- Səhabələr - https://sehabe.meneviyyat.az -

Əliaçıqlığı ilə ad qazanmış səhabələr

Böyük və tanınmış səhabələr himmətdə, yardımlaşmada əllərindən gələni edirdilər. Həzrət Əbu Bəkir bütün sərvətini, Həzrət Ömər isə malının yarısını Allah yolunda vermişdi.[1] Həzrət Osmanın qıtlıq içində və çətinliklə Təbuk hərbi səfərinə hazırlaşan ordunu təchiz etməsi dillərdə dastan ha­di­sələrdəndir.[2]

Əliaçıqlığı ilə tanınan səhabələrdən biri də Xazrəc qəbi­lə­sinin başçısı Sad ibn Übadədir. O “Kamil” ünvanı ilə də tanınırdı. Onun atası və babası da səxavətinə görə barmaqla göstərilmişdir. Onların böyük bir evi vardı. Hər gün bu evin damından “Kimin ətə və yağa ehtiyacı varsa, Düləym ibn  Harisənin[3] evinə gəlsin” səsi yüksələrdi. Onun yemək qabı hər gün Allah Rəsulu (s.a.s.) ilə birlikdə xanımlarının evini gəzirdi. Axşam düşəndə səhabələr Suffə əhlindən birini, ikisini və ya bir dəstəsini evinə aparıb yemək verirdi. Sad ibn Übadə isə hər axşam Suffə əhlindən səksən səhabəni evində qonaq edirdi.[4]

Həzrət Sad: “Allahım, mənə izzət bəxş et! Comərdlik (əli­açıqlıq, səxavətlilik) olmadan izzət, mal-mülk olmadan da co­mərdlik olmaz. Allahım, az mal mənə yaramaz, mən az malla nicat tapmaram” deyə dua edərdi.[5]

Rəsulullah Qeys ibn Sad ibn Ubadənin rəhbərliyi altında kiçik bir hərbi dəstəni bir yerə göndərmişdi. Dəstənin yemək istədiyini görən Qeys onlara doqquz dəvə kəsir. Bundan xəbər tutan Allah Rəsulu buyurur: “Comərdlik bu ailənin əx­laqıdır”.

Bir gün Əbu Ubeydə Həzrət Ömərlə birlikdə Qeysin yanına gəlir və ona and verir ki, dəvələrini kəsməsin. Amma o, dəvələri kəsir. Bu hadisə Allah Rəsuluna çatanda: “O, əliaçıq ailədəndir,” – buyurur.[6]

Ənsar arasında yalnız bir evdən dalbadal dörd xeyirxah (evi qonaqsız olmayan, daima insanların ehtiyacını təmin edən) insan çıxmışdır ki, o da Düleym ailəsidir.[7] İbn Ömər Sadın evini göstərib Nafiyə belə demişdir: “Bu, onun atasının evidir. Onun carçısı hər il bir gün bu evin “Kim ət və yağ istəyirsə, Düləymin evinə gəlsin” deyə camaata səslənirdi. Bu ev Düləymin evi idi.  O öldü, oğlu Übadə atasının adətini davam etdirdi. Daha sonra Sad əliaçıqlığından qalmadı, indi isə Qeys eyni comərdliyi edir”.

Qeys çox əliaçıq, ürəyigeniş bir insandı, hər kəsə borc pul vermişdi. Xeyli alacağı var idi. O ərəfədə xəstələnir. Baş çəkməyə gələnlərin az olduğunu görüb səbəbini soruşur. Borcluların utandıqlarından gəlmədiyini biləndə isə dərhal car çəkdirir: “Kimin Qeysə borcu varsa, rahat olsun. Çünki o, borcunu bağışlayır”. Bundan sonra Qeysi yoxlamağa o qədər adam gəlir ki, hətta  evin pilləkəni belə qırılır.

