Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Kab ibn Malik (r.a.)

Tarix: 06.07.2013 | Bu məqalə 844 dəfə oxunub.

Allah məni yalnız düzgün danışdığımın sayəsində xilas etdi. Ölənə kimi düzgün danışmaq da tövbəmin arxasıdır.

Həyatın hər addımı imtahandır. Xüsusilə, möminlər daha çox imtahana çəkilirlər. Beləliklə, ömrünün çox hissəsini haqq uğrunda və İslama xidmət yolunda keçirən bir möminin bir gün nəfsinə aldanmayacağına dair heç kim təmi­nat verməyib. Əvvəlki xidmətlərinə baxıb, həyat imtahanını müvəffəqiyyətlə başa vurduğunu düşünmək böyük səhv olar. Çünki ömür bitməyənə kimi imtahan da qurtarmır. Həyatının çox hissəsini ən gözəl xidmətlərdə keçirsə də, bir mömin son nəfəsini də eyni şüurla inandığı həqiqət üzrə vermədikcə məsuliyyətlərinin bitdiyini düşünməməlidir. Peyğəmbərlər­dən sonra ən fəzilətli insanlar zümrəsinə daxil olan səhabələr belə bu qaydadan kənarda qala bilməzlər. Amma səhvin ardınca dərhal tövbə edib təmizlənmək, şübhəsiz, bu cür təhlükəni aradan qaldıra bilər. Bunun ən bariz nümunəsi kimi səhabələrdən Hz. Kab bin Malikin həyatını misal gətirmək olar.

Hz. Kab ənsardan idi. O, “İkinci Əqəbə” beyətində iştirak edən, Bədir döyüşündən başqa, Peyğəmbərimizlə birlikdə bütün hərblərə qatılan qəhrəman səhabə idi. Peyğəmbərimiz onu Talha ibn Ubeydullah (r.a.) ilə qardaş  elan etmişdi. Kab (r.a.) Uhud döyüşündə böyük qəhrəmanlıqlar göstərmiş, on bir yerindən yaralanmış­dı.

Hz. Kabın halı-vaxtı da yaxşı idi. Təbuk döyüşünə hazırlaşırdılar. Əvvəllər səfərin istiqamətini heç vaxt söyləməyən Peyğəmbərimiz (ə.s.v.) bu dəfə Müsəlmanları bir yerə topladı və Təbukə səfər ediləcəyini xəbər verdi. Yay mövsümü idi və meyvələr yetişmişdi. Hər kəs günün istisində səfərə hazırlaşarkən Hz. Kab: “Nə vaxt olsa, hazırlığımı edə bilərəm!” ‒ deyib öz işləri ilə məşğul oldu. Artıq Peyğəmbər (a. s. m.) yola çıxanda Kab hələ hazır deyildi. Tez hazırlaşmaq üçün evdən çölə çıxsa da, artıq iş işdən keçmiş, ordu çoxdan yola çıxmışdı. Kab kor peşman evə qayıtdı. Özü bu hadisəni belə nəql edir:

“Yola çıxıb arxalarınca çatacağımı düşündüm. Kaş ki tez hazırlaşaydım! Ancaq bu da mümkün olmadı. Rəsulullah (a.s.m.) bu döyüşə gedəndən sonra insan­lar arasına çıxanda özümə yoldaş kimi ancaq münafiqlik damğası vu­rulmuş kəsləri, yaxud Allahın üzrlü hesab etdiyi acizləri görmək məni yaman kədərləndirirdi…”

Təbukə çatana qədər onun adını xatırlamayan Peyğəmbərimiz orada Kabın nə işlə məşğul olduğunu soruşdu. Müsəlmanlardan biri: “Geyim-keçminə baxıb qürur­lanması onu cihad yolundan saxladı!” ‒ deyincə Muaz ibn Cəbəl dərhal müdaxilə edərək Kab haqqında yaxşılıqdan başqa bir şey bilmədiklərini dedi. Bu sözdən sonra Allah Rəsulu danışmadı.

