- Səhabələr - https://sehabe.meneviyyat.az -

Qəhrəmanlıq ruhunun ilk təmsilçisi Həzrəti Əli (kərəmallahu vəchəh)


İstəmirsənmi, ya Əli! Harun Musanın yanında hansı
məqamdadırsa, sən də mənim yanımda o məqamda olasan!
Bir fərqlə ki, Məndən sonra peyüəmbər gəlməyəcək!

Gözlənilən Nəbini körpəliyindən himayəsinə götürən Əbdülmüttalibin ölümündən sonra əmisi Əbu Talib Ona sahib çıxmış, Onu həyatı boyu qorumuşdu. Artıq eyni evdə yaşayacaqdılar. Əsasən ticarətlə məşğul olur və dolanışığı da bu yolla təmin edirdilər. Artıq Bəşəriyyətin Əmini böyümüş və əmisi ilə ticarət karvanlarına qoşulmuşdu. Hz. Xədicə ilə də bu yolla tanış olub ailə qurmuşdu. Bundan sonra Əbu Talibin evindən ayrılan Allah Rəsulu bir vəfa insanı kimi əmisini müntəzəm ziyarət edir, ehtiyaclarına əl tutmağa çalışırdı. Əbu Talibin kiçik oğlu Əli də bundan sonra dünyaya gəlmişdi.

Qıtlıq hökmü sürürdü: Əbu Talibin də işi yaxşı getmir, hamı kimi onun da ailəsi sıxıntı çəkirdi. Əmisinin çəkdiyi məşəqqətlər Allah Rəsulunu da dərindən yaralayırdı. Rəsulullah buna bir çarə axtarırdı. Bu məqsədlə bir gün o biri əmisi Abbasın yanına getdi. Vəziyyəti ona danışacaq, Əbu Talibin dərdinə çarə yollarını axtaracaqdılar. Abbasın yanına gəldi və ona:

– Əbu Talibin bir uşağını sən himayəyə götür, birini də mən, – dedi.

Şəfqət və mərhəmət abidəsinin ixlasla etdiyi təklif məntiqli idi. Abbas da bunu qəbul etdi. Birbaşa Əbu Talibin yanına gedib onu da razı saldılar. Bir zamanlar evində  saxlayıb himayə etdiyi qardaşı oğlunun bu həssas təklifi Əbu Talib kövrəltdi. Vaxtilə, digər qardaşları arasında Ona özünün sahib çıxması ilə nə qədər düzgün davrandığını indi daha yaxşı anlayırdı. Əlinin böyük qardaşı Aqili öz yanında saxlamaq istədiyini bildirən Əbu Talib o biri övladlarını apara biləcəklərini söylədi və beləliklə, Cəfəri Abbas, Əlini də Allah Rəsulu götürüb geri döndülər. Bu vaxt Əli beş yaşındaydı və bundan sonra Allah Rəsulu ilə bir yerdə olacaq,  məhz Onun nəzarətində tərbiyə alacaq, yetişəcəkdi. Peyğəmbərlik gələnə  qədər 4-5 il birlikdə yaşayacaqdılar. Rəsulullah onu cəhalətin kirinə bulaşmaqdan qoruyacaqdı.

Atan ilə məsləhətləş

Bu əsnada Hiradan əbədi bir günəş doğmuş və şəfəqlərini bütün aləmi aydınlatmaq üçün ilk dəfə Məkkə üzərinə salmışdı. Əlbəttə ki, Allah Rəsulunun ilk müxatəbi həyat yoldaşı Xədicə idi, elə bu Nura ilk inanan da o idi. Kiçik Əli də bu dəyişikliyin fərqinə varmış, maraqlı baxışlarla onların namazını seyr edirdi. Əvvəlcə nə etdiklərini soruşdu. Allah Rəsulu (s.ə.s.) şəfqətli bir ata nəvazişi ilə onu dizi üstə oturtdu. Hirada başına gələnləri, peyğəmbər göndərilməsini bir-bir nəql etdi. Ona o qədər etimadı vardı ki, göndərdiyi hər yerə can bahasına olsa belə, tərəddüdsüz gedərdi. Ancaq belə bir mühüm məsələni atası ilə məsləhətləşmədən qərar verməməli idi. Onun bu istəyini bilən Allah Rəsulu (s.ə.s.) ona xəbərdarlıq etdi ki, bu söhbətdən heç kimin xəbəri olmasın. O gecə Əli dərin-dərin düşünüb qəti qərarını verdi. Səhər açılar-açılmaz Allah Rəsulunun hüzuruna gəldi və:

– Dünən sən mənə nə danışdın, nəyə dəvət etdin? – deyə soruşdu.

 Görünür, kiçik Əli yaşından böyük davranır, atası ilə məsləhətləşməyə ehtiyac duymadan ilk iman edənlər arasına girirdi. Allah Rəsulu onu yanına oturdub şəhadət gətirməyə dəvət etdi. Vəhyin gəlişindən bir gün keçmiş on yaşlı kiçik Əli Xədicədən sonra ilk dəfə kəlmeyi-tövhidi söylədi və neçə-neçə böyüklərdən əvvəl Rəbbinə iman etdi.

***

Çox keçmədən onlarla birlikdə yaşayan Zeyd də müsəlman oldu. Azad insan ola-ola qul edilmiş, Allah Rəsulunun yanında­ yenidən azadlığa qovuşmuş, həm də şərəfə çatmış  Zeyd ibn Harisə! Gənc idilər, qəhrəmanlıq ruhunu təmsil edirdilər və hər biri bu ruhu bütün Məkkəyə yaymağa çalışırdı. Allah Rəsulu onları ən çətin məsələlərin öhdəsindən gələn qəhrəmanlar kimi ağır günlər üçün yetişdirir və beləcə gələcəyin təməllərini atırdı.

Bir müddət sonra oğlunun dəyişdiyini sezən ata Əbu Talib bunun səbəbini soruşacaqdı. O da olanları bir-bir danışandan sonra­ qardaşı oğluna sonsuz etibarı olan Əbu Talib bu cümlələri söyləyəcəkdi:

– Şübhəsiz ki, o, səni yaxşı bir yerə çağırır. Tərəddüd etmədən get və Ondan ayrılma!

Əbu Zərr

Əli müsəlman olmağına müsəlman olmuşdu, amma o günlərdə müsəlman olmaq bütün əziyyətləri birbaşa qəbul etmək demək idi. Qureyş Müsəlmanları addım-addım təqib edir, kimlə danışdıqlarını, hara getdiklərini və nə işlə məşğul olduqlarını izləyirdi. Onlara yaxınlaşanlara göz qoyur, getməsinlər deyə fikirlərindən daşındırmağa çalışırdılar.

Bir gün Əbu Zərr Məkkədə baş verən dəyişikliklər haqqında eşitmiş və sadəcə maraq xatirinə yola düşüb Məkkəyə gəlmişdi. Şəraitdən xəbəri olduğu üçün heç kimə niyyətini aça bilməmiş, “bəlkə, gələr” ümidi ilə Kəbədə gözləmişdi. Üçüncü gün Hz. Əli yanına yaxınlaşdı və bura gəliş səbəbini soruşdu gizlicə… Məqsədini öyrənib səmimiliyini gördükdə isə:

– Şübhəsiz, O, həqiqətdir. Allahın peyğəmbəridir. Səhər yuxudan oyananda mənimlə birlikdə gəl. Ancaq məni kənardan təqib et. Yolda bir təhlükə sezsəm, bir bəhanə ilə dayanacağam. Sən yoluna davam edərsən. Ancaq bir şey olmasa, mən hara getsəm, sən də ora gəl, – dedi və bu iman yolunda Əbu Zərrə bələdçilik etdi.

Mən varam, ya Rəsulallah!

Zeydlə birlikdə Allah Rəsulunun qol-qanadı olmuşdular, ətrafında pərvanə kimi dolanır və insanlara Allahı tanıtmaq üçün əzmlə çalışırdılar. Bəzən ziyafət süfrələri açır, insanları haqqa dəvət edirdilər. Bu dəvətlərdə Onun ən böyük dayağı olurdular. Əbu Qubeys dağının ətəklərində neçə dəfə yemək süfrələri açmış, ziyafətin ardından da Bəşəriyyətin İftixarı Peyğəmbərimiz camaatı imana dəvət etmişdi.

Dəvət çox nəzakətli, istənilən şeylər çox asan, dəvət edən Əmin olsa da, qəlblər qatı, qəliblər çirkindi. Halbuki, vəzndə yüngül qiymətdə ağır iki kəlmə söyləməklə əbədi həyatlarını xilas edə bilərdilər.

Dünya və axirətin xeyri burada idi və buna görə də hər kəs ən gözəl köməkçi, ən mətin keşikçi, qəlbən qardaş olmalı idi. Allah Rə­sulu da durmadan belə şəxslər axtarırdı… Məclislərində hər də­fə dəvətini təkrarlayanda Əli yaşca məclis əhlinin ən kiçiyi olsa da,  ayağa qalxır və əlini sinəsinə vuraraq:

– Mən varam, ya Rəsulallah! – deyirdi. Allah Rəsulu (s.ə.s.) çox vaxt onun dəstəyinin digərlərinə nümunə olacağını düşünür, ümidlənirdi.