Bir il Sad ibn Ubadə, bir il də oğlu Qeys ibn Sad hərbi səfərə çıxardılar. Bir dəfə Sad səhabələrlə birlikdə səfərə çıxmışdı. Həzrət Sada xəbər verirlər ki, Peyğəmbərimizə çoxlu qonaq gəlib. Sad ibn Übadə üzünü Sintasa tutub: “Anbarı aç və Allah Rəsuluna lazım olan ərzaqı çıxar” – deyir. Sintas da “Atandan imzalı kağız gətir, ondan sonra” – deyir. Sad əsəbiləşib ondan açarı alır və anbarı açıb lazım olan ərzaqı Rəsulullaha göndərir.

Bir dəfə də Sad ibn Übadə Allah Rəsuluna bir tabaq be­yin­dən hazırlanmış yemək gətirmişdi. Peyğəmbərimiz (s.a.s.) yeməyi görüb “Ey Sad, bu nədir?” dedi. Sad Rəsulullahın hey­rət­ləndiyini görüb izah etdi: “Səni haqq ilə göndərən Allaha and olsun ki, qırx baş heyvan kəsib beynindən Sənə yemək bi­şirtdirdim”. Allah Rəsulu həmin yeməkdən yedi və Sada dua etdi.

İbrahim ibn Həmid deyir: “Bu hədisi eşidən Hayzuran (Harun ər-Rəşidin anası) malının bir hissəsini ayırıb Sadın oğluna göndərib və belə deyib: “Allah Rəsuluna etdiyi hörmətə görə, Sadın oğlunu mükafatlandırıram”. [8]

“Bu hadisə o dövrdə Mədinədə bolluq və bərəkətin olmasından, insanların ləziz yeməklər yeməsindən xəbər verir. Bu, həmçinin Mədinədə güclü mədəniyyəti, imkanının bu qədər heyvan kəsməyə çatdığını, bunun israf sayılmadığını və səhabələrin Peyğəmbərimizə (s.a.s.) daha yaxın olmaq üçün əllərindən gıələni etdiyini göstərir”[9].

Səxavəti ilə tanınan səhabələrdən biri də Həzrət Abbasdır. Bir dəfə Peyğəmbərimiz (s.a.s.) səhabələrlə birlikdə oturanda Həzrət Abbas gəlmiş. Allah Rəsulu da onu işarə edərək: “O, Qureyşin ən əliaçıq insanıdır,” – buyurmuşdur.[10]

Ən səxavətli səhabələrdən biri də Əbdürrəhman ibn Avfdır. O, bir torpaq sahəsini Həzrət Osmana 40 min dinara satmış, pulunu da Bəni-Zührə qəbiləsinin yoxsul müsəlmanlarına və möminlərin analarına (Rəsululahın xanımlarına) paylamışdı. Bir qədər pul da Həzrət Aişəyə göndərmişdi. Həzrət Aişə isə belə dedi: “Mən Rəsulullahın “Məndən sonra xanımlarıma ancaq əməlisalehlər mərhəmət edəcək” deyə buyurduğunu eşitmişdim. Allah Avfa cənnətin səlsəbilindən (Cənnətdə bulaq) içirtsin”.[11] Bu hadisə Rəşid xəlifələr dövründə torpaq sahələrinin baha olduğunu göstərməklə, səhabələrin nə qədər comərd və səxavətli olmasından xəbər verir.

Həzrət Aişə bir gün bir gurultu eşitdi və bunun nə olduğunu soruşdu. “Əbdürrəhman ibn Avfın karvanıdır, Şamdan gəlir” – dedilər. Karvan yeddi yüz yüklü dəvədən ibarət idi. Bunu eşidən Həzrət Aişə belə dedi: “Rəsulullahın belə buyurduğunu eşitdim. “Əbdürrəhman ibn Avfın iməkləyə-iməkləyə cənnətə girdiyini görmüşəm”. Bu hədisi eşidən Avf Həzrət Aişənin yanına gəldi və hədisi dəqiqləşdirdi. Ardınca da: “Şahid ol ki, bu dəvələri yükü, yəhəri və keçələri ilə birlikdə Allah yolunda verdim” – deyib yeddi yüz yüklü dəvədən ibarət karvanı müsəlmanlar arasında bölüşdürdü.[12]