Müsəlmanlar qəzvəyi başa vurub Mədinəyə qayıtmağa başlayanda Kab dərin narahatlıq hissinə qapıldı. Rəsulullah qayıdınca ona nə deyəcəyini düşü­ndü. Bu vaxt bir çox bəhanələr fikirləşsə də, Rəsulullaha yalan danışmaq ona çox çətin gəlirdi. Kab Rəsulullahın Mədinəyə gəldiyi xə­bərini eşidən kimi birbaşa Peyğəmbərimizin hüzuruna gedib ona həqiqəti oldu­ğu kimi danışmağa qərar verdi. Yanına çatanda salam verdi. Rəsulullah acı təbəssümlə ondan nə üçün döyüşə getmədiyini soruşdu. Kab belə dedi:

‒ Ya Rəsulallah! Allaha and olsun ki, sizdən başqasının hüzurunda olsaydım, üzr diləyər və onun qəzəbindən xilas ola bilərdim. Çünki mənim yaxşı nitq qabiliyyətim var. Vallah, bilirəm ki, bu­ gün yalan danışıb sizi razı salsam də, Allah bunu sizə bildirər və sizin də mənə qarşı qəlbiniz qırılar! Əgər doğrunu söyləsəm, siz mənə qəzəblənəcəksiniz, ancaq mən doğrunu söyləməklə Al­lahdan xeyirli nəticə gözləyərəm. And olsun ki, döyüşə getməmək üçün heç ­bir üzrlü səbəbim yox idi.

Halbuki Kabın gözləri qarşısında səksən nəfərə yaxın adam yalan bəhanələrlə Peyğəmbərimizdən üzr diləmiş, Allah Rəsulu da onların üzrlərini qəbul edib Allahdan bağışlanma diləmiş və qəlbindəki niyyəti Allaha həvalə etmişdi. Lakin Kab Allah və Rəsulunun hüzurunda haqqı deməyi hər şeydən üstün tutdu.

 Bu cavabdan sonra Rəsulullah ona Allahın hökmü vəhy edilənə qədər gözləməyi əmr etdi. Allahın hökmü gələnə qədər onunla heç kimsə danışmayacaqdı. Onunla birlikdə iki səhabəyə eyni sözləri dedi. Bundan sonra hər kəs onlarla yad kimi davranmağa başladı. Digər iki səhabə evlərindən çölə çıxmadı, Kab isə camaat namazlarında iştirak edir, bazarları gəzirdi. Amma heç kim onunla danışmırdı. Rəsulullaha yaxın oturmağa və onun çöhrəsinə baxmağa çalışırdı. Amma hər dəfə Peyğəmbərimiz ondan üzünü çevirirdi. Buna görə Kab çox kədərlənirdi. Bir gün əmisi oğlu Əbu Qətadənin yanına getdi və ondan: “Ey Əbu Qətadə! Allah üçün soruşuram, Allahı və Rəsulunu sevdiyimi bilirsənmi?” ‒ deyə soruşdu. Əbu Qətadə cavab vermədi. Bir neçə dəfə soruşanda Əbu Qətadə qısa cavab ver­di: “Allah və Rəsulu daha yaxşı bilər”. Kab qəmli şəkildə, göz yaşları ilə oradan ayrıldı.

Günlər keçdi, həftələr bir-birini qovdu. Kimsə onunla bir kəlmə belə kəsmirdi. Kab aqibətinin necə olacağını bilmirdi. Bu vaxt Kabın imtahanı­nı daha da çətinləşdirən bir hadisə ortaya çıxdı. Kab Qassandakı qipti liderlərindən bir məktub aldı. Məktubda belə deyilirdi:

“Eşitdim ki, ağan səninlə yaxşı rəftar etmir. Allah sizi haqqın tapdalandığı və qiymətin bilinmədiyi bir yerdə qoymasın. Yanımıza gə­lin, sizə yaxşı hədiyyələr verərik”.

Bir tərəfdə həftələrdir, üzünə baxmayan Peyğəmbər və onu dindirməyən dostları, digər tərəfdə də hörmət, mükafat və hədiyyə təklif edən dəvət vardı. Düşmən Kabın bu çətin anından istifadə etmək istəyirdi. Belə çətin bir vaxtda belə cazibədar təklifə kim “yox” deyə bilərdi? Lakin Kab tərəddüdsüz Rəsulullahı seçdi. Və qipti liderinin məktubunu cırıb atdı.

Elə bu vaxt Kabın vəziyyətini daha da çətinləşdirən bir əmr gəldi: Peyğəmbərimizin göndərdiyi elçi ona arvadından uzaq olmaq xəbərini verirdi. Kab yoldaşını boşamayacaq, amma ondan ayrı yaşayacaqdı.

