Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Haris ibn Hişam (r.a.)

Tarix: 07.07.2013 | Bu məqalə 820 dəfə oxunub.

Məkkənin fəth günü idi… Haris bin Hişam dostu Zübeyr ibn Əbu Üməyyə ilə birlikdə Peyğəmbərimizin bibisi Ümmühaninin evinə gəldilər. “Himayəni­zə sığınırıq”, ‒ dedilər.

Bu vaxt Hz. Əli qarşısına çıxan hər kəsi İslama dəvət edirdi. Müsəlman olmayanla­rın, İslama qarşı çıxanların cəzalandırılasının vacibliyinə inanırdı. Onsuz da, müsəlmanlarla döyüş vəziyyətində idilər. Hz. Əli Ümmühaninin evinə gəldi. Haris və Zübeyri görüncə təəccübləndi. Hər ikisi də İslam düşməni idi. Onların üstünə cumdu. Lakin Hz. Ümmühani evinə sığınan insanla­rın öldürülməsinə icazə vermədi. “Vallah, məni öldürmədikcə onlara əl vura bilməzsən!” ‒ deyərək Hz. Əliyə mane oldu. Hz. Ümmühani onların halından hiss etmişdi ki, İslamı könüllü qəbul edəcəklər.

Hz. Ümmühani Rəsulullahın yanına gəlib: “Əli niyə belə edir?! Ərimin qohumu olan bu iki adamı himayə etdiyim halda öldürmək istəyir!” ‒ deyir. Hz. Əlinin haqlı bir səbəbi vardı. Çünki Haris ibn Hişam Bədir döyüşündə Müsəlmanlara qan qusdurmuşdu. Buna baxmayaraq, Peyğəmbərimiz Hz. Əliyə tapşırdı ki, belə eləməsin. Kiminsə himayəsinə girən insanların öldürülə bilməyəcəyini bəyan etdi. Peyğəmbərimizin bu səbri bir İslam düşməni olan Haris və Zübeyrə böyük təsir bağışladı, qəlbinin İslama isinişməsinə səbəb oldu. Bu davranış sonradan onların İslamı qəbul etməsinə səbəbə olacaq.

Harisin Müsəlman olması belə oldu:

Məkkənin fəthindən hələ bir il keçməmişdi. Rəsuli-Əkrəm (a.s.m.) bir gün Hz. Bilalla birlikdə Kəbəyə daxil oldu. Bilala dedi ki, azan versin. Əbu Sufyan ibn Hərb, Attab ibn Əsid və Haris ibn Hişam da Kəbənin həyətində oturmuşdular. Attab ibn Əsid: “Atam bəxtiyar idi ki, bu günlərə qalmadı!” ‒ dedi. Haris ibn Hişam isə: “Nəyə görə belə deyirsən? And içərəm ki, Məhəmmədin haqq söylədiyini bilsəm, ona inanar, tabe olaram!” ‒ dedi. Əbu Sufyan isə çəkinə-çəkinə: “Heç bir şey deyə bilmərəm. Çünki nə desəm, buradakı daşlar ona xəbər verər!” ‒ de­di. [1]

Elə bu əsnada Peyğəmbərimiz qəflətən onların yan­larına gəl­di. “Söhbətinizdən xəbərim var!” ‒ buyurub onların danışdıqlarını bir-bir təkrarladı. Çaşıb qaldılar. Haris və Attab: “Vallah, bizim bu söhbətimizi bizdən başqa heç kim bilmirdi. Sən bunları bir insandan eşidə bilməzsən. Sənin Peyğəmbər olduğuna şəhadət edirik” , ‒ dedilər və müsəlman oldular.[2]

Beləcə Rəsuli-Əkrəm (s.ə.s.) ən böyük arzusundan biri həyata keçdi. Çünki ətrafında yaxşılığı və dürüstlüyü ilə tanınan Haris ibn Hişamın müslüman olmasını çox istəyirdi. Hətta onun üçün: “Allahım, Harisin İslamiyyətə girməsini nə qədər istəyirəm, ona hidayət nəsib et!” ‒ deyə dua edirdi. Peyğəmbərimizin bu duası qəbul olmuş, Haris i2n Hişam zorla deyil, öz istəyi ilə iman etmişdi.

