Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabələrin təbliğ anlayışı

Tarix: 08.02.2014 | Bu məqalə 728 dəfə oxunub.

Musab Məkkədə ən varlı ailənin yeganə övladı idi. İslama girəndə on yeddi yaşlarında idi. O, küçələrdən keçəndə gənc qızlar pəncərəyə yığışar və ona dəsmal sallayardılar. O, yeməyinə, geyiminə fikir verən cavandı. Ancaq müsəlman olandan sonra ailəsi ona baxmaqdan imtina etdi. Mədinəyə gedəndə əynində bircə paltarı vardı. Ondan sonra da həmişə belə yaşadı. Hətta Uhudda şəhid olanda bütün əzalarını Allah yolunda qurban vermişdi. Bəli, o gün elə bil kötükdə doğranmışdı, üstünə örtməyə bir kəfən bezi də tapılmamışdı.[1]

Allah Rəsulunun bu şanlı səhabəsi Mədinəyə çatar-çatmaz dərhal təbliğə başladı. Orada döymədiyi qapı qalmadı. O, qədər hasbi, səmimi və ixlaslı idi ki, onun söhbətini dinləyənlər qısa zamanda küfrdən uzaqlaşıb İslam halqasına daxil olurdu. Onun gəlişi Mədinədə  böyük əks-səda doğurdu.  O, qaranlıq könüllərə işıq saçan bir çıraqdı. Əsad b. Zürarə (r.a.) ona hər cür köməyi göstərirdi. O Əsad b. Zürarə ki hələ cümə namazı fərz olmamışdan və Allah Rəsulu Mədinəni şərəfləndirməmişdən qabaq inananları bir yerə toplayıb onlara cümə namazı qıldırmışdı.[2]

Mədinə böyükləri onun evinə gəlib Musabı dinləyirdi. Gələnlər hirslə, qeyzlə gəlirdi, amma dönüşləri heç də gəlişləri kimi olmurdu. Sad b. Muaz da bir gün qəzəblə gəlmiş və Mədinədə heç kimin fitnə çıxarmasına imkan verməyəcəyini söyləmişdi. Çünki Musabın gəlişini bir fitnə kimi xəbər vermişdilər. O da bu “fitnə”ni ortadan qaldırmağı özünə vəzifə bilmişdi. Evə girdi. Musab yanındakılara o mülayim səsi ilə nəsə danışırdı. Sad əvvəl çox sərt davrandı. Ancaq Musab ona söz verdi: “Əvvəlcə gəl otur və dinlə! Danışdığım şeylər xoşuna gəlməzsə, bu işdən əl çəkər, bir daha səni narahat etmərəm”. Bu sözlər Sad b. Muazı əritməyə kifayət etmişdi. Bir az sonra bütün varlığı ilə kəlmeyi-tövhidi hayqırdı və bu imanla elə bir məqama yüksəldi ki, gün gəldi, mələklərin müşayiəti ilə yola salındı.[3]

Bəli, Sad b. Muaz Musab b. Umeyrin qarşısında diz çöküb müsəlman oldu. O günün Mədinəsində Ömərin Məkkədə İslamı qəbulu Müsəlmanları necə sevindirmişdisə, Sad b. Muazın müsəlman olması da o qədər sevindirmişdi! Bu böyük hadisə qısa zamanda ətraf qəbilə və tayfalarda da əks-səda doğurdu.

Göründüyü kimi, Allah Rəsulu dayanmadan, istirahət etmədən haqq və həqiqəti yaydığı kimi, Onun sadiq tələbə və davamçıları da dünyanın hər tərəfinə üz tutmuş və haqqı təbliğ vəzifəsini layiqincə icra etməyə çalışmışdılar. Dünya bu məşəllərlə alovlanan nurlu qəlblərlə apaydın olacaqdı. Elə Musabı Mədinəyə, Talhanı Dumətül-Cəndələ və daha sonralar Bəra və Xalidi Yəmənə aparan eyni duyğu və düşüncə deyildimi?

Bəzən səhabələr getdikləri yerdə müvəffəq ola bilməyəndə Allah Rəsulu onların yerini dəyişdirir və bu dəyişiklik də mütləq müsbət nəticə verirdi. Məsələn, Xalid b. Vəlid irşad və təbliğ üçün Yəmənə göndərilmiş, amma  çox müvəffəq ola bilməmişdi. Allah Rəsulu daha sonra oraya Həzrət Əlini göndərdi.

Bəra b. Azib bu hadisəni belə nəql edir:

“Bir müddət Xalidlə Yəməndə qaldıq. Əli gələnə qədər heç kim bizə inanıb cərgələrimizə daxil olmadı. Ancaq Həzrət Əlinin gəlişi ilə hər şey birdən-birə dəyişdi. İnsanlar dəstə-dəstə İslama girməyə və müsəlman olmağa başladılar”.[4]

Bəli, Yəməndə Həzrət Əli müvəffəq olmuşdu. Çünki onun Allah Rəsulu ilə uzun bir keçmişi vardı. Həmçinin o, Həzrət Həsən və Hüseyndən gələn qızıl halqanın və qiyamətə qədər gələcək bütün qütblərin, müqərrəbinin, övliya və əsfiyanın atası məqamında idi. Bu gün belə haqq və həqiqət onların himayə qanadları altında təmsil edilir. Və Həzrət Əli ruh oxşayan sözləri ilə bütün Yəməni fəth edirdi. Gün gələcək, Vida həccində onların hamısı gəlib İslama daxil olacaqdı.[5]


[1]Buxari, Cənaiz 28; Müslim, Cənaiz 44.

[2]Əbu Davud, Səlat 209; İbn Macə, İqamətüs-salat 78.

[3]İbn Hişam, əs-Siratün-nəbəviyyə, 2/285.

[4]Təbəri, Tarixül-üməm vəl-müluk, 2/197; Beyhaqi, əs-Sünənül-kübra, 2/369.

[5]İbn Kəsir, əl-Bidayə vən-nihayə, 5/120 vd.