Səhabələr

Əbu Talibi İslama Dəvət Cəhdləri

Uqbə və qonaqları etdikləri işdən həzz alır, qarınlarını qaşıya-qaşıya qəhqəhə ilə gülürlər. O qədər gülürlər ki, yıxılmamaq üçün bir-birindən tutur və beləcə ayaq üstə dayanmağa çalışırlar.

Peyğəmbərimiz (s.ə.s.) uzun müddət başını səcdədən qaldıra bilmir. Nəhayət, bu hadisəyə şahid olan Fatimə validəmiz qaça-qaça atasının yanına gəlir. Bir tərəfdən bu işi edənlərə hiddətlənir, digər tərəfdən də atasının üstünü təmizləməyə çalışır. Rəsulullah Allahın ən sevimli qulu idi, istəsə idi, orada düşmənləri yerlə-yeksan olar, layiq olduqları cəhənnəmə gedərdilər. Amma O, həmişə mülayimlik yolunu seçmişdi, bu gün olmasa da, bir gün mütləq başa düşüb haqqa gələcəklərinə ümid edirdi. Ancaq bəlli ki, bu hərəkət Onun heysiyyətinə çox toxunmuşdu. Toxunmayacaq bir hərəkət də deyildi. Başını yuxarı qaldıraraq əllərini açır:

− Allahım! Qureyşi Sənə həvalə edirəm.[14]

Üç dəfə dalbadal bu duanı təkrar edir. Sonra da bir-bir adlarını çəkərək deyir:

− Allahım, Əbu Cəhli də, Utbə ibn Əbu Rabiəni da, Şeybə ibn Əbu Rabianı  da, Vəlid ibn Utbəni də, Umeyyə ibn Xaləfi də, Uqbə ibn Əbi Muaytı da Sənə tapşırıram. Onların öhdəsindən Sən gəl, ey Allahım!

Onları bu qədər səmimi və ürəkdən Allaha həvalə etməsi oradakıları çox qorxutmuşdu. Çünki bilirdilər ki, bu yerdə edilən dualar qəbul olunur və başlarına mütləq nəsə gələcək. Xüsusilə də, bu duanı edən Allahın ən sevgili bəndəsi idisə![15]

Ümeyyə ibn Xaləfin başqa bir adəti də var idi. O, Rəsulullahla (s.ə.s.) rastlaşanda əl-qol hərəkətləri ilə Peyğəmbərimizi təhqir edir, göz vuraraq və ya ağız-burnunu oynadaraq hər fürsətdə Onu alçaltmağa çalışırdı.[16] Çox keçmədən, onun bu saxtakarlığını meydana çıxaran ayələr gəlir. Gələn ayələr:

− Vay halına qaş və göz hərəkətləri ilə, əl və qol oynadaraq alçaltmağa çalışanların, − deyir və belə bir hərəkətin necə bir nəticəyə gətirib çıxardığını açıq-aşkar göstərirdi.[17]

Ümeyyənin başqa bir qardaşı Übeyy və Üqbə ibn Əbu Muayt bu məsələdə əl-ələ verib müştərək hərəkət edirdilər. Bir gün Allah Rəsulu (s.ə.s.) namaz qılarkən onlar Rəsulullahın yanına yaxınlaşıb oxuduqlarına qulaq asırlar. Elə bu vaxt aralarında razılığa gəlib yerdəki toz-torpağı Peğəmbərimizin üstünə sovururlar. Bu adamlar əziyyət verməkdən zövq alırdılar. Bir dəfə də çürümüş bir sümük tapıb onu ovxalayandan sonra külək tərəfə elə tuturlar ki, Allah Rəsulunun üstünə getsin.[18]

Əbu Cəhil düşmənçilik məsələsində ən peşəkarı idi. Tez-tez gəlib Peğəmbərimizin Quran oxumasına qulaq asar, sonra da gedib öz yoldaşlarının yanında dinlədiklərini lağa qoyardı. Allah Rəsuluna (s.ə.s.) əziyyət verməyi özü üçün bir vəzifəyə çevirən bu şəxs əməllərindən  bir qəhrəmanlıq kimi başqa məclislərdə də fəxrlə danışıb gülərdi.

