tel saxlayırdı. Bizans ordusu ilə bir döyüşdə qılınc zərbəsi ilə yerə düşən dəbilqəsi düşmən cərgələrinə tərəf diyirlənmiş, Həzrət Xalid də ölümü gözə alaraq dəbilqəsnin ardınca getmiş və götürüb gətirmişdi. Niyə belə etdiyini soruşanlara da: “Mən onu düşmənə verə bilməzdim, axı o dəbilqənin içində Allah Rəsulunun mübarək teli var idi” – demişdi.

Peyğəmbərimiz ona və İkriməyə baxanda “Allah ölüdən diri çıxarır” (“Rum” surəsi, 30/19) ayəsini oxuyardı. Çünki onlar seçilmiş səhabələrdən, ataları isə Allah və Rəsulunun düş­mən­lərindən idi. Xalid ibn Vəlid Hüneyn döyüşündə ordunun ön sıralarında vuruşurdu. Rəsulullah Qureyşin sitayiş etdiyi bütlərin yerlə-yeksan edilməsini də ona tapşırmışdı.

Allah Rəsulunun vəfatından sonra dindən dönmə (irtidad) hadisələri baş verəndə Həzrət Əbu Bəkirin yanında idi. Xə­lifə Həzrət Əbu Bəkir Xalid ibn Vəlidi Tuleyhanın üstünə göndərmişdi. O da düşmən ordusunu darmadağın edərək Yəmamə xalqı ilə sülh bağlamış, Fəcaanın qızı ilə evlənmişdi.

Həzrət Xalid vəfat edəndə Bəni-Muğirə qəbiləsinin qadınları saçlarını kəsib qəbrin üstünə tökmüşdülər. Qəbir üstünə gələn qadınların ucadan ağlamasını yaxşı qarşılamayanlar olmuşdu. Bu məqamda Həzrət Ömər “Bəni-Muğirə qadınlarına toxunmayın, qoyun göz yaşlarını sel kimi axıtsınlar”[5] demişdi. Yəni “Həzrət Xalid üçün nə qədər ağlasalar, azdır!”



[1] İbn Həcər, əl-İsabə, I, 413.

[2] İbn Həcər, əl-İsabə, I, 413.

[3] Əhməd ibn Hənbəl, Müsnəd, II, 1360.

[4] Əbu Davud, Sünən, I, 163.

[5] Üsdül-ğabə, 2/109-112; İbn Mənzur, Müxtəsərü-tarixi Dəməşq, 8/5-28.