Səhabələr

İkinci Bədir

Əbu Sufyan Uhudu tərk edərkən: – Sizinlə bir də gələn ilin əvvəlində Bədirdə görüşəcəyik; orada görüşüb, orada da məsələni həll edərik, – deyə səslənmişdi. Allah Rəsulu (s.ə.s.) da Ona cavab verən Hz. Ömərə: – Allahın izni ilə olar, – buyurmuş, o da Rəsulullahın sözlərini gur səsi ilə Əbu Sufyana çatdırmışdı. Söz sənəd demək idi və vaxtı çatanda yerinə yetirilməli idi. Verilən sözü yerinə yetirməmək  böyük bir qəbahət sayılırdı. Xüsusən də, belə bir gərgin zamanda – qisas alma məqamında geriyə addım atmaq olmazdı. İndi isə zaman gəlmiş və Allah Rəsulu (s.ə.s.) da əshabını bu meydana hazırlamağa başlamışdı, yenidən  Bədrə gedəcəkdi. Əbu Sufyan təklifi özü versə də, buna görə əziyyət çəkir və vədə yaxınlaşdıqca getməmək üçün bir bəhanə axtarırdı. Açıq şəkildə "getməyək" deyə bilmədiyi üçün özünü, elə göstərirdi ki, sanki, Bədrə getməyə can atır. Amma ürəyində bu yoldan dönmək üçün planlar qururdu. Ətrafdakı qəbilələrin də dəstəyini alaraq Məkkədə böyük bir ordu toplaması xəbərini yaymaq istəyirdi, amma əslində, Allah Rəsulu (s.ə.s.) və müsəlmanların bu işdən vaz keçməsini ürəkdən arzu edir, buna görə də özünün daha böyük bir ordu ilə onların üstünə gedəcəyinə eyham vuraraq vaz keçən tərəfin özünün yox, müsəlmanların olmasına çalışırdı. Həmçinin bu vaxt ilahi lütfdən məhrum qalan Məkkə qıtlıqdan əziyyət çəkir və belə bir vəziyyətdə müharibə yeni bir fəlakət demək idi. Bu əsnada Nuaym ibn Məsud Məkkəyə gəlir və Əbu Sufyana Mədinədən xəbərlər gətirir. Onun bu gəlişini fürsət bilən Əbu Sufyan Mədinə ordusunu bundan vaz keçirməyin müqabilində  ona iyirmi dəvə vəd edir və bu dəvələri Süheyl ibn Amrın nəzarətinə verəcəyini deyir. Həmçinin ona bu başdan yaxşı bir dəvə də verir və Mədinəyə gedib onların gözünü qorxutmağı tapşırır.