- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allah Rəsulunun qəbilələri İslama dəvəti

Allah Rəsulunun İslamı Bəni-Amir və Bəni-Muharib qəbilələrinə təbliğ etməsi

Peyğəmbərimiz ilk-üç il gizli təbliğ edir. Dördüncü il açıq dəvətə başlayır və bu, on il davam edir. Təbliğ üçün yarmarkaları və həcc mövsümünü gözləyərdi. Hacıların Ukaz, Məcənnə və Zül­məcaz yarmarkalarındakı yerlərinə gedir, təbliğin edilməsi ilə bağlı dəstəklərini istəyir və bunun əvəzində cənnətlə müjdələyirdi. Bəzən qəbilə-qəbilə gəzib düşüncələrini soruşur, amma bir nəfər də olsa, təmiz simalı insan tapa bilmirdi.

Bu vaxt Bəni-Amir qəbiləsinin də yanına gedir. Çox təəssüf ki, Fəxri-Kainat o günə qədər görmədiyi əziyyəti onlardan görür. Onları tərk edərkən Onu daşa tuturlar. Sonra Allah Rəsulu Bəni-Muharib qəbiləsinin yanına gedir. Bunlar arasında yüz iyirmi yaşında bir qoca da var idi. Allah Rəsulu onunla da danışır, İslama dəvət edir, hətta başqalarının dinə girməsi üçün ondan kömək gözləyir. Qoca Xatəmul-Ənbiya Rəsulullahın gətirdiyi dinə inanmaq bir yana qalsın, özünə yaraşmayan münasibət göstərir:

– Ey məşhur adam! Qövmün sənin dediklərini çox yaxşı bilir. Sənə sahib çıxıb (qəbul edib) tayfasının yanına qayıdan bir adam hacılar arasında ən pis bir iş görüb dönmüş olar. Başqa bir şey demirəm, məndən uzaq ol!

Bu adam Allah Rəsuluna bu cür çirkin münasibət göstərərkən arxadan qırmızı saçlı küfr təəssübkeşi Əbu Ləhəb dərhal peyda olur. Onsuz da həmişə Rəsulullahın yan-yörəsində gəzib-dolaşar və Ona mane olmağa çalışardı. Əbu Ləhəb yaşlı adamı bu çirkin hərəkətinə görə təbrik edir və: “Bu həcc zamanı burada toplananların hamısı sənin kimi etsəydi, o da dinini tərk edərdi. O, babalarının dinini tərk etmişdir, yalançıdır,” – deyir.

Yaşlı adam: “Sən onu daha yaxşı tanıyırsan, çünki sənin qardaşın oğlu və qohumundur. Ey Əbu Ləhəb! Yəqin o, bir məcnundur. Bizdə belələrini müalicə edən bir nəfər var,” – deyir. Əbu Ləhəb cavab vermir.[1]

Allah Rəsulunun İslamiyyəti Abs oğullarina təbliğ etməsi

Abdullah b. Vabisatul-Absi rəvayət edir: “Rəsulullah (s.ə.s.) bizim Minadakı yerimizə gəldi. Biz Məscidi-Hayfdan sonra birinci Cəmrəyə enirdik. O da miniyinin üstündə idi. Tərkinə də Zeyd b. Harisə minmişdi. Bundan qabaq Onun davranışları və həcc mövsümündə hər kəsi İslama dəvət etməsi barəsində eşitmişdik. Başımızın üstündə dayanıb bizə İslamı təbliğ etdi. Amma biz ona “Bəli,” – demədik. Meysərə b. Məsruk əl-Əbəsi də yanımızda idi. Belə dedi: “Allaha and içirəm ki, bu adamı təsdiq edib özümüzlə aparsaq, yaxşı olar. Vallah, onun məfkurəsi qalib gələcək, bütün dəyərləri üstələyib hər şeyə qələbə çalacaq”. Yoldaşlarından biri: “Bizdən uzaq dur, bizi qarşısıalınmaz təhlükələrlə üz-üzə qoyma!” – dedi.”

Allah Rəsulu Meysərənin sözlərindən bir ümid gözləyib onunla danışdı. Meysərə: “Sözlərin nə qədər gözəldir! Nə qədər parlaqdır!” – dedi. Peyğəmbərimiz: “Amma qövmüm mənə qarşı çıxır. Bir insan qövmü ilə var ola bilər. Onlar kömək etməsə, düşmənləri heç kömək etməz,” – dedi.

