Səhabələr

Yeni mədəniyyətin qurulması

Artıq Məkkə bir mehrab, Mədinə də bir minbər olmuşdu, Peyğəmbərlərin Sonuncusuna qovuşduqlarına görə “xoşbəxt idilər”. Hz. Adəmdən bu günə kimi yolların birləşdiyi yerdə yeni bir mədəniyyət qurulurdu. Məkkədə bir bünövrə var idi və o da tamamilə buraya axıb gəlmişdi. İndi isə bu bünövrənin üstündə hər gün yeni ayələr gəlir, insanlar Peyğəmbərin sözləri ilə hər gün yeni şeylər öyrənirdilər. Artıq iman adına bir mərhələni geridə qoymuş, fərdlər bunun üstünə bina olunacaq qulluq intizarını yaşayırdılar.

Sosial-ictimai münasibətlər tamamilə yenidən nəzərdən keçirilir və insani münasibətlər üzərində yeni əlavələrlə İslamın solmaz atlazı toxunurdu.

Allah Rəsuluna (s.ə.s.) bir səhabə yaxınlaşır və:

− İslamda hansı iş daha xeyirlidir? − deyə soruşur.

Gələn cavab belə idi:

−Yemək-yedirmək, tanıdığın və ya tanımadığın hər kəsə salam vermək.[1] Deməli, bu mədəniyyət “ehsan etmək, mənfəət güdməmək və insanlara etibar təlqin etmək” üzərində inşa edilirdi. Ancaq bunların heç biri əsl hədəf deyildi. Əsl hədəf, Allahın da razı qalacağı həqiqi bir müsəlman olmaqla Onun rizasını qazanmaq idi. Bu, cəhalət dövründən qalan bütün qüsurları bir tərəfə atıb yox edəcək bir cəhd idi.

− Bir insan, əgər qonşusu onun şərindən əmin deyilsə, cənnətə girə bilməz,[2] − buyururdu Allah Rəsulu (s.ə.s.). Əlbəttə, cənnət özlüyündə əsas məqsəd deyildi, amma cənnətə aparan yol Allahın razılığını da qazanmaq yolu idi. Deməli, bu razılığa talib olan adam böyük bir ailə kimi qonşuluq əlaqələrinə və onları qucaqlayıb ehtiyaclarını aradan qaldırmaq məsələsinə biganə olmamalı idi. Buna görə də, qonşusu acından qıvrılıb sancılar içində iztirab çəkərkən bir möminin öz qarnını doyurması iman baxımından böyük nöqsan idi.[3]

Peyğəmbərimiz (s.ə.s.) “Müsəlman o kəsdir ki, başqa insanlar onun əlindən və dilindən əmindir,”[4]  − deyə buyururdu. Ən qatı düşmənlərinin də Ona “Əmin” adı verməsi və Ona olan böyük etimadları da elə bu keyfiyyətdən irəli gəlmirdimi? O əminlik ki, həyatına qəsd edənlərin belə vicdan əzabı çəkməsi, amansız təhdidlərə məruz qaldığı vaxtlarda sahib çıxma hissi ilə düşmənlərin Ona yaxınlaşması ilə nəticələnirdi. Deməli, əminlik, əfi ilanları da əhliləşdirən, qurdu quzuya gözətçi edən əhəmiyyətli bir düstur idi. Və indi bunu Allah Rəsulu (s.ə.s.) səhabələrindən tələb edirdi.

Davamı: 1 2 3