***

Allah Rəsulu (s.ə.s.) onunla uzun-uzun söhbət edir və fikirlərini öyrənirdi. Hətta Taif günü Hz. Əlini çağırıb baş-başa uzun-uzadı söhbət edəndə bəziləri narahat olacaq, bu narahatlıqlarını dilə gətirəcəkdilər. Danışılanları eşidən Rəsulullah (s.ə.s.) bu cümlələrlə məsələyə aydınlıq gətirəcəkdi:

 – Onunla xüsusi söhbəti öz arzumla deyil, Allah əmri ilə etdim.

Bununla O, əsl icraçını nəzərə çatdırır və atdığı hər addımın Allahın rizası istiqamətində olduğunu ifadə edir, hər kəsə əməli dərs verirdi.

Küfrlə daşlaşan qəlblər baş verənləri həzm edə bilmir və günlər keçdikcə Hirada zühur edən bu Nura daha amansız hücum çəkirdilər. Beləliklə, himayənin üçüncü dövrü başlamış, Rəsulullahı (s.ə.s.) Qureyşin kinindən qoruma vəzifəsini yenidən Əlinin atası Əbu Talib öz çiyninə götürmüşdü. Onu əvvəlki kimi mühafizə edir, heç kimin pislik etməsınə imkan vermirdi.

Məşəqqətli illər

İnananların sayı gündən-günə artırdı, amma Əlinin solğun üzündə heç cür təbəssümdən əsər görünmürdü. Başqalarının imana gəlməsinə şahid olsa da, hələ də ana və atasının müsəlman olmasını görməmişdi. Ən yaxınlarına bir şey çatdıra bilməmək onun yuxularını qaçırırdı, amma əlindən heç nə gəlmirdi. Belə ki, Allah Rəsulu (s.ə.s.) da dəfələrlə Əbu Talibə Haqdan bəhs etmiş, amma qəbul etdirə bilməmişdi.

Artıq Məkkədə yaşamaq mümkün deyildi. Taifə üz tutmuşdular, amma oradan da  gözlənilən nəticəni əldə etmək mümkün olmamışdı.

Məşəqqətlər gün-gündən artırdı. Qureyş Məkkənin qapılarını bağlayır və bütün inananları şəhərdən çıxarırıdı. Üç il sürən bir sürgün həyatı idi bu… Cəhalətlə oturub-duran, cahilliklə nəfəs alan Qureyş insanlıq tarixinin ən çirkin əməllərindən birinə “imza atır”, ən məsum, günahsız insanları əzab-əziyyətlərlə, aclıqla, yoxsulluqla, hər cür işgəncə və çilələrlə üz-üzə qoyurdu. Bir də bütün yolları kəsir, heç kimin kömək etməsinə imkan vermirdi.

***

Çətinliklərə yaxınların ayrılığından doğan ağrı-acılar da əlavə olunmuşdu. Əvvəlcə Hz. Əlinin atası Əbu Talib vəfat etdi. Üstəlik Allah Rəsulunun bütün təkidlərinə baxmayaraq, iman qapısını açmadan, imana gəlməklə oğlu Əliyə təsəlli olmadan getmişdi. İman yolunda hər şeyini fəda edən Heydəri-Kərrar üçün dözülməz ağrı idi bu.

Heç üç gün keçməmişdi ki, anası kimi əziz bildiyi və canından çox sevdiyi, ağır günlərin ən böyük təsəlli yeri Hz. Xədicə də dünyaya əlvida dedi. Sadəcə atasının ölümündən sonra yumşalıb iman edən anası Fatimənin müsəlman olması ilə təsəlli tapırdı. Məkkədə həyat nişanələri yox olmaq üzrə idi.

Ancaq o, bütün çətinliklərə səbir etməli olduğunu çox gözəl bilirdi. Çünki imanda səbir bədəndə baş deməkdi, səbri olmayanın imanı da təhlükə ilə üz-üzə sayılırdı. Bu gün çalışıb-çabalama günü idi, hesab yox idi. Amma sabah hesab günü gələcəkdi, o vaxt da çalışıb-çabalamağın bir faydası olmayacaqdı. Bir də ətrafında olan hər kəsin bənizi solğun, saçı-başı dağınıq idi. Demək ki, hər kəs gələn müsibətlərə, dərdlərə ortaq olur və bir iztirabı çəkirdilər. Bu əzab-əziyyətli, ağrılı-acılı günlərdə yetişib polad kimi imana sahib olan Hz. Əli, sonralar qismən rahatlığı, firavanlığı gördükcə həmişə o günləri xatırlayar və paltarları islanana qədər ağlayan o ilk günün səhabələrinin həsrəti ilə göz yaşları içində nəsihətlər edərdi. Bu nəsihətlərindən birində:

– Elmin bulaqları, gecənin işıqları olun və libasınız köhnə, qəl­biniz də təzə, təravətli olsun. Ancaq belə olmaqla göylərin fövqündə bilinər, yer üzündə xatirələrdə yad edilərsiniz, – deyirdi.

Hicrət gecəsi-

Əbu Talib və Xədicənin yoxluğu Qureyşi daha da cəsarətləndirmişdi: Rəsulullahı öldürmək üçün plan qururdular: bir köçün başlanmasından xəbər tutmuşdular və Onun da gedəcəyindən qorxurdular. Onu əldən çıxarmadan tədbir tökməyi düşünürdülər.  Nəhayət, məşvərət məclisləri olan “Darun-Nədvə”də bir yerə toplaşdılar və “Əmin” saydıqları Allah Rəsulunu bir gecə basqını ilə öldürmək qərarına gəldilər. Amma bilmirdilər ki, Uca səmaların izni olmadan yer üzündə heç bir hadisə baş verə bilməzdi və elə də oldu.

İlahi izin gəlmişdi: Allah Rəsulu da Hz. Əbu Bəkirlə birlikdə hicrət edəcəkdi. Ancaq bundan əvvəl görüləsi işlər vardı. Gənc və cəsur Əlini yanına çağırdı, Məkkədən ayrılandan sonra nə edəcəyini bir-bir başa saldı. Bunları edəndən sonra Mədinədə görüşəcəkdilər.

Əvvəla, Qureyş onların hicrətindən dərhal xəbər tutmamalı, dəyişiklik hiss olunmamalı idi; sanki evindən çıxmayıb. Bu məqsədlə o gecə Hz. Əli Allah Rəsulunun evində qalacaq və olanlara təkbaşına sinə gərəcəkdi.

Allah Rəsulunun (s.ə.s.) libasını geyinib Onun yatağına uzandı. Hərgah Onun davası uğrunda biri qurban getməli idisə, İsmail kimi bıçağın altına uzanacaq və təslimiyyətini ortaya qoyacaqdı. Zərrə qədər qorxusu-hürküsü yox idi. Könlünün Sultanı Rəsulullah bu işi ona tapşırarkən:

– Mənim bu yaşıl libasıma bürün və eləcə də qal. Sənə heç bir xətər toxunmayacaq, – buyurmuşdu. Bu vaxt Hz. Əli 23 yaşında idi. Gözlənilənlər baş verdi və hər qəbilədən bir gənc gecənin qaranlığında Allah Rəsulunun evini dövrəyə aldılar və hamısı birdən evə soxuldular. Evə girməklə nəyi dəyişdirəcəkdilər ki…?!

Bu vaxt Rəsulullah (s.ə.s.) və Hz. Əbu Bəkir Sevrə çoxdan çatmışdı. İndi təlaşa düşmək növbəsi Qureyşin idi. Təşviş içində:

– Sahibin haradadır? – deyə soruşdular, amma sualları cavabsız qaldı.

Əmanətləri sahibinə qaytar

Bir də Peyğəmbərimizə (s.ə.s.) əmanət etdikləri dəyərli mallar vardı və bunlar bir-bir sahiblərinə qaytarılmalı idi. Bu nə böyük etimad idi: canını, canı kimi əziz tutduğu Cananını – Hz. Əlini təhlükəyə atmaq bahasına olsa da, həyatına qəsd edənlərin mallarını özlərinə çatdırmağı ehmal etməmişdi. Rəsulullahı gedişindən sonra üç gün boyunca bunları yiyələrinə çatdıran Hz. Əli anası, Allah Rəsulunun qızı Fatimə və bir neçə şəxslə birlikdə Mədinəyə hicrət etdilər. Qubada yollar yenidən qovuşanda Hz. Əlinin ayağı şişmişdi, yara içində idi. Artıq yeriyə bilmirdi. Əvvəlcə Allah Rəsulu soruşdu:

– Əli haradadır? Onu çağırın.

– Yeriyə bilmir, ya Rəsulallah! – dedilər. Bunu eşidən Rəsulullah onun yanına gəldi, yaralarını görəndə göz yaşlarını saxlaya bilmədi. Ardınca da mübarək tüpürcəyini yaralara sürtərək dua etdi. Beləcə bir möcüzə də baş verdi: elə oradaca sağalan ayaqlar bir daha ağrımadı.

Dünya və axirətdə sənin qardaşın mənəm

Mədinəyə gələn kimi, hər bir mühaciri bir Mədinəli ənsarla qardaş elan etmişdi. Hər kəsi bir-bir qoşalaşdırmışdı, Əliyə qardaş olacaq bir Mədinəli qalmamışdı. Bundan olduqca kədərlənən Əli halını Peyğəmbərin hüzurunda dilə gətirdi. Uşaq kimi hıçqıra-hıçqıra ağlayırdı. Bir tərəfdən də Allah Rəsuluna naz edib ərkyana şikayət edirdi:

– Hər kəsə bir qardaş elan etdin, amma mənim qardaşım olmadı.

