Altı səhabə elmdə ən üstün səviyyəyə yüksəlmişdir. Bunlar: Zeyd, Əbu-Dərda, Übey ibn Kab, Ömər ibn Xəttab, Abdullah ibn Məsud və Əli Əbu Talibdir. Əbu-Dərdanın yerinə Əbu Musa Əl-Əşarinin adını çəkənlər də olmuşdur. [1]
“Əbu Hüreyrə elmin dəryasıdır”[2] hədisini xatırlamaq da yerinə düşər. Bir dəfə Allah Rəsulu (s.a.s.) Əbu Hüreyrəyə belə demişdi: “Allah sənə rəhm etsin, sən bilən (alim) və öyrədilənsən”.[3]
Əbu Musa əl-Əşari bir dəfə İbn Məsud haqqında belə demişdi: “Bu alim nə qədər ki aranızdadır, mənə sual verməyin”[4]. Abdullah ibn Məsuda “Elmlə dolu çoban heybəsi” ləqəbi verilmişdi.
Abdullah ibn Məsud bir gün Həzrət Ömərlə qarşılaşdı. Həzrət Ömər onu görən kimi belə dedi: “Elmlə dolu çoban heybəsi”[5].
Dərin elmə sahib səhabələrdən biri də Muaz ibn Cəbəldir. Bir dəfə Həzrət Ömər ona hamilə bir qadını rəcm (daş-qalaq) etməyi tapşırmışdı. Muaz ibn Cəbəl qadının uşağını dünyaya gətirənə qədər rəcm edilməyib həbs olunmasını təklif etdi. Təklifi qəbul edildi. Belə ki, qadının ərindən iki il idi ki, xəbər-ətər yox idi. Doğulan uşağın özünə oxşadığını görən atası rəcm iddiasından əl çəkdi və qadın rəcmdən xilas oldu. Bu hadisədən sonra Həzrət Ömər:
– Analar Muaz kimi bir insanı dünyaya gətirməyib, Muaz olmasaydı, Ömər məhv olmuşdu,[6] – deyib onu təqdir etmişdi.
Bu söz də Həzrət Muaz haqdadır: “Alimlər qiyamət günü gətiriləndə Muaz ibn Cəbəl onların önündə daşdan bir qüllə olacaq”[7]