- Səhabələr - https://sehabe.meneviyyat.az -

Həzrət Ömərin ləqəbləri

Həzrət Ömərin (r.a.) bir çox ləqəbi olmuşdur. Ən məşhur ləbəqi “Əmirəl-möminin”dir. Həzrət Ömər belə bir ləqəblə adlandırılan ilk səhabədir. Onun bu cür adlandırılması ilə bağlı fərqli fikirlər vardır. Birincisi, Həzrət Ömər xəlifəliyə keçəndə ona “xilafətu-xilafəti Rəsulullah” deyə müraciət edilmiş, o da: “Onda məndən sonra xəlifə olanlar da “xilafətü-xilafəti-xilafəti Rəsulullah” adlandırılacaq” deyib bunun doğru olmadığını bildirmiş, ardınca da: “Siz möminlərsiniz, mən də sizin əmirinizəm,” – buyurmuşdur. Ancaq yenə də bir müddət əvvəlki ləqəbi ilə müraciət edilmişdir. Həzrət Ömər də yazışmalarında öz adını “xilafətu-xəlifətu-Rəsulullah” şəklində yazmışdır. Bir dəfə İraq valisinə[1] məktub yazaraq validən orada olan Addiy ibn Hətəmi və Ləbid ibn Rabiəni yanına göndərməsini əmr edir. Bu iki səhabə də Mədinəyə gəlir. Məsciddə olan Amr ibn əl-Asdan Əmirəl-Möminlə görüşmək üçün vasitəçi olmağı xahiş edirlər. Amrın bu cür müraciətdən xoşu gəlir və Həzrət  Ömərin hüzuruna çıxanda “Əs-salamu əleykum, ey Əmirəl-möminin” – deyir. Həzrət Ömər o gündən etibarən bu ünvanla tanınır.[2]

Həzrət Ömərin digər ləqəbi olan “Ğalaqul-fitnə” (fitnə kilidi) isə şəxsən Alah Rəsulu (s.a.s.) tərəfindən verilmişdi. Rəsulullah bir hədisində: “Həzrət Ömər fitnənin kilididir, nə qədər, aranızda yaşayır, fitnə qapısı bağlı olacaq” – deyə buyurmuşdur.[3]

Həzrət Ömərin ən məşhur ləqəblərindən biri də “Fa­ruq”dur. İslam tarixində bu ləqəblə tanınan yeganə səhabə Həz­­rət Ömərdir. Ancaq bu ləqəbin ona kim tərəfindən və nə üçün verilməsi ilə bağlı müxtəlif rəvayətlər vardır.

Belə ki, Allah haqla batili Həzrət Ömər vasitəsilə bir-bi­rindən ayırdığı üçün, Rəsululah (s.a.s.) da onun “Faruq” olduğunu demişdir. Həzrət Aişə (r.a.) də bir suala cavab verərkən Həzrət Ömərə “Faruq” ləqəbinin Peyğəmbər (s.a.s.) tərəfindən qoyulduğunu dilə gətirmişdir.[4] Bəzi mənbələrdə isə “Faruq” ləqəbinin verilməsi belə izah edilir:

Həzrət Ömər müsəlman olduqdan sonra Allah Rəsulunun (s.a.s.) hüzuruna gələrək: “Əgər yolumuz haqdırsa, dinimizi gizli yaşamağa ehtiyac yoxdur” deyir və müsəlmanları Kəbəyə getməyə çağırır. Bundan sonra, iki dəstə şəklində, – birinin önündə Həzrət Həmzə, digərinin önündə isə Həzrət Ömər – Peyğəmbəri əhatələrinə alaraq, Kəbəyə gedirlər. Həmin hadisədən sonra Allah Rəsulu (s.a.s.) Hz. Ömərə haqq ilə batili bir-birindən ayırdığına görə “Faruq” ləqəbini verir.[5]

Həzrət Ömərin bir ləqəbi də “mehrabda şəhid olan” mə­nasına gələn “Şəhidül-mehrab”dır. Çünki mehrabda olarkən xən­­cər­lənmiş və bu hadisədən sonra da vəfat etmişdir.



[1] Xilafət dövründə əyalətlərin-valiliklərin başçısı

[2] Əbu Hilal əl-Əsgəri, Əvavil, tədqiqatçı Məhəmməd əl-Misri və d., Dəməşq 1975, I, 222-223; Fuad Salih, Evavil, s. 288; Fuad Salih, elkab, səh. 43.

[3] Fuad Salih, Elkab , səh. 234.

[4] Fuad Salih, Elkab , səh. 240.

[5] M.Fayda, “Faruk”, DİA., İstanbul 1995, XII, 176. Bu ləqəbin Həzrət  Əliyə verilməsi barədə də məlumatlar var.