Rəsulullah (s.ə.s.) oradan ayrılınca həmin qövm də Məkkədən ­çıxır. Meysərə onlara: “Gəlin Fədəkə gedək və oradakı yəhu­dilərdən bu adam haqqında soruşaq,” – dedi. Dərhal durub yəhu­dilərin yanına getdilər. Yəhudilər onların önünə bir kitab qoydu. Allah Rəsulundan bəhs edən yeri axtarıb tapdılar və oxuyub haqqında danışmağa başladılar: “O, ərəblərdən olan və ümmi bir peyğəmbərdir. Dəvəyə minər, çörək qırıqlarıyla kifayətlənər. Nə uzun, nə də qısa boyludur. Saçları nə çox buruq, nə çox düzdür, azacıq dalğalıdır. Gözündə qızartı vardır, rəngi əsmərə çalar”.

Sonra bir yəhudi belə dedi: “Əgər sizi dəvət edən adam bu təsvir edilən şəxsdirsə, onu dərhal qəbul edib dininə girin. Biz həsəd etdiyimiz üçün onu qəbul etməyəcəyik. Buna görə də bir çox yerlərdə böyük fəlakətlərə uğrayacağıq. Heç bir ərəb ona biganə qalmayacaq, ya ona tabe olacaq və ya onunla döyüşəcək. Gəlin siz ona inanın”.

Meysərə qövmünün yanına qayıtdı və: “Ey qövmüm! Bu iş açıq-aşkar və dəqiqdir!” – dedi. Onlar da: “Gələcək həcc mövsümündə təkrar gedər, Onu taparıq,” – deyib yurdlarına qayıtdılar. Qövmün əyan-əşrəfi növbəti il onların həccə getməsinə mane oldu və bu səbəbdən heç biri Peyğəmbərə tabe ola bilmədi.

Sonra Allah Rəsulu Mədinəyə hicrət etdi. Vida həccini edildiyi il Meysərə Allah Rəsulu ilə qarşılaşdı, Onu tanıdı və: “Ya Rəsulullah, Allaha and içirəm ki, başımızın üstündə dayanıb İslamı təbliğ etdiyin o gündən bəri sənə tabe olmağı düşünürdüm. Olan oldu. Gördüyün kimi, Allah İslama girməyimi gecikdirdi. O gün mənimlə birlikdə olan adamların hamısı öldü. Yaxşı, axirətdə onların yeri haradır?” – deyə soruşdu.

Allah Rəsulu: “İslam dinindən başqa əqidələrlə ölən hər kəs cəhənnəm atəşindədir!” – buyurdu. Meysərə: “Məni qurtaran Allaha həmd olsun,” – deyib müsəlman oldu”.[2]

Peyğəmbərimizin Kində camaatına İslamı təbliğ etməsi

Peyğəmbərimiz (s.ə.s.) kindəlilərin Uqaz yarmarkasında qaldıqları yerə gəlir. O günəcən onlardan mülayim, həlim, xoşgörülü ərəb qəbiləsi ilə qarşılaşmamışdı. Onların yumşaq xasiyyətli və məntiqli  olduğunu görüncə danışmağa başlayır: “Sizi bir olan Allaha çağırıram, Onun ortağı yoxdur. Canlarınızı qoruduğunuz kimi məni də qorumağınızı rica edirəm. Əgər mən üstün gəlsəm, dəstəyinizi davam etdirib-etdirməməkdə sərbəstsiniz”.

Əksəriyyət: “Bu, nə gözəl sözdür! Amma biz babalarımızın tapındıqlarına sitayiş edirik !” – deyirlər.

O camaatdan yaşca kiçik olanlar isə: “Ey qövmüm, başqaları sizdən qabağa düşmədən siz Ona tabe olun. Vallah, xristian və yəhudilər Məkkədən bir peyğəmbər çıxma zamanının yaxınlaşdığını söyləyirlər,” – deyirlər.

İçlərindən bir nəfər çəpgöz də belə deyir: “Dayanın, məni dinləyin! Onu qohum-əqrəbaları çölə atıb, sizmi saxlayacaqsınız? Bu, bütün ərəblərə qarşı müharibə deməkdir. Yoox, yoox! Xeyr, bunu etməyin!”

Peyğəmbərimiz məhzun halda oranı tərk edir. Onlar da öz qəbilələrinə qayıdıb baş verənləri qəbilənin digər üzvlərinə bil­dirirlər. Yəhudilərdən biri: “Vallah, siz başınıza qonan tale quşunu qaçırırsınız. O adama tabe olsanız, ərəblərin ən üstünü olarsınız. Biz Onun vəsflərini kitabımızda oxuyuruq,” – deyir. Yəhudi Peyğəmbərimizin xüsusiyyətlərini söylədikcə Rəsulullahı görənlər: “Bu adam eynilə sənin vəsf etdiyin kimidir,” – deyirlər. Sonra yəhudi sözlərini belə davam edir: “Biz onun Məkkədən çıxacağını bilirdik. Köçəcəyi yer Yəsribdir (Mədinə)”.