Bu nə böyük səadət idi ki, Bəşəriyyətin Ən Əmini Allah Rəsulu onu özünə qardaş seçirdi. Əvvəlcə təskinlik verdi Əliyə, ardınca da hamının hüzurunda bu həqiqəti elan etdi:

– Dünya və axirətdə sənin qardaşın mənəm.

Bu sözləri eşidər-eşitməz üzündə hüzndən əsər-əlamət qalmamışdı. Artıq qibtəyə layiq bir səhabə idi Əli. Necə qibtə edilməsin, o, artıq Rəsulullahın qardaşı idi.

Bədrin aslanı

Küfrün kini bitib-tükənən deyildi və hicrət zamanı əllərindən qaçıran möminləri yox etməyin planını cızırdılar. Və yollar Bədrdə birləşdi. O günə qədər baş verməyən müharibə izni gəlmiş və müdafiəyə çəkilmə dövrü sona çatmışdı. Quyuların başında qarşı-qarşıya gələn orduların önündə ilk vuruşanlardan biri də Əli idi. Bir həmlə ilə amansız düşməni Vəlidi yerə sərdi və bu zəfərlə ilahi lütflə qüvvətlənən ordunun əhvali-ruhiyyəsini bir qədər də yüksəltdi.

Allah Rəsulu (s.ə.s.) onu o qədər sevirdi ki, uzaqlara müharibəyə göndərəndə həsrətlə:

– Allahım! Əlini mənə göstərmədən canımı alma! – deyə dua etmişdi.

Mədinə divarlarından birinin dibində oturarkən Əbu Bəkir və Ömərdən sonra gələn şəxsin də Cənnətə gedəcəyi müjdəsini vermiş və yaxınlaşan ayaq səsinə qulaq verərək:

– Allahım! Sən istəsən, bu gələni Əli edərsən! – deyə onun gəlməsini arzulamışdı. Doğrudan da, gələn Əbu Talibin oğlu Əli idi. Ona “Zülfüqar” adlı qılıncını bağışlamış və o da müqəddəs əmanət olan bu qılıncla döyüşmüş, onun bərəkəti ilə neçə-neçə zəfərlər qazanmışdı.

Uhud…

Qureyş intiqam hissi ilə Uhuda üz tutanda Əli yenə meydanda idi. Elə döyüşürdü ki, önündə durmaq mümkün deyildi. Uhudun qarışıq vaxtında keçirdiyi hisləri öz dilindən  eşidək:

“Döyüş zamanı birdən Rəsulullahı görə bilmədim. Şəhidlərin arasına baxdım, orada da yox idi. O zaman öz-özümə:

– Vallah, Rəsulullah döyüşdən qaçmaz. Onu şəhidlər arasında da görə bilmədim. Hər halda xətalarımızdan ötrü Allah qəzəb edib Onu hüzuruna apardı. Artıq mənim üçün döyüşməkdən başqa xeyirli bir iş yoxdur, – dedim. Qılıncımın qınını qırıb düz düşmən səflərinə hücum etdim. Onlar mənim gəlişimi görüb iki tərəfə ayrılınca bir də nə görsəm yaxşıdır? Allah Rəsulu orada döyüşür”.

Bir tərəfdən döyüşür, digər tərəfdən də Rəsulullahı (s.ə.s.) qoruyur və başına bir iş gəlməməsi üçün bütün gücünü səfərbər edirdi. Budanan ağac kimi qolları kəsilən və yerə düşmüş döyüş bayrağını sinəsi ilə tutmağa çalışan, az sonra bir nizə zərbəsi ilə şəhid olan Musabın əlindəki bayrağı da götürmüş və Uhudda insanların toparlanmasını başlatmışdı. Bu döyüşdə 16 öldürücü zərbə alsa da,  hər dəfə Allahın lütfü ilə ayağa qalxıb yenidən aslanlar kimi döyüşməsi nəql edilir. Bir ara müsəlman cərgələri arasında qarışıqlıq düşdüyünü rəvayət edirlər. Allah Rəsulunun üzü yaralanmış, dişi qırılmışdı. Əli yenə də Hz. Fatimə ilə birlikdə Onun yanında idi və  mübarək üzünün qanını təmizləyirdi.

Müqəddəs yuva

Hicrətdən iki ildən çox keçmişdi ki, Allah Rəsulu Əlini qızı Fatimə ilə evləndirmişdi. Hz. Xədicədən sonra dünyanın ən xeyirli qadını idi Fatimə. Hətta bu nikah Allah Rəsulunun əli və uca səmaların dəlaləti ilə baş tutmuşdu. Bu izdivac Həsən, Hüseyn, ölü doğulmuş Muhsin adlı 3 oğlan, Zeynəb və Ümmü Gülsüm adlı 2 qız dünyaya gələcəkdi.

Səhabələr hansı şəraitdə, necə yaşayırdısa, onlar da elə ömür sürürdülər. Allah Rəsulunun yeganə qızı Fatimə bütün işlərini özü görürdü və dəyirman çevirməkdən əlləri şişmişdi. Onun bu halını görüb kədərlənən Hz. Əlinin vəziyyəti heç də fərqli deyildi; evin ehtiyacını təmin etmək üçün xurma toplayır, su çəkirdi, əlləri yara içində idi. Bir gün Mədinəyə döyüşdən götürülən əsirlərin gətirildiyini eşitmiş və Allah Rəsulundan ev işlərini gördürməyə bir xidmətçi istəmişdi. Amma Allah Rəsulu (s.ə.s.) bunu xoş qarşılamamışdı. Belə ki, öndə olanlar əziyyət və sıxıntılarda da ön sıralarda olmalı, özlərini dünyanın fani rahatlığına təslim etməməli idilər. Beləliklə, bir xidmətçi əvəzinə zikrlə əziyyətli, amma hüzur dolu həyat yaşamaq daha xeyirli idi və Allah Rəsulunun tövsiyəsi də bu idi.

Mədinədə qalan vəkil

Təbük döyüşündən başqa bütün döyüşlərə qatıldı. Təbük döyüşü zamanı isə Allah Rəsulu (s.ə.s.) onu Mədinədə öz yerinə vəkil qoymuşdu. Əmrə itaətdə zərrə qədər qüsura yol verməsə də, bu vəzifəni qəbul edə bilməmiş və yolda Rəsulullaha (s.ə.s.) çataraq:

– Məni uşaqlar və qadınlarla tək qoyursan? – deyə kədərini dilə gətirmişdi. Buna cavab olaraq Allah Rəsulu (s.ə.s.)  ona həm təsəlli vermiş, həm də öz yanında onun məqamını dilə gətirmişdi:

– İstəmirsənmi, ya Əli, mənim yanımda Harunun Musanın ya­nında tutduğu məqama çatasan! Bir fərqlə ki, Məndən sonra peyğəmbər yoxdur!

***

Təcrübə tələb edən vacib və xüsusi işlərdə həmişə onu axtarardılar.

Hudeybiyyədəki məşhur müqaviləni o yazmış, yeni nazil olmuş ayə və hökmləri həcc qafiləsinə rəhbərlik edən Əbu Bəkrə yenə o çatdırmışdı. Gah vəhy katibi, gah döyüş meydanlarının yenilməz qəhrəmanı idi. Beş yaşından demək olar ki, Rəsulullahdan (s.ə.s.) ayrılmamışdı Hansı ayənin harada, nə zaman, kimin haqqında nazil olduğunu da ondan yaxşı bilən yox idi. Qurana o qədər dərindən bələd idi ki,  altı ay ərzində Quranı nazil olma ardıcıllığına uyğun tərtib etmişdi. Onun dərin elmini  Allah Rəsulu (s.ə.s.) belə ifadə etmişdi:

– Mən elmin şəhəri, Əli də onun qapısıdır. Kim elm istəyirsə, o qapıya müraciət etsin.

Rəsulullah (s.ə.s.) zamanında yazdığı və daim qılıncının qınında saxladığı bir hədis “Səhifə”si vardı. Bu “Səhifə”də diyətlərə (qanbahası) dair hökmlərlə düşmən əlində olan əsirləri xilas etmə yolları, bir kafirə görə müsəlmanın öldürülməsinin yolverilməzliyi, Mədinə və Haram bölgəsinin sərhədləri haqqında məlumatlar vardı.

Hədislərin rəvayət edilməsinə o qədər həssas yanaşırdı ki, Rəsulullahdan hədis nəql edən bir nəfər görəndə bunu bilavasitə Rəsulullahdan eşidib-eşitməməsinə and içdirirdi.

İmanda dərinləşən bir insan ya dünyadan küsməli idi, ya dünya ondan.

Hz. Əli olduqca dərin bir imana sahib idi və daim əziyyətlərin süzgəcindən keçib sınaqlarla üzləşirdi. Bu ərəfədə anası da əbədi aləmə köçmüş, Rəsulullahdan başqa dayağı qalmamışdı. Anası Fatimə vəfat edəndə, Allah Rəsulu geydiyi libası ona kəfən göndərmiş və cənazəsini də özü qəbrə endirmişdi. Bunun səbəbini soruşanlara da:

– Doğma anamın ölümündən sonra, o, mənə ana kimi olmuşdu. Onun mənə göstərdiyi şəfqət və mərhəməti heç vaxt unuda bilmərəm, – buyurmuş, heyranlıqla baxan gözlərə vəfanın nə demək olduğunu göstərmişdi..

Qalx ey Əbu Turab!

