Peyğəmbərimizin (s.a.s.) əmisi Əbu Talibin Talib, Aqil, Cəfər və Əli adlı 4 oğlu var idi. Həzrət Cəfər islam yayılmağa başlamazdan əvvəl müsəlman olmuşdur.[1]
Həbəşistana 82 kişi və 10 qadın hicrət etmişdi. Qureyş qəbiləsinin bəzi böyüklərinin İslamı qəbul etməsi xəbərindən sonra onlardan 39 nəfəri Məkkəyə qayıtdı. Ancaq bu xəbər yalan çıxdı. Onlardan bir qismi gizlicə, bir qismi isə müşrik qohumlarının himayəsində Məkkəyə girə bildi.[2]
Müşriklər müsəlmanları Məkkəyə qaytarmaq üçün qiymətli hədiyyələrlə Həbəşistana elçilər göndərdilər. Elçilər Həbəş hökmdarının yanında müsəlmanları təhqir etdi, Cəfər ibn Əbu-Talib də irəli çıxıb müsəlmanların adından danışdı.
Cəfər ibn Əbu-Talib və hicrət edən digər müsəlmanlar hicrətin yeddinci ilində Mədinəyə gəldilər. O ərəfədə Müsəlmanlar Xeybəri mühasirəyə almış, fəth etmək üzrəydilər. Peyğəmbərimiz Həzrət Cəfərin gəlişinə çox sevindi: “Bilmirəm Xeybərin fəthinəmi sevinim, yoxsa Cəfərin gəlişinəmi!” Peyğəmbərimiz (s.a.s.) döyüşdə əldə edilən qənimətlərin bir hissəsini Həbəşistandan gələn müsəlmanlara ayırdı. [3]
Allah Rəsulu (s.a.s.) hicrətin 8-ci ilində, Mütə döyüşündə 3 min nəfərlik ordunun başına Zeyd ibn Harisəni sərkərdə təyin etdi. O şəhid olarsa yerinə Cəfər ibn Əbu Talibin, Cəfər də şəhid olarsa, yerinə Abdullah ibn Rəvahanın keçməsini əmr etdi.[4] Döyüşdə Zeyd şəhid oldu və bayrağı Cəfər aldı, zirehini geyinib atına mindi. İrəli atılıb düşmən cərgələrini yardı. Lakin oradan sağ çıxmayacağını başa düşdü. Atdan düşüb döyüşməyə başladı. O, düşmənlərlə çarpışa-çarpışa cənnəti düşünürdü. Bu vaxt düşmənin qəfil zərbəsi ilə bir əli kəsildi. Bayrağı o biri əlinə aldı, ancaq həmin əli də kəsildi. Bu dəfə bayrağı qoltuğunun altına sıxdı. Bir müddətdən sonra şəhid edildi. [5]
İbn Ömər deyir: “Cəfər ibn Əbu-Talibi şəhidlərin arasında axtardıq. Bədənində 90-dan çox ox, nizə və qılınc yarası var idi”.[6]
Həzrət Cəfər (r.a.) şəhid olandan sonra Allah Rəsulu (s.a.s.) ona cənnətdə iki qanad verildiyini bildirdi: “Cəfərin cənnətdə mələklərlə birlikdə uçduğunu gördüm”[7]. Bundan sonra Həzrət Cəfər “Cəffəri-Təyyar” ünvanı ilə anılmağa başladı. [8]
[1] İbn Sad, Təbəqət, 4/34, Beyrut, 1376/1657; İbn Abdilbərr, əl-İstiab, 1/242, Qahirə.
[2] İbn İshaq, əs-Sirə, 1355/1936, 2/3-10, Misir.
[3] Buxari, Səhih, 5/80, 1329, İstanbul; Müslim, Səhih (naşir M. F. Əbdülbaqi) 1375/195
[4] İbn Sad, Təbəqət, 2/128; İbn İshaq, əs-Sirə, 4/15.
[5] İbn İshaq, əs-Sirə, 4/20; İbn Sad, Təbəqət, 4/38; Buxari, Səhih, 5/87
[6] İbn Sad, Təbəqət, 4/38; Buxari, Səhih, 5/87
[7] Tirmizi, Mənaqib, 4/38;
[8] Cəfər ibn Əbu Talib haqqında baxın: Şamil İslam Ensiklopediyası