Həmin qəbilənin üzvləri öz aralarında sözləşirlər ki, növbəti il Allah Rəsulunun hüzuruna gedib ona tabe olsunlar. Başçıları o il onların həccə getməsinə mane olur, başqa sözlə, heç kim gələ bilmir. Sonra o yəhudi ölür. Ölərkən də Məhəmməd Mustafanı (s.ə.s.) təsdiq edib ona iman gətirdiyini eşidirlər.[3]

Peyğəmbərimizin Kab oğullarını İslama dəvət etməsi

Abdurrahman əl-Amiri qövmünün böyüklərindən eşitdiklərini belə rəvayət edir: “Uqaz yarmarkasında ikən Allah Rəsulu bizim yanımıza gəldi və: “Kimlərdənsiniz?” – deyə ­soruşdu.

– Amir b. Sasaa oğullarından, – dedilər.

– Hansı Amir oğulları? – soruşdu.

– Kab b. Rəbia oğullarından, – cavabını verdilər. Allah Rəsulu:

–Yaxşı, sizdən kömək və himayə istəyənləri qorumağa gücünüz varmı? – deyə soruşdu.

– Heç kəs bizim tərəfimizdə olana, himayəmizdə olana toxuna bilməz! – dedilər.

Allah Rəsulu:

– Mən Allahın Peyğəmbəriyəm. Rəbbimin əmrlərini təbliğ etmək üçün sizdən kömək istəməyə gəldim. Heç birinizi hər hansı məsələdə məcbur etməyəcəyəm, – dedi. Bunun qarşılığında onlar Peyğəmbərimizdən:

– Qureyşin hansı boyundansan? – deyə soruşdular.

– Abdulmüttəlib oğullarındanam, – cavabını verdi Rəsulullah.

– Yaxşı, Abdi Mənaf oğullarıyla əlaqələrin necədir, münasi­bətlərin yaxşıdırmı onlarla? – deyə soruşdular. Allah Rəsulu:

– Məni ilk yalançılıqda ittiham edən və üz çevirən elə onlar oldu, – dedi. Dedilər ki:

– Biz səni qovmayacağıq (üz döndərməyəcəyik), amma sənə iman da etməyəcəyik. Rəbbinin əmrlərini təbliğ etməkdə səni qoruyacaq, sənə dəs­tək verəcəyik.

Ravi deyir ki, bundan sonra Rəsulullah (s.ə.s.) onların yanına getdi. Bu qövm alış-veriş edərkən Bücrə b. Qays əl-Qureyşi gəldi və: “Bu yanınızdakı adam kimdir, onu tanımıram?” – deyə soruşdu.

– Məhəmməd b. Abdullahil-Qureyşi, – dedilər.

– Yaxşı, sizin onunla nə əlaqəniz var? – deyə soruşdu.

– Bizə Allahın Rəsulu olduğunu söylədi və Rəbbinin əmrlərini təbliğ etməsi üçün ona dəstək olmağımızı istədi, – dedilər.

– Yaxşı, ona nə cavab verdiniz? – deyə soruşdu.

– “Xoş gəldin, səfa gətirdin! Rahat ol, səni məmləkətimizə aparar, öz canımızı qoruduğumuz kimi qoruyarıq,” – dedik. Bücrə belə dedi:

– Bu yarmarkadakı qəbilələr arasında sizin qədər pis bir işlə qayıdan başqa bir camaat görmədim. Xalqın narazılığına, hiddətinə hədəf olarsınız, ərəblər də üstünüzə yürüş edər. Qövmü onu sizdən daha yaxşı tanıyır. Əgər ondan bir xeyir gəlməsinə ümid etsə idilər, Onu hamıdan çox onlar xoşbəxt edərdilər. Qövmünün qovub yalançı dediyi şəxsə bel bağlayırsınız və indi də Onu qruyub kömək edəcəksiniz. Nə pis qərar vermisiniz!

Sonra üzünü Rəsulullaha tutub: “Qalx, qövmünün yanına get! Vallah, qövmümün himayəsində olmasaydın, boynunu vurardım,” – dedi.