Allah Rəsulu (s.ə.s.) bir gün qızı Fatimənin evinə təşrif buyurmuş, Əlini evdə görə bilməmişdi. Dərhal səbəbini soruşmuşdu qızından. Ər-arvad arasında anlaşılmazlıq olmuş, Əli də evdən getmişdi.

Dizinin dibində yetişən kürəkəninin kədərlənməsinə Allah Rəsulu da razı deyildi. Məsələ tezliklə yoluna qoyulmalı, xırda şeylərin səadətlə dolub-daşan böyük yuvaları zədələməsinə imkan verilməməli idi.

Qalxıb onu axtarmağa başladı. Gecələri də gündüzləri kimi aydın olan bir iman qəhrəmanı hara gedə bilərdi? Təxmin etdiyi kimi, Hz. Əli məsciddə idi, yerə uzanıb yorğunluqdan yatmışdı. Yanına yaxınlaşdı və mübarək ayaqlarının ucu ilə yavaşca vurub:

– Qalx, ey Əbu Turab! – dedi. Bu, Onun zarafatı idi və “torpağın atası” mənasına gəlirdi. Belə ki, yastıq edib başını qoyduğu torpaq üzündə iz buraxmışdı. Əli bu iltifatdan xoşlanmış, Əbu Turab xitabından bambaşqa ləzzət almışdı.

Əhli-Beyt

Bu nə böyük şərəf idi ki, Rəsulullahın ailəsi deyiləndə Əli ağıla gəlirdi. O, Əhli-Beytin mayası idi. Bir gün Allah Rəsulu (s.ə.s.) əbasını tutub, Hz. Əli, Fatimə, Həsən və Hüseynin üstünə örtərək: “Şübhəsiz ki, Allah-Təala Əhli-Beyt olaraq hər cür kiri sizdən uzaqlaşdırıb sizi tərtəmiz etmək istəyir” məalındakı ayəni oxumuşdu.

Başqa bir vaxt nəcranlılar inad etmiş, məsələ “haqsız olana Allah lənət etsin” mənasında “mübahələ” səviyyəsinə çatmiş, Allah Rəsulu (s.ə.s.) da yanına Hz. Əli, Fatimə, Həsən və Hüseyni alaraq:

– Allahım! Bunlar mənim ailəmdir, – buyurmuşdu. Belə ki, Allah:

– Artıq sənə bu elm gəldikdən sonra kim sənlə İsa haqqında mübahisəyə girərsə de ki: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da ürəkdən Allaha yalvaraq ki, bu məsələdə kim yalançıdırsa, Allah ona  lənət etsin,” – buyurmuş və onları, doğrudan da, dəlillərində haqlı və mübarizələrinə sadiqdirlərsə, mübahələyə dəvət etmişdi. Nəcranlılar Allah Rəsulunu Hüseyni qucağına alıb və Həsənin əlindən tutduğunu, Hz. Əli və Fatiməni də özü ilə gətirdiyini gördükdə iddialarından əl çəkmiş və cizyə verərək İslamın hakimiyyəti altında yaşamağı qəbul etmişdilər. Çünki Allah Rəsulunun qərarlı olduğunu görmüş və Əhli-Beytinə:

– Mən dua edəndə siz də “Amin” deyin, – söyləməsinə şahid olmuşdular.

Yenə Allah Rəsulu (s.ə.s.) bir gün ona:

– Sən məndənsən, mən də səndənəm, – deyərək onun öz yanında uca məqamını dilə gətirmişdi.

Xəndək qəzvəsinin qəhramanı

 “Qəhrəman” deyiləndə birinci Əli gəlirdi çoxunun ağlına və Xəndəyin qəhrəmanı da o idi. Başqa döyüşlərdən fərqli olaraq, Allah Rəsulu (s.ə.s.) burada döyüş üsulunu dəyişmiş, düşməni  qarşısını xəndəklərlə kəsmişdi. Ancaq xəndəyi aşıb Müsəlmanlara hücum edənlər də vardı. O dövrdə ərəblərin min adama bərabər saydıqları Amr ibn Abdivüd də xəndəyi keçmiş, nərə çəkərək səhabələrə meydan oxuyurdu:

– Qarşıma çıxacaq igid varmı?

Əli dayana bilməyib:

– Mən varam, ya Rəsulallah! – dedi.

Allah Rəsulu isə Amrı tanıdığı üçün dedi:

– Bu, Amrdır, otur.

Görünür ki, onun qarşısına daha güclü və təcrübəli adamın çıxmasını gözləyirdi. Ancaq Amr susmurdu ki, susmurdu.

– Qarşıma çıxacaq adam yoxdur? – deyə hayqırdı və yenidən əlavə etdi, – şəhid olandan sonra gedəcəyiniz cənnət haradadır? Qarşıma bir adam çıxmayacaq?

Məqsədi möminləri qızışdırıb əhvali-ruhiyyəni yerlə-yeksan etmək idi.

Hz. Əli dayana bilmədi və təkrar qalxaraq:

– Mən, ya Rəsulullah! – dedi. Allahın Rəsulu yenə oturmasını söylədi.

Amrı susdurmağa tələsirdi; yerində dura bilməyib yenə cəhd edə­rək:

– İzin ver, ya Rəsulallah, mən vuruşum. Mən iki gözəlliklə qarşı-qarşıyayam; ya onu öldürüb Cəhənnəmə göndərərəm, ya da o, məni öldürər, Cənnətə gedərəm,  – dedi.

Amr isə bundan ləzzət alırdı və özünə o qədər güvənirdi ki, şeirlərlə coşur, qarşısına heç kimin çıxmadığını söyləyir, istehzalı sözlərlə meydan oxuyurdu. Əli təkrar izn istəyəndə:

– O, Amrdır, – deyə Allah Rəsulu rəqibin kim olduğunu təkrar xatırlatdı. Qərarı qəti idi və heç kəs Allah Rəsulu olan yerdə meydan oxumamalı idi. Belə qafillik edənə gərəkli dərs vermək lazım idi ki, başqalarına yaxşı ibrət olsun. Ayağa qalxdı və Allah Rəsuluna:

– O, Amrdırsa, mənə izin ver!.. – dedi. Əlinin imanı Amrın öhdəsindən gələcək qədər güclü idi və Allah Rəsulu (s.ə.s.) izin verdi. Hz. Əli vaxt itirmədən Amrın qarşısına çıxdı. Amr Əlinin kim olduğunu soruşdu. Öyrəndikdə alçaldıcı əda ilə:

– Ey, Manafoğulları! Səndən başqa və daha yaşlı əmilərin yoxdur ki, qabağıma çıxsın? Mən sənin qanını axıtmaqdan zövq almaram, – dedi və onun hövsələdən çıxarmağa çalışdı. Hz. Əlinin cavabı gecikmədi:

– Ancaq vallah, mən sənin qanını axıtmaqdan zövq alacağam.

Sözün bir sehri vardı və Əli bu sehri dəyərləndirib birinci hücuma keçdi. Artıq Amrın gözünə heç nə görünmürdü:  hiddətlə hücum etdi, dalbadal qılınc zərbələri endirdi. Qılıncı elə sürətlə işlədirdi ki, vurduğu yerdən şimşək kimi od çıxırdı.

Ancaq bu dəfə qarşısında Heydəri-Kərrar dayanmışdı və bir neçə həmlə ilə Amrın işini bitirdi. Heç kim bunu gözləmirdi. Hər kəs təəccüb və heyrətlə bir-birinə baxırdı: əfsanəvi Amr da yerə sərilərmiş…!? Demək, onu yerə sərənin qarşısında durmaq olmazdı, olmayacaqdı da..

Döyüş meydanından gur təkbir səsi yüksələndə Allah Rəsulu Əlinin Amrı dizə gətirdiyini anlamışdı. Əks səda verən təkbir Onun gözlədiyi nəticədən xəbər verirdi. Gələrkən üzü gülürdü Peyğəmbər kürəkəninin. Yaxınlaşdığını görən Ömər:

– Zirehini götürəydin gərək! Ərəblərdə ən keyfiyyətli zireh onundur, – deyəndə Əli:

– Onu soyundurub götürməkdən həya etdim, – cavabını verdi.

Problemləri həll etmədəki məharəti

O, ən dolaşıq  məsələləri həll etməkdə mahir idi. Yeri gələndə işləri asanlıqla yoluna qoyur, yeri gələndə də aslanlar kimi kükrəyir, düşmənin ürəyinə qorxu salırdı. Hətta adı belə məsələlərin həlli üçün yetərli idi.

Saqiflilər rahat durmur, yanlış əməlləri ilə əmin-amanlığa xələl gətirirdilər. Allah Rəsulu Hz. Əlini nəzərdə tutaraq onlara belə bir xəbər göndərdi:

– Ya əməllərinizdən əl çəkin, ya da üstünüzə elə bir adam göndərim ki, boynunuzu vurub ailələrini əsarət altına alsın, mal-mülkünüzü qənimət götürsün.

Hz. Əlinin adı kifayət eləmişdi saqiflilərə.. Dərhal özlərini yığışdırmışdırlar.

Növbə Müsəlmanlar üçün daimi təhlükə mənbəyi olan Xeybərə çatmışdı.

