Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Allah Rəsulunun qəbilələri İslama dəvəti

Tarix: 08.05.2013 | Bu məqalə 2. 229 dəfə oxunub.

Peyğəmbərimizin Kab oğullarını İslama dəvət etməsi

Abdurrahman əl-Amiri qövmünün böyüklərindən eşitdiklərini belə rəvayət edir: “Uqaz yarmarkasında ikən Allah Rəsulu bizim yanımıza gəldi və: “Kimlərdənsiniz?” – deyə ­soruşdu.

– Amir b. Sasaa oğullarından, – dedilər.

– Hansı Amir oğulları? – soruşdu.

– Kab b. Rəbia oğullarından, – cavabını verdilər. Allah Rəsulu:

–Yaxşı, sizdən kömək və himayə istəyənləri qorumağa gücünüz varmı? – deyə soruşdu.

– Heç kəs bizim tərəfimizdə olana, himayəmizdə olana toxuna bilməz! – dedilər.

Allah Rəsulu:

– Mən Allahın Peyğəmbəriyəm. Rəbbimin əmrlərini təbliğ etmək üçün sizdən kömək istəməyə gəldim. Heç birinizi hər hansı məsələdə məcbur etməyəcəyəm, – dedi. Bunun qarşılığında onlar Peyğəmbərimizdən:

– Qureyşin hansı boyundansan? – deyə soruşdular.

– Abdulmüttəlib oğullarındanam, – cavabını verdi Rəsulullah.

– Yaxşı, Abdi Mənaf oğullarıyla əlaqələrin necədir, münasi­bətlərin yaxşıdırmı onlarla? – deyə soruşdular. Allah Rəsulu:

– Məni ilk yalançılıqda ittiham edən və üz çevirən elə onlar oldu, – dedi. Dedilər ki:

– Biz səni qovmayacağıq (üz döndərməyəcəyik), amma sənə iman da etməyəcəyik. Rəbbinin əmrlərini təbliğ etməkdə səni qoruyacaq, sənə dəs­tək verəcəyik.

Ravi deyir ki, bundan sonra Rəsulullah (s.ə.s.) onların yanına getdi. Bu qövm alış-veriş edərkən Bücrə b. Qays əl-Qureyşi gəldi və: “Bu yanınızdakı adam kimdir, onu tanımıram?” – deyə soruşdu.

– Məhəmməd b. Abdullahil-Qureyşi, – dedilər.

– Yaxşı, sizin onunla nə əlaqəniz var? – deyə soruşdu.

– Bizə Allahın Rəsulu olduğunu söylədi və Rəbbinin əmrlərini təbliğ etməsi üçün ona dəstək olmağımızı istədi, – dedilər.

– Yaxşı, ona nə cavab verdiniz? – deyə soruşdu.

– “Xoş gəldin, səfa gətirdin! Rahat ol, səni məmləkətimizə aparar, öz canımızı qoruduğumuz kimi qoruyarıq,” – dedik. Bücrə belə dedi:

– Bu yarmarkadakı qəbilələr arasında sizin qədər pis bir işlə qayıdan başqa bir camaat görmədim. Xalqın narazılığına, hiddətinə hədəf olarsınız, ərəblər də üstünüzə yürüş edər. Qövmü onu sizdən daha yaxşı tanıyır. Əgər ondan bir xeyir gəlməsinə ümid etsə idilər, Onu hamıdan çox onlar xoşbəxt edərdilər. Qövmünün qovub yalançı dediyi şəxsə bel bağlayırsınız və indi də Onu qruyub kömək edəcəksiniz. Nə pis qərar vermisiniz!

Sonra üzünü Rəsulullaha tutub: “Qalx, qövmünün yanına get! Vallah, qövmümün himayəsində olmasaydın, boynunu vurardım,” – dedi.

Rəsulullah qalxdı, dəvəsinə mindi. Məlun Bücrə dəvənin böyründən dürtdü, dəvə diksindi və Allah Rəsulunu yerə saldı. Amir b. Qurdun qızı Dubaa da (Məkkədə müsəlman olan qadınlardan idi) o gün orada idi, əmisi oğullarına qonaq gəlmişdi. Allah Rəsuluna edilən həqarətə görə: “Ey Amiroğulları! Mənim üçün artıq Amiroğulları yoxdur! Gözünüzün qarşısında Allah Rəsuluna nələr edilir, sizin heç biriniz də Onu qorumursunuz,” – dedi. Buna görə də Dubaanın əmisi oğlanlarından üç nəfər qalxdı, Bücrə ilə ona kömək edən iki nəfərin üstünə yeridi. Üçünü də yerə sərdilər, sinələri üstündə oturub üzlərini yumruqlamağa başladılar. Bu vaxt Allah Rəsulu: “Allahım! Bunlara xeyir və bərəkət lütf eylə, o birilərə də lənət et!” – deyə dua etdi. Rəsulullaha kömək edən o üç adam müsəlman olub Allah yolunda şəhid oldu, o birilər isə lənətlənmiş halda qəhr olub getdi.[4]

Davamı: 1 2 3 4 5 6 7