- Səhabələr - https://sehabe.meneviyyat.az -

Arıların qoruduğu səhabə

Asim ibn Sabit (r.a.) Əqabə beyətindən əvvəl İslamı qəbul etmişdi. Bədir döyüşündə iştirak etmiş və bir çox kafir öldürmüşdü.

Uhud döyüşündən sonra Ədəl və Qare adlı iki qəbilə Allah Rəsulunun yanına gələrək, İslamiyyəti öyrənmək üçün müəllim istədilər. Peyğəmbərimizin təlimatı ilə yola çıxan heyətə yolda pusqu quruldu. Müsəlmanları Məkkə müşriklərinə satmaq niyyətində olan bu xəbis niyyətli adamlar Raci adlı yerdə Müsəlman heyətini mühasirəyə aldılar. Həzrət Asim (r.a.) yol yoldaşları ilə bərabər kafirlərə qarşı vuruşdu. Oxu qurtaranda da qılıncını sıyıraraq: “Allahım! Mən sənin dinini qorudum. Sən də mənim vücudumu hifz et. Onu müşriklərə təslim etmə!” deyə dua edib irəli atıldı. Müşriklər Həzrət Asimlə birlikdə yeddi nəfəri şəhid etdi. Bu dəfə müşriklər Asim ibn Sabitin başını kəsib Bədir döyüşündə öldürdüyü İbn Şüheydin qızına aparmaq və ondan mükafat almaq istəyirdilər. Amma gözlənilmədən Həzrət Asimin vücudu həndəvərində çoxlu arı peyda oldu. Arılar cəsədə yaxınlaşmaq istəyənlərin üzünü-gözünü sancaraq onları yaxın qoymadılar. Bunu görən müşriklər qaranlıq olunca arılar dağılar deyə axşamın düşməsini gözləməyə başladılar. Ancaq axşam düşəndə hər şeyi bilən və görən Allah güclü yağış yağdırdı: gələn sel Həzrət Asimin nəşini götürüb apardı, heç kim də onu tapa bilmədi. Sağlığında özünü müşriklərədən qoruyan Asim duası sayəsində Allah tərəfindən hifz edildi.[1]

Buna görə də Asim ibn Sabit “Arıların qoruduğu” ləqəbi ilə yad edilir.


[1] İbn Əsir, Üsdül-ğabə, 3/73-74