Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Elm şəhərinin qapısı

Tarix: 06.05.2013 | Bu məqalə 1. 671 dəfə oxunub.

İki cahan sərvəri Peyğəmbərimiz (s.a.s.) bir hədisində belə buyurmuşdur: “Mən elmin şəhəriyəm, Əli isə qapısıdır”.[1] Bu hədisin səhihliyi ilə əlaqədar müxtəlif fikirlər olsa da, hədis əslində rəvayət yolları baxımından həsəndir, səhih və ya zəif deyildir. Üstəlik mövzu[2] olması da qeyri-mümkündür.

Əminliklə deyə bilərik ki, bu rəvayətin məhək daşı Həzrət Əlinin dərin elmidir. İslam mənbələri Həzrət Əli ilə İbn Abbasın “Bismillah”dakı “bə” hərfini işa namazından düz günəş çıxanadək müzakirə etməsini xəbər verir. İbn Müseyyib həzrətləri: “Həzrət Əlidən başqa “Bilmədiklərinizi məndən soruşun” deyən olmamışdır” deyir.[3] İbn Abbas isə Həzrət Əlinin elmi haqqında deyir: “Həzrət Əliyə elmin onda doqquzu verilmişdir. And olsun ki, qalan onda birinə də şərikdir”. “Əgər bir şeyi bizə Əli deyirdisə, biz daha o haqda heç kəsdən bir şey soruşmurduq” sitatı da İbn Abbasa aiddir.[4] Böyük səhabələr belə Həzrət Əlidən fətva almış, onun fikirlərindən faydalanmışlar.

Təsəvvüf elmlərinin üsul və silsilələri də Həzrət Əliyə gedib çıxır. İslamda elə təriqət yoxdur ki, Həzrət Əliyə istinad etməsin.

Həzrət Əli xəlifə olduqdan sonra həqiqətlərin əsaslarını yaymış və gizli şeylərin sirrini açmışdır. Ondan oğlanları Həsən və Hüseynlə yanaşı, Kümeyl ibn Ziyad və Həsən Bəsri zikr və təlqin yolunu öyrənmişlər. Nəqşibəndilik də daxil olmaqla bütün təriqətlər ondan qollara ayrılmışdır. Nəqşiliyin iki silsiləsi var: biri Hz. Əliyə, digəri Hz. Salmana gedib çıxır.

Bəzi alimlər Həzrət Əlinin Rəsulullahdan rəvayət etdiklərini toplayıb ayrıca kitab kimi çap etdirmişlər.[5] Müfəssirlərin şahı  sayılan Həzrət Abbas da onun tələbəsidir. Kim Həzrət Əlinin dərin elmini görmək istəyirsə, onun “Nəhcül-Bəlağa” adlı əsərinə və şərhlərinə baxsın. Bunları yaxşı-yaxşı araşdıranlar onun elmi qarşısında heyrətə gələcək.[6]

Elmi ilə tanınan səhabələrdən biri də Həzrət Əbu Zərrdir. Onu “elm dəryası” adlandırırdılar. Çünki elm öyrənmək üçün Rəsulullaha (s.a.s.) tez-tez suallar verərdi. İman, ihsan, əmir, qadağalar, yaxşı və pis əməllər haqqında nə varsa hamı­sını soruşub öyrənmişdi. Bütün hərəkət və davranışlarında Pey­ğəmbərin (s.a.s.) sünnəsinə əməl etməyə çalışmışdır.



[1] Tirmizi, Mənaqib 20. Burada “elm” əvəzinə “hikmət” sözü işlənmişdir.

[2] Allah Rəsulunun (s.a.s.) adından uydurulan hədislər.

[3] Suyuti, səh. 188.

[4] Suyuti, səh. 188.

[5] Səhhətül-xələf, səh. 354.

[6] Kəttani, Təratibül-İdariyyə, İz nəşriyyat, 3/174-176.