- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allah üçün ilk qan tökən səhabə

Sad ibn Əbi Vəqqas Mədinəyə hicrətədək Məkkədə qaldı. Digər müsəlmanlar kimi Məkkə illərində müşriklərin amansız işgəncələrinə məruz qaldı. Müsəlmanlar Məkkə qoluzorlularının hücumlarına məruz qalmamaq üçün gizli ibadət edirdilər.

Bir gün Sad (r.a.) dostları ilə birlikdə ibadət edirdi. Bu vaxt bir dəstə müşrik onlara sataşdı, İslamı məsxərəyə qoydu. Sonra isə onlara hücum etdi. Bunu görən Sad əlinə keçən dəvənin bel  sümüyü ilə müşriklərdən birini vurub qanına qəltan elədi. Bəli, İslamda Allah üçün tökülən ilk qan budur[1].

Həzrət Sad (r.a.) qardaşı Ümeyrlə (r.a.) Mədinəyə hicrət etdi və qan davasına görə Məkkəyə qaçan qardaşı Utbənin evində qalmağa başladı. Peyğəmbərimiz Sadı Musab ibn Ümeyrlə, başqa bir rəvayətə görə isə, Sad ibn Muazla qardaş elan etdi.[2]

Müsəlmanların hicrəti nəticəsində Mədinə dövlətə çevril­miş və düşmənlərlə mübarizə aparmağa başlamışdı. Bu is­ti­qamətdə Məkkə karvanlarına qarşı kiçik hərbi dəstələr (sə­riyyələr) göndərilirdi. Hicrətin 7-ci ayında Məkkə karvanının qarşısını kəsmək üçün Həzrət Həmzənin rəhbərliyi altında göndərilən 30 nəfərlik səriyyədə Həzrət Sad da iştirak edirdi.

Məkkədə Allah yolunda ilk qan tökən Həzrət Sad burada da Allah yolunda ilk ox atmaq şərəfinə çatdı. “Allah yolunda ilk ox atan ərəb mənəm”[3] sözü Sadın özünə aiddir. İlk səriyyədən bir ay sonra İbn Harisin rəhbərliyi altında yeni bir səriyyə göndərildi. Həzrət Sad da bu dəstənin içində idi. Qureyş karvanı ilə qarşı-qarşıya gələndə ilk oxu Sad ibn Əbi Vaqqas atdı.

Buvat qəzvəsində ordunun bayraqdarı Həzrət Sad idi[4].  Daha sonra isə Məkkə ilə Taif arasında yerləşən Nahləyə Ab­dullah bin Cahşın rəhbərliyi altında göndərilən səriyyədə iştirak etdi. Bütün cihadlarda fəallıq göstərən Həzrət Sad Bədir döyüşündə müşriklərin süvari birliyinin sərkərdəsi Said ibn əl-Asimi öldürüb qılıncını Rəsulullaha (s.a.s.) gə­tir­mişdi. Peyğəmbərimiz döyüşdə ələ keçirilən qənimətləri bö­lüşdürərkən “Zülkifə” adlanan bu qılıncı Sada verdi.

Uhud döyüşündə müşriklər üstünlüyü ələ keçirdiyi və Mü­səlmanların arasında qarışıqlıq düşdüyü bir vaxtda Pey­ğəm­bərimizin (s.a.s.) yanında qalıb bədənini Ona sipər edən səhabələrdən biri də  Sad ibn Əbi Vəqqas idi. Bu qorxu bilməz səhabə cəsarətlə  düşmənə ox yağdırırdı. Sad ox atmaqda mahir idi və hədəfini vururdu. Peyğəmbərimiz (s.a.s.) ona ox verərək belə deyirdi: “At, Sad, anam-atam sənə fəda olsun[5]. Çox az səhabə var ki, Allah Rəsulu bu cür xitab eləsin.

Həzrət Sad (r.a.) Uhud döyüşündə tək başına min ox atmışdı.[6] O, Xəndək döyüşündə, Hudeybiyyə səfərində, Xeybərin, Mək­kənin fəthi və digər döyüşlərin hamısında iştirak etmişdi[7].



[1] İbn Əsir, Üsdül-ğabə, 2/367

[2] İbn Sad, Təbəqat, 3/139-140

[3] İbn Sad, Təbəqat, 3/139-140

[4] Təbəri, Tarix, Beyrut, 1967

[5] Müslim, Fəzailül-səhabə, 5; İbn Sad, Təbəqat, 3/141: İbn Əsir, əl-Kamil fit-tarix, 2/155, Beyrut, 1979.

[6] İbn Əsir, Üsdül-ğabə, 2/367

[7] İbn Sad, Təbəqat, 8/278