Allahım, Abbad ibn Bişrə rəhmət et.
Hədisi-Şərif
Hz. Abbad (r.a.) ənsarın öndə gələnlərindən idi. Musab ibn Umeyrin vasitəsilə müsəlman oldu. Bədir, Uhud və Xəndək döyüşləri ilə yanaşı, Peyğəmbərimizlə birlikdə bütün döyüşlərdə iştirak etdi. Cihad meydanlarında böyük fədakarlıqlar göstərdi.
Bəzi səhabələr döyüş əsnasında Peyğəmbərimizə növbə çəkər, hər hansı bir təhlükədən onu qoruyardılar. Abbad bin Bişr də Peyğəmbərimizin gözətçilərindən biri idi. Yuxusuz, yorğun olanda da bu xidmətindən geri durmaz, könüllü olaraq Rəsulullahı qoruyardı.
Peyğəmbərimiz bəzi mühüm vəzifələrə Hz. Abbadı göndərərdi. O, Rəsulullahın əmrlərini layiqincə yerinə yetirər, üzərinə götürdüyü işi uğurla başa vurardı. Rəsulullah ümrə səfərində onu bir süvari birliyin başında müşrikləri izləmək üçün göndərdi. Bir dəfə də Bəni-Müstəliq qəbiləsinə Quran öyrətmək və zəkat yığmaqla vəzifələndirdi. Hz. Abbad Bəni-Müstəliq qəbiləsində on gün qaldı. Onlara Qurani-Kərim oxutdu, İslamın əsaslarını öyrətdi. Zəkatlarını da yığıb məmnun şəkildə Peyğəmbərimizin yanına qayıtdı.[1]
Hz. Abbadın səhərə qədər ibadət edərdi. Bir dəfə Peyğəmbərimiz Hz. Aişənin evində gecə namaz qılarkən Abbad bin Bişrin səsini eşitdi. Hz. Abbad məsciddə ibadətlə məşğul idi. Peyğəmbərimiz onun ibadətə olan sevgisini görüncə: “Allahım, Abbad bin Bişrə rəhmət et”, − deyə dua etdi.[2]
Abbad bin Bişr namazlarını xüşu içində əda edərdi. Hər an qıldığı namazın “son namaz” olduğunu düşünərdi.
Zaturriqa qəzvəsindən qayıdırdılar… Hz. Abbad Peyğəmbərimizin yanında idi. Gecə vaxtı idi. Rəsulullah mücahidlərin istirahət etməsi üçün fasilə verilməsini əmr etdi. Basqın ehtimalı olduğundan növbə çəkməyi məsləhət gördü. Bu xidmət üçün iki könüllü axtarırdı. Səhabələrindən soruşdu:
− Bu gecə bizi kim qoruyar?
Mühacirlərdən Ammar bin Yasir, ənsardan da Abbad bin Bişr ayağa qalxdılar. Eyni anda ikisi də:
− Biz qoruyarıq, ya Rəsulallah! – deyib irəli atıldılar. Peyğəmbərimiz onlara bu təlimatı verdi:
– Elə isə vadinin ağzında gözləyin və ətrafa göz-qulaq olun.
İki qəhrəman vadiyə doğru irəlilədilər. Hz. Abbad Ammardan soruşdu:
– Gecənin əvvəlində növbətçi olmaq istəyirsən, yoxsa sonunda?
Hz. Ammar əvvəl növbətçi olmağı qəbul etdi. Keşik çəkməyə başladı. Abbad da dərhal namazını qıldı. Bu əsnada çox yorğun olan Ammar yuxuladı. Abbad bin Bişrin yoldaşının yatdığından xəbəri yox idi.
Namazını qılarkən mücahidləri izləyən bir müşrik onu gördü. Bu fürsəti qaçırmaq istəmədi. Dərhal yayına bir ox yerləşdirib atdı. Müşrikin oxu Hz. Abbada batdı. Hz. Abbad İlahi hüzurda idi. Özünü itirmədi. Əli ilə oxu çəkib çıxardı və yerə atdı. Namaz qılmağa davam etdi. Üçüncü oxu da o biriləri kimi əli ilə çıxarıb yerə qoydu, rüku və səcdəyə getdi. Salam verdi. Çox halsız idi. Getdi, yoldaşını oyandırdı. Yüngülcə:
– Qalx, otur! Mən yaman yaralanmışam, – dedi.
Gözlərini açan Hz. Ammar Abbadın hər tərəfindən qan axdığını gördü:
– Sübhanallah! O müşrik sənə ilk oxu atanda məni nə üçün oyandırmadın?! – deyə soruşdu. Hz. Abbad belə cavab verdi:
– Mən namazda uzun surə oxuyurdum. Surəni yarımçıq kəsmək istəmədim. Oxlar üstümə ard-arda gəlməyə başlayınca oyandırıb sənə xəbər vermək üçün surəni yarımçıq kəsdim, rükuya getdim. Vallah, Rəsulullahın əmrini yerinə yetirməmək qorxusu olmasa idi, surəni yarımçıq kəsməkdən ölümü üstün tutardım![3]
Onların bu söhbətindən istifadə edən müşrik oradan uzaqlaşdı.
Peyğəmbərimiz Hz. Abbad haqqında belə buyurmuşdu: “Ənsardan üç nəfər çox gözəl insanlardır, bunlar: Sad bin Muaz, Üseyd bin Hudayr və Abbad bir Bişrdir”.[4] Hz. Abbad tez-tez Peyğəmbərimizi ziyarət edər, onun söhbətindən feyz alardı.
Bir gün yenə Üseyd bin Hudayrla birlikdə Rəsulullahı ziyarətə getmişdilər. Uzun müddət nurlu söhbətindən istifadə etdilər. Hüzurundan ayrılanda artıq hava əməlli-başlı qaralmışdı. Birdən əllərindəki əsa işıq verməyə, yollarını işıqlandırmağa başladı. Bir-birlərindən ayrılınca işıq ikiyə bölündü. Hər biri öz əsasının işığında evlərinə getdilər.[5]
Abbad bin Bişr Allah yolunda şəhid olmağı çox arzulayırdı. Allah-Təala bu sevimli qulunun arzusunu qəbul buyurdu, Yəmamə döyüşündə şəhidlik mərtəbəsini ona nəsib etdi.
Hz. Abbad şəhid olmadan bir gün əvvəl Əbu Səid əl-Xudriyə (r.a.):
– Ey Əbu Səid! Bu gecə yuxumda göylərin üzümə açıldığını, sonra bağlandığını gördüm. İnşallah, bu, şəhid olmaq əlamətdir… – dedi.
O gün hərb başlayanda irəli atıldı və ənsara:
– Ey ənsar! Qılınclarınızın qınlarını qırın və bir tərəfə ayrılın, – deyə səsləndi.
Nəticədə, ənsardan 500 səhabə digərlərindən ayrıldılar. Hz. Abbad bu səhabələrlə birgə Müseylimətül-Kəzzabın bağçasına qədər irəlilədi. Orada güclü döyüş oldu. Bir çox səhabələr şəhid oldular. Bunların arasında Hz. Abbad da vardı. Onun vücudu tanınmaz halda idi. Abbadı bədənindəki bir əlamətdən tanıdılar.[6]
Allah ondan razı olsun!
[1] Təbəqat, II, 95, 161-162.
[2] Üsdül-Ğabə, III, 100.
[3] Sirə, III, 218-219.
[4] Üsdül-Ğabə, III, 100.
[5] Təbəqat, III, 606.
[6] Təbəqat, III, 441.