- Səhabələr - https://sehabe.meneviyyat.az -

Allahın Aslanı Həmzə ibn Əbdülmuttalib (r.a.)

Ey Allahın Rəsulunun əmisi, ey Allah və Rəsulunun aslanı Həmzə, ey xeyirlər sahibi Həmzə! Ey Allahın Rəsulunu hər şeyi ilə himayə edən  Həmzə, Allah sənə  rəhmət eləsin. Əgər yas tutmaq lazım olsaydı, səndən sonra sevinməyi tərk edib yas tutardım.

Hədisi-Şərif

İslamın inkişafına gözü götürməyən Məkkə müşrikləri iman ərlərini qorxutmaq üçün hər cür rəzilliyə əl atırdılar. Küfr bəndlərinin iman şəlaləsinin sarsıtdı­ğını hiss edirdilər. Ən çox güvəndikləri insanların hidayət qapısından girdiyini gör­dükcə daha da özlərindən çıxırdılar. Zənn edirdilər ki, Allahın sevimli Peyğəmbərini usandıracaqlar. Onu addım-addım izləyir, o mübarək insana hər cür işgəncəni rəva görürdülər.

Peyğəmbərliyin altıncı ili idi. Peyğəmbərimiz Səfa təpəsinin ətəyinə gəlmişdi. Müşriklər Peyğəmbərimizə söz demək üçün fürsət gözləyirdilər. Əbu Cəhl dostları Adiy bin Hamra və İbnül-Asda ilə birlikdə Peyğəmbərimizin qarşısında dayandı. Peyğəmbərimizə təhqir dolu sözlər söyləməyə başladılar. Dişinin dibindən çıxanları dedilər. Bununla kifayətlənmədilər, Peyğəmbərimizin mübarək başına torpaq səpdilər. Üstünə zibil atmağa başladılar. Hətta onlardan biri cürət edib Peyğəmbərimizin boynundan basdı. Hər cür alçaq əmələ əl atıb Peyğəmbərimizin yanından ayrıldılar. Şəfqət qəhrəmanı və səbir timsalı Rəsuli-Əkrəm onların bu əməlləri qarşısında bir cavab belə vermədən qalxıb evinə getdi.

Əbu Cəhl tərəfdarları ilə oradan ayrılandan sonra Kəbə ətrafında olan müşriklərin yanına getdi.

Onların Peyğəmbərimizin başına gətirdiklərini orada evi olan Abdullah bin Cüdanın azadlı köləsi görmüş, bütün sözlərini eşitmişdi. Peyğəmbərimizin əmisi Həmzə qılıncı belində, yayı çiynində ovdan qayıdırdı. Həmzə günün çox hissəsini ovda keçirərdi. Eyni zamanda usta atıcı və nişançı idi. Ovdan qayıdanda Kə­bəni təvaf edib Qureyşin toplandığı yerə gedər, bir az söhbət edər, ondan sonra evinə gələrdi.

Həmzə Kəbəyə doğru gedəndə hadisəni görən nökərlə qarşılaşdı. “Ey Üma­rənin atası! ‒ dedi və hadisəni danışmağa başladı, ‒ qardaşın oğlu Muhəmmədə Əbu Cəhl və yoldaşlarının nələr etdiklərini görsəydin, çox qəzəblənərdin”, ‒ dedi.

Həmzə birdən qəzəbləndi. Nökərin sözünü kəsib: “Nə etdilər ona?!” ‒ deyə soruşdu. Nökər Rəsulullaha əziyyət etdikləri yeri göstərərək: “O, burada oturanda yanına gəldilər, onu alçaltmağa, təhqir etməyə başladılar. Sonra da çıxıb getdilər”, ‒ deyincə Həmzə dəqiqləşdirmək etmək üçün: “Sən onların nələr etdiyini öz gözünlə gördünmü?” ‒ deyə soruşdu. Nökər: “Bəli, gördüm”, ‒  deyincə Həmzə sürətli addımlarla Kəbəyə doğru irəlilədi.

Həmzə Qureyşin mərd və cəsarətli igidlərindən idi. Haqsızlığa dözməyən, canı bahasına da olsa, zülmə etiraz edən bir insan­ idi.

