- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allah Rəsulunun (s.ə.s.) həvarisi Zübeyr ibn Avvam (r.a.)

 İlk həyatı

Həzrəti Zübeyr Peyğəmbərimizlə (s.a.s.) iki tərəfdən: həm ana tərəfdən, həm də Əfəndimizin xanımı Həzrəti Xədicə tərəfindən qohumdur. Anası Səfiyyə Peyğəmbərimizin (s.ə.s.) bibisi, atası Avvam isə Həzrəti Xədicənin qardaşıdır. Yəni Həzrəti Zübeyr Peyğəmbərimizin (s.a.s.) qaynı oğlu və Həzrəti Fatimə anamızın da dayısının oğlu olmuşdur. Daha sonraları da Həzrəti Əbu Bəkrin qızı Əsma ilə evləndiyi üçün Onunla bacanaq olmuşdur.

Həzrəti Zübeyr bu qohumluğu yaxşı dəyərləndirmiş, hələ gəncliyinin ilk illərində riza məqamına sahib olmuş, onu qorumağa çalışmışdır. Hələ 15-16 yaşında ikən müsəlman olma şərəfinə nail olmuşdur. Ancaq yarasaların gözləri işıqdan qamaşdığı kimi İslam nurundan qamaşan gözləri ilə İslamın yayılmasına mane olmaq istəyən Məkkənin “başbilənləri” bu əbədi nurun qarşısına pərdə çəkmək istəmişdilər. Əmisi müsəlman olduğunu öyrənincə həsrin arasına qoyaraq atəşin üstündə saxlayar, dinindən döndərmək üçün işgəncə edərdi. Bəli, iztirab və əziyyət, bu yolun taleyidir. O halda irşad və təbliğ adamı, daha işin başında iztirab və əziyyətə razı olmalıdır … Zübeyr b. Avvam (radiyallahu anh) da, hasıra sarılıb yandırılarkən bu yolun əhvalını əks etdirirdi.”[1]

Atası Ficar müharibələrində öldürüldüyü üçün kiçik yaşlarında yetim qalmışdı. anası Safiyyə kiçik Zübeyrə şəfqətini çox da büruzə verməz, həyatda çətinliklərə tab gətirə bilməsi üçün sevgili oğlunu bir az sıxarmış. Bunu başa düşməyənlər də onu danlayardılar. Onun verdiyi cavab çox maraqlıdır: “Mən Zübeyri ona görə döyürəm ki, ağıllı-kamallı olsun, iləridə orduları darmadağın edərək qənimətlə dönən qəhraman olsun”[2]. Ananın haqlı olduğu Həzrəti Zübeyrin həyatının sonrakı illərində təsdiqini tapdı. Zübeyr ibn Avvam bütün ömrü boyu Haqqın və haqlının tərəfində olmuş, bu yolda heç nədən çəkinməmiş, bu uğurda verilən əza və cəfalara dişini sıxaraq səbir etmiş, mətanətlə sinə gərmişdir.

Allah yolunda çəkilən ilk qılınc

Mərhəməti sonsuz Rəbbimiz insanlığın daha artıq qaranlıqda qalmasına razı olmadığı üçün Uca Peyğəmbərini (s.ə.s.) insanlığı “zülm və zülmətdən aydınlığa” çıxarmaq üçün göndərdi. Ona ilk tabe olanlardan biri də Hz. Zübeyr idi. O, müsəlmanlığı qəbul edəndə  nurlu halqanı təşkil edən beş-altı nəfər ancaq olardı.

Həzrəti Zübeyr bir gün əlində qılınc küçəyə yüyürür. Haraya getdiyi, nə etmək istədiyi məlum deyildi. Əlində qılınc, özü də küçənin ortasında. Birdən gözləri qamaşır, baxanda Sonsuz Nurun sahibi Əfəndimizi (s.ə.s.) qarşısında görüb çaşır. Əfəndimiz də (s.ə.s.) Zübeyri bu vəziyyətdə görəndə çox təəccüblənir. Sonradan məlum olur ki, o, Peyğəmbərin (s.ə.s.) şəhid edildiyini eşitmişdir. Ona görə də əlində qılınc küçəyə  yüyürərək qarşısına çıxanı doğrayacağına and içmişdir.[3] Allah Rəsulu (s.a.s.) İslamın təəssübünü çəkdiyi üçün onu təbrik edir. Göründüyü kimi Peyğəmbərə havari olmaq elə də asan məsələ deyil.