Rəsulullah qalxdı, dəvəsinə mindi. Məlun Bücrə dəvənin böyründən dürtdü, dəvə diksindi və Allah Rəsulunu yerə saldı. Amir b. Qurdun qızı Dubaa da (Məkkədə müsəlman olan qadınlardan idi) o gün orada idi, əmisi oğullarına qonaq gəlmişdi. Allah Rəsuluna edilən həqarətə görə: “Ey Amiroğulları! Mənim üçün artıq Amiroğulları yoxdur! Gözünüzün qarşısında Allah Rəsuluna nələr edilir, sizin heç biriniz də Onu qorumursunuz,” – dedi. Buna görə də Dubaanın əmisi oğlanlarından üç nəfər qalxdı, Bücrə ilə ona kömək edən iki nəfərin üstünə yeridi. Üçünü də yerə sərdilər, sinələri üstündə oturub üzlərini yumruqlamağa başladılar. Bu vaxt Allah Rəsulu: “Allahım! Bunlara xeyir və bərəkət lütf eylə, o birilərə də lənət et!” – deyə dua etdi. Rəsulullaha kömək edən o üç adam müsəlman olub Allah yolunda şəhid oldu, o birilər isə lənətlənmiş halda qəhr olub getdi.[4]

Peyğəmbərimizin Bəni-Bəkir qəbiləsini İslama dəvət etməsi

Həzrəti Abbas (r.a.) rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) mənə dedi: “Sən və qardaşın mənə heç dəstək vermirsiniz və məni ­qorumursunuz. Gəl sabah məni bazara apar, qəbilələrin yığışdığı yerə gedib onlara İslamı təbliğ edim”.

Yarmarka bütün ərəblərin toplaşdığı bir yer idi. Oraya çatdığımız vaxt dedim ki: “Bu gördüyün Kində qəbiləsi və ətrafında toplaşanlar Yəmən xalqından Kəbəni ziyarətə gələn ən dəyərli insanlardır. Bax bura Bəkir b. Vail qəbiləsinin yerləşdiyi yerdir. Bura da Bəni-Amir b. Sasaa qəbiləsinin qaldığı məkan. Seçim sənindir, istədiyinin yanına get, təbliğ et”.

Əvvəl kindəlilərin yanına getdi və: “Kimlərdənsiniz?” – deyə soruşdu.

– Yəmən xalqından.

– Yəmənin hansı qəbiləsindən?

– Kindədən.

– Kindənin hansı boyundan?

– Amr b. Müaviyə oğullarından.

– Xeyirli bir işə nə deyirsiniz?

– Nədir o?

– Allahdan başqa ilah olmadığına şahidlik etməyə, namaz qılmağa, Allah dərgahından gələnlərə iman etməyə.

Başqa bir rəvayətə görə, kindəlilər Allah Rəsuluna: “Müvəffəq olduğun təqdirdə səltənəti özündən sonra bizə verərsənmi?” – dedilər. Rəsulullah: “Mülk və səltənət Allaha aiddir, onu dilədiyinə verər,” – buyurdu. Bunun müqabilində kindəlilər: “Onda bizim sənin gətirdiyinə ehtiyacımız yoxdur,” – deyə həyasızca cavab verdilər.

Əbu Ləhəb Peyğəmbərimiz hara getsə, onu izləyər, camaata: “Onun sözlərini qəbul etməyin!” – deyərdi.

Elə o gün də Həzrəti Peyğəmbərin o qövmün yanından uzaqlaşdığını görüncə onların yanına getdi. Onlar Əbu Ləhəbdən: “Bu adamı tanıyırsanmı?” – deyə soruşdular. “Bəli, bu Minanın təpəsindəki adam deyilmi? Nəyini soruşursunuz?” – deyincə:

– Allahın Peyğəmbəri olduğunu dedi, – dedilər. Əbu Ləhəb:

– Onun sözlərinə qulaq asmayın, dəlidir, axmaqlayır, – dedi. Onlar:

– Bəli! Onsuz da İranlılarla əlaqədar sözlərini eşidəndə bunu sezmişdik, – deyə cavab verdilər”.[5]

Peyğəmbərimizin Minada bir dəstə insana İslamı təbliğ etməsi

Həzrəti Müdrik (r.a.) deyir ki: “Atamla birlikdə həcdə ikən Minada yerləşdiyimiz vaxt bir qələbəliyə rast gəldik. Atama:

– Bu izdiham nədir belə? – dedim. Atam:

– Dindən çıxan adamın başına toplaşıblar, – dedi. Baxdım ki, Allah Rəsulu belə deyir: “Ey insanlar “Lə iləhə illəllah” deyin ki, nicat tapasınız!”[6]

Peyğəmbərimizin Şeyban oğullarını İslama dəvəti

Həzrəti Əli (r.a.) rəvayət edir: “Allah-Təalə Peyğəmbərinə ərəb qəbilələrinə dini təbliğ etməyi əmr etdi, O da Minaya yollandı. Əbu Bəkirlə mən yanında idik. Bir qrup ərəbin yanına çatanda Əbu Bəkir irəli keçib salam verdi. Əbu Bəkir hər xeyirli işdə başda gəlirdi. Həm də o, ərəb qəbilələrinin soylarını çox yaxşı tanıyırdı. Nəhayət, sükutun hökm sürdüyü bir məclisə getdik. Orada qəbilənin nüfuzlu böyükləri oturmuşdu. Əbu Bəkir: “Kimlərdənsiniz?” – deyə soruşdu. “Şeyban b. Saləbə oğullarındanıq,” – cavabını verdilər.

