Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

İkrimə ibn Əbu Cəhl (r.a.)

Tarix: 05.08.2013 | Bu məqalə 2. 854 dəfə oxunub.

Kim səmimi şəkildə Allahdan şəhid olmağı dilərsə, yatağında belə ölsə, Allah onu şəhidlər məqamına yüksəldər.[1]

Hədisi-Şərif

O, müsəlman olmamışdan əvvəl atası Əbu Cəhl kimi İslama və Peyğəmbərimizə (s.ə.s) böyük kin və nifrət bəsləyirdi. Müşriklər arasında ata minməkdə şöhrət qazanmış, ətrafında müşriklərdən fədai dəstə toplamış və döyüşlərdə güclü hücum taktikalarını qurmuşdu.

Bu şəxs illər sonra müsəlman kimi Yərmuk döyüşündə şəhid olan İkrimə ibn Əbu Cəhl idi.

Rəsuli-Əkrəm ehtişamlı qələbəsi ilə Məkkəyə daxil olanda dörd kişi və iki qadından başqa hər kəsi bağışladığını elan etdi. Bu insanlar İslama daha çox düşmənçilik hissi bəsləmiş və böyük zülmlər etmişdirlər. Ona görə də harada tutulsalar, öldürüləcəkdilər. Bu dörd adamdan biri də İkrimə idi. Çünki fəth günü heç kəs müqavimət göstərmədiyi halda, o ətrafına yığdığı yoldaşlarıyla müsəlmanlara qılınc çəkmişdi.

İkrimə bir yol tapıb Məkkədən qaçmağa müvəffəq oldu və bir gəmi­yə minib Yəmənə yollandı. Dənizdə dəhşətli fırtına baş verdi, gəmi batmaq təhlükəsi ilə üz-üzə gəldi. Gəmi rəisi insanları bir yerə toplayıb: “Səmimi olun və xilas olmaq üçün Allaha dua edin”, ‒ dedi.

İkrimə rəisə:

‒ Səmimi olmaq üçün mən nə etməliyəm? Burada səmimi olsam, quruya çıxanda, orada da səmimi olmalıyam, ‒ dedi. Rəis ona:

‒ Həqiqətən, səmimi olmaq istəyirsənsə, Allahdan başqa ilah ol­madığını söylə, ‒ dedi.

İkrimə:

‒ Mən elə bu sözü deməmək üçün qaçıb buralara qədər gəldim! ‒ desə də, gəmi rəisinin sözləri ona çox təsir etmiş və sonra belə dua etmişdi:

‒ Ey Allahım! Əgər məni bu fırtınadan qurtarsan, Məhəmmədin hüzuruna gedib onun kərəminə sığınaraq bağışlanma diləyəcəm.

Bu əsnada İkrimənin arvadı Haris ibn Hişamın qızı Ümmü Hakim müsəlman oldu və Rə­su­lul­lahın hüzuruna gedib İkrimənin bağışlamasını və ona dəyib-toxunulmamasını rica etdi. O şəfqətli, mərhəmətli Uca Peyğəmbər İkriməyə heç kəsin dəyib-toxunmamasına dair söz verdi.

Ümmü Hakim dərhal köləsiylə birlikdə yola çıxıb əri İkriməni axtarmağa getdi və bir neçə aydan sonra onu Tihamə sahillərində tapdı. Yoldaşı İkriməyə Rəsuli-Əkrəmin ona heç kəsin dəyib-toxunmamasına dair söz verdiyini desə də, heç cür inan­dıra bilmirdi. İkrimə köhnə düşmənçiliyini xatırlayır və bağışlanacağını ümid etmirdi. Amma o şanı uca Peyğəmbərin şəfqət və mər­həməti sonsuz idi. İkriməni bağışlamışdı. Nəticədə, arvadı onu Rəsulullahın yanına qayıtmağı razı saldı.