Elə İslamda ilk çəkilən qılınc da budur.

İlk hicrət

Məkkə müşrikləri İslam nurun yayılmasına əngəl olmaqda inad edir, Əfəndimiz (s.ə.s.) də ehtiyat üçün yeni bir mərkəz axtarışına çıxırdı. İlk ağıla gələn yer Həbəşistan idi. İslamın yayılması üçün bir şərait hazırlamaq məqsədi ilə Həzrəti Osmanın başçılığı altında oraya gedən dəstədə Zübeyr ibn Avvam da də vardı. Artıq Əfəndimiz (s.ə.s.) barmağı ilə hara işarət göstərirdisə, Hz. Zübeyr də ora yönəlirdi.

Həbəşistan, bir növ müsəlmanların sonrakı dövrlərdə başqa dinlərlə dialoq qurmağın ilk təcrübi fəaliyyəti yeri idi. Dinlərarası dialoq qurmaq və onu davam etdirmək prinsipi ilə gələn İslam dini o gün Həbəşistan xristianlarıyla, sonra Mədinədə yəhudi əhalisi ilə, daha sonra isə İran və başqa mədəniyyət nümayəndələri ilə ardıcıl münasibətlər axtarışında olmuşdur. İslamın gəlişiyə başlayan bu dialoq fəaliyyəti bu gün də davam etməkdədir.

Qardaşlaşdığı səhabələr

Məkkə dövründə Hz. Talha (ra) ilə; Mədinə dövründə isə Hz. Selamə ibn Sələmə əl-Ənsari (radiyallahu anh) və ya bəzi rəvayətlərdə Abdullah ibn Məsud (radiyallahu anh) ilə qardaş elan edilmişdi.

Bədir meydanı…

Artıq Mədinə Son Peyğəmbərə (s.ə.s.) qucaq açmış və hətta sədaqət rəmzi olaraq şəhərlərinin adını dəyişməyə belə razı olmuşdular. Məlum olduğu kimi şəhərin əvvəlki adı Yəsrib idi. (Yəsrib sözünün lüğəti mənası naxoş yer deməkdir.) Allah Rəsulu (s.ə.s.) oraya hicrət edəndən sonra “mədəniyyət beşiyi” mənasının rəmzi olsun deyə Taybə, Mədinə adlandırılmışdır.

Müsəlmanların Mədinəyə hicrət edib rahat nəfəs almaları Məkkə müşriklərini çox narahat edirdi. Cahillik və inadkarlıqlarından elmə, biliyə, xoşbəxtliyə gedən yolu başa düşmədikləri üçün bu yolla gedənlərə də mane olmaq istəyirdilər. Bunun üçün Bədir ölüm-qalım məsələsinin həll olunduğu, haqla batilin üz-üzə gəldiyi ən dəhşətli döyüşə səhnə olmuşdu. Bu döyüşdə bir tərəfdə daş ürəkli, qaranlığın təmsilçiləri; qarşı tərəfdə isə Sonsuz Nurun (s.ə.s.) aydınlatdığı nurlu halqanın təşkil edən Bədir əshabı daynmışdı.

Bədir qəzvəsinə ati ilə iştirak edən iki süvaridən biri də o idi.

Həzrəti Zübeyr o gün, həqiqətən, qəhrəmancasına döyüşmüş, Rəsulullahın önündə elə bir şücaət göstərmişdi ki, sonralar özü: “Bədənimdə sağ yer qalmadı. Hər yerim yara içində idi”, – deyərək o günləri xatırlayacaqdır. Kiçik oğlu, böyük hədis alimi Urvə atasının boynundakı yara yerinə barmağını soxub oynadığını nəql etmişdir. Bu yara izləri müsəlmanlarda sanki bir şöhrət medalı kimi idi. Kiminin əli çolaq qalmış (Hz. Talha), kiminin ayağı topal olmuş (Hz. Abdurrahman), kiminin də dişləri sınmışdır (Hz. Əbu Ubeydə). Bunlar Bədir və Uhud döyüşlərinin yadigarıdır.

