- Səhabələr - https://sehabe.meneviyyat.az -

Abdullah ibn Ömər (r.a.)

İkinci xəlifə Hz. Ömərin (r.a)  oğlu və möminlərin anası Hz. Hafzanın ana-ata bir qardaşı, fəqih və mühəddis səhabədir. Əbu Əbdürrəhman ləqəbi ilə tanınan Abdullahın anası Zeynəb binti Mazun əl-Cümeyhidir.

Abdullah ibn Ömərin peyğəmbərliyin üçüncü ilində dünyaya gəldiyinə dair rəvayət olduğu kimi, onun peyğəmbərlikdən bir il əvvəl doğulduğu haqqında da rəvayətlər var.[1] Atası ilə birlikdə kiçik yaşlarında İslamı qəbul edərək Mədinəyə hicrət etmişdir. Tamamilə İslam cəmiyyətində və İslam tərbiyəsi ilə böyüdü. Yaşı az olduğu üçün Bədir və Uhud qəzvələrinə qatılmasına Peyğəmbərimiz (s.ə.s) tərəfindən icazə verilmədi.[2] Ancaq on səkkiz yaşında Xəndək müharibəsinə, sonralar isə Peyğəmbərimiz (s.ə.s) zamanında baş verən bütün müharibələrə qatıldı. Məkkə fəthində, Mutə döyüşündə, Təbuk səfərində və Vida Həccində iştirak etdi.

Abdullah ibn Ömər İslam dövlətində meydana gələn anlaşılmazlıqlar səbəbi ilə ortaya çıxan və bir-birləri ilə mübarizə aparan qruplara qarışmadı. Bitərəf mövqe tutdu və heç bir dövlət vəzifəsini icra etmədi. Çünki oğlunu xilafətə namizəd göstərməsini tövsiyə edən səhabələrə Hz. Ömər “Bir evdən bir qurban yetər”,–demişdi. Atasının vəfatından sonra xəlifə seçmək üçün toplanan şuraya yalnız müşavir kimi qatıldı. Çünki, Hz. Ömər oğluna şuraya qatılmasını ancaq namizəd olmamasını tövsiyə etmişdi.[3]

İbn Ömər hökumət və dövlət işlərinə qarışmaz, bu məsələdə çox ehtiyatlı davranıb daim uzaq qalmağı üstün tutardı. Həzrət Osmanın (r.a) dövründə İbn Ömər dövlət işlərinə müdaxilə etmirdi. Bir gün Həzrət Osman İbn Ömərə qazılıq etməsini, müsəlmanların arasındakı hüquqi anlaşılmazlıqları həll etməsini təklif etmiş, o da üzr istəyərək bu təklifi qəbul etməmiş və Rəsuli-Əkrəmin (s.ə.s)  bir sözünü xatırlatmışdı:

–“Qazılar üç növdür. Birincisi cahillərdir. Bunların yeri cəhənnəmdir. İkinci zümrə alimlərdir, lakin dünyaya meyilləri vardır, elmləri ilə əməlləri bir deyil, bunlarda Cəhənnəmlikdir. Üçüncü zümrə isə həm alim, həm də dünyaya meyli olmayanlardır”.[4]

Hz. Osman Hz. İbn Ömərə dedi:

– Amma sənin atan Peyğəmbərimizin (s.ə.s) dövründə qazılıq edib.

–Bəli, doğrudur, lakin mənim atam bir məsələ ilə qarşılaşınca Rəsuli-Əkrəmə (s.ə.s) müraciət edər, müşkül məsələləri həll etməkdə çətinlik çəkməzdi. Çünki Rəsuli-Əkrəm (s.ə.s) çətin məsələ ilə qarşılaşanda bu vəhylə Ona (s.ə.s) bildirilirdi. İndi Rəsuli-Əkrəm (s.ə.s) aramızda yoxdur ki, dərdimizi ona deyək.  Allah bizə yardım etsin.

Həzrət Osman da bu barədə Həzrət İbn Ömərə çox israr etmədi.