Günlərlə uzun səfərdən sonra İkrimə və Ümmü Hakim Mədinəyə gəlib çıxdılar. Məscidin bir küncündə Rə­su­lul­lahı gözləyirdilər. İkrimə Rə­su­lul­lahın onunla necə davranacağını gözləyir, həyəcandan titrəyirdi. Bir müddət sonra Rə­su­lul­lah gəldi və onları gördü. Peyğəmbərimiz köhnə düşmənçilikləri xatırlatmadan və hiss etdirmədən:

‒ Mərhəba, ey süvari mühacir! ‒ deyərək İkriməni qucaqladı. İkrimə:

‒ Ey Allahın Elçisi! Məni nəyə dəvət edirsən? ‒ dedi. Rəsul-Ək­rəm:

‒ Sə­ni Allahdan başqa ilah olmadığına və mənim Allahın Elçisi olduğuma şahidlik et­məyə, namaz qılmağa, zəkat verməyə dəvət edirəm, ‒ deyib ona İslamın əsaslarından danışdı.

Rəsulullahın sözlərində sonra İkrimə belə dedi:

‒And olsun ki, sən yalnız haqqa, gözəlliyə və xeyrə dəvət edirsən. And olsun ki, peyğəmbər olmamışdan əvvəl də sən həmişə düz danışar və yalandan uzaq olardın. Allahdan başqa ilah olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olduğuna şəhadət edərəm.

İkrimə əvvəlki günahlarını xatırlayır və buna görə böyük xəcalət çəkirdi. Bunu hiss edən Rəsuli-Əkrəm (s.ə.s) ona böyük müj­də verdi:

‒ Məhz bu gün sənə heç kimə vermədiyim şeyi verəcəyəm.

İkrimə bu müjdənin nə ola biləcəyini anlamışdı:

‒ Sənə qarşı etdiyim bütün düşmənçiliklər, sənə qarşı atdığım hər addım, üzünə, yaxud dalınca söylədiyim hər söz üçün bağışlanma diləyirəm.

Rə­su­lul­lah əllərini qaldırıb İkrimə üçün belə dua etdi: “Allahım! Mənə etdiyi bütün pis əməllərini, Sənin nurunu söndürmək üçün atdığı hər addımı bağışla! Üzümə qarşı və ya dalımca mənim əleyhimdə söylədiyi sözləri də bağışla!”

İkrimə Rə­su­lul­lahın bu duası qarşısında çox duyğulandı. Artıq bundan sonra bütün varlığı ilə Allah  yolunda xidmət edəcəkdi. Belə söz verdi:

‒ Ya Rəsulallah! Allaha and olsun ki, insanları Allah yolundan döndərmək üçün sərf etdiyim malın iki mislini Allah yolunda xərcləyəcəyəm, müsəlmanlara qarşı döyüşdüklərimin iki misli qədər Allah yolunda döyüşəcəm…

İkrimə müsəlman olandan sonra bəziləri onunla “Bu ümmətin fironunun oğlu!” deyə zarafat edirdilər. Ancaq İkrimə bu sözlərlə cahiliyyə günlərini xatırladığı üçün narahat olurdu. Bir gün dözə bilməyib Rəsulullaha şikayət etdi. Ona görə Rəsulullah da səhabələrinə belə buyurdu:

‒ Onu atasının adıyla çağırmayın, ona belə müraciət etməyin!

Bu hadisədən sonra Rəsulullah onun adını İkrimə Əbu Osman şəklində dəyişdirdi.

Peyğəmbərimizin möhtərəm zövcəsi Ümmü Sələmənin rəvayətinə görə, bir gün Rə­su­lul­lah belə buyurmuşdu:

‒ İkrimənin müsəlman olmasıyla, Əbu Cəhlin nəsli kəsildi.

Həqiqətən də, Əbu Cəhlin heç bir qızının uşağı olmamış və nəsli kəsilmişdir.

Yərmukda böyük fədakarlıqla vuruşdu. Sinəsindəki yaradan qan axsa da, yenə at üstündə döyüşə davam edirdi. Yanındakılar ona:

‒ Ey İkrimə, bəsdir daha, özünə yazığın gəlsin, ‒ dedilər. O, onlara belə cavab verdi:

‒ Mən Lat və Uzza uğrunda illərlə mübarizə apardım. İndi bu qədər yara almış, çətinliklərə dözmüşəm, nə əhəmiyyəti var ki?!

Müharibənin sonunda İkrimə şəhadət şərbətini içdi.[2]

Allah ondan razı olsun!

[1] Müslim, İmarə, 157.

[2] İbn Əsir, Üsdül-Ğabə, 4-5; İbn Həcər, İsabə, II, 496-497.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.