Hz. Zübeyr o gün qarşısına çıxanlarla qəhrəmancasına vuruşmuş, önünə çıxmağa cəsarət edənlərin bu son döyüşü olmuşdu. Çünki o gün ölüm-dirim məsələsi həll olunurdu. Nurla zülmət qarşı-qarşıya durmuşdu. Firon zalımkarlığı sahib insanlarla Peyğəmbər Əfəndimizin (s.ə.s.) mücadiləsi idi. Hz. Zübeyr o gün, həqiqətən, əlindən gələni etmişdi Bədirdə əmisi də daxil olmaq bir xeyli müşrikin öldürmüşdür.. Əfəndimiz (s.ə.s.) Hz. Zübeyrin qəhrəmanlıqla döyüşməsini izləyərkən “sarı başlıqlı mələklərin Zübeyrin simasına bənzər bir şəkildə gəlib döyüşdə iştirak etdiyini” [4]müşahidə etmiş və onu müjdələmişdi.

Uhud: dik yoxuş, aşılması çətin bir təpə

Bədirdə aldığı ilk zərbədən sarsılan Qureyş bir il sonra təkrar hücum etmiş və Uhuda gəlmişdi. Rəsuli-Əkrəm də (s.ə.s.) ordusuyla Uhudun önünə qədər gəlib ordunu səf-səf düzmüşdü. Döyüş taktikasını seçmiş, istehkam qurmuşdu. Ordunun arxasını qorumaq üçün Ayneyn təpəsinə əlli oxçu yerləşdirmişdi. Onlara bərk-bərk xəbərdarlıq edilmişdi ki, nə olursa-olsun ikinci əmr gələnə qədər yerlərini tərk etməsinlər. Təəssüf ki, bu deyilən kimi olmadı. Əmrə itaət etməyin nə qədər önəmli olduğunu bildirmək üçün ilahi hikmət o gün müsəlmanların bir dərs almasını murad etmişdi. İlahi murad bu olmalı idi ki, Həmzə kimi, Musab kimi İslamın qəlbi olan igidlər Uhuddan Cənnətə uçmuşdular. Hətta bir müddət baş verən qarışıqlıqda Əfəndimizin (s.ə.s.) ətrafında barmaqla sayılacaq qədər belə adam qalmışdı. Qalanlar içində Hz. Zübeyr də vardı. Heybətli görünüşü ilə hücumları dəf edir, ancaq özü kafirin olduğu tərəfə hücum cəsarəti tapa bilmirdi.

Aramsız döyüş səngimiş, düşmən edə biləcəyini edərək geri çəkilmişdi. Hz. Zübeyr nəql edir: “Bir də gördüm ki, bir qadın qaça-qaça döyüş meydanına girdi. Əfəndimizin: “Bu qadını döyüş meydanına buraxmayın!”– xəbərdarlığından sonra səhabə o saat qadına mane olmaq istədi. Diqqətlə baxanda anam olduğunu gördüm. Tez yanına qaçdım: “Ana, nə işin var burda? Bura girmək olmaz!” – dedim. Ancaq anam hökmlü qadın idi, əli ilə məni itələyib: “Həmzəmi axtarıram!” – dedi. Mən: “Ana, Rəsuli-Əkrəm sənin buraya gəlməyini qadağan etdi!” – deyəndə dayandı, əlindəki bez parçası ilə: “Qardaşımı kəfənləmək istəyirəm!” – deyə bildi. Dayımın (elə dayıya canlar fəda) cəsədini axtarmağa başladıq. Bir tərəfdə ona müslə edilmiş (qulaqları, dodaqları və burnu kəsilmiş), ənsardan bir möminlə yan-yana uzanmış halda tapdıq. Vəziyyəti ürək parçalayırdı. Əvvəlcə anamın bu vəziyyəti görməsini istəmədim. Rasulullaha xəbər yolladım. “Baxsın”,– dedikdən sonra anam dayımı gördü, sonra onu kəfənlədik”.