Qala mühasirəyə alınsa da, təslim olmurdu. Amma gec-tez bura da təslim olmalı idi, olacaqdı da. Vaxt yaxınlaşmışdı və Allah Rəsulu (s.ə.s.):

– Sabah bayrağı elə bir adama verəcəyəm ki, Allah onun əli ilə bizə fəth bəxş edəcək. O, Allah və Rəsulunu, Allah və Rəsulu da onu çox sevir, – buyurdu. Bundan böyük məqam və şərəf ola bilərdimi? Əliyə “Murtəza” ünvanını gətirən bir seçimdi bu. Həyatı boyunca əmirlikdən, məmurluqdan qaçan ən böyük səhabələr belə o gün:

– Vallah, ömrümdə heç vaxt ogünkü qədər əmirlik arzulamadım. Amma O gün Allah Rəsulunun  məni göstərib: “Bax, filasnkəs!” deməsini çox arzu etdim, – demişdi.

O gecə gözlərə yuxu girmirdi, hər kəs bu “sevgili” olmağı arzu edir, xəyallar qurur, sabah bayrağın almağı gözləyirdi. Sabah oldu və gözlənilən an gəldi. Allah Rəsulunun gözləri bir adamı axtarırdı. Amma Axtardığı adam orda deyildi.

– Əli haradadır? – deyə soruşdu. Xəbər çatıb Əli hüzura gələn­də:

– Bax budur axtardığım adam, – dedi.

O gün Əlinin gözləri ağrıyırdı. Peyğəmbərimiz əvvəlcə onun gözlərini mübarək tüpürcəyi ilə sığalladı. Ardından da bayrağı təslim etdi. Əli kimi igidi taqətdən salan göz ağrılarından artıq əsər-əlamət yox idi və vəfatına qədər belə bir xəstəliyə tutulmayacaqdı.

Bayrağı tərəddüdsüz aldı və irəliləməyə başladı. Allah Rəsulu bir işi əmr edən yerdə tərəddüd edib geri dönmək yox idi. İrəliləyə-irəliləyə soruşdu Rəsulullahdan:

– Onlar da bizim kimi müsəlman olana qədər vuruşacağıq?

Rəsulullah əvvəlcə onları İslama dəvət etməyi əmr buyurur, hətta döyüş vaxtı belə əsas məqsədin insanları Allaha qulluğa çağırmaq olduğunu bildirir:

– Allaha and olsun ki, Allah-Təalanın onların bircə  nəfərini belə sənin əlinlə hidayətə çatdırması sənin üçün vadilər dolusu qırmızı dəvələrə sahib olub Allah yolunda verməkdən daha xeyirlidir.

Elə o gün döyüş başladı. Xeybərin də öz əfsanəvi qəhrəmanları vardı.

Əvvəlcə Mehrab adlı igidi Əlinin önünə çıxardılar. Hz. Əli üçün bu, o qədər çətin olmadı. Bir həmlə ilə onun işini bitirdi. Bunu görən Allah Rəsulu (s.ə.s.) sevinərək yanındakılara səsləndi:

– Sevinin, Xeybərin fəthi asanlaşdı.

O gün Xeybər bir çox qəhrəmanlıqlara şahid oldu. Döyüşün gedişatında qalxanı düşən Hz. Əli əlinə keçirdiyi bir qala qapısından qalxan kimi istifadə etmiş, beləcə axşama qədər vuruşmuşdu. Hətta döyüşdən sonra bu qapını qırx kişi ancaq qaldıra bilmişdi.

Ən sevimli kimdir

Allah Rəsulu (s.ə.s.) ilə bütün döyüşlərə qatılan və həyatı bahasına Onu qorumağı ən vacib vəzifə bilən Hz. Əli bu döyüşlərdə neçə yerindən yaralanmışdı. Və hərb meydanlarının cəsur döyüşçüsü Heydəri-Kərrar gecələri də qulluqla keçirirdi. Qaranlıq çökən kimi, səcdəyə qapanır və qıvrıla-qıvrıla Rəbbinə ibadət edirdi. Allaha o qədər dərin qulluq edirdi ki, səcdə edəndə qaynayan qazan kimi səslər gəlirdi. Hələ Məkkədən gələn ağrılı-acılı günlərin dostu Bilalın yanıq səsli azanını eşidəndə bənizi saralıb-solur və xəstə kimi titrəyərdi.

Verilən vəzifəni layiqincə yerinə yetirir və bir bəhanə tapıb boyun qaçırmağı heç ağlına da gətirmirdi. Hərb meydanlarındakı çarpışmalar gecələrini gündüz etməyə, aydınlatmağa mane olmurdu, ola bilməzdi də! Çünki o, hansı yolda olduğunu yaxşı bilirdi: bu yol Rəbbinin adını dünyanın hər tərəfinə aparacaqdı. Bu yolda gecələr ən azı gündüzlər qədər aydın olmasa, məqsədə çatmaq çətin idi.

Bir gün Hz. Aişə anamızdan:

– Allah Rəsulunun yanında ən sevimli qadın kimdir? – deyə soruşmuşdular.

Tərəddüdsüz cavab vermişdi:

– Fatimə.

–  Bəs kişi?

–  Fatimənin əri, – demiş və əlavə etmişdi:

– Çünki bildiyim qədər o, gecələri səccadədə namazla, gündüzləri orucla keçirirdi.

Hər kəs qəbul edirdi ki, Hz. Əli özündən sonra bütün möminlərin vəlisidir. Bunu bilavasitə Allah Rəsulu müjdələmiş və digər insanlara da elan etmişdi. İbn Abbasın dediyi kimi, Quran “Ey iman edənlər!” deyəndə ilk müaxtəbi Əli olmalı idi.

Yəmən

Təbükdən sonra Allah Rəsulu (s.ə.s.) Hz. Əlini Yəmənə göndərdi. Orada Allah və Rəsulunun adını yayacaq, insanları bir olan Allaha qul olmağa dəvət edəcəkdi. Belə bir əmri eşidən kimi:

– Ya, Rəsulallah! Məni Yəmənə göndərirsən, ancaq orada insanlar məndən hökm verməyi tələb edəcəklər, amma mən bu barədə heç nə bilmirəm, – dedi. Allah Rəsulu (s.ə.s.):

– Yaxınlaş, – dedi. Yanına yaxınlaşanda əli ilə onun sinəsinə vurub dua etdi:

– Allahım, onun dilini qüvvətli, qəlbini də isabətli (doğru hökmlü) eylə.

Sonralar Əli demişdi

– Dənəni yaradıb toxumu çıxarana and olsun ki, o gündən sonra mən iki şəxs arasında olan hər hansı bir hadisə ilə bağlı hökm verərkən ən kiçik tərəddüd də etmədim.

***

Savaş meydanlarının qəhrəmanı Əli o qədər sadə və təvazökar həyat yaşayırdı ki, ona heyran olmayan yox idi. Onun həlimliyi və güclü təmsili qısa müddətdə qəlbləri də fəth edir və insanlar qəbilə-qəbilə İslam halqasına girdilər. Hicrətlə çıxdıqları Məkkəyə fəthlə qayıdanda Kəbədəki bütləri qırmağı Allah Rəsulu ona tapşırmışdı. Allah Rəsulunun ilk və yeganə həcci olan və ümməti ilə vidalaşdığı Vida həccində Yəməndən yola düşüb Məkkədə Onunla görüşmüş, birlikdə həcc ibadətini yerinə yetirmişdilər.

Rəsulullahın vəfatı

Gün gəlib dövran keçəcək, Sonsuz Nur Rəsulullah da qürub edəcəkdi. O da bir bəşər övladı idi və vəzifəsini yerinə yetirəndən sonra ayrılmaq çətin olsa da, “Uca Dostluğa” pərvaz edəcəkdi. Məhz o gün yetişmiş və Allah Rəsulu (s.ə.s.) axirətə köç etmişdi.

Günəşin qürubu Əlini şam kimi əritmişdi. Ta uşaqlığından arxa-dayağı, iman yolunda rəhbəri  olan Rəsulullahın  gedişi onu hüznə qərq  etmişdi. Tutulmuşdu buludlar kimi.. polad kimi imanı olmasaydı, heç kim onu saxlaya bilməzdi – ən sadiq yarı ilə birlikdə gedərdi… Ancaq onu gözləyən vacib vəzifələr vardı. O, gələcək ağır günlər üçün əvvəlcədən hazırlanmış bir insan idi.

***

Bir də Allah Rəsulu vəsiyyət etmişdi, son mənzilə yola salınmasını o təşkil etməli idi. Peyğəmbərimizin mübarək vücudunu yuyarkən, Allah bilir, nə qədər hüznlənmişdi: sel olub axan göz yaşları ilə yumuşdu Onu (s.ə.s.). Kəfən və dəfn işlərini də o gördü. Bu əsnada qızı Fatimə kədərdən özünü saxlaya bilməyib mərhumun üstünü torpaqla örtənlərə qışqırdı:

– Ürəyiniz necə razı olur Rəsulullahın üstünə torpaq atmağa?

Yenə Əli təsəlli verdi ona. Günlər keçdikcə Əli və Fatimənin bir-birinə ilişən baxışları xatirələri təzələyir və hğnkür-hönkür ağladırdı onları. Belə ki, hər şey, hər şey Onu xatırladırdı.

Allah Rəsulu Hz. Əlin mükəmməl yetişdirmiş və təkbaşına mü­cadilə aparmağa hazırlamışdı. Artıq yanında deyildi, amma Ondan öyrəndikləri bütün həyatı boyu önünü aydınladacaq və müşkül işləri həll etməkdə ən böyük köməyi olacaqdı.