Hz. İbn Ömər hökumət və dövlət işlərindən uzaq qalmasına baxmayaraq, haqq yolunda cihad edərək hicrətin iyirmi yeddinci ilində İslam fəthlərində iştirak etmişdir. Tunis, Əlcəzair və Mərakeş səfərlərinə qatılmışdır. İbn Ömər hicrətin otuzuncu ilində Xorasan və Təbəristan fəthlərində iştirak etmişdir.

Həzrət Osmanın şəhadətindən sonra bir çox üstün cəhətlərinə-elmi, qəhrəmanlığı və mücahidliyi, Həzrət Ömərin oğlu olmasına görə onun xəlifə olmasını istədilər. Lakin o, bunu qəbul etmədi. Həzrət Əlinin tərəfini tutdu. Daxili hadisələrə qarışmadı. Siffin hadisəsindən sonra da xəlifəlik təkliflərini rədd etdi. 669-cu ildə Xalid ibn Zeydlə (Əbu Əyyub əl-Ənsari) İstanbul qala divarlarına qədər gəlib İstanbulun ilk mühasirəsinə qatıldı. Onun dövlət işlərində və İslam cəmiyyətində meydana gələn daxili qarışıqlıqlar əsnasında təmkinli davrandığını görmək mümkündür. Lakin Siffində Həzrət Əliyə qarşı çıxanlarla, Abdullah  ibn  Zübeyri Kəbədə mühasirə edib şəhid edənlərə qarşı döyüşmədiyinə peşman olduğunu şəxsən özü ifadə etmişdir.[5] Həccaca qarşı döyüşməsə də, onun İslami hökmləri təhqirinə göz yummamış, yeri gələndə onu sərt şəkildə xəbərdar etmişdir. Hətta onun bu kimi xəbərdarlıqlarına əsəbiləşən Həccac ibn Yusif Abdullahı öldürmə yollarını axtarmışdı.

Nəhayət, hicrətin yetmiş dördüncü ilində Abdullah ibn Ömərin səksən yaxud, səksən beş yaşında ikən vəfat etdiyi[6] başqa rəvayətlərdə də onun səksən altı yaşında vəfat etdiyi qeyd olunur.[7]

Həcc mövsümündə bir nəfər ucu zəhərli bir nizə ilə Abdullah ibn Öməri ayağından yaraladı. Bədəni zəhərləndi. Bu zəhərlənmə vəfatına səbəb oldu. Rəvayətə olunur ki, yuxarıda qeyd etdiyimiz kimi bu hadisə Həccac ibn Yusifin göstərişi ilə həyata keçirilmişdir.

İbnül-Əsirin qeydinə görə, Həccac ibn Yusif minbərdə xütbə oxuyurdu. Xütbədə İbn Zübeyrə qarşı ağır sözlər demiş və bəzi ittihamlar irəli sürmüş, onun Qurani-Kərimi təhrif etdiyi iddiasını ortaya atmışdı. İbn Ömər fikirləşmədən və çəkinmədən Həccaca cavab verərək “Yalan deyirsən, bunu nə İbn Zübeyr edərdi, nə də sənin bu işə gücün yetər! …”– demişdi.

İbn Ömərin xalqın çox olduğu bir yerdə belə sərt çıxışından Həccac pis vəziyyətə düşmüş, ona çox əsəbiləşmişdi. Açıq-aşkar ona bir şey edə bilməyəcəyindən gizlicə intiqam almağı düşünmüşdü.[8] Ancaq İbnül-Əsir Həccacın xütbə məsələsini başqa cür izah edir. Ona görə, Həccac xütbəni ikindi namazının vaxtı çıxana qədər uzatmışdı. Bu vaxt İbn Ömər: “Günəş səni gözləmir”, – deyə ona xəbərdarlıq etmişdir. İkinci bir rəvayətə görə, İbn Ömər onu gözləmədiyinə görə Həccac narahat olmuş, fironluğu tutmuşdu. Lakin Əməvi hökmdarı Əbdülməlik ibn Mərvanın qorxusundan İbn Ömərə qarşı çıxa bilmirdi. Bu məsələnin əslinin bu şəkildə olduğu məlum olmuşdur. Yoxsa imkan tapdığı təqdirdə Həccac İbn Öməri bir an əvvəl öldürtməkdə tərəddüd etməzdi.[9]