Əbu Cəhil Allah Rəsulunu namaz qılarkən gördüyü ilk gündən etibarən Ona həmişə mane olmağa çalışır və Allaha yaxınlıq ifadəsi olan bu ibadəti yerinə yetirməsinə əngəl törətmək istəyirdi. Bir gün yenə Onu Məqami-İbrahimdə namaz qılarkən görüb yanına gəlmiş:

− Ey Məhəmməd! Mən Sənə namaz qılmağı qadağan etməmişdimmi? − deyərək təhdid etmişdi. Əbu Cəhil kimi bir adam bu qədər sözlə kifayətlənə bilməzdi. Rəsulullaha cürbəcür təhqirlər yağdırmışdı... Sonra da:

− Ey Məhəmməd! Sənin nəyin var ki, məni təhdid edirsən? Vallah, mən bu əhali arasında ən güclü arxa-dayağı olan adamam, − demişdi. Aydın idi ki, Əbu Cəhil Onun təbliğində mətin dayanmasını da özünə meydan oxumaq kimi başa düşürdü. Həm də onun bu hərəkətlərini təsvir edən ayələr gəlirdi. Ayələr Əbu Cəhilin bu hərəkətləri ilə özünü yazıq etdiyini bildirirdi.[19] Əbu Cəhil bundan daha da əsəbiləşmişdi və inadkarlıqla işi duelə aparmaq istəyirdi:

− Ey Məhəmməd! Havayı yerə özünü yorma! Nə Sənin, nə də Rəbbinin mənə gücü çatmaz, mənə heç bir zərər də verə bilməz. Çünki mən bu dağların arasında ən güclü arxası və ən çox tərəfdarı olan insanam.

Bütün bunlar artıq ədəbsizliyin son həddə çatması demək idi və yenə Cəbrail köməyə çatır. Deyirdi ki:

− Qoy o, özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri  (cəhənnəmdəki   əzab   mələklərini) çağıracağıq.[20]

Əbu Cəhil Allah məfkurəsinə düşmənçilik işinə o qədər qapılmışdı ki, bu xəbərdarlıqlardan nəsə başa düşəcək halda deyildi. Hətta bu istiqamətdə kin və ədavəti hər gün daha da artır, iman halqası genişləndikcə ona mane ola bilmədiyi üçün özündən çıxırdı. Bir gün yoldaşlarından:

−  Sizin yanınızda Məhəmməd yenə üzünü torpağa qoyub dayanırmı? − deyə soruşur.

− Bəli, − deyirlər. Əbu Cəhil:

− Lat və Uzzaya and olsun ki, əgər Onu bu şəkildə görsəm, boynundan tutacaq və əlimdəki böyük daşla başını əzəcəyəm, − deyə əhd eləyir. Dəliliyin qayda-qanunu olmaz. Bu fikir başına birdəfəlik girmişdi:

−  Ey Qureyş camaatı! Siz də görürsünüz ki, Məhəmməd dinimizi rüsvay edib dədə-babalarımızı zəlalətlə (Allaha üsyankar olmaq) ittiham edir. Tanrılarımıza söz atıb böyüklərimiz haqqında namünasib sözlər danışır. Əhd edirəm, sabah götürə bildiyim ən böyük daşı Onun səcdə etdiyi yerdə başına vurub Onu məhv edəcəyəm. Mən bu işi gördükdən sonra Onu istəyirsiniz mənə təhvil verin, istəyirsiniz əlimdən tutub mane olmağa çalışın, fərqi yoxdur! Ondan sonra da Abdimənafoğulları nə edirsə-etsin, əllərindən gələni əsirgəməsin, mə­nim üçün heç bir əhəmiyyəti yoxdur!

Həmin dövrün cəmiyyətində belə bir hərəkət açıq-aşkar dəli­lik­ demək idi. Bu cür hərəkətdən sonra qəbilələr arasında bitib-tü­kənməyən qan davaları başlayar və minlərlə adam bu müharibələrdə həlak olardı. Ficar müharibələri hələ də  yaddan çıxmamışdı. Buna görə də, Əbu Cəhlə:

− Vallah, biz sənə heç kimi təslim etmərik. Nə istəyirsən, özün elə, − deyirlər. Əbu Cəhil onların bu sözlərindən əsəbiləşib oradan uzaqlaşır.

Səhərisi gün Əbu Cəhil əhd etdiyi kimi, əlinə böyük bir daş götürüb Kəbəyə tərəf gedir. Kəbəyə çatıb Rəsulullahı (s.ə.s.) gözləməyə başlayır.

Çox keçmədən baş verənlərdən bixəbər olan Allah Rəsulu(s.ə.s.)Kəbəyə gəlir və vaxt itirmədən namaz qılmağa başlayır. Vəziyyətdən xəbərdar olanlar ora yığışmışdılar və Əbu Cəhlin nə edəcəyini maraqla gözləyirdilər.

Davamı: 1 2 3 4 5 6 7