Abdullah ibn Zeyd “Sahibul-azan” ünvanı ilə tanınırdı. İslam dininin ən böyük şüarlarından biri olan əzanın oxunuşunu yuxusunda görmüşdü. O, Rəsulullahdan azana dair hədis nəql etməsi ilə də məşhurdur.
Peyğəmbərimizin (s.a.s.) Mədinəyə hicrətindən və “Məscidül-Nəbəvi”nin inşasından sonra müsəlmanlar insanları ibadətə çağırmaq üçün bir üsul axtarmağa başladılar. Müzakirələr bir neçə gün davam etdi. Abdullah ibn Zeyd bir gün yuxusunda bəzi sözlər eşitdi. Səhər tezdən iki cahan günəşi Rəsulullahın hüzuruna gəlib yuxusunu danışdı:
Yaşıl paltarlı bir nəfər yanıma gəldi. Əlində bir zəng vardı. Ona: “Bu zəngi mənə satarsan?” – dedim. O da “Bununla nə edəcəksən?” – dedi. Mən “Namaz vaxtlarını camaata elan etmək üçün çalacağam” dedim. O da “Sənə daha xeyirli bir təklifim var” deyib üzü qibləyə tərəf durdu və ucadan: “Allahu-əkbər” deyib azanı başdan ayağa oxudu. Sonra bir az ara verib azanı təkrar oxudu, ancaq axırına doğru iki dəfə “Qad qamətis səlah” dedi.
Abdullah ibn Zeydin (r.a.) yuxusunu dinləyən Peyğəmbərimiz (s.a.s.): “Bu, doğru yuxudur. Haqq yuxudur. Onu Bilala öyrət! Onun səsi sənin səsindən daha gurdur” buyurdu. Abdullah ibn Zeyd azanı Bilal Həbəşiyə öyrətdi. Bu gün oxunan azan həmin azandır. [1]
Bilal Həbəşi Məscidin yanında hündür bir yerə çıxdı və gur səs ilə azan oxudu. Həzrət Ömər azanın səsini eşidər-eşitməz qaça-qaça Peyğəmbərin (s.a.s.) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu, səni haqq Peyğəmbər olaraq göndərən Allaha and olsun ki, onun gördüyü yuxunu eyni ilə mən də görmüşəm. Sadəcə o, məndən əvvəl gəlib”. Peyğəmbərimiz (s.a.s) də: “Allaha şükürlər olsun, həqiqəti bizə göstərdi,” – buyurdu. Rəsulullah iki səhabə eyni yuxunu gördüyü üçün Allaha şükür etdi. Beləcə qiyamət gününədək davam edən ülvi bir dəvət meydana gəlmiş oldu. Bu şərəfə çatan Abdullah ibn Zeyd “Sahibül-azan” ünvanını aldı.
[1] “Altınoluk” dərgisi, 1999/oktyabr, say: 164