Həzrəti Əbu Bəkir

Eyni zamanda, Allah Rəsuluna bu qədər yaxın olması onun daim sınaqlarla üz-üzə gəlməsi, çarpışması demək idi. Belə ki, idarəçilikdə iştirak etməsi çox zaman onu istəmədiyi libasları da geyinmək məcburiyyətində buraxırdı. İdarəçiliyə yaxın insanların mümkün qədər həssas davranıb onlardan istifadə etmək istəyənlərə imkan verməməlidir. Allah Rəsulu da buna diqqət etmiş və bir gün ona belə demişdi:

– Ey Əli! Sən Məryəm oğlu İsa kimi olacaqsan. Bəzi Yəhudilər ona kin bəsləmiş və anasını ittiham etmişlər, bəzi xristianlar isə, hədsiz sevgi üzündən onu olmadığı və ola bilməyəcəyi məqama yüksəldib müvazinəti qorumamışlar.

Xəlifəlik dövründə daim bunlarla mücadilə etdi Hz. Əli.

Kimisi onu hədsiz sevdiyinə görə ilahlaşdırır, kimisi də kafirlikdə ittiham edirdi.

Əli hələ Rəsulullahın dəfni ilə məşğul olanda bəziləri ona yaxınlaşıb Rəsulullahdan sonra başa keçməyi təklif etmişdi. Hətta bunun üçün qoşun təşkil edib ona dəstək verəcəyini vəd edənlər də vardı. Ancaq o, bütün bunlardan üz döndərib Əbu Bəkrə beyət etmişdi.

Özünə təsəlli verməyə nə qədər cəhd etsə də, Onun yoxluğuna alışa bilmirdi, hər addımda Onun surəti gözü önündə canlanır, Onun səsini eşidirdi. Yeganə təsəlli  yeri evinin gülü, Allah Rəsulunun yeganə əmanəti Fatimə idi. Ancaq qəzavü-qədər onu da əlindən alacaq və Əlini bu çətin yolda tək qoyacaqdı. Rəsulullahın vəfatından 6 ay keçməmişdi ki, yeganə təsəllisi Fatimə də bu dünyaya “əlvida” dedi.

***

Başlanğıcda xəlifə Hz. Əbu Bəkrə beyət edərkən gecikməsi haqda dedi-qodu yayılsa da, ona o dərəcədə bağlı idi ki, bir oğluna Əbu Bəkir adını qoymuşdu. Vəfat edəndə də qəbri üstünə gəlib göz yaşları içində insanlara Hz. Əbu Bəkrin üstünlüklərindən danışmışdı.

Şücaət və qəhrəmanlıqda məşhur olduğu kimi, haqqa riayətdə də tayı-bərabəri yox idi. Bir gün yanında olanlardan:

– Ən cəsarətli insan kimdir? – deyə soruşmuşdu.

– Sənsən, ey möminlərin əmiri, – deyə cavab vermiş.

– Xeyr, mən deyiləm, – demiş, – ən cəsarətli insan Əbu Bəkirdir. Biz Bədir döyüşündə Rəsulullaha bir çadır qurmuşduq. Müşriklərdən bir zərər gəlməsin deyə: “Allah Rəsulunun keşiyini kim çəkəcək?” – deyə soruşdular. And olsun ki, ilk irəli çıxan Əbu Bəkir oldu. Qılıncını çəkib Onun keşiyində dayandı. Ən qəhrəman insan odur.

Əli olmasaydı, Ömər həlak olardı

Hz. Əbu Bəkir vəfat edəndən sonra Hz. Ömər xəlifə olmuşdu. Ona ilk beyət edənlərdən biri də Əli idi: məşvərət məclisində yerini qoruyur və Hz. Ömərə böyük dayaq olurdu. Hz. Ömərə onun qədər ürəkdən və səmimi dəstək verən yox idi. Hətta bir gün Hz. Ömər:

– Əli olmasaydı, Ömər həlak olardı, – demişdi. Bəzən o olmadan bir çətinliklə qarşılaşanda:

– Meydanda dolaşıq bir məsələ var, amma Həsənin atası Əli yoxdur, – deməklə onun yoxluğundan yaranan boşluğu dilə gətirirdi.

Hicrət ilinin İslam təqvimi üçün başlanğıc qəbul edilməsini Hz. Ömərə o, təklif etmiş və təklifi də qəbul edilmişdi. Hz. Ömər ona ağıllı fikirlərinə görə təriflər yağdıraraq:

– Aramızda ən doğru hökm verən Əlidir, – demişdi.

Hz. Ömərin şəhid edilməsi ilə fitnə qapısı da aralanır və Hz. Əlini daha ağır günlərin gözləməsindən xəbər verirdi. Xəlifənin ölümünə ən çox ağlayanlardan biri də yenə Hz. Əli idi. Ağlamasının səbəbi soruşanlara bu cavabı vermişdi:

– Ömərin ölümünə ağlayıram. Çünki Ömərin ölümü İslam üçün elə bir boşluqdur ki, onu qiyamətə qədər doldurmaq mümkün deyildir!

Fitnələrin boy qaldırması

Hz. Ömərin xəlifəyə namizəd göstərdiyi 6 şəxsdən biri olan Hz. Əli Hz. Osmana ilk beyət edənlərdən idi. Hz. Osmanın həlimliyi, mülayim xarakteri əvvəlki xəlifə dövründə əl-qol açmağa cəsarəti çatmayanlara “yaxşı fürsət” verirdi

Fitnə göbələk kimi yayılırdı və Hz. Osmanın xəlifəliyi dövründə bu fitnələrin qarşısında bir sədd olmuşdu Hz. Əli. Hətta Hz. Osmanın ona qarşı qiyam qaldıran üsyançılarla döyüşməmək istəyinə etiraz edənlərin başında Hz. Əli dayanırdı.

Vəziyyət gərginləşəndə oğulları Həsən və Hüseyni xəlifənin evi önündə keşikçi qoymuş və onun  başına bir şey gəlməməsi üçün tədbirlər görmüşdü.

Ancaq ilahi təqdiri dəyişdirmək mümkün deyildi: Gün gəldi, mühasirəyə alınan evində həlim xasiyyətli Osman şəhid etildi.

Hz. Osmanın şəhid olmasından sonra böyük qarışıqlıq düşmüş və meydan fitnə ilə dolub-daşmışdı. Belə bir zamanda əmin-amanlığın təminatı üçün ancaq Hz. Əli kimi bir insan lazım idi. Allah-Təala Rəsulullahın gözü önündə yetişmiş bu igidi elə bu günlərə xəlifə hazırlamışdı. Özündən əvvəlki üç xəlifəyə ən böyük dəstəkçi və sadiq dost olan Əli isə heç ummurdu: bağ-bağçaya üz tutub dərin-dərin düşünürdü. Bilirdi ki, bir məqama sahib olmaq qurdların dişini qıcıdacaq, məşəqqətləri qat-qat artıracaq, dünya yaşanmaz hala gələcəkdi. Ölü heyvan – leş kimi idi o. Ona talib olan da leş hərislərin hücumlarına da hazır olmalı idi. Hz. Əlidən başqa ogünkü qarmaqarışıqlığın qarşısını heç kəs ala bilməzdi. Gözlər onu axtarırdı. Cümə namazını qılmaq üçün məscidə gələn Hz. Əli burada insanların rəğbətindən yayına bilməmiş,  xəlifə seçilmişdi. O gün yanına gələn bir “Hakim”in də dediyi kimi, xilafətin Əliyə verəcək bir dəyəri yox idi, əksinə xilafətin zinətini artıran Əli idi. Hz. Əlinin məqamı yüksəlsin deyə nə əlavə vəzifələrə ehtiyacı vardı, nə də belə bir umacağı. Əksinə, Əliyə daha çox xilafətin ehtiyacı vardı.

Şəxsiyyəti

Təbəssümlü çöhrəsi vardı və gülərkən dişləri görünürdü. Uşaqlığından bütlərə tapınmadığı üçün (yəni lap kiçik yaşlarında müsəlman olduğuna görə) “Kərrəmallahu vəchəh” duası ilə anılması bir ənənəyə çevrilmişdi. Elm, təqva, fədakarlıq, şəfqət, qəhrəmanlıq və şücaət kimi yüksək insani və əxlaqi dəyərlər baxımından müstəsna yerə sahib idi.

O qədər əliaçıq idi ki, aclıqdan qıvrıldığı günlərdə belə əlinə keçən yeməyi başqa möminə tərəddüdsüz verirdi. Dünyanın zərrə qədər bir dəyəri yox idi onun gözündə. Min dinarları sədəqə verdiyi zamanlarda belə aclıqdan qarnına daş bağlayar, daim başqalarını düşünərdi. Aclıqdan əziyyət çəkdiyi günlərdə pulla quyulardan su daşıyır, xurma toplayır və bir qarın çörək pulu qazanandan sonra işi buraxıb Allah Rəsulunun yanına gəlirdi. Həyatı olduqca sadə idi; çox vaxt qum üstündə yatır, yamaqlı paltar geyindi. Səbəbini soruşanlara da, “belə daha rahatdır” deyərək məcburiyyət qarşısında utana-utana yamaqlı libas geyən yoxsullara mənəvi dəstək və örnək olurdu.

Eyni zamanda çox təvazökar idi. Bazarda öz işlərini özü görür və bütün israrlara baxmayaraq, əlinə götürdüyü bir əşyanı heç kəsə verməyib özü aparırdı.