Evə getmədən Əbu Cəhlin və dostlarının yanına yollandı. Əbu Cəhli tapıb ona həddini göstərəcəkdi. Qardaşı oğluna qarşı edilən haqsızlığı heç cür qəbul edə bilmirdi. Hələ müslüman deyildi, amma qardaşı oğlunu müdafiə etməyə ona heç kəs mane ola bilməzdi. Onun qəlbinə artıq iman nuru əks etməyə başlamışdı. Həmzə camaatın arasında Əbu Cəhli görər-görməz səssiz-səmirsiz çiynindəki yayı qaldırıb başına vurdu. Zərbədən Allah düşməni səndələdi. Başı əməlli-başlı yarılmışdı.

Zərbənin haradan gəldiyini görməyən Əbu Cəhl başını azacıq qaldıranda Rəsulullahın əmisinin bir aslan kimi qarşısında dayandığını gördü. Həmzənin hirsi soyuyandan sonra Əbu Cəhlə belə dedi: “Qardaşım oğlunu sən idin təhqir edən?! Bax mən də onun dinini qəbul etdim. Onun dediklərini deyirəm. Gücün çatırsa, ona etdiklərini mənə də et, baxım!”

Əbu Cəhlin sanki dili-ağızı qurumuş, əli-ayağı tutulmuşdu. Özünü haqlı göstərmək məqsədi ilə müdafiəyə keçdi: “Bilirsən, o, bizə haqsızlıq etdi. Bütlərimizi təhqir etdi. Atalarımızın yolun­dan ayrıldı. Yeni yol icad elədi”. Hz. Həmzə Əbu Cəhlin sözünü yarımçıq kəsdi. Onu dinləməyə artıq  səbri çatmırdı. Qureyşin bütün öndə gələn müşriklərinə tərəf yönəlib hayqırdı: “Sizdən ağılsız kim var?! Allahdan başqasına ilah deyə tapınırsınız. Cansız bütlərə boyun əyirsiniz, ‒ daha sonra imanını orada elan etdi, ‒ mən şahidlik edərəm ki, Allahdan başqa ilah yoxdur, Muhəmməd də Allahın Rəsuludur”.

Müşriklər Əbu Cəhli müdafiə etmək üçün ayağa qalxdılar: “Ey Həmzə, sən atalarının dinindən döndün!” ‒ deyə danışmağa başlasalar da, Hz. Həmzə: “Döndüm, bunda nə var ki? Muhəmmədin dini haqq və düzgündür. Vallah, bundan sonra mən ondan ayrıl­maram, əgər siz haqlısınızsa, gəlin mənə mane olun!”

Onlar Həzrəti Həmzənin bu mətanəti qarşısında deməyə bir söz tapa bilmədilər. Əbu Cəhl adamlarına: “Buraxın Ümarənin atasını, onun dediklərinə və etdiklərinə, həqiqətən də, layiqəm. Onun qardaşı oğluna həqarət etmişəm”, ‒ deyərək səhvini etiraf etdi. [1]

O gün Hz. Həmzə müharibə meydanından müzəffər dönən bir ordu başçısı kimi ora­dan ayrıldı. Evinə qayıdırdı. Yolda şeytan belə vəsvəsə verməyə başladı: “Sən Qureyşin öndə gələnlərindən idin. Dinindən dönmüş adama tabe oldun. Ata-babalarının qoyub getdiyi və sənin üçün xeyirli olan dindən dönməklə heç də yaxşı iş görmədin!”

Həmzə qəlbindəki tərəddüdə son vermək üçün Kəbəyə getdi. Rəbbinə yönəldi: “Allahım, tutduğum yol doğrudursa, onu qəlbimə agah elə, şübhələrimi yox et və ya mənim üçün bu barədə bir çıxış yolu göstər!” ‒ dedi.

O gecə yatdı. Səhər olunca Peyğəmbərimizin yanına getdi. Peyğəmbərimizin hüzuruna daxil oldu. Başına gələnləri danışdı. Peyğəmbəri­miz ona dua etdi, nəsihətlər verdi. İslamı öyrətdi. Cəhənnəm əzabı və cənnət nemətlərindən danışdı. Bu pak, ülvi söhbətdən sonra Hz. Həmzənin qəl­bi nurlandı, munisləşdi. Se­vinc və həyəcan içində dərhal şəhadət gətirdi: “Ey qardaşım oğlu, mən şəhadət edərəm ki, sən haqsan. Dinini mənə açıq-aşkar əyan et”.[2] Peyğəmbərimiz ona haqq dinin bütün əsaslarını öyrətdi. Ona cəsarət verdi.