Ardıcıl döyüşlər

Hz. Zübeyr bütün döyüşlərdə iştirak edir, Allah Rəsulundan (s.ə.s.) xoş sözlər, təriflər alırdı. İştirak etdiyi döyüşlərdən biri də Xəndək müharibəsi idi.

Bu döyüş Allah Rəsulunun (s.ə.s.) ərəb hərb tarixinə yazdığı yeni bir səhifə idi. Şəhərin ətrafında xəndək qazmaq o günə qədər ərəblərə məlum olmayan bir hərbi taktika idi ki, ilk dəfə Allah Rəsulu (s.ə.s.) bu döyüşdə tətbiq etmişdi. Mədinənin bir tərəfi Sel dağı idi. Başqa tərəfində də bir-birinə bitişik halda evlər yerləşirdi. Beləcə, şəhər “L”şəklində iki tərəfdən müdafiə olunurdu. Açıq qalan tərəfdə xəndək qazıldı. Hücum edən düşmən ordusu gözləmədiyi bir halla qarşılaşınca çaşıb qaldılar. Xəndəyi eninə, uzununa ölçüb-biçsələr də, keçməyə bir yer tapa bilmədilər. Hz. Zübeyr bu döyüşdə də çox böyük hünər göstərdi. Düşmən ordusu dağılmağa başlasa da, vəziyyət tam məlum deyildi. Bu vaxt Allah Rəsulu (s.ə.s.) “Kim gedib xəbər gətirər?” – deyə soruşdu. Üç dəfə təkrarlanan bu suala hər dəfə Hz. Zübeyr: “Mən, ya Rəsulullah!” – dedi. Bu döyüş çox dəhşətli bir döyüş olmuşdu. Müsəlmanlar həm aclıqla, həm də Ahzab ordusu ilə mübarizə aparmışdılar. Hər kəs aclıqdan qarnına daş bağlayırdı.

Xəndək döyüşündə müsəlmanların dost və düşməni ayırd oldu. Bu baxımdan da Xəndək döyüşü çox əhəmiyyətlidir. Döyüş vaxtı müsəlmanların məğlub olduğunu zənn edən Qürəyzə qəbiləsinin başçıları Əfəndimizlə (s.ə.s.) döyüşdən əvvəl təzələdikləri müqaviləni xəyanət edərək, pozdular. Müsəlmanlar həm Ahzab ordusu, həm də aclıqla boğuşarkən Qürəyzə qəbiləsi də arxadan bir zərbə endirdi.

Allah Rəsulunun (s.ə.s.) apardığı açıq döyüş strategiyası və gizli kəşfiyyatları nəticəsində Ahzab ordusu çox davam gətirə bilməmiş, arxaya baxmadan geri çəkilmişdi. Artıq döyüş bitmişdi. Hamı evinə çəkilib döyüşün ağır çətinliklərindən sonra dincəlmək istəyirdi. Əfəndimiz də (s.ə.s.) evinə gəlmiş və döyüş paltarını dəyişməyə hazırlaşırdı.

Peyğəmbərimiz elə zirehini əynindən çıxarmaq istəyirdi ki, Cəbrayıl (ə.) hazır oldu. Qürəyzəlilərin üzərinə hücum etmək əmr olunurdu. Qürəyzəlilər başlarına gələni təxmin etmişdilər. Həm də Əfəndimiz (s.a.s.) qarşısında tək qalmışdılar. Bel bağladıqları Əhzab ordusu dağılmış, nə Qureyş, nə qatafanlılar, nə də Xeybər yəhudilərindən kömək ala bildilər. Bir qədər müqavimət göstərdikdən sonra təslim olmağa məcbur oldular. Əvvəldən təslim olsaydılar, bəlkə də, Bəni-Nadir qəbiləsi kimi təkcə sürgün cəzası ilə canlarını qurtara bilərdilər.