Harisin Müsəlman olmasından sonra Peyğəmbərimiz ona iltifat etdi: “Səni İsla­­miyyətlə şərəfləndirən və sənə doğru yolu göstərən Uca Allaha həmd olsun. Onsuz da, sə­­nin kimi bir insanın İslamı bilməməsi və təqdir etməməsi müm­kün deyil”, ‒ buyurdu.

Harisin ürəyi iman eşqi ilə döyünürdü. İslama xidmət eşqi ruhunda böyük hə­yəcan doğurmuşdu. Qardaşı Əbu Cəhl İslamı kökdən yıxmaq üçün əlindən gələni etdiyi halda, Haris onun əksinə, İslamı yaymağı, yalnız Məkkə və Mədinədə deyil, ən uzaq yerlərə qədər gedib səhabələrlə birlikdə ci­hada çıxmağı düşünürdü.

Nəhayət, cihada çıxmağa qərar verdi. Yaxınları və dostları yola salmaq üçün gələndə Haris Məkkə və Mədinədən kənara çıxmağın yeganə səbə­binin cihad eşqi olduğunu belə dedi:

“Qardaşlarım, dostlarım! And içərəm ki, mən özümü düşündüyüm və ya başqa yurdu buradan üstün tutduğum üçün getmirəm. Başqa in­sanları sizdən üstün tuta bilmərəm. Mən yalnız Allah rizası üçün yola çıxıram”.

Hz. Harisin bundan sonrakı həyatının çox hissəsi cihad meydanlarında keçdi. O, özündən əvvəl şəhid olan qəhrəman səhabələrlə bir yerdə olmaq is­təyirdi. Onları daim xeyirlə yad edirdi. “Məkkə dağları qədər qızılım olsa, hamısını Allah yolunda xərcləsəm, yenə onlara çata bilmərəm!” ‒ deyirdi. Bu dünyada onlarla birlikdə ola bilməsə də, axirətdə birlikdə olacağı düşüncəsi qəlbini xatircəm edirdi.

Nəhayət, Yərmuk döyüşündə ağır şəkildə yaralandı. Yoldaşlarından su is­tədi. Gətirdilər. Elə o əsnada özü kimi yaralı olan İkrimə ibn Əbu Cəhlin suya baxdığını gördü. Dərhal suyu ona göndərdi. “Suyu İkriməyə apar”, ‒ dedi. İkrimə (r.a.) içmək üçün suyu əlinə aldı. Ayyaş ibn Əbi Rəbianın (r.a.) suya baxdığını gördü. Hz. Ayyaş da yaralı idi. İkrimə (r.a.) suyu ona göndərdi. Suyu aparan Hz. Ayyaşın yanına çatanda onun şəhid olduğunu gördü. İkrimənin yanına qayıtmaq istədi. Yanına gələndə artıq o da şəhid olmuşdu. Dərhal Hz. Harisənin yanına qaçdı. Lakin o da şəhidlik mərtəbəsinə ucalmışdı.[3]

Hz. Harisin Rəsulullah ilə çox şirin xatirələri vardı. Bunlardan biri belədir:

“Bir gün Rəsulullahın hüzuruna gəldim, ondan mənə nəsihət, tövsiyələr verməsini xahiş etdim. Rəsulullah: “Dilini qorumağa çalış”, ‒  buyurdu. Yalnız bunu tövsiyə etdi. Mən bunun çox asan bir şey olduğunu sanırdım, lakin daha sonra nə qədər çətin olduğunu anladım!”[4]

Allah ondan razı olsun!



[1] Üsdül-Ğabə; 1: 352

[2] Sirə, 4: 56

[3] Üsdül-Ğabə, 1: 352

[4] Təbəqat, 1: 198

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.