Əbu Bəkir üzünü Allah Rəsuluna tutub: “Anam-atam sənə qurban! Bunlar qövmlərinin ən şərəfli insanlarıdır,” – dedi.

Məfruq b. Amr, Hani b. Qabisa, Müsənna b. Harisə və Numan b. Şərik kimi qəbilənin nüfuzlu adamları da orada idi. Əbu Bəkrə ən yaxın Məfruq b. Amr idi. Bu şəxs gözəl danışığı ilə seçilən insan idi. Sinəsi üstündə iki hörüyü sallanırdı. Əbu Bəkrin yanında oturmuşdu. Əbu Bəkir ondan soruşdu:

– Əhaliniz nə qədərdir?

– Min nəfərdən çoxuq, – deyə cavab verdi Məfruq b. Amr.

Əbu Bəkir:

– Gücünüz necədir? – deyə soruşdu.

Məfruq b. Amr:

– Bütün gücümüzdən istifadə edərik. Bununla birlikdə hər qövmün bir də bəxti vardır, – dedi.

Əbu Bəkir:

– Düşmənlərinizlə necə döyüşürsünüz? – deyə soruşdu.

Məfruq:

– Qarşı-qarşıya gələndə qəzəbimiz şiddətlidir. Biz yaxşı qaçan atları övladlarımızdan, silahı isə sağmal dəvədən üstün tuturuq. Təbii ki, yardım Allahdandır. Gah qalib edər, gah məğlub edər. Hər halda sən Qureyşdənsən? – dedi. Əbu Bəkir:

– Yəqin ki, Allah Rəsulunun xəbərini eşitmisiniz, bax o, bu şəxsdir, – dedi. Məfruq:

– Onun barəsində eşitmişik. Allahın Peyğəmbəri olduğunu iddia edirmiş, – dedikdən sonra Rəsulullaha dönüb:

– Ey Qureyşin qardaşı! Nəyə dəvət edirsən? – dedi. Peyğəm­bərimiz irəli gəlib oturdu. Əbu Bəkir də qalxdı, paltarı ilə Allah Rəsulunu kölgələdi. Rəsulullah:

– Sizi bir olan Allahdan başqa haqq məbud olmadığına, mənim Allahın Peyğəmbəri olduğuma inanmağa, məni qorumağa, dəstəkləməyə, Allahın mənə əmr buyurduqlarını yerinə yetirənə qədər mənə kömək etməyə çağırıram. Qureyş Allahın dininə qarşı döyüşmək üçün bir-biri ilə birləşdi, Allahın Peyğəmbərinə yalançılı deyərək ittiham etdi, batili haqdan üstün tutdu. Allah hər bir ­nöqsandan uzaq və hər həmdə layiqdir, – buyurdu.

Məfruq:

– Ey Qureyşin qardaşı, başqa nəyə dəvət edirsən? – deyə sordu. Allah Rəsulu bu məaldakı ayələri oxudu:

“(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz! Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (“Ənam” surəsi, 6/151-153)

Məfruq:

– Başqa nəyə dəvət edirsən? Vallah, bu, yer üzündə olanların sözlərdən deyil. Əgər onların sözlərindən olsa idi, heç şübhəsiz, indiyə qədər eşidərdik,” – dedi.

Allah Rəsulu bu məaldakı ayəni oxudu:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (“Nəhl” surəsi, 6/90)

Məfruq:

– Ey qureyşli, vallah, ən mükəmməl əxlaqa, ən gözəl əməllərə dəvət etdin. Səni yalançılıqda ittiham edib sənə qarşı çıxan qövmün iftiraçıdır,” – dedi. Sonra Hani b. Qabisanın da sözə qarışmasını istəyirmiş kimi: “Bu da Hani b. Qabisadır, böyüyümüz və dini liderimizdir,” – dedi.

Hani:

– Ey Qureyşin qardaşı! Sözlərini dinlədim, dediklərini təsdiq etdim. Zənnimcə, əvvəldən qərarlaşdırılmayan bu ilk məclisdə, məfkurən mövzusunda düşünmədən, bizi dəvət etdiyin şeyin aqibətinə baxmadan dinimizi buraxıb dərhal sənin gətirdiyin dinə tabe olmağımız xətalı olar, ağlın kasadlığına və fərasətin (uzaq­görənliyin) azlığına dəlalət edər. Xətalar həmişə tələskənliyin nəti­cəsidir. Qaldı ki, arxamızda qövmümüz var, onlar burada yoxkən razılaşmağımız düzgün olmaz. İndi sən get, biz də gedək, vəziyyəti sən də, biz də bir qiymətləndirək. Bir az düşünək, sonra bir qərar verək,” – dedi.

