- Səhabələr - https://sehabe.meneviyyat.az -

Ədaləti dillərdə dastan olan səhabələr

Bir çox mənbələrdə keçən “Sirətül-Uməreyn” (“İki Ömərin fəziləti”) ifadəsi Həzrət Əbu Bəkrin və Həzrət Ömərin idarəçiliyi və ədaləti haqqında işlənmişdir. Çünki Allah Rəsulundan sonra ümmətin başına onlar kimi idarəçi keçməmişdir.

Əbdülməlik ibn Mərvan bu iki böyük səhabənin idarəçiliyini təqdir edir: “Ey təbəə (rəiyyət), insaflı olun, bizim Həzrət Əbu Bəkir və Həzrət Ömər kimi olmağımızı istəyirsiniz, amma unutmayın ki, nə bizdə, nə də sizdə sevgili Əbu Bəkrin və Ömərin fəziləti yoxdur”. Bununla “Onlar kimi olmadan bizdən elə idarəçilik istəməyə haqqınız yoxdur” demək istəyirdi. Elə Rəsulullah (s.a.s.) da neçə illər əvvəl: “Necəsinizsə, elə də idarə olunursunuz”[1] buyuraraq bu həqiqəti dilə gətirmişdi.

Bir hökmdarın Hz. Ömər haqqında sözləri bu günədək gəlib çatmışdır: “Bir Ömər surəti, bir də ay surəti gördüm”.

Həzrət Aişənin Hz. Ömərin ədaləti haqda dediyi sözlər qızıl hərflərlə yazılsa, dəyər: “Ömərin adı çəkiləndə ədalət yada düşür,[2] ədalətdən danışılanda da Allah anılır. Allahın adı anılan yerə isə İlahi rəhmət enir”. “Məclislərinizi Öməri yad etməklə bəzəyin”[3] tövsiyəsi də Hz. Aişəyə aiddir. Məclislərinizin gözəl olmasını istəyirsinizsə, Öməri yad edin. Bu sözlərin mənası göz qabağındadır. Çünki Həzrət Ömərin əməlləri və yolu qəlblərə, könüllərə sevinc gətirmişdir.[4]

Həzrət Ömərin fəziləti və ədaləti bu gün də çoxlarının diqqətini cəlb edir. Onun ədaləti və fəziləti ilə yaxından maraqlananlar sadəcə Avropa alimlərinin qələmindən çıxan əsərləri araşdırsalar, kifayət qədər məlumat əldə edə bilərlər. Məsələn, Aleksandr Mazasın 1847-ci ildə Parisdə işıq üzü görən ikicildlik “Şərqin böyük şəxsiyyətləri” adlı əsəri.



[1] Əli əl-Müttəqi, Kənzül-Ümmal, 6/89.

[2] Üsdül-Ğabə, 4/162; Kənzül-Ümmal, 12/588, (no. 35826).

[3] Kənzül-Ümmal, 12/588 (no. 35828), 596 (no. 35859).

[4] Əl-Bəyan vət-təhsil, 17/354.