Buraya ilk gələnlər arasında yenə də Hz. Zübeyr vardı. Qalanın müdafiəsinin qırılmasında Hz. Zübeyrin səyləri yaddaşlardan silinməz. Hz. Zübeyrin bu döyüşdə göstərdiyi qəhrəmanlıqları Əfəndimiz (s.ə.s.) tərəfindən rəğbətlə qarşılanmışdır. Hz. Əlinin rəvayətinə görə, Peyğəmbər (s.a.s.): “Hər peyğəmbərin bir havarisi vardır, mənim havarim də Zübeyrdir”, – sözləri ilə öz rəğbətini ifadə etmişdir. Və Allah Rəsulu yenə bu səfərdə çox az insana nəsib olan: “Atam-anam sənə fəda olsun!” – ifadəsi ilə Hz. Zübeyrə sevgisini bildirmişdir. Amma o, bunları Əfəndimizdən (s.ə.s.) bu dua və sənalarını eşitmək üçün deyil, vəzifə bildiyi üçün etmişdi.

Hz. Zübeyr həmişə Allah yolunda şəhid olmağı arzulamışdır. Bu məqsədlə Xeybərə də getmişdi. Burada onların məşhur pəhləvanları Məlhabın oğlunun: “Müsəlmanlardan qarşıma çıxan bir adam yoxdur?” – çağırışına Hz. Zübeyr özünü ortaya ataraq cavab vermişdi. Çox gərgin mübarizə getmişdi. Hətta vuruşmanı seyr edən anası dayana bilməyib: “Yoxsa oğlum öldümü, ey Allahın Rəsulu?” – deyə soruşmuşdu. Əfəndimiz (s.a.s.) də hələ bitməmiş döyüşün nəticəsini müjdələmişdi: “Xeyr, Allahın izni ilə oğlun qalib gələcəkdir!”[5]

Məkkə…

Artıq küfrün mərkəzinə İslam bayrağını sancmağın vaxtı çatmışdı. Bütün hazırlıqlarını bu istiqamətdə aparan Allah Rəsulu (s.ə.s.) onların heç nədən şübhələnməməsi üçün bütün işləri gizli görürdü. Mümkün olsa, bir quşun belə Mədinə səmasından keçib Məkkəyə uçmasına icazə verilməyəcəkdi. Hamı buna çalışır, əzm göstərirdi.

Nəhayətində insan olduğumuz üçün bütün tədbirlərinin tükəndiyi bir məqam vardır. Elə o anda İlahi inayət əli imdada çatır. Bu dəfə də elə olmuşdu. Bir qadın Mədinədən aldığı məktubu Məkkəyə aparırdı. Bundan Əfəndimiz də (s.ə.s.) daxil olmaqla heç kimin xəbəri yox idi. Allah, Elçisini bundan xəbərdar etdi. Hz. Əlinin başçılığı altında Hz. Zübeyr və Hz. Miqdad daxil olmaqla üç nəfərlik bir qrup qadının arxasınca yollandı. Qadın hələ Məkkəyə çatmamış yaxalandı. Üst-başını yoxlasalar da, bir şey tapa bilmədilər. Hz. Əli hirsləndi: “Allah və Rəsulu yalan söyləməz! Səndə məktub var!” – dedi. Qadın daha müqavimət göstərmədi, saçlarının arasında gizlətdiyi məktubu çıxarıb verdi. Məktub ələ keçmişdi, ancaq bununla bağlı Əfəndimiz (s.ə.s.) özü ölçü götürdü[6].

Məkkənin fəthi üçün yola düşən ordunun tərkibində Hz. Zübeyr də vardı və həmişə olduğu kimi yenə də öndə idi. Bu dəfə də Əfəndimizin (s.a.s.) yanından ayrılmayan Hz. Zübeyr yenə ən seçilən səhabə qrupu içində idi və Peyğəmbərimizin başçılıq etdiyi dəstənin bayrağını daşıyırdı.

