Səhabələr

Əbu Talibi İslama Dəvət Cəhdləri

Tər tökmədən nəticə olmaz

Bu biri tərəfdə Quran cəmiyyətdə formalaşan səhv fikir və düşüncələri düzəltməyə davam edir, insanlar arasında danışılan məsələlərin həqiqətini göstərərək fikir aşınmalarının qarşısını alırdı.

Çünki tarixdə olduğu kimi o gün də küfrü təmsil edənlər həmişə özlərini fərqli hesab edir və möminlərə lağ edib onları məsxərəyə qoyurdular. Gələn ayələr əvvəlki peyğəmbərlərin həyatından nümunələr verərək yaşadıqları həyatı örnəkləri ilə xatırladır və beləliklə də, möminlərə “Səbirli olun” deyirdi. Gələn bir ayə Nuhun (ə.s.) qarşılaşdığı çətinliklərdən bəhs etdikdən sonra bəşərin ikinci atası adlandırılan Hz. Nuh və ona inananlara öz tayfasının dediklərini bu ibrətamiz cümlələrlə çatdırırdı:

− Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda, sizin bizdən heç bir şeydə üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik![4]

Zaman keçib əsr dəyişsə də, küfrün məntiqi dəyişməmişdi, dünən necə reaksiya verirdilərsə, bu gün də eyni cür etiraz səslərini qaldırırdılar. O vaxtın Məkkə şəhərində “Bu gün hansı vəziyyətdə yaşamağımızdan asılı olmayaraq, sabah biz də mütləq bağışlanacağıq və xilas olacağıq”[5] düşüncəsinin şikəst məhsulu olan bu fikir öz mülahizələrini dinlə əsaslandırmaq istəyən müxtəlif fikirlərin əlində forma dəyişdirəcək və onları “cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz”[6] nəticəsinə gətirib çıxaracaqdı. Hətta onlar məsələdə daha da irəli gedərək Cənnətə özlərindən başqa heç kimin girməyəcəyini iddia edəcəkdilər. [7]

Sırf kasıb olduqları üçün və onlarla eyni statusda olmadıqlarına görə kimsəsizləri hüzurdan qovmaq istəyinə qədər gedib çıxan bu ədəbsiz davranış[8] indi ölçü dəyişdirmiş və alın təri tökmədən nemətlərə nail olmaq planları hazırlayırdı.

Məkkə müşrikləri tez-tez gəlib Peyğəmbərimizin (s.ə.s.) sözlərinə qulaq asır, oxuduğu Quranı dinləyir və iman məqsədilə təşkil edilən söhbətlərdə iştirak edərək baş verənləri anlamaq istəyirdilər. Ancaq bütün bunlara baxmayaraq, onlar imanla bağlı bircə addım da atmağı fikirləşmir və bütün bunları da iman adına əldə edilən məqamları təsbit edib imansızlıqlarında qala bilmək üçün edirdilər. Dolayısilə, gördüklərinin, qulaq asdıqlarının onlara bir xeyri olmur, yenə inkarçı mövqedə dayanır, müsəlmanlara lağ etməyə, onları ələ salmağa davam edirdilər. Çünki onlar Allah düşüncəsində geridə qalsalar da, bu bəs deyilmiş kimi, bir də özlərinin əsl hidayətdə olduğunu söyləyir və:

− Əgər bunlar cənnətə girəcəklərsə, şübhəsiz ki, orada bizim üçün ayrılan yer daha çox olacaq, − deyir, özlərinə cənnətdə indidən yer ayırırdılar. Çox keçmədən Cəbrail bu məsələ ilə bağlı ayəni gətirir:

− Kafirlərə nə olub ki, boyunlarını qabağa uzadıb Sənə tərəf tələsirlər?

Sağdan və soldan dəstə-dəstə gəlirlər?

Məgər onların hər biri iman etmədən Nəim cənnətlərinəmi daxil olacağına ümid edir?

Xeyr! Heç kəsin başqaları yanında lovğalanmağa haqqı yoxdur. Çünki Biz o biri insanlar kimi onları da bildikləri şeydən, nütfədən yaratdıq![9]

“Əbtər” (Sonsuz insan) demələri

Peyğəmbərimizin (s.ə.s.) ilk övladı Qasımın vəfat etməsinin üstündən illər ötmüşdü. Ondan sonra qızları anadan olmuş, onlar da böyümüş və Fatimə istisna olmaqla digər qızları ailə həyatı qurmuşdu. Hirada peyğəmbərlik verilməsindən sonra dünyaya gələn və buna görə Tayyib və Tahir də adlandırılan ikinci oğlu Abdullah təzəcə iməkləməyə başlamışdı ki, tale onu da atasından ayırmış və əbədi olaraq cənnətə dəvət etmişdi. Peyğəmbərimiz (s.ə.s.) bu dünyada dayağı olan ata-anasının və babasının vəfatından sonra bir də dalbadal iki övladının itkisindən iztirab çəkirdi.

Davamı: 1 2 3 4 5 6 7