Kafirlərlə mübarizədə şeirləri ilə İslama dəstək verən, “Rəsulullahın şairi” ünvanı ilə tanınan digər bir səhabə isə Həssən ibn Sabitdir. Ləqəbi “Şairu-Rəsulullah”dır.
Həssən ibn Sabit İslamdan əvvəl də yazdığı şeirləri ilə tanınırdı. İslam dinini qəbul etdikdən sonra isə şeirlərində İslamı mədh etmişdir.
Bədir döyüşündə iştirak edə bilməsə də, yazdığı şeirlərlə kafirləri sarsıtmış, möminləri ruhlandırmışdı.
Bir yandan da yazdığı misralarda müşriklərin iyrənc əməllərini ifşa edirdi. Allah Rəsulu onun şeirləri haqqında “Həssənin şeirləri oxdan təsirlidir” buyurmuşdur.[1]
Allah Rəsulu “Məscidi-Nəbəvi”də Həzrət Həssənin adına bir minbər tikdirmişdi. Bununla – o dövrdə şeirin insanlara necə təsir etdiyini də düşünəndə – İslamda təbliğin qılıncla yanaşı, söz və yazı ilə mümkünlüyünü göstərmişdir.[2]
Yahudi şairi Kab ibn Əşrəf şeirləri ilə Bədir döyüşündə ölən kafirləri mədh etmişdi. Allah Rəsulu (s.a.s.) Həzrət Həssənə Kab ibn Əşrəfə cavab verməyi tapşırdı. Həssən ibn Sabit də yazdığı şeirlərlə onun kafirlər arasında etibarını sarsıtdı.
Təmim oğullarından bir dəstə adam əsir düşmüş dostlarını aparmaq üçün Mədinəyə gəlmişdi. Ən yaxşı natiq və şairləri Utaridi də özləri ilə gətirmişdilər. Məqsədləri şeirin dili ilə İslamı gözdən salmaq idi. Allah Rəsulu Həzrət Həssənə müşrik Utaridi susdurmağı əmr etdi. Həzrət Həssən müşriklərə layiqli cavablar verdi və onları susdurdu. Bunu görən Təmimoğullarından Akra ibn Habis: “Allaha and olsun ki, bu adama (Rəsulullaha) bizim bilmədiyimiz bir yerdən kömək gəlir. O, mütləq müzəffər olacaq və onun yanında olan şair də bizdən üstündür” deyib həqiqəti etiraf etməkdən çəkinmədi.
Həzrət Həssən (r.a.) Peyğəmbərimizin (s.a.s) vəfatından sonra iztirabdan beli bükülmüş və gözləri kor olmuşdu. Bütün gününü ağılar oxuyaraq Peyğəmbəri anmaqla keçirirdi. Ömrünün sonlarını Rəsululahın həsrəti ilə alışıb-yanan Həzrət Həssən miladi 682-ci ildə ruhunu Allaha təslim etdi. “Allah-Təala Rəsulunu öyməkdə və müdafiə etməkdə Həssəni Cəbrail əleyhissalamla dəstəkləyir” hədisi onun ən böyük təsəllisi idi.[3]
[1] İbnül-Əsir, Üsdül-Ğabə, 3/26.
[2] TəHəzrət ibüt-TəHəzrət ib, 2/247.
[3] Buxari, Bədül-Xəlq 6; Məğazi, 30; Müslim, Fədailüs-Səhabə, 153-157.