Müsənna b. Harisənin də sözə qarışmasını arzu edirmiş kimi:

– Bu da Müsənna! Böyüyümüz, hərbi işlərimizi təşkil edən yoldaşımızdır, – dedi.

Müsənna:

– Ey Qureyşin qardaşı! Sözlərini dinlədim, dediklərini bəyəndim, söylədiklərin məni, həqiqətən, heyrətə gətirdi. Cavabım Hani b. Qabisanın cavabı kimidir. Biz iki su mənbəyi arasında məskunlaşmış bir qövmük. Bu iki suyun biri Yəmamə, digəri Səmavədir, – dedi.

Rəsulullah:

– Bu iki su mənbəyinin adını çəkməkdə məqsədiniz nədir? – deyə soruşdu. Müsənna:

– Biri qurunun yüksək əraziləri ilə Ərəb torpaqlarıdır, o biri isə farsların ərazisi, Kisranın çaylarıdır. Biz oraya yerləşərkən heç bir hadisə törətməmək, qatilləri himayə etməmək barəsində Kisra bizdən vəd aldı. Sənin bizi dəvət etdiyin bu fikir hər halda, hökmdarların xoşlamadığı işlərdəndir. Ərəb diyarlarında baş verən hadisələrə gəlincə bunları törədən bağışlanır, üzrü qəbul edilir. Amma fars torpaqlarında bir hadisə törədən bağışlanmaz, üzrü də qəbul edilməz. Buna görə də ərəb torpaqlarında sənə kömək etməyimizi istəsən, bunu edərik! – dedi.

Peyğəmbər (s.ə.s.):

– Pis cavab vermədiniz, doğrunu çox gözəl ifadə etdiniz. Çünki Allahın dininə onu hər cəhətdən qavrayanlardan başqası sahib çıxa bilməz, – buyurdu.

Bundan sonra Allah Rəsulu Əbu Bəkrin əlindən tutub qalxdı. Sonra Əvs və Xazrəcin məclislərinə getdik. Biz oradan qalxmadan onlar Allah Rəsuluna beyət etdilər. Həzrəti Əli buyurdu ki: “Əvs və Xazrəclilər çox doğru və səbirli insanlardır”.[7]

Peyğəmbərimizin Əvs və Xazrəc qəbilələrini İslama dəvət etməsi

Həzrəti Əli bir gün ənsardan, onların üstünlüklərindən, keçmiş xidmətlərindən danışarkən belə buyurur:

“Ənsarı sevməyən və onlara dəyər verməyən həqiqi mömin ola bilməz. Vallah, onlar İslamı mal və qılıncları, gözəl söz və  səxavətləri ilə bu günlərə, bu səviyyəyə gətirib çıxardılar. Allaha and içirəm ki, Allah Rəsulu (s.ə.s.) bazarlara çıxar, qəbilələri İslama çağırardı, heç kəs onun çağırışını qəbul etməz, dəvətinə müsbət yanaşmazdı. Məcənnədə, Uqazda, Minada qəbilələrin yanına gedər, dəvətini hər il təkrarlayardı. Hətta bəzi qəbilələr: “Hələ də bizdən ümidini kəsmədinmi?” – deyərdi. Nəhayət, Allah-taala ənsar haqqında öz hökmünü verdi; Allah Rəsulu onları İslama dəvət etdi, onlar da dərhal qəbul etdilər. Onu qorudular, himayə və kömək etdilər. Allah ənsarı xeyirlərlə mükafatlandırsın!

Yanlarına gəldik, evlərində qaldıq. Bizi fədakarlıqla qarşılayıb hər şeydən üstün tutdular. Vallah, bizi öz yanlarında saxlamaq üçün biri-biri ilə yarışır və hətta püşk atırdılar. Mal-mülklərində özlərindən daha çox haqq sahibi olmağımızı da könül rahatlığı ilə qəbul edirdilər. Onlar canlarını peyğəmbərləri uğrunda fəda etdilər. Allahın salat və salamı Rəsuluna və onların cümləsinə olsun”.

Sad b. Rəbinin anası Ümmü Sad (r.a.) rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) Məkkədə olduğu müddətdə dayanmaq bilmədən qəbilələri, bizi Allaha iman etməyə çağırırdı. Çağırırdı, amma həmişə zülm görür, təhqirlərə məruz qalırdı. Nəhayət, Allah-taala ənsarı şərəfləndirdi; Allah Rəsulu Əqabə mövqeyində bir dəstə ənsarın yanına getdi. O əsnada onlar saçlarını qırxdırırdılar”.