Əmisinin İslamı qəbul etməsi Peyğəmbərimizi çox sevindirdi. Hz. Həmzənin Müsəlman olması digər Müsəlmanlara da əminlik gətirdi. Müşriklər müsəlmanlara əvvəlki kimi əziyyət edə bilməyib bəzi işgəncələrini buraxmaq məcburiyyə­tində qaldılar. Müşriklərin bir qalası yıxılmış, möminlərin arasına bir pəhləvan qatılmışdı.

İbn Abbasın rəvayətinə görə, “Ənam” surəsinin 122-ci ayəsi Hz. Həmzə haqqında nazil olmuşdu: “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi” ayəsində bəhs edilən “ölü ikən dirildilən, nur verilən” adam Hz. Həmzə, “zülmətdən çıxa bilməyən” isə Əbu Cəhl idi.

Hələ sayları çox az olan Müsəlmanlar belə bir qəhrəmanın, Qureyşin öndə gələninin, Peyğəmbər əmisinin Müsəlman olmasıyla böyük bir dəstək aldılar.

Allah Rəsulunun əmisi Peyğəmbərimizdən iki yaş böyük idi. Amma o, Müsəl­man olduqdan sonra əmiliyindən, yaşca böyük olmasında istifadə edib özünü üstün tutmadı, Peyğəmbərimizin əmrində bir İslam fədaisi oldu.

Uhud döyüşünün ən çətin və dəhşətli anları idi… Müsəlmanların pələm-pələsəng düşmüşdü. Lakin Hz. Həmzə, o “Allah və Rəsulunun aslanı” meydan­da tək-tük qalan fədailərdən idi. Hətta bir ara Peyğəmbərimizlə müş­riklər arasında yalnız o qalmışdı. Müşriklər Peyğəmbərimizə yaxınlaşıb döyüşə bilmirdilər. O, Müsəlmanların dağıldığı anda belə qarşısına çıxanı aşırdırdı. Oxçuların Peyğəmbər əmrini dinləməyib Eyneyn təpəsini tərk etdiklərinə görə Hz. Həmzə Allaha sığınır, sıxıntısını belə dilə gətirdi: “Allahım, Müslümanların bu hallarından Sənə sığınır, Səndən üzr istəyirəm!”

İslam ordusunun bu məğlubedilməz qəhrəmanı müşriklər üçün böyük təhlükə idi. Bundan əvvəlki döyüşlərdə göstərdiyi qəhrəmanlığını unutmamışdılar. Bədirdə hər iki əlinə bir qılınc alıb müşriklərə divan tutmuşdu. Müşriklər Uhudda ondan yaxa qurtarmaq üçün çoxlu tədbirlər tökmüşdülər. Həbəşli kölə Vəhşini tutmuşdular ki, Hz. Həmzəni öldürsün. Vəhşi sərrast nizə atıcısı idi, hədəfindən heç vaxt yayınmırdı. Ağası ona vəd etmişdi ki, Hz. Həmzə kimi bir İslam qəhrəmanını öldürsə, onu köləlikdən azad edəcək. Digər tərəfdən Əbu Sufyanın arvadı Hind Bədirdə öldürülən atasının intiqamını almaq üçün Vəhşidən Hz. Həmzənin öldürülməsini istəyir, ona böyük hədiyyələr vəd edirdi.

Müsəlmanların fədaisi, müşriklərin qorxulu yuxusu Hz. Həmzə Uhudda düş­mənləri sıxışdırıb qovurdu. Qarşısına çıxanı aşırdır, arxadan hücum edənləri də ani hərəkətlərlə yerə sərirdi. Həbəşli kölə Vəhşi isə döyüş başlayandan bəri Hz. Həmzədən gözünü ayırmır, onu izləyirdi. Birdən o İslam qəhrəmanının ayağı dolaşıb arxası üstə yerə yıxılır. Qayanın arxasında gizlənən Vəhşi bunu fürsət bilib nizəsini əlinə alır. Hz. Həmzəni nişanlayır. Nizə Hz. Həmzənin böy­rünə batır. O igid insan bir daha ayağa qalxa bilmir. Bu zərbə onu fani həyatdan ayırıb əbədiyyətə qovuşdurur.

