- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allah Rəsulunun əshabını infaqa təşviq etməsi

Hz. Cərir (r.a.) rəvayət edir: “Səhərin erkən vaxtında Allah Rəsulu ilə birlikdə oturmuşduq. Bu əsnada yalın ayaqlı və əyinlərində əba, bellərində qılınc bir dəstə mudarlı[1] gəldi. Allah Rəsulu onların yoxsul-pərişan halını görüncə, hüzünləndi. İçəriyə girdi, sonra da çölə çıxıb Bilala azan oxumağı əmr etdi. Bilal da azanı oxuyub iqamə verdi. Allah Rəsulu namazı qıldırdıqdan sonra insanlara bu ayələri oxudu:

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” (“Nisa” surəsi, 4/1). “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!” (“Həşr” surəsi, 59/18)

Sonra da:

– Hər kəs əlindən nə gəlirsə: dinar, dirhəm, paltar, buğda, xurma, hətta yarım xurma da olsa, versin, – buyurdu.

Çiynindəki xurmaları çətinliklə daşıyan bir nəfər ənsarlı gəldi: əlində bir kisə pul var idi. Sonra başqaları da yavaş-yavaş gətirməyə başladılar. Gətirilən ərzaq və geyimlər iki topa oldu. Bunu seyr edən Allah Rəsulunun üzü sevincdən parladı. Buyurdu:

– Kim İslamiyyətdə gözəl bir cığır açarsa, o etdiyi yaxşılığın mükafatını almaqla yanaşı, özündən sonra eyni yaxşılığı edənlərin də bir misil savabını qazanar.

Heç kimin mükafatından da azalmaz. Kim İslamiyyətdə pis bir yol açarsa, öz günahı ilə birlikdə, o yolla gedən insanların günahlarını da qazanar. Günah qazanan kəslərin günahları da azalmaz”.[2]


[1] Mudar qəbiləsinə mənsub olan

[2] Müslim, Səhih, 2/704 (1017)