Əbdürrəhman ibn Avfın hələ Allah Rəsulunun sağlığında mal-mülkünün yarısını, 4 min dinar infaq etmişdi. Sonra Allah yolunda 40 min dinar, 500 yüklü at və 1500 baş yüklü dəvə vermişdi. O böyük səhabə bu qədər malı ticarətdən qazanmışdı.[13]

Səxavəti ilə tanınan səhabələrdən biri də Zübeyir ibn Avvamdır. O da hər gün məclisində sədəqə verər, bircə dirhəm də saxlamazdı.

Comərdliyi məşhur olan səhabələrdən biri də İbn Abbasdır. Bir dəfə Əbu Əyyub əl-Ənsari Bəsrəyə gəlib İbn Abbasın qonağı olur. İbn Abbas əziz qonağı layiqincə qarşılayır, “Allah Rəsuluna etdiyini sənin üçün edəcəyəm” deyib evi boşaldır, hətta ailəsini də çıxarır. Ardınca da: “Evdə nə varsa, sənindir” deyir və ona 40 min dirhəm pul, 20 kölə verir.[14]

İyaz ibn Qanm əməlisaleh, fəzilətli və səxavətli insan idi. Ona “Karvanın azuqəsi” ləqəbini qoymuşdular. Çünki öz azu­qəsini başqalarına yedirər, azuqəsi qurtaranda da dəvəsini kəsib camaata yedirərdi.[15]

Səxavəti ilə məşhur olan səhabələrdən biri də Talha ibn Ubeydullah idi. Onun bir ləqəbi “əl-Cud”dur. Bu ləqəb ona Uhud döyüşündə Peyğəmbərimiz (s.a.s.) tərəfindən veril­miş­dir.[16] O bu ləqəbi səxavətinə görə almışdır.

Var-dövləti qədər əliaçıq olan Həzrət Talhaya “əl-Fəyyaz” ünvanını vermişdilər. Vəfatından sonra ondan xeyli daşınmaz əmlak, pul və qiymətli əşya miras qalmışdı. Rəvayətə görə, daşınmaz əmlakının dəyəri otuz, daşınar əmlakının dəyəri isə iki milyon iki yüz min dirhəm iki yüz min dinar idi. Təkcə İraqdan gələn illik gəliri yüz min dirhəm civarında idi.[17]

“Bəhrül-Cud” (səxavət dənizi) və “Qutbüs-Səha” (səxavət qütbü) ləqəbləri isə Abdullah ibn Cəfər ibn Əbu Talibə məxsusdur.[18] O eyni zamanda “Əbul-Məsakin” (miskinlərin atası) ünvanı ilə də yad edilmişdir. Müsəlmanların Həbəşistana hicrəti zamanı orada dünyaya gələn ilk səhabədir. Həm də Haşimilərdən Rəsulullahı görən sonuncu səhabədir. Siffin döyüşündə Həz­rət Əlinin sərkərdələrindən biri olmuşdur. Hicrətin 80-ci ilində Mədinədə vəfat etmişdir.

Əliaçıqlığı ilə tanınan səhabələrdən biri də Zeynəb binti Cahşdır. İbadətlərə bağlılığı və əliaçıqlılığı ilə məşhur idi. Öz zəhməti ilə dolanar, əl işlərindən qazandığı pulla yoxsullara kömək edərdi. Ömrü boyu belə yaşadı. Həzrət Aişə (r.a.) onun haqqında belə demişdi: “Ondan daha xeyirli, Allahdan daha çox qorxan, dürüst, qohum-əqrəba haqqını qoruyan, Allahın rizasını qazanmaq üçün yoxsullara ondan çox sədəqə verən bir qadın görmədim!”.