Xidmətçisi ilə bir dükana libas almağa gedəndə əvvəlcə ona libas alır, sonra da qalan pula özünə paltar götürürdü. Gecə-gündüz, gizli və açıq – daim sədəqə verir, bir dünya malının yanında qalmasını istəmirdi. Ömrü boyu daşı daş üstə qoyub arxaya bir şey atmamışdı. Şəhid edildiyi gün yalnız 600 dirhəmi vardı ki, buna da bir xidmətçi ancaq almaq olardı. 

Quranın təvili uğrunda mücadələ

Allah Rəsulu (s.ə.s.) Quran nazil olarkən tənzil uğrunda  (Quranın hissə-hissə nazil olması) mücadilə aparmış, təvillərlə (təvil – ayələrin sirlərini və kəlmələrin pərdəsini dərindən araşdırmaq və ayənin məna ehtimallarından birini təyin etməkdən ibarətdir. Quranın anlaşılmasında birinci mərhələ tənzil, ikinci mərhələ təvildir) qarşıdurma çıxarmaq istəyənlərlə mübarizəni isə Hz. Əliyə həvalə etmişdi. Hz. Əli çox çətin günlər yaşadı. Qardaşın qardaşla sınağa çəkilməsinin hər üzünü gördü və İslam birliyini qorumaq naminə böyük fədakarlıqlar göstərdi.

Belə əziyyətli günlərin birində, güman ki, çox sıxıldığına görə, Rəsulullahın özü haqqında dediyi sözləri and içərək ətrafında olanlara demişdi:

– Dəni çatladıb toxumu açan, canlıları yaradıb Yer üzünə yayan Zatı-Zülcəlala (Allaha) and olsun ki, bu xüsus Peyğəmbərimizin mənə əhdidir: mömin olan məni sevəcək, münafiq olan mənə nifrət edəcək.

Eyni zamanda Allah Rəsulu (s.ə.s.) bir gün Hz. Əli yanında olmayanda onun haqqında:

– Münafiq onu sevməz, mömin də ona nifrət etməz, – buyurmuşdu. Hətta Hz. Cabir və Əbu Said əl-Xudri kimi bəzi səhabələr:

– Biz Rəsulullahın vaxtında bir adamın münafiq olub-olmadığını Əliyə münasibətindən anlayırdıq, – deyirdilər.

Belə ki, zaman və məkanın Sahibi tərəfindən peyğəmbər göndərilən Allah Rəsulu (s.ə.s.) gələcək haqqında verdiyi xəbərlərdə olduğu kimi, Hz. Əlinin başına gələcək hadisələri də oxumuşdu. Bu sözləri də məhz belə günlər üçün ölçü mahiyyətini daşıyırdı. Beləliklə, fitnə-fəsadın tüğyan etdiyi bir dövrdə Hz. Əliyə üsyan edənlərlə dəstək olanların məqamı bu meyarlarla dəyərləndirilməli və heç bir yanlışlığa yol verilməməli idi.

Fitnə alovunu söndürməsi

Hadisələrdə təkcə fitnə çıxaranlar iştirak etmirdi. Qarışıqlığı fürsət bilən bir qisim mənfəətpərəstlərin məkrli planları “sayəsində” bir çox sadəlövh və səmimi insanlar da hadisələrə qoşulurdu. Belə ki, fitnə üçün şərait yetişmişdi; Hz. Osman şəhid edilmişdi. Qatilləri də tapılmırdı. Üstəlik minlərlə insan sözü bir yerə qoyub bir ağızdan Hz. Osmanı öldürdüklərini söyləyirdilər.

Hz. Əlinin işi, həqiqətən, çox çətin idi, o da istəyirdi ki, qatilləri tapıb cəzalandırsın, amma bunun üçün zaman lazım idi. Səbri çatmayanlar isə dərhal nəticənin əldə edilməsini istəyir və gündən-günə xilafətə qarşı təzyiqləri artırırdılar. Və bu mərhələ xarici əllərin fitnəsi ilə nəzarətdən çıxıb Cəməl və Siffin kimi iki böyük hadisə ilə nəticələndi. Bir insanın qatilini tapmaq məqsədi ilə tələsik verilən qərarlar minlərlə insanın şəhid olmasına gətirib çıxardı. Eyni zamanda Hz. Əli bu hadisələrdə çox sevib, ehtiram göstərdiyi insanlarla da qarşı-qarşıya gəlmişdi. Ancaq bu məqamda şəxslərdən çox təmsil etdiyi dinin dəyərlərini nəzərə almalı idi və belə də etdi. Bu döyüşlərdə ölənlərin arxasınca göz yaşı tökür, hətta bəzilərini özü dəfn edirdi.

Sonra “Həkəm” hadisəsində məsələnin həllini gözlədikləri hal­da, daha da qarışmış, düyünə düşmüşdü. Xilafətin təsiri get-ge­də zəifləyirdi. Bir də əsgərlər yorğunluqlarını bəhanə edərək dö­yüşmək istəmir və Hz. Əlini belə çətin vaxtda  tək qoyurdular. Eyni zamanda, meydanda belə qarışıq dönəmlərdə zühur edən yeni cərəyanlar da vardı. Xaricilər adı ilə tarixə düşən bir dəstə insan  “Həkəm” hadisəsini də bəhanə edərək həm Hz. Əlini, həm də başda Hz. Müaviyə olmaqla bütün tərəfləri kafirlikdə ittiham edir və heç kəsi dinləmirdilər.

Bütün bu hadisələrdə özünü çox şeydə haqlı görürdü, amma onun üçün ən böyük dəlil – ilk günlərin gülü əzabkeş Ammarın öz tərəfində şəhid edilməsi idi. Belə ki, Allah Rəsulu (s.ə.s.) bir gün üzü­nü Ammara tutub:

– Ammar, sənə heyif! Səni həddini aşmış və azğın bir tayfa şəhid edəcək, – buyurmuşdu.

                                                        ***

Bu qarışıq günlərdə onun başına bir iş gələr qorxusu ilə qapısında növbə tutmaq istəyənlər də olmuşdu. Niyə növbə tutduqlarını öyrəndikdə:

– Məni yerdəkilərdən qoruyacaqsınız, yoxsa göydəkindən?  – deyə sual vermişdi. O, bilirdi ki, uca səmalarda ilahi qədər (qəzavü-qədər) izin vermədikcə yerdə bir şey xətər yetirə bilməzdi. Ancaq əcəl gələndə bu ilahi hifz aradan çəkilir və qədər hökmünü icra edir.

Meydanın bu qədər qarışdığı bir vaxtda fitnənin kökünü kəsmək qərarına gələn Hz. Əli döyüşməyəcəyini bildirən ordusuna çox sərt və ağır nitq söyləmişdi. Top gülləsi kimi ağır sözlərindən bəziləri belə idi:

– Təəssüf! Təəssüf! Ürək ağrıdan, ağıl və məntiqə sığmayan, insanı kədərə qərq edən halınıza təəssüflər olsun! Onlar doğru yolda olmaya-olmaya zəncir həlqəsi kimi birləşdiyi halda, sizin haqlı ola-ola belə dağınıq və cəsarətsiz olmağınıza təəssüflər olsun! Sizi hədəf seçdilər! Üstünüzə ox yağdırırlar, amma siz heç ox atmırsınız. Sizə hücum edirlər, amma siz cavab vermirsiniz. Gözünüz görə-görə Allaha üsyan edirlər, sizin tükünüz də tərpənmir.

…Ey kişi görünüşlü olub, amma kişi olmayanlar! Ey müqəvva kimi dayanan xəyali varlıqlar! Ey ayağına bəzək taxanlar kimi oturub ağlından istifadə etməyənlər! Vallah, siz itaətsizlik etməklə mənim bütün tədbir və düşüncələrimi yerlə-yeksan etdiniz! Qəlbimi kədər və qəzəblə doldurdunuz.

Allah şahiddir ki, mən hələ 20 yaşından döyüşməyə başladım. İndi isə yaşım altmışı keçib. Lakin bir insanın sözü eşidilmirsə, onun təcrübə və biliyi nə işə yarayar ki?! Min bir hünəri də olsa, ona kim inanar?!

Bu saqqal bu başın qanı ilə boyanacaq

Əsgərlərinin belə bir müqaviməti ilə qarşılaşıb çarəsiz qalan Hz. Əli Kufəyə dönmək qərarını verdi. Heç gözləmədiyi bu son hadisə ona xeyli təsir etmiş, dərindən yaralamışdı. Bu qədər məşəqqət və çətinliyə ancaq Allah Rəsulunun dizinin dibində tərbiyə görmüş və belə ağır günlər üçün xüsusi yetişdirilmiş bir insan dözə bilirdi. Ancaq Hz. Əli bundan sonra gözlənilən hadisələri daha aydın görür və hadisələrin gedişatını təxmin edə bilirdi. Belə ki, saqqalı ilə başını göstərərək demişdi:

– Bu saqqal bu başın qanı ilə boyanacaq.

Bu sözünü eşidən bir nəfər:

– Əgər başqası olsa idi, onu öldürmək istəyən insanın nəslini kəsərdi, – demişdi.

– Allahdan qorx! Mən yalnız məni öldürən şəxsdən qisas alınmasını istəyərəm, – deyə etiraz etmişdi.

