Səhabələr

Mədinə vəsiqəsi – İlk Konstitutsiya

Paxıllıq və həsəd rüzgarları

O gün sosial məsələlərdə kompleks yanaşmaya əsaslanıb nəticələri də bu şəkildə − ona uyğun dəyərləndirmək mümkün deyildi. Həm mədinəli müşriklər, həm də kitab əhli kimi tanınan yəhudilər və xristianlar arasında Peyğəmbərimizi tanıyıb bilənlər, Ona məhəbbət bəsləyənlər olduğu kimi, bunun tam əksinə, Ona qarşı çıxan, düşməncəsinə intriqalar hazırlayan, fürsət düşən kimi Onu bir qaşıq suda boğmaq istəyənlər də vardı. Amma bunlar Peyğəmbərimizin (s.ə.s.) ehtiramla qarşılandığı Mədinədə ilk illərdə özünü vahid bir müxalifətdən çox, fərdi hadisələr kimi göstərirdi. Məsələni xəbər verən Quran da diqqəti bu məqama cəlb edərkən belə deyəcəkdi:

− Kitab əhlinin hamısı eyni deyildir. Onların içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecənin bir vaxtı Allahın ayələrini oxuyub səcdəyə qapanır, Allahı yeganə ilah bilir və axirət gününü də təsdiq edirlər. İnsanlara yaxşı işlər görməyi əmr edər, onları pis əməllərdən çəkindirər və daim xeyirli işlər görməyə tələsərlər. Məhz onlar əməlisaleh şəxslərdir.[1]

Abdullah ibn Übeyy də Allah Rəsuluna qarşı olan əks cəbhənin başında dayanırdı. O, Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Mədinəyə təşrifindən əvvəl özünü rəisliyə hazırlamışdı. Dağılan birlik ruhunu bərpa etmək və hökm sürən ixtişaşları nizama salmaq  üçün Mədinə əhli də bunu müsbət qarşılayırdı. Ancaq mühacirlərin Mədinəyə gəlişi ilə onun bütün planları puç olmuş, “yolunu kəsən” Allah Rəsuluna kin bəsləməyə başlamışdı. Çünki insanlar dərdlərinə dərman olacaq Şəxsi görər-görməz yönünü dəyişdirmiş və əsrlərdir üst-üstə yığılan problemlərin həllini tapacağı ümidi ilə həqiqi xilaskar kimi gördükləri bu yeni ünvana üz tutmuşdular.

Bu, Abdullah ibn Übeyy üçün böyük itki idi və “qazandım” dediyi anda ona bu itkini yaşadanlara od püskürürdü. Amma o, içindəki kinini büruzə verə bilmir və ümumun  qəbul etdiyi yerdə özünü qəbul edirmiş kimi göstərmək lüzumunu hiss edirdi. Zahirən müsəlman idi, amma daxilən din düşmənçiliyi aparır və imkan düşən kimi ətrafa fitnə-fəsad, nifaq toxumları səpirdi.

Yuxarıda qeyd edilən ayənin ifadələrindən də göründüyü kimi, müsbət hərəkət edən, əksəriyyətdən ayrı düşən bəzi adamlar yurdlarına, yəni Mədinəyə kənardan gələn bu anlayışa − İslama qarşı yavaş-yavaş hərəkətə keçmiş, planlar qurur və tərəfdar tapmağa çalışırdılar. Bəni Nadr, Bəni Saləbə, Bəni Qaynuqa, Bəni Qureyza, Bəni Ruzeyq, Bəni Harisə, Bəni Amr və Bəni Nəccar qəbilələrinə mənsub olan Huyey ibn Əhtab, Kab ibn Əşrəf, Abdullah ibn Sariya, Finhas, Kab ibn Əsəd və Ləbid ibn Asam kimi eyni düşüncəni paylaşan bu insanlar gecələr bir yerə yığışmağa başlamış və Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əleyhinə təbliğat aparmağa çalışırdılar. Bunların hamısı da qısqanc və din baxımından Peyğəmbərimizin mövqeyini həzm edə bilməyən yəhudi[2] tipləri idi: Mədinədə fitnə-fəsad törədir və qarışıqlıq salmağa çalışırdılar. Çünki Allah Rəsulu (s.ə.s.), gözlədiklərinin əksinə olaraq onların arasından çıxmamışdı, “bu azmış kimi”, Onun qurduğu iman həlqəsi gündən-günə sürətlə böyüyürdü.

Davamı: 1 2 3 4 5 6 7 8 9