Səhabələr

Ən öndəkilər

Ticarət üçün Yəmənə gedən Əbu Bəkir ağır məlumat yükü ilə geri qayıdırdı. Qocanın dedikləri yol boyu zehnini məşğul edirdi. Bunları Varaqa ibn Nəvfələ danışmağa tələsir, mənzilə çatmaq üçün sürətlə hərəkət etməyə çalışırdı. İndi isə qarşısında Qureyşin böyükləri dayanmış və baş verən yeni hadisələrdən bəhs etməklə sanki qocanın söylədiklərini təsdiqləyirdilər.

Qırx illik ömründə yalnız həqiqəti danışan Məhəmmədül-Əmin indi durub Allahın adından yalan danışası deyildi ki... Şübhəsiz, artıq gözlənilən an gəlmişdi.

Əbu Bəkir heç nə hiss etdirmədən onların könlünü alıb yanlarından uzaqlaşır. Əbu Bəkir qüdrətli adam idi və onun bu məsələni həll edəcəyinə inanırdılar. Buna görə də heç nə demədilər.

Əbu Bəkrin Varaqa ibn Nəvfəlin yanına gedib vaxt itirməyə halı yox idi. Ümidləri, sanki, gerçəkləşirdi, yuxularında qulağına pıçıldayan Şəxsə[7] vəzifəsini təbliğ etmək əmr edilmiş, həqiqəti açıqlamaq zamanı da gəlib çatmışdı. Və birbaşa Hz. Xədicənin evinə yollanır. Tale onu bir yola qoymuşdu, o da əmin addımlarla bu yolda addımlayacaqdı.