Həzrət Ömər (r.a.) bəzi səhabələrə xəzinədən maaş ayırmışdı. Zeynəb anamıza da ayırdığı pulu göndərmişdi. Həzrəti Zeynəb pulun çoxluğuna təəccübləndi və “Allah Öməri bağışlasın, digər qadınların (Rəsulullahın digər zövcələrinin) da payı burdadır?” – deyə soruşdu. Pulu gətirənlər: “Xeyr, bunların hamısı sizindir” – dedilər. O, “Subhanallah” deyib örtüyü ilə üzünü tutdu və xidmətçisinə “Əlini sal, bir ovuc götür, filankəslərə payla!” deyə tapşırıq verdi. Beləcə pulun çox hissəsini yoxsullara payladı, bir ovucdan az qaldı. Axırda xidmətçi: “Ey möminlərin anası! Allah köməyin olsun, bunda bizim də payımız var!” – dedi. Həzrət Zeynəb anamız da “Qalanı da sənin olsun” deyib qalan pulu da ona verdi.

Bundan xəbər tutan Həzrət Ömər Həzrət Zeynəbin bu əliaçıqlığını cavabsız qoymadı. Ona min dirhəm gətirdi, qapıda dayanıb salam verib: “Eşitdim ki, göndərdiyim pulu paylamısan. Heç olmasa bunları özünə saxla” – dedi. Zeynəb (r.a.) o pulu da möhtac insanlara payladı və əllərini açıb dua etdi: “Allahım, bundan sonra mənə Ömərin yardımını almağı qismət etmə, çünki bu dünya malı bir fitnədir”.

Qənaət və əliaçıqlıq böyük bir xəzinə idi. Yoxsulları, kasıbları sevindirmək iki dünyanın səadətinə çatmaq idi. Ən böyük zövq sədəqə vermək, insanlara əl tutmaqdı.

Peyğəmbərimiz (s.a.s.) vəfatından sonra Ona ilk qovuşan zövcəsi də elə Həzrət Zeynəb anamız olmuşdu. Buna görə də Rəsulullah bir hədisində Ona ilk qovuşan xanımı Həzrət Zeynəbin əliaçıqlığına işarə etmişdi: “Xanımlarım arasından mənə ilk qovuşanınız əli ən uzun olandır”. “Əli ən uzun olan” ifadəsi “ən əliaçıq” mənasında işlənmişdir.



[1] Tirmizi, Mənaqib 16; Darimi, Zəkat 26; Hakim, Müstədrək, 1/414; Beyhaqi, əs-Sünənül-kübra, 4/181.

[2] İbn Hişam, 2/518; İbn Kəsir, Sirə, 4/6.

[3] Düleym, Sad ibn Übadənin babasıdır. (Qeys ibn Sad ibn Übadə ibn Düleym).

[4] əl-İsabə, 2/30; Üsdül-ğabə, 2/356.

[5] Bu söz üçün bax.: İbn Sad, 3/614; əl-İsabə, 2/30.

[6] Kənzül-Ümmal, 7/84, 11/742-743 (no. 33628), 13/576-577 (no. 37477, 37478), 404 (no. 37082-83).

[7] Üsdül-ğabə, 2/356.

[8] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 9/241.

[9] Kəttani, Ət-təratibül-idariyyə, 3/219.

[10] Əl-İsabə, 2/271.

[11] İbn Sad, 3/132-133.

[12] İbn Sad, 3/132; Üsdül-ğabə, 3/483; Müxtəsərü-Tarixi-Dəməşq, 14/353.

[13] Üsdül-ğabə, 3/483; Müxtəsərü-Tarixi-Dəməşq, 14/351.

[14] Kənzül-Ümmal, 13/614-615 (no. 37470).

[15] Nəvəvi, TəHəzrət ibül-əsma,1/2, 43; Üsdül-ğabə, 4/328.

[16] Ziriqli, III, 229; Fuad Salih, Əlkab , səh. 77.

[17] İbn Sad, açə., 3/221 və d.; İbnül-Əsir, açə., 3/85.

[18] E.R. Fığlalı, “Abddullah b. Cafer”, DİA., İstanbul 1988, I, 89.