Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Rəsulullahın sirdaşı

Tarix: 04.05.2013 | Bu məqalə 486 dəfə oxunub.

Hüzeyfə ibn Yəman səhabələr arasında “Sahibü-sirrir-Rə­sul” (Peyğəmbərin sirdaşı) ləqəbi ilə tanınırdı. Peyğəmbərimiz ona fitnə-fəsad çıxarmaq üçün səhabələrin arasına qarışaraq gizlənən münafiqlərin adlarını bir-bir demişdi. Bundan başqa bəzi hadisələri də qabaqcadan ona bildirmişdi.

Səhabələr Həzrət Hüzeyfənin xətrini çox istəyir və ona hörmət bəsləyirdilər. Çünki Peyğəmbərimiz heç kimə açmadığı sirləri ona demişdi. O və Əbu Hüreyrə buyurur ki: “Aləmlərin sərvəri bizə dünyanın yaranışından sonunadək olmuş və olacaq bütün hadisələri bildirdi. Lazım olanları sizə dedik, münasib olmayanları isə sirr kimi saxladıq”.

Xəlifə Həzrət Ömər Hüzeyfənin bir nəfərin cənazə namazına getmədiyini gördü. Hüzeyfənin yanına gedib: “Niyə cənazə namazını qılmadın” – deyə soruşdu. O, belə cavab verdi: “Rəsulullah mənə bu şəxsin münafiq olduğunu demişdi. Buna görə də onun cənazə namazını qılmadım”. Həzrət Ömər yenə soruşdu:

– Allah Rəsulu münafiqlər arasında mənim adımı da çək­dimi?”

Həzrət Hüzeyfə:

– Xeyr, ya Ömər, – deyə cavab verdi.

– Bəs əmirlər arasında münafiq varmı?

Həzrət Hüzeyfə:

– Təkcə bir nəfər.

Həzrət Ömər nə qədər israr etsə də, Hüzeyfə onun adını demədi. Ancaq Həzrət Ömər onu özü tapıb işdən uzaqlaşdırmışdı. Artıq Həzrət Ömər Hüzeyfənin getmədiyi cənazə namazına getmirdi. Çünki onun cənazə namazına getməməsi ölənin münafiqliyinə bir işarə idi. Həzrət Hüzeyfə Həzrət Əlinin xəlifəliyinin 40-cı günü 656-cı ildə sirləri ilə birlikdə sirr sahibi Rəsulullaha qovuşdu.