Həcc mövsümündə insanlar sıx olduğu üçün Həccac bu hadisəni hazırlamışdı. Hətta İbn Ömər yaralı olduğu zaman  Həccac ziyarətinə gəlmiş, günahkarın tutulub cəzalandırılacağını demişdir. İbn Ömər o sırada Həccaca: “Sən silah ilə Hərəmi-Şərifə girməyə icazə verdiyin üçün bu hadisə meydana gəldi. Hərəmi-Şərifə silahlı girməyin doğru olmadığını bilirdin. Bunun qarşısını alsaydın, bu hadisə olmazdı”, – demiş, o da susmuşdu.[10]

İbn Ömər Mədinədə vəfat etməyi arzu edirdi. Çünki son günlərdə Məkkədə vəziyyətin yaxşı olmadığını sezmişdi. Cənabı-Haqqa dua edir “Allahım, məni Məkkədə öldürmə!” – deyə yalvarırdı. Oğlu Salimə belə vəsiyyət etmişdi “Mən Məkkədə ölsəm, məni Hərəmin ətrafında dəfn et, sən də buradan köçüb get!” İbn Ömər bu vəsiyyətindən bir neçə gün sonra vəfat etdi.

Buna görə də İbn Ömərin vəfatının ardınca insanlar toplanmağa başladı. Həccac da günahını ört-basdır etmək üçün cənazə namazına qatıldı. Hətta namazını Həccacın qıldırdığı bildirilir.[11]Vəfat etdiyi vaxt on biri oğlan olmaqla on beş uşağı vardı.

İslami tərbiyə ilə yetişdiyi, Rəsulullahın söhbətlərində iştirak etdiyini, ona şəxsən xidmət etməklə şərəfləndiyi, kamil fitrətə sahib olduğu üçün dövrün bütün elmlərinə məharətlə yiyələnmişdi. Hər mövzunu çox diqqətlə araşdırmağı sevərdi. Haram və şübhəli mövzularda çox həssası davranardı.

Qurani-Kərimin təfsir edən səhabələrdən idi. Bir gün Peyğəmbərimiz (s.ə.s) Əshabi-Kiramdan “İbrahim” surəsinin iyirmi dördüncü ayəsində keçən “ağac”ın necə bir ağac olduğunu soruşmuşdu. Heç kim cavab verə bilməmişdi. Rəsulullah (s.ə.s) bunun “xurma ağacı” olduğunu açıqladı. Oradakılar dağıldıqdan sonra Abdullah ibn Ömər yolda gedərkən atasına “Rəsuli-Əkrəmin ayədəki ağacın necə bir ağac olduğunu deməmişdən əvvəl  ağacın xurma ağacı olduğu ürəyimə damdı”, – dedi. Atası Ömər: “Yaxşı, bəs niyə bunu demədin?” – deyincə Abdullah: “Rəsulullahın hüzurunda sən və Əbu Bəkir olarkən danışmağı uyğun görmədim”, –demişdi.[12] Bu da onun Allahın ayələrinə bələd olduğunu göstərirdi.

Abdullah ibn Ömər halal və harama aid hədisləri ən çox rəvayət edən ravilərdəndir. Ümumiyyətlə, eşitdiyi hədisləri yaddan çıxarmamaq üçün onları yazardı. Lazım olmadıqca hədis rəvayət etməzdi.

İbn Ömər təfsirdə olduğu qədər hədis elmində də öndə gələn hədis hafizləri arasında yer almışdır. Əlimizdə mövcud olan hədis kitablarında İbn Ömərdən iki min altı yüz otuz hədis rəvayət olunmuşdur.

Bunlardan yüz altmış səkkizi Buxari və Müslim tərəfindən birgə rəvayət edilmişdir. Buxaridə səksən bir, Müslimdə də otuz bir, Əhməd ibn Hənbəlin Müsnədində  iki min on doqquz hədis İbn Ömərdən nəql edilmişdir.