Ətrafa açılma dövrü

Küfrün mərkəzi təslim olmuşdu. Ancaq Huneyndə bir ordunun müsəlmanlara qarşı hazırlandığı xəbəri gəlincə Rəsuli-Kibriya ordusu ilə oraya getdi. Bir vadidən keçəndə qəfil bir hücum oldu. Bu səbəbdən ani bir çaşqınlıq baş verdi, insanlar ətrafa səpələndilər. Hətta Allahın Rasulullahın (s.ə.s.) ətrafında çox az sayda adam qalmışdı. Əfəndimizin (s.ə.s.) qatırının ipini tutan Hz. Abbas kimi, Hz. Əbu Bəkir və Hz. Ömər kimi az sayda səhabənin içərisində yenə Hz. Zübeyr vardı. Huneyn müharibəsində də xariqüladə hünər göstərdi.

Taif müharibəsində də Hz. Zübeyr öhdəsinə götürdüyü işi başa çatdırdı. Təbuka qədər getmiş, Bizansa ilk zərbənin vurulduğu səfərdə də iştirak etmişdir. O nə əmr edilmişsə, onu da etmişdir. İslamın yayılmasına mane olan qüvvələrə qarşı  mücahədədə əlindən gələni əsirgəməmişdir.

Birdən dünya sarsıldı..

Hər fani kimi Həzrəti Muhammədin (s.ə.s.) də dünyadan köç vaxtı gəlmişdi. Əslində, qəlb gözü açıq olanlar bunu bilirdi. Ayə lap əvvəldən dəfələrlə xəbərdarlıq etmiş: “Sən də öləcəksən, onlar da!” – demiş və “Dininizi bu gün kamala çatdırdım!” – buyurmuşdu. “Əgər sən ölsən…” – deyib həmd və istiğfar ilə Rəbbini çox zikr etməsini xatırlatmış, ümmətinə Onun da bir fani olduğunu mesaj etmişdi. Amma xəbər qəfildən gəlmişdi. Ölümü Ona yaraşdırmırdılar. Səmanın ənginliklərindən gələn səslə Onun vasitəsi ilə danışmağa o qədər alışmışdılar ki, sanki birdən günəş tutulmuşdu. Dünyaları qaralmışdı birdən. Məscidi-Nəbəvi göz yaşlarına qərq olmuşdu. Hər tərəfdə hıçqırıq səsləri eşidilirdi. Ta ki Hz. Əbu Bəkir gəlib: “Əgər siz Ona ibadət edirdinizsə, bilin ki, O öldü. Yox, əgər Allaha ibadət edirsinizsə, O Hayy və ölməzdir”, – deyəcəyi ana qədər əshabın şokdan çıxması mümkün olmayacaqdı. Çünki bir günəş batmışdı, dünyaları qaralmışdı. İnsanların ən sevgilisi Haqqa qovuşmuşdu, insanların ən çox sevdiyi əbədi aləmə köç etmişdi. Bu ayrılığa dözmək çətin idi. Amma Hz. Zübeyr də, digər səhabələr dözdülər. Onun mübarizəsini davam etdirmək lazım idi. Onlar da bunu etdilər.

Hər kim olsa..

Allah Rəsulu (s.ə.s.) onlara yol açmışdı. Bəzi şeyləri simvolik olaraq söyləmişdi: “Siz öz işinizi görün. Nə əmr edirlərsə, onu ən gözəl bir şəkildə yerinə yetirin”, – demişdi. “Sizə kim rəhbər olursa olsun, qıvrım saçlı bir həbəşi kölə olsa belə…” deyərək rəhbərliyin çox önəmli olmadığını işarə etmişdi. O (s.ə.s.), bunu 18 yaşındakı Hz. Üsaməni orduya komandir təyin etməklə sübut etmişdi. Azad etdiyi keçmiş köləsi Hz. Zeydi də bir orduya – Bizansa qarşı göndərdiyi Mutə ordusuna komandir təyin etmiş, öz əmisinin oğlu Cəfəri, bibisinin oğlunu onun tabeçiliyinə vermişdi. Yenə Hz. Xalid müsəlman olduqdan çox az müddət sonra Hz. Ömərin də olduğu bir orduya komandir təyin edilmişdi. Eyni şeyi Hz. Amr b. As üçün də demək olar. O da əmri altında əshabın ən seçilmiş şəxsləri olmaqla bir səfərə məmur edilmişdi. Bütün bu örnəklər göstərirdi ki, rəhbər və ya məmur olmaq elə də önəmli deyildi, əsas məsələ birliyi qoruyan işlər görməkdi.