Vəhşi bununla kifayətlənmir. Köləlikdən xilas olmaq və qiymətli hədiyyələr almaq üçün bu İslam qəhrəmanının bədən üzvlərini kəsir, sinəsini yarıb ciyərini çıxarır və onu Hində aparır.

Uhud fırtınası dinmiş, sakitlik çökmüşdü. Düşmən yavaş-yavaş çəkilməyə baş­lamışdı. Rəsulullah Hz. Həmzənin şəhid olduğu xəbərini almış, lakin onun mübarək cəsədini görməmişdi. Döyüşün sonunda şəhidlər arasında gəzərkən onun faciəvi halını görüncə dözə bilmədi. Sanki ürəyinin parçalandığını hiss etdi. Gözləri yaşlı Uca Peyğəmbər öz hissini belə ifadə etdi: “Ey Allahın Rəsulunun əmisi, ey Allah və Rəsulunun aslanı Həmzə, ey xeyirlər sahibi Həmzə! Ey Allahın Rəsulunu hər şeyi ilə himayə edən Həmzə, Allah sənə rəhmət eləsin. Əgər yas tutmaq lazım olsaydı, səndən sonra sevinməyi tərk edib yas tutardım“.[3]

O əsnada döyüş meydanına Peyğəmbərimizin bibisi və Hz. Həmzənin bacısı Hz. Safiyyə də gəlmişdi. Hər qarşısına çıxandan Hz. Həmzənin yerini soruşurdu.

Rəsulullah bibisi Hz. Safiyyənin yaxınlaşdığını öyrənincə bibisi oğlu, yəni Safiyyənin öz oğlu Zü­beyrə: “Anana de, geri qayıtsın, qardaşının cəsədini bu halda görməsin!” ‒ buyurdu. Hz. Zübeyr anasını qarşılayıb: “Ana can, Rəsulullah geri qayıtmağını əmr etdi”, ‒ dedi. Ancaq Hz. Safiyyə oğluna ibrət dolu cümlələrlə cavab ver­di: “Əgər ona ediləni görməmək üçün geri qayıdacağamsa, mən, onsuz da, qardaşımın cəsə­dinin kəsilib parçalandığını bilirəm. O, Allah yolunda bu müsibətə düçar olmuşdu. Biz Allah yolunda bundan daha çətininə səbir edə bilərik. Savabını Allahdan gözləyib səbir edəcəyik, inşallah”. [4]

Hz. Zübeyr anasının dediklərini Rəsulullaha çatdırdı, Peyğəmbərimiz də ona qardaşını görməsinə icazə verdi.

Həqiqətən də, kədərli bir mənzərə vardı… Hz. Safiyyə qardaşının başı üstdə oturdu. Səssiz-səssiz ağlamaya başladı. İnsan qəlbi bu qədər ağrı-acıya asanlıqla dözə bilməzdi.

Onu görən Rəsulullah da göz yaşlarına hakim ola bilmədi. Hz. Safiyyə, həqiqətən də, güclü imana sahib idi. Müsibətlərə qarşı Allaha sığınma ayəsini oxudu: “İnnə lilləh və innə ileyhi raciun” (Biz Allaha aidik və yenə ona dönəcəyik)[5]. Sonra da qardaşına Cənabı-Haqdan rəhmət və bağışlama dilədi.

Bu hadisədən sonra Cəbrail (ə.s.) Rəsulullahın yanına gəlib Hz. Həmzənin adının göylərdə “Allah və Rəsulunun Aslanı” şəklində yazıldığını bildirdi. Rəsulullah bunu xəbəri Hz. Safiyyəyə çatdırdı.

59 yaşında ölümsüzlüyə qovuşan Hz. Həmzənin mübarək cəsədini tam örtə bilmirdilər. Ayaqları örtülüncə başı, başı örtülüncə də ayaqları açıqda qalırdı. Rəsulullah: “Üzünü örtün”, ‒ buyurdu. Açıq qalan ayaqları üstünə də bir əba örtdü. Peyğəmbərimiz başını qaldırıb səhabələrinə baxınca ağladıqlarını gördü. Onlardan: “Nə üçün ağlayırsınız?” ‒ deyə soruşdu. Onlar: “Ya Rəsulallah! Əminizə böyük kəfən tapa bilmədik, ona görə ağlayırıq!” ‒ dedilər.