İbn Ömər Rəsuli-Əkrəmin (s.ə.s) sözlərini, hərəkətlərini şövq və zövq ilə izləyirdi. Çox vaxt Rəsuli-Əkrəmin (s.ə.s) xidmətində və hüzurunda olardı. Olmayanda da Rəsuli-Əkrəmin söz və hərəkətini hüzurunda olanlardan soruşar, tədqiq edərdi. Bir məsələdə şübhəyə düşdüyü, yaxud yaxşı anlamadığı təqdirdə dərhal Rəsuli-Əkrəmin hüzuruna gedib öyrənərdi. Bu surətlə Rəsuli-Əkrəmin söz və hərəkətlərinə aid hədisləri toplamış, əzbərləmişdir.

Hadisi-Şərifin ümmət arasında yayılmasında və ümmətinə öyrədilməsində İbn Ömərin böyük xidməti olmuşdur. Hədisi yaxşı bilib, yaxşı tədqiq edənlərdən biri idi. Bildiyini öyrətməkdən böyük zövq alardı. Rəsuli-Əkrəmin vəfatından sonra altmış il yaşadı. Ömrünü Rəsulullahın hədislərini İslam ümməti arasında yaymaqla keçirdi. Əlimizdə olan hədislərin əksəriyyəti Abdullah İbn Ömərədən rəvayət olunur.

İbn Ömər Mədinədə dərs halqası meydana gətirərək hədis elmini öyrədərdi. Bundan başqa hər həcc mövsümündə Məkkədə İslam dünyasının dörd tərəfindən gələn hacılara Rəsulullahın hədislərini öyrətmək üçün böyük səy göstərirdi.

Çox hədis bilməsinə baxmayaraq, məsələyə həssas yanaşdığına görə çox az rəvayət edərdi. Abdullah ibn Ömərdən Nafi və İmam Malik ibn Ənəsin rəvayətləri ilə gələn hədislər ən mötəbər rəvayətlər kimi qiymətləndirilir və bu rəvayət zəncirinə “Qızıl Zəncir” adı verilir. Abdullah ibn Ömərdən hədis öyrənənlər arasında başda Abdullah ibn Abbas olmaqla, Cabir ibn Abdullah, Səid ibn əl-Müseyyib, Səid ibn Cübeyr, Abdullah ibn Keysan, Həsən Bəsri, Nafi, Mucahid, Tavus, Ənəs ibn Şirin kimi məşhur mühəddislər və övladlarından Həmzə, Bilal, Abdullah və Ubeydullah vardır. Elə buna görədir ki İbn Ömər, hədis elmində çox hədis rəvayət edən (muksirun) səhabələrdən sayılır.

Abdullah mühəddisliyi ilə yanaşı, fəqih bir səhabə kimi də məşhurdur. İbn Ömər ömrünü Mədinədə keçirmiş və fiqh üzərində çalışmışdır. Mədinənin fiqh alimlərinin bir çoxu fətvalarında İbn Ömərin məlumatından faydalanmışlar. Dörd imamdan biri olan İmam Malikin fiqhi (əsərləri) Abdullah İbn Ömərin fətvaları ilə zəngindir. İmam Malikin dediyi kimi, Abdullah ibn Ömər fiqh alimlərinin başçılarındandır. Əgər İbn Ömərin fiqhdəki fətvaları toplansa böyük bir əsər meydana gələrdi. Misirli alim M. Rəvvas Kalaci “Məvsuatu Fiqhi Abdullah ibn Ömər” (Abdullah b. Ömərin Fiqhi Ensiklopediyası) adıyla əsər nəşr etmişdir. (Beyrut 1986).

Abdullah ibn Ömər uzun ömür sürdüyündən Peyğəmbərimizdən altmış il sonra vəfat etmişdir. Ancaq fətva vermə mövzusunda çox ehtiyatla davranırdı. Bir insan kimi yaxşılıq etməyi, sədəqə verməyi, xeyir əməl etməyi, kölə azad etməyi çox sevərdi. Sağlam xarakterli, yaxşı və gözəl xasiyyətli olub, pisliklərdən qaçınardı. Hər işini Allah rizası üçün edərdi. Qəbir daşında “Allah-Təalaya, Allah üçün xalis ibadət etdi” ifadəsi yazılmışdır. Dünya malına, dünya zövqlərinə heç könül verməzdi. Səhabədən Cabir ibn Abdullah: “Ömər və oğlu Abdullahdan başqa aramızda dünyaya meyli olmayan kimsə yoxdur”, – deyərdi.