Xəlifələr dövründə

Hz. Əbu Bəkir dövründə Mədinədə qalan Hz. Zübeyr Hz. Ömərin dövründə Şama göndərildi. Hz. Zübeyr oraya Yərmuk döyüşünün qızğın çağında çatdı. Bu döyüş ölüm-qalım məsələsi idi. Qalib gəlsələr, oralara sahib olacaq, məğlub olsalar, Şam və ətrafdakı əraziləri tərk etməyə məcbur olacaqdılar. Bu vaxt oraya gələn Hz. Zübeyr orduya dayaq olmuş, döyüşün zəfərlə bitməsində ciddi səy göstərmişdi.

Hz. Ömər onu Fustatı fəth etməyə məmur etmiş, Amr ibn Asın tabeçiliyindəki orduya vermişdi. Yeddi ay mühasirədə qalan Fustat hələ fəth edilməmişdi. Hz. Zübeyr gələndən sonra Amr ibn As ordunu ona tapşırdı. Hz. Zübeyr mancanaqlar qurdurub qalaya daşlar yağdırmağa başladı. Qalanın ətrafına ip nərdivanlar çəkdirdi. Oradan qalaya girib qapıları açdılar. [7]Onun şəhid olmaq üçün mücadilə etdiyi bütün müharibələrdə bu və buna bənzər qəhrəmanlıqları çox olmuşdu.

Hz. Ömərin Haqqa qovuşmasından sonra xəlifə şurasına da daxil olan Hz. Zübeyr Hz. Əlinin xeyrinə öz namizədliyini geri götürmüşdü. Hz. Osman zamanında Mədinədə yaşayan Hz. Zübeyr dövlət işlərinə qarışmamışdı. Hz. Osmanın evi mühasirəyə alınanda oğlu Abdullahı Hz. Osmanın qapısında gözətçi qoymuş, o da atasının əmrinə əməl etmişdi. O, şəhid olandan sonra namazını qılmış, Haşrı-Kəvkəb deyilən yerdə torpağa tapşırmışdı.

Və sona doğru

Hz. Əli xəlifə olsa da, Mədinədə tam olaraq rəhbərliyi təsis edə bilməmişdi. Mədinədəki fitnəkar qruplar da aranı qarışdırırdılar. Səhabələrdən bəziləri bu qarışıqlıqdan bezib Məkkəyə getdi. Gedənlər arasında Hz. Zübeyr də vardı. Orada həcc ziyarətindən dönməyə hazırlaşan Hz. Aişə ilə birləşib Bəsrəyə getməyə qərar verdilər.

Əslində Hz. Zübeyr (radıyallahu anh) Cəməl hadisəsində Bəsrəyə Hz. Əli (radiyallahu anh) ilə döyüşməyə deyil, insanlar arasında sülh etmək, Hz. Osmanın (radiyallahu anh) qatillərindən qisas almaq və fitnənin kökünü kəsmək üçün çıxmışdı. Döyüş isə qəflətən iki qrupun da qəsdi olmadan içəridəki münafiqlərin təhrikiylə meydana gəlmişdir.

 Yuxarıda bəhs etdiyimiz Cəməl hadisəsində Hz. Əli ilə Hz. Zübeyr qarşı-qarşıya gəldilər. Orada Hz. Əli Hz. Zübeyrə bir şeyi xatırlatdı: “Ey Zübeyr, yadındamı bir gün Mədinədə ikimiz əl-ələ tutub gedirdik. Əfəndimiz qarşımıza çıxdı. İkimizə də baxdıqdan sonra sənə dönüb: “Ey Zübeyr, Əli ilə sənin aranda bir hadisə olacaq, amma sən onda haqsız olacaqsan”, – buyurdu?  Zübeyr birdən duruxdu. Bəli, yadına düşmüşdü.[8] Amma bu günə qədər unutduran unutdurmuşdu. O saat geri döndü. Mədinəyə tərəf yola düşdü. Ona: “Bu qədər adamı bir yerə yığıb indi də buraxıb gedirsən?” – dedilərsə də, böyük bir haqq tərəfdarı olduğunu sübut edərək deyilənləri vecinə almadı və yoluna davam etdi.

