Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Ən böyük hədis hafizi və İslamda ilk mühəddis

Tarix: 04.05.2013 | Bu məqalə 525 dəfə oxunub.

Əbu Hüreyrə səhabələr arasında ən çox hədis əzbərləyən səhabə idi[1]. Bu məsələdə icma var.  Böyük İslam alimi İmam Şafi onun haqqında deyir: “Əbu Hüreyrə ən çox hədis rəvayət edənlərin ən zəkalısı idi.” Əbu Hüreyrə özü haqqında belə demişdir: “Rəsulullahın səhabələri arasında hədisləri məndən yaxşı əzbərləyib yadında saxlayan ikinci bir adam yoxdur”.

Bir dəfə Həzrət Ömərin oğlu Abdullah Əbu Hüreyrəyə belə demişdi: “Aramızda Rəsulullahın (s.a.s) hədislərini ən yaxşı bilən sənsən”.[2]

Səhabələr hesab edirdi ki, Həzrət Əbu Bəkir kimi, Əbu Hüreyrə, Muaz ibn Cəbəl və başqalarından da fitva almaq və ona uyğun əməl eləmək olar.

Həzrət Əbu Hüreyrə müctəhiddir və fəqihliyi də tərəd­düd­süz qəbul edilmişdir. O, Rəsulullahın (s.a.s) sağlığında və ondan sonra fitva verirdi. Böyük hədis alimi Buxari də mühacir və ənsarın övladlarından yeddi yüz nəfərin və bəzi səhabələrin Əbu Hüreyrədən hədis rəvayət etdiyini bildirmişdir.

Əbu Hüreyrə ümmətin hafizi qəbul edilmişdir. Həm hə­dis­ləri əzbərləyər, həm də insanlara öyrədərdi.

Əbu Hüreyrə Rəsulullahın yanından ayrılmamışdır. O, yük­sək və fitri hafizəsi ilə çoxlarından seçilirdi. Gecənin üçdə birini yatar, üçdə birini ibadət edər, üçdə birini isə əzbər bildiyi hədisləri unutmamaq üçün təkrar edərdi. Eyni zamanda o, bir elm adamı, faqih və hədis hafizi idi.  Bir gün məsciddə: “Allahım, mənə elə bir elm nəsib et ki, heç vaxt unutmayım,” – deyə dua etmiş, bunu eşidən Rəsulullah da gülümsəyərək: “Allahım, amin” demişdi. [3]

Əbu Hüreyrənin çox hədis bilməsinin bir səbəbi də Pey­ğəmbərimizin (s.a.s.) onun duasına amin deməsidir. Bir gün Allahın Rəsuluna: “Ya Rəsulallah, səndən eşitdiyim heç bir şeyi unutmaq istəmirəm” dedi. Peyğəmbərimiz də “Xirqəni  çıxar, yerə sər” – deyə buyurdu. Əbu Hüreyrə belə də etdi. Allah Rəsulu əllərini açıb dua edəndən sonra mübarək əllərini həmin xirqəyə boşaltdı, elə bil əlləri qeybdən nemətlərlə dolmuşdu. Sonra: “Onu bük və sinənə sıx” buyurdu. Əbu Hüreyrə rəvayət edir ki, “Xirqəmi büküb sinəmə sıxdım. And olsun ki, bundan sonra Rəsulallahdan eşitdiyim heç bir şeyi unutmadım.” [4]

“Çox hədis rəvayət edirsən” deyənlərə təvazökarlıqdan doğan səmimiyyətlə: “Mühacir qardaşlarım bazarlarda ticarətlə, ənsar qardaşlarım isə təsərrüfatla məşğul olanda, mən bir tikə çörəyə Rəsulullaha qulluq edirəm” deyə cavab verərdi.[5]  Həqiqətən də, həmişə Peyğəmbərimizin yanında oldu. Gün­lərlə ac qalır və vüsal orucu tuturdı. Yəni iftar açmağa bir şey tapmayıb yenidən oruca niyyət edirdi. Bəzən elə olurdu ki,  3-4 gün dalbadal oruc tuturdu. Bəzən aclıqdan qıvrılır, gələn-gedənə “Niyə kimsə mənə quran oxumur?” və ya “Kim mənə yemək verəcək?” mənasında “İstəqra tukə” deyirdi.[6] Onun ha­lını çox vaxt Həzrət Cəfərdən başqa anlayan olmurdu, hətta bəziləri bir neçə ayə oxuyub gedirdi. [7]



[1] Fəthül-muğis, 3/116

[2] Zəhəbi, Təzkirətül-hüffaz, 1/36

[3] Sonsuz Nur, 887

[4] Müslim, Fəzailül-səhabə, 159;  İbn Sad, Təbəqat, 4/332

[5] Buaxri, Elm, 42; Müslim, Fəzailül-səhabə, 159; İbn Sad, Təbəqat, 4/332

[6] Buxari, Ətimə, 1

[7] Sonsuz Nur, 161/162