Elmdə imamlığa yüksələn mühəddis və tabeunun böyüklərindən olan Nafi Abdullah b. Ömərin azad etdiyi kölədir. Nafi kölə ikən İbn Ömər onu on min dirhəmə satın alıb: “Səni Allah rizası üçün azad etdim”, – deyərək köləlikdən azad etmişdir. Kölələrindən ibadət edəni gördükcə dərhal onu azad edərdi. “Köləlikdən azad olmaq üçün ibadət edənləri gördükdə nə edərsiniz?” –deyə ona sual verənlərə Abdullah “Xeyir uğrunda aldanmaqdan yaxşı şey varmı?” –buyurmuşdur. İmam Nafi Abdullah üçün “Hər zaman dualarında ifadə etdiyi kimi min kölə azad etdikdən sonra vəfat etdi”,–demişdi. Çox vaxt kürəyindəki libasını çıxarıb gördüyü bir kasıba verərdi.

Abdullah ibn Ömərin evində qonaq əskik olmazdı. Axşam yeməklərini nadir hallarda tək yeyərdi. Mütləq qonağı olar, olmazsa, axtarar, tapardı. Özü də dostlarının evində üç gündən çox qonaq qalmazdı. Evində ən zəruri ehtiyacını qarşılayan əşya saxlayardı. Cümədan əvvəl mütləq yuyunar, dəstəmaz alar, gözəl ətirlər vurardı. Hər namaz üçün dəstəmaz alar, gecələri çox namaz qılardı.

Abdullahın oğlu Xalidin azad etdiyi Əbu Qalib belə demişdir “Abdullah ibn Ömər Məkkəyə gələndə tez-tez bizə qonaq olardı. Gecələri təhəccüd namazı qılardı. Bir gecə sübh namazı yaxınlaşdığı zaman mənə “Qalxıb namaz qılmayacaqsanmı? Quranın üçdə birini də oxusan, kifayətdir”, – dedi. Səhər yaxınlaşdı, “Qısa zamanda Quranın üçdə birini oxuyub çatdıra bilmərəm”, –dedim. Mənə tərəf çevrilərək: “İxlas” surəsi Quranın üçdə birinə bərabərdir”,–dedi”.

İmam Nafinin nəql etdiyinə görə, Abdullah ibn Ömər musiqini sevməzdi. Musiqi və saz səsləri eşitdiyi vaxt qulaqlarını tutardı. Bir gün bir nəfər yanına yaxınlaşaraq “Abdullah, Allah üçün səni çox sevirəm”, – dedi. Abdullah da “Mən də Allah üçün səni heç sevmirəm. Çünki sən azanı muğam, mahnı kimi oxuyursan”, – buyurdu.

Allahdan başqa kimsədən qorxmazdı. Pisliyə qarşı həmişə yaxşılıqla cavab verərdi. Zeyd ibn Əsləm bu hadisəni nəql edir: “Bir nəfər yolda Abdullah ibn Öməri söyməyə başladı. Abdullah evinin qapısına çatana qədər onu səbirlə dinlədikdən sonra adama baxaraq “Mən və qardaşım Asim heç kimi söymürük”, –dedi.

Çox az yemək yeyərdi. Acmasa, heç bir şey yeməzdi. Bir gün dostlarından biri ona həzmi asanlaşdaran bir dərman hədiyyə etmək istədi. O, belə cavab verdi: “Mən heç bir yeməkdən qarınımı doyurana qədər yemədim. Həzm dərmanına  ehtiyacım olacağını zənn etmirəm”.

Gözütox olmaqla yanaşı, eyni zamanda olduqca qənaətkar insan idi. Heç kəsdən bir şey istəməzdi. Hər kəs ona xidmət etmək istəyər, lakin o əsla qəbul etməzdi.