Vəziyyət get-gedə daha da çətinləşirdi. Eyni əmr digər üç səhabəyə də göndərilmişdi. Lakin bu əmr də Kab və yoldaşlarının Rəsulullaha bağlılığı­nı sarsıtmadı. Səhvlərinə görə peşmançılıq hissi çəkir, bütün mənliyi ilə Allaha yal­varıb bağışlanma diləyirdilər. Möminlərdən ayrılmaq, Allah və Rəsulunu tərk etmək ağıllarından belə keçmirdi. Bundan sonrakı hadisəni Kab həzrətlərinin dilindən dinləyək:

“Artıq bu hadisədən əlli gün keçmişdi. Mən də bir gecə səhərə kimi namazı qıldım. Ruhum çox sıxılmışdı, özümə yer tapa bilmirdim. Çərasiz halda oturub gözləyirdim. Sanki yerlə göy arasında qalıb sıxılmış, yersiz-yuvasız qalmışdım. Elə bu əsnada bir səs eşitdim: “Ey Malikin oğlu Kab, müjdə, müjdə!” Qurtuluş günü gəlmişdi. Dərhal səcdə elədim”.

Peyğəmbərimiz (ə.s.v.) əhaliyə sübh namazından sonra bu üç səhabənin tövbələrinin qəbul edildiyini elan etmişdi. Ona görə də səhabələr müj­dəni qardaşlarına elan etmək üçün bir-bir ilə yarışa çıxdılar və Kabla birlikdə digər iki səhabəyə müjdəçilər göndərdilər. Xəbəri alan Kab dərhal Rəsulullahın ya­nına qaçdı. Bu əsnada yolda qarşılaşdığı səhabələr gülərüzlə onu təbrik edi­r, “Allahın əfvi sənə mübarək olsun!” ‒ deyirdilər. Peyğəmbərin hüzuruna gəlib salam verəndə üzü sevincdən par-par parıldayan Rəsulullah belə dedi:

‒ Səni doğulduğundan bəri keçən günlərin ən xeyirlisi ilə müjdələyirəm!

Daha sonra Hz. Kab mal-mülki ilə məşğul olduğuna görə səfərdən geri qaldığını deyib tövbəsini tamamlamaq üçün malının hamısını sədəqə ver­mək istədi. Bununla bağlı “Tövbə” surəsinin 103-cü ayəsi nazil oldu. Ayədə onla­rın malından zəkat alınması əmr edilir, bu şəkildə Hz. Kabla iki yoldaşının təmizə çıxaracaqları və mallarına bərəkət veriləcəyi buyurulurdu. Beləcə səhabələrin tövbələrinin qəbul olunması sevincdən üzü ay kimi parlayan Peyğəmbərimiz Hz. Kaba malının bir hissəsini özünə ayırmağı tövsiyə buyurdu. Xeybərdəki ərazisini özü üçün saxlayacağını söyləyən Kab belə dedi:

‒ Allah məni yalnız düzgün danışdığımın sayəsində xilas etdi. Ölənə kimi düzgün danışmaq da tövbəmin arxasıdır.

Göründüyü kimi, insanların ən mükəmməllərindən biri digər möminlərin iştirak etdiyi bir səfərə laqeydliyi üzündən qatılmayınca Allahı və Rəsulunu incitmə təhlükəsi ilə üz-üzə gəlmişdi. Təxminən iki ay ərzində Rəsulullah onun üzünə baxma­mış, möminlər də danışmamışlar. Kiçik bir laqeydlik onu “əvvəlki döyüşlərdə qazandığı savab və etibarın silinməsi” kimi müdhiş vəziyyətlə üz-üzə gətirmişdir. Əgər səmimiyyəti və sadiqliyi ilə qəlbinin dərinliklərində duyduğu peşmanlıq hissi və tövbəsi olmasaydı, əvvəlki xid­mətləri, bəlkə də, işə yaramayacaq, onu böyük ziyana aparacaqdı.

Peyğəmbərimizin şairlərindən olan Hz. Kab Hicrətin 50-ci ilində Müaviyənin (r.a.) xilafəti dövründə 77 yaşındaykən vəfat etdi. 1 (Sirə, 4: 175-181; Müsnəd, 3: 456-459; Üsdül-Ğabə, 4: 247-248; Müstədrək, 3: 441.)

Allah ondan razı olsun!