Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Ən yaraşıqlı səhabə

Tarix: 04.05.2013 | Bu məqalə 2. 023 dəfə oxunub.

Gözəlliyi dillərdə gəzən səhabələrdən biri də Musab ibn Umeyrdir. Həzrət Musab Məkkənin ən imkanlı ailələrindən birində dünyaya gəlmişdi. İslam dinini qəbul edəndə 27 yaşında idi. O, küçələrdən keçəndə gənc qızlar pəncərələrin qarşısına keçib dəsmal edirdilər. Ata-anası onun üstündə tir-tir əsir, anası onu gözəl paltarlar və ətirlərlə süsləyirdi. Məkkəlilər onun camalına baxmaqdan doymurdurlar. Allah Rəsulu (s.a.s.) onun haqqında belə buyurmuşdu: “Məkkədə Musab ibn Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və varlı bir gənc görməmişəm”.[1]

Bəli, bu gözəl üzlü gənc bir gün Habbab ibn Ərətin vasitəsi ilə İslam dinini qəbul etdi və həyatı birdən-birə dəyişdi. O, ömrünün gənclik kimi coşub-daşan bir vaxtında fani dünyanın bütün cazibədar gözəlliklərindən üz çevirdi, anası və dayısının verdiyi cəfalara baxmayaraq, Uhud döyüşündə şəhid olanadək Rəsulullahın (s.a.s) yanından ayrılmadı. Bəli, Musab “aşılmaz təpə” mənasına gələn adı ilə bütün maneələrə sinə gərdi və İslam yoluna həsr etdiyi həyatını şəhidliklə nöqtələdi.[2]

Mədinəyə ilk hicrət edən səhabə Musab ibn Umeyr olmuşdur. Mədinədə ilk cümə namazını da onun qıldığı rəvayət edilir.[3] Buna görə də ona “Əvvəlü-süfərail-İslam” (İslamın ilk elçisi) ləqəbini vermişdilər.

Bədir döyüşündə mühacirlərin bayrağı ona tapşırılmışdı. O, “Allah Rəsulunun bayraqdarı” kimi ad çıxardı.

Uhud döyüşündə də bayraq Musabda idi. Döyüşdə müsəl­manların geri çəkildiyini görən Musab atını sağa-sola sürür və ucadan: “Məhəmməd bir peyğəmbərdir, ondan öncə bir çox peyğəmbərlər gəlmişdir”[4] – ayəsini oxuyurdu. Uhud döyüşündə İslam ordusunun bayrağını daşıyan Musab ibn Umeyrin əvvəl­cə sağ qolu kəsildi. Bayrağı sol əlinə götürdü. Düşmənin qılnc zərbəsi onun sol qolunu da kəsdi. O, inadından dönmədi, bayrağı qoltuğunun altına bərk-bərk sıxdı. Nəhayət, müşriklərin mizraq zərbəsi ilə şəhidlik şərbətini içdi.

Musabı əlində bayraqla görən Allah Rəsulu ona: “Ey Musab, irəliyə get!” deyə əmr etdi. O da dönüb: “Mən Musab deyiləm,” – dedi. Peyğəmbərimiz onun Musabın surətində çarpışan bir mələk olduğunu anladı.[5] Bəlkə də, bu, onun mələk sima olduğunu göstərirdi.

Uhud döyüşündə bir çox səhabə şəhid oldu. Həzrət Musab da şəhidlər arasında idi. Rəsulullah onun başı üstündə dayanıb Uhud şəhidləri haqqında nazil olan bu ayəni oxudu: “Möminlərdən elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözdən) əsla dönməzlər”.[6] Allah Rəsulu səhabələrə şəhid müsəlmanlara salam verməyi məsləhət gördü və salamlarının şəhidlər tərəfindən alındığını bildirdi.[7]

Həzrət Musab şəhidlik zirvəsinə ucalanda 40 yaşlarında idi. Bir vaxtlar var-dövlət içində üzən bu dəyərli insana şəhid olanda kəfən belə tapmamışdılar. Həzrət Peyğəmbər gələndə Musabın nəşi yerdə idi, əynində köhnə bir xirqə vardı, saçları dağılmış, bədəni qılınc və nizə zərbələri ilə parça-parça olmuşdu. Rəsulullah kədərdən boğula-boğula buyurdu: “Sən Məkkədə ən yaraşıqlı, ən gözəl geyinən bir gəncdin, indi isə kəfən əvəzi üstünə örtülən xirqə belə başına çatmır!” Sonra bir qəbir qazıb onu Uhud şəhidləri ilə birlikdə dəfn etdilər. Habbab Allah yolunda canını fəda edən bu səhabə haqqında belə demişdi: “Biz yalnız Allah rizası üçün Rəsulullahla birlikdə Mədinəyə hicrət etdik. Mükafatımızı da Allahdan gözləyirik. Dostlarımızın arasından axirətə ən tez köçənlərdən biri də Musab ibn Umeyr idi. O, Uhud döyüşündə şəhid oldu. Onu bükməyə kəfən belə tapılmadı. Bir köynək tapıb onunla kəfənləməyə çalışdıq. Ancaq başını örtəndə ayaqları çöldə qalır, ayaqlarını örtəndə başı açılırdı. Allah Rəsulu şəhidin başını örtməyi və ayaqlarının üstünə izhir adlı xoş qoxulu otdan tökməyi əmr etdi”.[8]

Musab Məkkədə ailəsinin sevimli övladı olmasına və dəb­dəbə içində yaşama imkanına baxmayaraq, öz iradəsi ilə əzab-əziyyətlə dolu İslam yolunu seçmişdir.

O, içki içməz, qadınlara gözünün ucu ilə belə baxmaz, müşrik və inadkar anasına hörmət edərdi.[9]



[1] İbn Sad, Təbəqətül-kübra, Beyrut. 1960, 3/116

[2] Zaman, Kürsü, 23.03.2007

[3] İbn Sad, a.ç.ə., 3/118

[4] “Ali İmran” surəsi, 3/144

[5] İbn Sad, a.ç.ə., 2/121

[6] “Əzhab” surəsi, 33/23

[7] İbn Sad, a.ç.ə., 3/121

[8] Buxari, Cənaiz, 27; İbn Sad, a.ç.ə., 2/121

[9] Prizma-1, “Musab ibn Ümeyri Musab ibn Ümeyr edən nədir?” sualına verilən cavab.