Bir gün Əbdüləziz ibn Harun ona xəbər göndərib ehtiyaclarının nə olduğunu bildirməsini istəmiş, İbn Ömər onun davranışına qarşı belə cavab vermişdi “Siz dolanışığı sizə aid olanların, dolanışıqlarını üzərinizə almış olduğunuz kəslərin ehtiyaclarını təmin etsəniz, daha yaxşı olar”.[13]

Ancaq İbn Ömərə bir şey hədiyyə edilsə, onu geri qaytarmazdı. Yanındakılardan biri mal və mülkünün bir çoxunu İbn Ömərə hədiyyə etmiş, o da qəbul edərək “Bizə hədiyyə edilənləri biz də hədiyyə edər, Haqq yolunda paylayarıq”,–demişdi. Bütün hədiyyələri ehtiyac sahiblərinə paylamışdı.

Abdullah ibn Ömər daim riyakarlıqdan uzaq olmuşdu. O, bu məsələdə mükəmməl nümunədir. Bir oturuşda minlərlə dirhəm pul paylayan bir insanın bütün ev əşyası bir xalça və ya kilim və bir də yataqdan ibarət idi. Bunların dəyərinin hamısı yüz dirhəm etməzdi.

Abdullah varlı olmasına baxmayaraq, həyat tərzi də bu qədər sadə idi. Cümə günləri istisna olmaqla, gözəl qoxudan istifadə etməzdi. Yalnız cümə günü yaxşı paltar geyərdi. Bir gün Cümədən sonra səfərə çıxmalı idi. Gözəl paltarlarını geymişdi. Bu paltarı evə göndərib dəyişdirdi və gündəlik paltarlarını geydi.

İbn Ömər üzdən atası Ömərə çox oxşayırdı. Uzun boylu və əsmər bənizli idi. Saqqalı ağaranda tünd sarıya boyayardı. Çünki saqqalının rəngi də tünd sarı idi.

Abdullah ibn Ömərin Peyğəmbərimizdən eşidib nəql etdiyi bəzi hədislər

– İnsan övladı Allahdan başqa heç bir şeydən qorxmazsa, Allah-Təala onun başına heç bir bəla göndərməz.

– İstədiyini ye, istədiyini geyin. İnsanları səhv yola aparan israf və təkəbbürdür.

– Sağlığında xəstəliyin və həyatında ölümün üçün tədbir al.

Abdullah ibn Ömər (r.a.) buyurdu ki:

– Ey insan vücudunla dünyada ol, qəlbinlə axirəti tap.

– Hikmət ondur; doqquzu sükut, biri də az danışmaqdır.

– Haramdan qaçmadıqca ibadətlər qəbul olunmaz.

Əbu Sələmə ibn Abdullah belə demişdir “Abdullah İbn Ömər vəfat etdi. O fəzilətdə atası Ömərə çox bənzəyirdi. Həzrət Ömər ona bənzər insanların çox olduğu dövrdə yaşamışdır. Abdullah İbn Ömər isə ona bənzər insanların çox olmadığı bir dövrdə yaşamışdı”.


[1] İbnul-Əsir, Üsdül-Ğabə, 111, 230.

[2] Buxari, Məğazi, 6.

[3] İbnul-Əsir, əl-Kamil fit-Tarix, 111, 65.

[4] Əbu Davud, Əkdiyyə, 2.

[5] İbn Abdül-Bərr, əl-İstiab, II, 345.

[6] İbn Sad, Təbaqat, IV, 187.

[7] İbnül-Əsir, Usdül-Ğabə, IV, 230-231.

[8] İbn Xalliqan, Vəfayatül-Ayan, II, 242.

[9] İbnül-Əsir, Üsdül-Ğabə, 111, 230.

[10] İbn Sad, Təbəqat, IV, 187.

[11] İbn Sad, Təbəqat, IV, 187.

[12] İbn Həcər, Fəthul-Bari Şərhi Səhihil-Buxari, Misir 1959, IX, 449.

[13] İbn Sad, Təbəqat, IV, 174.