Səhabələr

Müqavilənin pozulması və Fəth müjdəsi

Hudeybiyyə müqaviləsinin bağlanmasından iyirmi iki ay keçmiş və bu müddətdə Məkkə tərəfdən hər hansı problemlə qarşılaşmamışdılar. Səkkizinci ilin şaban ayı idi. Sübh çağı Allah Rəsulu Hz.Aişə validəmizə:

– Ey Aişə, – deyə səslənir, – Huza tərəfdə mühüm bir hadisə baş verdi.

Dayandığı yerdə belə bir xəbər eşidən Aişə validəmiz də narahat olur:

– Ya Rəsulullah! – deyə səslənir, – qılınclar Qureyşin qol-qanadını qırdığı halda, onun Səninlə bağladığı müqaviləni pozmağa cəsarət edəcəyini düşünürsən?

Doğru deyirdi. Ağılı başında olan bir insan öz gücsüzlüyünü gördüyü halda, durduğu yerdə problem çıxarıb başına iş açmazdı. Ancaq Qureyşdə o ağıl qalmamışdı ki, bunu düşünsün; sabahı nə olacağını fikirləşmədən addım atırdılar. Bir də məsələnin qəza-qədər tərəfi var idi və Allah Rəsulu (s.ə.s.) bunu vurğulayaraq Aişə validəmizə:

– Allahın diləyib istədiyi bir işə görə Qureyş müaviləni pozdu, – deyə cavab verir.

–Ya Rəsulullah! Axırı xeyirli olacaqmı?

İfk hadisəsi ilə bağlı nazil olan ayədə də bildirildiyi kimi, şər kimi görünən məsələlər nəticədə, neçə-neçə xeyirlərin qapısını açırdı. Aişə anamız da başlanğıcda Rəsulullahı əndişələndirən bu işin xeyirli olub-olmadığını soruşur. Cavab gecikmir:

– Bəli, xeyirli olacaq![1] – cavabını verir.

Aradan üç gün keçir. Allah Rəsulu əshabına sabah namazını qıldırdıqdan sonra Huza qəbiləsindən Amr ibn Salim və qırx atlı hüzura gəlir. Məscidi-Nəbəvidə şeir oxuyaraq başlarına gələn müsibəti anlatmağa çalışır, Allah Rəsulundan yardım istəyirlər.

Demə, Qureyş Bəni-Bəkr, Bəni-Nüfasə və Vətr ilə əlbir olub Hudeybiyyə müqaviləsi ilə rahat nəfəs alan və sülh şəraitində yaşayan huzalılara gecənin qaranlığında basqın etmiş, əksəriyyəti qadın, uşaq və qoca olmaqla iyirmi üç nəfərin canına qıymışdılar. Bu basqında Qureyş əyanlarından Safvan ibn Ümeyyə, İkrimə ibn Əbu Cəhil, Hüveytib ibn Abdiluzza, Şeybə ibn Osman və Miqrəz ibn Hafs iştirak etmişdi.[2]

Qan  gözlərini elə tutmuşdu ki, canlarını qurtarmaq üçün Hərəm bölgəsinə sığınanlara da aman verməmişdilər. Qəddarlıq, zülüm o dərəcəyə çatmışdı ki, hətta öz aralarından bəziləri etiraz səslərini ucaltmış, bir azca vicdanı olanlar baş verənlərlə razılaşmadıqlarını uca səslə bildirmişdilər.

Səhərin açılması ilə baş verənlərin dəhşəti ortaya çıxınca Qureyş etdiyinə min dəfə peşman olmuşdu. Çünki bu, açıq-aşkar Hudeybiyyə müqaviləsinin pozulması demək idi. Artıq ox yaydan çıxmışdı. Özlərini qurtarmaq və ya təmizə çıxartmaq üçün ağlasığmaz bəhanələr uydurmağa başlamışdılar.