Sad b. Rəbi nəql edir: “Ana, onlar kim idi?” – deyə soruşdum.

“Altı və ya yeddi nəfər idilər. Üçü Bəni-Nəccardan idi. Bunlar Əsad b. Zürarə ilə Afranın iki oğlu idi (digərlərinin adlarını demədi). Rəsulullah bu dəstənin yanında oturdu, onları Əziz və Cəlil olan tək Allaha iman etməyə çağırdı, Quran oxudu. Onlar da Allah və Rəsulunun dəvətinə razılıq verdilər və növbəti il görüşmək üzrə razılaşdılar. Bu, birinci Əqabədir. İkinci Əqabə daha sonradır”.

Ümmü Sada:

– Rəsulullah Məkkədə nə qədər qaldı? – dedi.

– Əbu Sırma Qays b. Əbi Ənəsin sözünü eşitmədinmi? – dedi.

– Nə dediyini bilmirəm, – cavabını verdim. Bunun qarşılığında Əbu Sırmanın bu misrasını oxudu:

“Qureyş içində on ildən çox qaldı

Nə vaxt vəfalı bir dost tapsa, məfkurəsini təbliğ edirdi”.[8]

Zühriz rəvayət edir: “Müşriklər Rəsulullaha  (s.ə.s.) təzyiqlərini artırınca Allah Rəsulu əmisi Abbas b. Abdulmüttəlibə:

– Əmi, Əziz və Cəlil olan Allah dininə elə bir qövmlə kömək edəcək ki, bu qövm üçün Qureyşin burnunu yerə sürtmək çox asan olacaq. Gəl Uqaz bazarına gedək, mənə ərəb qəbilələrinin düşərgə saldığı yerləri göstər, onları Allaha iman etməyə, Allahın əmlərini təbliğ edənə qədər mənə dəstək verməyə, məni himayə etməyə çağırım, – buyurdu.

Abbas: “Çox yaxşı, qardaşoğlu! Sən Uqaza get, mən də səninlə gəlirəm. Sənə qəbilələrin qaldığı yerləri göstərəcəyəm,” – dedi.

Allah Rəsulu əvvəl Saqif qəbiləsinin yanına getdi. Sonra bir-bir digər qəbilələri gəzdi. Növbəti, yəni ümumi dəvətin əmr olunduğu ildə Əvs və Xazrəc qəbilələrindən altı nəfərlə tanış oldu. Bunlar Əsad b. Zürarə, Əbul-Heysəm b. ət-Teyyihan, Abdullah b. Rəvaha, Sad b. Rəbi, Numan b. Harisə və Ubadə b. Samit idi. Peyğəmbərimiz (s.ə.s.) bu qrupa Minada ikən gecə Cəmreyi-Əqabə ətrafında rast gəlmişdi. Yanlarında oturdu və onları Allaha, Ona ibadət etməyə, nəbilər və rəsullar vasitəsilə göndərdiyi dinə dəstək olmağa çağırdı. Onlar da Allahın vəhy etdiyi bəzi ayələri oxumağı xahiş etdilər. Rəsulullah da “İbrahim” surəsini otuz beşinci ayədən sona qədər oxudu. Bu ayələrin məalı belədir:

“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən! Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər! Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar; Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” – deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik. (Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!) (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar! O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir! Bu (Quran), insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar! (“İbrahim” surəsi, 4/35-52)

Allah Rəsulunu dinləyincə özlərini itirdilər və dərhal dəvətə razılıq verdilər. Rəsulullah onlarla danışarkən əmisi Abbas da oradan keçirdi. Peyğəmbərimizi səsindən tanıdı və:

– Qardaşoğlu, yanındakılar kimlərdir? – deyə soruşdu. Bunun cavabında Peyğəmbərimiz:

– Əmi, bunlar Mədinə sakinlərindən Əvs və Xazrəclilərdir. Qəbilələri çağırdığım həqiqətlərə onları da dəvət etdim. Məni təsdiq etdilər, hətta məni öz diyarlarına aparacaqlarını söylədilər, – buyurdu.

Həzrəti Abbas atından endi və: “Ey Əvs və Xazrəc camaatı! Bu, mənim qardaşım oğludur. Ən çox sevdiyim adamdır. Onu təsdiq etdiniz, Ona inandınız və özünüzlə birlikdə aparmağa qərar verdinizsə, sizdən rica edirəm ki, Onu pərişan etməyəcəyinizə və aldatmayacağınıza söz verəsiniz. Qonşularınız yəhudidir və onların düşmənçilikləri məlumdur. Ona tələ qurmayacaqlarından əmin deyiləm,” – dedi.

