Səhabələr

Ən öndəkilər

Zübeyr ibn Avvam

Hz. Əbu Bəkirin İslamı qəbul etməsindən bir neçə gün keçmişdi ki, Rəsulullahın hüzuruna təxminən on beş yaşlarında[12] gənc bir oğlan gəldi. Bu cavan Allah Rəsulunun bibisi Safiyyə binti Abdulmuttalibin oğlu Zübeyr ibn Avvam idi. Bu gəliş onun üçün dönüşsüz bir gəliş idi və Zübeyr Allah Rəsuluna o qədər yaxın olacaqdı ki, bir gün Allah Rəsulu onun haqqında:

− Hər peyğəmbərin bir həvarisi var, mənim həvarim də Zübeyr ibn Avvamdır, − buyuracaqdı.

Məkkənin çətin günlərində vahid bir cəbhəyə çevrilmiş azğın müşriklərə qarşı Allah yolunda ilk dəfə qılınc çəkən də o olacaqdı. Bir gün Məkkədə Peyğəmbərimizin müşriklər tərəfindən həbs edilməsi xəbəri çıxmış və qısa vaxtda şəhərə yayılmışdı. Psixoloji bir müharibə aparılırdı və həmin vaxtlar da cəmiyyətə hökm edən insanlar müəyyən şayiələr çıxarıb insanları istədikləri istiqamətə yönəltməyə  çalışırdılar.