Hz. Abdullah Peyğəmbərimizin (s.ə.s) bibisi Ümeymənin oğlu idi. İlk müsəlman olanlardan biri də Hz. Abdullah oldu. Beləcə əzab və işgəncələrə məruz qalmağa başladı. Onun müsəlman olmasına etiraz edən, təbii ki, ailəsi olmuşdu. İnanc və adətlərinə kor-koranə bağlı olan məkkəlilər İslamı qəbul edənlərə düşmən kəsilmişdilər. Abdullah bin Cahş da müşrik hücumlarına məruz qalan bir iman əri idi. İmanı uğrunda hər cür çətinliyə dözməyə çalışırdı. Lakin təzyiqlər həddi açınca Həbəşistana gedən müsəlman karvana o da qoşuldu. Onunla birgə ailəsi, iki qardaşı və bacısı da Həbəşistana yollandılar. Bir müddət orada qaldıqdan sonra hicrət hadisəsini eşidincə Məkkəyə qayıtdılar, oradan da Mədinəyə hicrət etdilər[1].
Hz. Abdullah gənc yaşında müsəlman olan ağıllı, fərasətli və cəsur bir insan idi. Peyğəmbərimiz bəzi mühüm xidmətləri Hz. Abdullaha tapşırardı.
Hicrətin 20-ci ili idi… Rəsuli-Əkrəm (s.ə.s) bir gün Hz. Abdullaha belə bir əmr verdi: “Sabah tezdən oxunu, yayını, qılınc və qalxanını götürüb yanıma gəl!”
Hz. Abdullah sübh namazından sonra silah-sursatını götürüb Peyğəmbərimizin (s.ə.s) qapısı qarşısında gözləməyə başladı.
Peyğəmbərimiz (s.ə.s) Hz. Abdullahı bir hərbi birliyə başçı təyin etdi. Əlinə də bir məktub verdi və iki gün yol gedəndən sonra onu açmağı tapşırdı. Məkkəyə doğru yola çıxan Hz. Abdullah “Nəhlə” adlı yerə çatınca məktubu açdı. Məktubda Peyğəmbərimiz Hz. Abdullaha gizli şəkildə məkkəlilər haqqında məlumat toplamaq tapşırırdı.
Bir müddətdən sonra Qureyşə aid bir karvanı gördülər. Bu karvan döyüş üçün hazırlıq ləvazimatını daşıyırdı. Hz. Abdullah karvana basqın edib bütün mallarını ələ keçirdi. Bu tarixdə müsəlmanların ələ keşirdiyi ilk qənimət sayılırdı[2].
Hz. Abdullahın yeganə məqsədi Allah Rəsulunu (s.ə.s) razı salmaq, onun sevgisini qazanmaq idi. Bu sevgi hər şeydən üstün idi. Peyğəmbərimiz onu bu xidmətə göndərəndə soruşmuşdu: “Abdullah! Dünyada ən çox istədiyin şey nədir?” Abdullahın bir arzusu vardı. Cavab verdi: “Mənim dünyada ən böyük arzum Allah və Rəsulunun sevgisidir. Gözümdə başqa bir şey yoxdur”.
Abdullah bin Cahş sülh zamanında haqq din uğrunda çox böyük xidmətlər göstərdiyi kimi, döyüş meydanlarında da cəngavər bir mücahid və bir qəhrəman idi. Peyğəmbərimiz (s.ə.s) Uhud döyüşünə əsgər toplayanda Hz. Abdullah sinəsini irəli çəkən ilk səhabələrdən idi.
Ordu yola çıxdı və “Şeyxeyn” adlı yerdə dayandı. Möminlərin anası Ümmü Sələmə Peyğəmbərimizə (s.ə.s) bir qabda üzüm suyu gətirmişdi. Peyğəmbərimiz (s.ə.s) bir az içdikdən sonra yerdə qalanını Hz. Abdullaha uzatdı. Hz. Abdullah üzüm şərbətini başına çəkib hamısını içdi. O anda bir nəfər yaxınlaşıb Hz. Abdullahdan soruşdu: “Səhər içdiyin üzüm suyunun kimin gətirdiyini bilirsənmi?” Abdullah artıq şəhidlik şərbətini içəcəyini hiss edirdi: “Mən, ‒ dedi, ‒ ancaq şəhidlik şərbətinə gözümü dikmişəm. Rəbbimə qovuşmaq mənim üçün hər şeydən daha üstündür”[3].
O, Allaha yalvardı və şəhid olmasını istədi. Döyüş başladı, Hz. Abdullah aslan kimi müşriklərin üstünə cumdu. Lakin döyüş əsnasında qılıncı qırıldı. Bunu görən Peyğəmbərimiz (s.ə.s) yerdən bir xurma budağı götürüb Abdullaha verdi. Hz. Abdullah əlindəki xurma ağacı ilə yenidən müşrik ordusuna cumdu. Qarşısına güclü bir müşrik çıxdı. Abdullah onu çətin məğlub edə bilərdi. Bu qeyri-bərabər döyüşdə Hz. Abdullah şəhid oldu.
Döyüş sona çatmışdı. Müsəlmanlar ölü və yaralıları ayırd edirdilər. Müşriklər şəhid Abdullahı tanınmaz hala salmışdılar. Bədin üzvlərini kəsik-kəsik etmişdilər. Peyğəmbərimiz (s.ə.s) bunu görüb çox kədərləndi. Daha sonra Peyğəmbərimiz (s.ə.s) Hz. Abdullahı dayısı Hz. Həmzə ilə birlikdə dəfn etdi. Bu əsnada Hz. Abdullahın qırx yaşı vardı.[4] Allah ondan razı olsun!