Həzrəti Abbasın (r.a.) sözlərindən inciyən Əsad b. Zürarə (r.a.): “Ya Rəsulullah, icazə ver, səni incitmədən, xoşlamadığın bir şeyi demədən sənə inandığımızı təsdiq mahiyyətində ona cavab verək! Sadəcə sənə həqiqətən inanıb iman gətirdiyimizi deyəcəyik,” – dedi.

Rəsulullah: “Yaxşı, heç kimə töhmət etmədən cavab verin,” – buyurdu. Bu icazənin ardınca Əsad b. Zürarə üzünü Peyğəmbərimizə (s.ə.s.) tutdu və:

“Ya Rəsulullah, hər dəvətin həm yumşaq, həm də sərt bir yolu vardır. Bu gün sən insanları onlara çox çətin və məşəqqətli gələn bir yola çağırırsan. Bizi dinimizi tərk etməyə, təbliğ etdiyinə tabe olmağa çağırdın. Bu, ağır təklifdir, amma biz bu barədə sənə razılıq verdik. Bizi insanlarla qonşuluq əlaqələrini, yaxın-uzaq qohumluq münasibətlərini kəsməyə çağırdın. Bu ağır təklifini də qəbul etdik. Biz heç kəsin göz dikə bilməyəcəyi bir yurdda güclü bir qövmük. Bununla yanaşı bizdən tələb etdin ki, öz qövmünün qəbul etmədiyi, hətta əmiləri belə himayəsiz buraxdığı və bizdən olmayan bir insanı özümüzə rəhbər seçək. Baxmayaraq ki, bu çox ağır təklifdir, amma yenə də müsbət cavab verdik. İnsanlar bunların heç birini xoşlamır. Bundan ancaq o insanlar razı olar ki, Allah onların kamilliyini diləmiş, aqibətlərini xeyrə murad etmişdir. Bütün bunlara dilimizlə, könlümüzlə, varlığımızla iman edərək və onları qəlbən təsdiq edərək sənə razılıq verdik. Sənə bu təkliflərdə beyət edirik, Rəbbimizə və Rəbbinə bağlılığımızı bildiririk. Allahın əli əllərimiz üzərindədir! Qanlarımız sənin qanınla, əllərimiz sənin əllərinlə bərabərdir. Öz canımızı, oğullarımızı, qadınlarımızı qoruduğumuz təhlükələrdən səni də qoruyacağıq. Bununla əlaqədar sözümüzü yerinə yetirəriksə, Allah üçün edərik. Sözümüzdə durmasaq, Allaha qarşı xəyanət etmiş olarıq. Buna görə də bədbəxt olarıq. Ya Rəsulullah, bu da bizim təsdiqimiz! Tək olan Allahın köməyinə sığınırıq”.

Əsad b. Zürarə (r.a.) bu sözləri ardınca Abbas b. Abdulmüttəlibə dönərək:

– Ey Peyğəmbərin (s.ə.s.) qarşısında bizə sözlə sataşan! Sənə gəlincə – gerçək niyyətini Allah daha yaxşı bilər – Allah Rəsulunun sənin qardaşın oğlu olduğunu, Onu hər kəsdən çox sevdiyini söylədin. Biz bütün qohumlarımızla əlaqəmizi kəsdik. Onun Allahın Peyğəmbəri olduğuna şahidlik edirik. Allah-taala Onu öz dərgahından göndərmişdir. O, bir yalançı deyil. Onun vasitəsilə göndərilənlər bəşər sözünə bənzəmir. Bizdən təminat almadıqca bizim barəmizdə arxayın olmayacağını söylədin. Elə bir şey istədiniz ki, biz bu təminatı Allah Rəsulu üçün istəyən hər kəsə verərik, istədiyin təminatı ala bilərsən!” – dedi.

Sonra üzünü Peyğəmbərimizə (s.ə.s.) tutub: “Ya Rəsulullah, özün üçün istədiyini götür, Rəbbin üçün istədiyin şərti qoy, əmr edəcəyin hər şeyə razıyıq!” – dedi.[9]



[1]. Ebu Nuaym, Delail, 1/255

[2]. İbn Kəsir, əl-Bidaye, 3/145.

 [3]. Ebu Nuaym, Delail, 1/259

 [4]. İbn Kəsir, əl-Bidayə, 3/141.

 [5]. İbn Kəsir, əl-Bidayə, 3/140.

 [6]. Təbərani, Mucəmul-Kəbir, 20/343 (806)

 [7]. İbn Kəsir, əl-Bidayə, 3/142.

 [8]. Hakim, Müstədrək, 2/683 (4255)

 [9]. əl-Hindi, Kənzul-Ummal, 1/533(1525)