***

Hz. Əli başına gələnləri Allah Rəsulundan eşitdikləri ilə qarşılaşdıraraq belə bir nəticəyə varırdı. Belə ki, bir gün Rəsulullah (s.ə.s.) onun qulağına dünyadan öz əcəli ilə deyil, başının qanı ilə saqqalı boyanmış halda şəhid edilərək gedəcəyini pıçıldamışdı. Uhud döyüşündə şəhidlər pərvazlanıb getmiş, qalanlar kədərlənmişdi. Bu zaman Rəsulullah üzünü yanında dayanan hüznlü Əliyə tutub:

– Şəhidlik bir gün sənin üçün də gələcək. Saqqalının başının qanına boyandığı gün sənin də səbrini görəcəyik, –  buyurmuşdu. Bu, onun üçün bir müjdə idi.

Bir gün Rəsulullah:

– İlklərin ən azğını kimdir? – deyə soruşmuş,  Hz. Əli:

– Salehin dəvəsinin başını kəsənlər, – cavabını vermişdi.

Ardınca:

– Bəs sonrakıların ən azğını kimdir? – deyə yenidən sual etmişdi:

– Bu haqda bir şey bilmirəm, ya Rəsulallah! – demişdi. Rə­sulullah (s.ə.s.) əli ilə də göstərərək:

– Səni bu cür şəhid edəcəklər, – dedi.

Vüslətə yaxınlaşarkən…

Artıq Hz. Əli yemək-içməkdən kəsilmiş, Rəbbinə qovuşacağı günü gözləyirdi. İmsak vaxtı oğlanları Hz. Həsən və ya Hz. Hüseynin evinə gedir, bir neçə tikə yeməklə kifayətlənirdi. Səbəbini soruşanda isə:

– Allahın əmri gələndə qarnımın tox olmasını istəmirəm, – deyə cavab vermişdi.

Elə bil, hansı il, hansı ay, hansı gecə şəhid ediləcəyini bilirdi, bunu Onun şəhid edilməsi haqda rəvayətlərə ümumi nəzər yetirdikdə də görmək olur. Yuxusunda Allah Rəsulunu görmüş və qarşılaşdığı məşəqqətlərdən bəhs edib dərdini dilə gətirmişdi. Ona bəddua etməyi tövsiyə edəndə əllərini açaraq:

– Allahım! Məni elə qullarının arasına apar ki, bunlardan daha xeyirli olsun. Mənim yerimə də bunların öhdəsindən gələ bilən bir nəfər göndər, – deyə niyaz etmişdi.

***

Bir yandan Allaha və dostlarına qovuşacağına sevinirdisə, digər tərəfdən ona rəva görülənlərə çox kədərlənirdi. Əslində, onun kədərlənməsi Allah və Rəsulunun rəncidə olması demək idi. Çünki Allah Rəsulu (s.ə.s.) bir gün Əlini qəsd edərək buyurmuşdu:

– Onu incidən məni də incitmiş olur. Ona kin bəsləyən mənə də kin bəsləmiş, ona nalayiq söz söyləyən mənə də həqarət etmiş olur. Kim onu sevsə, Allah da onu sevər. Kim ondan üz çevirsə, Allah da ondan üz çevirər. Kim ona düşmənçilik etsə, Allah da onu düşmən bilər. Kim ona itaət etsə, Allaha itaət etmiş, kim ona üsyan etsə, Allaha üsyan etmiş olur.

Bir can qarşılığında yalnız bir can alınsın

Nəhayət, xaricilərdən Abdullah ibn Mülcəm iki dostu ilə sözü bir yerə qoymuş, “qurtuluş yolunu” onu öldürməkdə görmüşdülər. Onlar üçün sonra olacaq hadisələrin heç bir əhəmiyyəti yox idi və sadəcə nifrət və kinlərini susdurub təsəlli tapmaq üçün xilafəti təmsil edənlərin canına göz dikmişdilər.

“Allah yolunda” qardaş qanı tökməyi özlərinə mübah (caiz) görür və:

– Biz canımızı haqq yolunda vermək bahasına da olsa, haqq yolundan “çıxmış” rəhbərləri öldürsək, ölkə onlardan qurtular, biz də beləcə qardaşlarımızın intiqamını almış olarıq, – deyirdilər. Allaha şərik qoşan milyonlarla insan Cəhənnəmə yuvarlanarkən, inanan, hətta inananların piri, öndəri olan bir insanın canına qıymaq qəribə deyildimi?! Bir fikir ağıllarına bir dəfə yatdımı, əvvəlini-axırını düşünmədən hərəkət edir və bütün bu əməllərinə də “Allah üçün” donunu geyindirirdilər. Allah üçün Allahın Aslanına qıymaq olardımı..?!

Digərləri isə Hz. Müaviyə və Amr ibn Ası öldürmək üçün yola düşdü. İbn Mülcəm də zəhərli qılıncı ilə Hz Əlini şəhid etmək üçün Kufəyə gəldi. Əsl niyyətini heç kəsə deməmişdi. Təqvimlər ramazan ayının 17-sini göstərirdi. Günlərlə plan qurdu və nəhayət, bir cümə səhəri namaz üçün evindən çıxan Hz. Əlinin üstünə hücum çəkib zəhərli qılıncı ilə onu qılınclamağa başladı. Eynilə deyildiyi kimi, Hz. Əlinin saqqalı başının qanına boyanmışdı. Vəzifəsini bitirdiyinə inanan İbn Mülcəm:

– Əmr və hökm ancaq Allaha məxsusdur, ya Əli!  Sənə və dostlarına deyil! – deyə qışqırırdı. Bu necə sınaq idi?! Belə bir imtahanlar zəncirinə ancaq Hz. Əli dözə bilərdi. O, özünə görə narahat deyildi. Onsuz da dünyanın bütün məşəqqətlərindən qurtulmasına çox qalmamışdı.

***

İbn Mülcəm qaça bilməmişdi. Bir işarəsi ilə başını bədənindən ayıra bilərdilər. Amma Hz. Əli böyük insan idi ki, bir yandan ağrı içində qıvrıla-qıvrıla vücudundan axan qana baxır, o biri yandan da canına qıymaq istəyən insana nəzər salıb acı-acı təbəssüm edirdi. Həyatla vidalaşıb axirətə köçərkən belə, özündən sonra qarışıqlıq salınmamasının vacibliyini tövsiyə edib insanları sabitqədəm olmağa çağırırdı. Onun yaralarından qan axa-axa canına qəsd edən İbn Mülcəm haqda son göstərişləri belə idi:

– Onu həbsdə saxlayın və orada yaxşı rəftar edin. Əgər yaşasam, nə edəcəyimi düşünərəm, bağışlayaram və ya Allahın hökmünü icra edərəm. Əgər ölsəm, bir can qarşılığında yalnız bir can alınsın və nə badə ona müslə (ölünün ağzını, burnunu, qulağını kəsib tanınmaz hala salmaq) edəsiniz.  

Son nəsihətləri

Bu əsnada yanına Ömər adlı bir dostu gəlmiş, yarasına baxandan sonra:

– Elə bir şey yoxdur, sağalar, – demişdi. O isə səfərindən əmin halda:

– Mən bu gün sizdən ayrılıram, – buyurdu. Hz. Ömərə ərə verdiyi qızı Ümmü Gülsüm pərdə arxasından fəryad qoparanda:

– Niyə ağlayırsan?! Mənim gördüklərimi görsəydin, heç vaxt ağlamazdın, – dedi. Yanındakı dostu:

– Nə görürsən, ey Möminlərin Əmiri? –  deyə soruşdu.

– Bax, mələklər və Nəbilər səfdə düzülmüşlər. Kainatın Sərvəri da oradadır. Mənə “Ey, Əli! Sənə müjdələr olsun! Bu an getdiyin yer oradan daha xeyirlidir” deyir.

Yanında illərlə saxladığı bir ətir vardı. Allah Rəsulundan xatirə qalmışdı… Vəsiyyət etdi ki, o ətri vücuduna vursunlar, Rəsulullahın yanına gedərkən onun kimi ətir saçmaq istəyirdi.

Yanına gələnlər ondan sonra: “Oğlu və Peyğəmbər nəvəsi Hz. Həsəni xəlifə seçəkmi?” – deyə ondan soruşdular. O, bu işi onlara həvalə etdi,  heç kimi xəlifəliyə namizəd göstərmədi. Oğullarına da Allahdan qorxmağı və daima gözəl əməllər işləməyi nəsihət etdikdən sonra “Kim zərrə qədər xeyir əməl işləsə, onun əvəzini görəcək, kim də zərrə qədər şər əməl işləsə, onun əvəzini ödəyəcək” məallı ayəni oxuyaraq son nəfəsini verdi. Beləliklə, 4 il 9 ay sürən xəlifəlik dövrü sona çatdı. Bu vaxt Hz. Əli 63 yaşlarında idi.

Allah Rəsulu Cənnətin müştaq olduğu səhabələr arasında Hz. Salman və Hz. Ammarla birlikdə Hz. Əlinin də adını çəkmişdi. Və Əli də artıq onun yolunu gözləyən  Cənnətə getmişdi.

Onu oğlanları Hz. Həsən və Hz. Hüseyn yuyub kəfənlədilər. Namazını da Həsən qıldırdı və mübarək nəşini səhər erkən Kufə torpaqlarına əmanət etdilər. Qəribədir ki, sonralar sirli bir əl ilə onun məzarı da qeyb oldu. Onun haqqında göz yaşları ilə danışan İbn Abbas:

Ən xeyirli qadının əri iki Peyğəmbər nəvəsinin  atası idi. Onun kimi bir insan görməmişəm və Qiyamətə qədər də görməyəcəyəm, − demiş və onun qədrini bilməyib əleyhinə olanların Allahın lənətinə tuş gələcəyini bildirmişdi.