Səhabələr belə idi. Hamısı da “Vaqqaf indəl-Haqq” idilər. Haqqı gördükləri anda oradaca dayanırdılar. O günə qədər bildikləri və elədiklərini əllərinin arxası ilə itələyə bilirdilər. Bu xüsusiyyətdə onlara çatan olmazdı.

Mədinəyə getdiyi yerdə haqdan xəbərsiz Amr ibn Cürmüz adlı bir şəxs onun arxasınca düşüb namaz qılarkən şəhid etmişdi. Onu öldürməklə Hz. Əlinin gözünə girməyə çalışacaqdı. Hz. Zübeyr şəhid edildiyi vaxt 66-67 yaşlarında idi. (Rahmətullahi aleyhi rahmətən vasia).

İbn Cürmüz Hz. Əlinin yanına gəlib Hz. Zübeyri öldürdüyünü xəbər verdi. “Bu qılıncım, – dedi, – onun başını kəsdi”. Qarşılığında nə isə alacağını gözləyirdi. Ancaq istədiyinə nail olmadı. Hz. Əli onu bir şeylə – Peyğəmbər Əfəndimizin (s.a.s.) bir xəbərdarlığı ilə hüzurundan qovdu: “Safiyyənin oğlunun qatilini Cəhənnəmlə müjdələyirəm!”

Elmi fəaliyyəti

Allah qorxusu və Hz. Peyğəmbərə (s.ə.s.) olan ehtiramdan hədisləri təhrif edərəm qorxusu ilə rəvayət etməkdən çəkinmiş. Bu səbəbdən rəvayət etdiyi hədis sayı otuz səkkizdir. Oğlu bunun səbəbini soruşanda: “Oğul! Dostlarımın şahid olduğu şeylərə mən də şahid oldum. Amma mən Əfəndimdən bunu da eşitdim: “Kim bilərək mənə yalan isnad edərsə, Cəhənnəmdə yerini hazırlasın”. Onun demədiyi bir sözü demək qorxusuyla hədis rəvayət edə bilmədim”, – demişdi.

Ticarətlə məşğul olduğu üçün Mədinənin hörmətli varlıları arasında özünəməxsus yeri vardı. Deyilənə görə Hz. Zübeyrin minə qədər köləsi vardı. Onların qazancının hamısını Allah yolunda sədəqə verirdi. Peyğəmbərin (s.a.s.) şairi Hassan ibn Sabit bu durumu bir şeiri ilə mədh etmişdi. Çoxlu sərvəti olmasına baxmayaraq sadə bir həyat yaşadı. Dünyaya çox bağlanmaq istəmədi.

Böyük bir ailəyə sahib olan Hz. Zübeyr on səkkiz uşaq atasıdır.

Allah Rəsulu onu illər öncəsi Cənnətlə müjdələmişdir. “Talha və Zübeyir mənim cənnətdə qonşularımdır”.[9]

Hz. Cabir nəql edir: “Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:” Hər peyğəmbərin bir həvarisi vardır. Mənim həvarim isə Zübeyr İbn Avvamdır”.[10]

Allah bizi onların sevgisindən və şəfaətindən məhrum eyləməsin. Amin.


[1] F. Gülən, İrşad Ekseni

[2] İbn Sad, Tabakat, 3/101

[3] Üsdül-Ğabə, 2/197

[4] İbn Sad, Təbəqat, 3/103

[5] İbn Hişam, Sire, 3/348

[6] Buxari, Cihad 141, Məğazi 46, Təfsiri surə (60) 1, İstizan 23; Müslim, Fezailüs-Sahabə 161.

[7] Mölana Şibli, Əsri-Səadət, (Ashabı-Kiram), 1:344

[8] İbn Əsir, Üsdül-ğabə, 2/199

[9] Tirmizi, Mənaqib, 22

[10] Buxari, Fəzailul-Əshab 13, Cihad 40, 41,