“Şəhidlərin ən xeyirlisi” deyə vəsf etdiyi Hz. Həmzə haqqında Rəsulullah: “Gördüm ki, mələkləri onu yuyurlar”, ‒ buyurdu. [6]

Uğrunda nə qədər qəhrəmanları şəhid verən İslam gündən-günə böyüyüb inkişaf edirdi. Çünki insanlar fani olsa da, məfkurə əbədidir. İslam dini qısa müddət ərzində böyük nüfuz qazanmışdı. Doğulub böyüdükləri şəhərdən hicrətə məcbur edilən Müsəl­manlar indi qalib olaraq bu şəhəri fəth etməyə gedirdilər. Rəsulullah İslamın yayılmasına uzun müddət mane olmağa çalışan altı kişi və dörd qadını öldürməyi əmr etmişdi. Bu qadınlar arasında Əbu Sufyanın arvadı Hind binti Utbə də vardı.[7]

Hind ərindən sonra Müsə­lman olmuşdu. Lakin bunu hələ açıqlamadığına görə hər an ölüm təhlükəsi ilə üz-üzə idi. Bir yol tapıb gizlicə Rəsulullaha beyətə gedən qadınlar ara­sına qarışdı. Paltarını dəyişdirmiş və üzünü də örtmüşdü. Rəsulullahın hüzu­runa çıxınca üzünü açıb özünü tanıtdı. Keçmiş əməllərinə görə peşmançılıq hissi duyduğunu və İslamı qəbul etdiyini dedi. Rəsulullah da digər qadınlarla birlikdə onun beyətini qəbul etdi.

Vəhşi Məkkənin fəthindən sonra qorxusundan Taifə üz tutmuşdu. Lakin daha sonra taiflilər Mədinəyə gedib İslamı qəbul edəndə yer üzü ona dar gəldi. Oradan Şam və Yəmənə getməyi düşündü. An­caq sanki kimsə ona: “Niyə narahat olursan? Vallah, o, dinini qəbul edən insana heç vaxt toxunmamışdı”, ‒ deyincə Rəsulullahın hüzuruna getməyi qərar verdi. Mədinəyə getdi və şəhadət gətirib Müsəlman oldu. Rəsulullah: “Vəhşi, otur və mənə Həmzəni necə öldürdüyünü danış”, ‒ dedi.

Vəhşinin sözü bitincə Rəsulullah ona: “Təəssüf, gözümə görünmə!” ‒ dedi. Çün­ki o şəfqətli Peyğəmbər onu görəndə sevimli əmisini xatırlayacaq, kədərlənəcəkdi. Vəhşi də Rəsulullahın xahişinə uyğun vəfat edənə qədər gö­zünə görünmədi.[8]

Bəli, İslamiyyət insanlıq dini idi. Tövbə edən, haqq yolunu seçən kim olursa-ol­sun, şəfqətli ağuşuna alırdı. İslam cəhənnəm qapılarını bağlayıb insanlığa cənnət qapılarını açmaq üçün gəlmişdi. Yetər ki, insan tövbə edib peşmançılıq hissi duy­sun, hidayətə çatıb İla­hi dərgaha yönəlsin…

“Şəhidlərin Seyyidi” ləqəbi yalnız Hz. Həmzəyə (r.a.) verilmişdi. Çünki o, haqq yolunda, İslam uğrunda və Peyğəmbərimizin önün­də vuruşaraq fani həyatını fəda etmişdir. Beləcə “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (“Bəqərə” surəsi, 2/154) ayəsinin ifadəsi ilə o ölməmiş, bu dün­yadan çox daha rahat bir aləmə, “şəhidlər diyarına”na qanad açmışdır.

“Seyyidüş-Şühəda” kimi dünya durduqca yad edilən və bütün şəhidlər kar­vanının öndəri olaraq şərəfi qiyamətə qədər artan Hz. Həmzənin (r.a.) himmətinin İslama xidmət edənlərin üzərində olmasını Cənabı-Haqdan niyaz edirik.



[1] Üsdül-Ğabə, 2: 46-47; Təbəqat, 3: 9

[2] Sirə, 1: 312

[3] Təbəqat, 3: 13-14; Sirə, 3: 101-102

[4] Sirə, 3: 103

[5] “Bəqərə” surəsi, 156

[6] Təbəqat, 3: 16

[7] adı keçən əsər

[8] Üsdül-Ğabə, 5: 84