Səhabələr

Ayrılıq vaxtı yaxınlaşarkən…

Bu vaxt kürəkəni Hz.Əlinin əlindən tutub yuxarı qaldırır və:

– Mən kimin vəlisiyəmsə, yaxşı bilin ki, bu da onun vəlisidir, – buyurur. Ardınca da əllərini açıb:

– Allahım! Onu vəli qəbul edəni Sən də vəli qəbul et! Ondan üz çevirib düşmənlik edəni Sən də düşmən elan et! – deyə dua edir.

Yenidən yola düşür, Mədinə şəhərini görüncə üç dəfə təkbir gətirib deyir:

– Allahdan başqa ilah yoxdur və O, təkdir, mülk də Onun, həmd də Onundur və O, hər şeyə qadirdir!

Rəbbimizə dönənlərik. Tövbə ilə Ona yönəlir və yalnız Ona qulluq edirik. Səcdəmizi də Ona edirik və hər cür vəziyyətdə də Rəbbimizə həmd edirik!

Allah vədini yerinə yetirdi və quluna yardım etdi, Əhzab ordusunu da təkbaşına darmadağın etdi.

Bu duanın ardınca Allah Rəsulu Mədinəyə gəlir. Yenə ilk getdiyi yer Məscidi-Nəbəvi olur  və burada iki rükət namaz qıldıqdan sonra səadət yuvasının yolunu tutur!

Həcc öncəsi görülən fəaliyyətlər Mədinədə qaldığı yerdən yenidən başlayacaq və İslamın gözəlliyini daha geniş coğrafiyalara yaymağa çalışacaqdılar. Bunun üçün Cərir ibn Abdullah Yəmənə göndəriləcək və Xımyer hökmdarlarından Zülkəla ibn Nakür ilə Zü Amr müsəlman olacaqdı.

Yalançı peyğəmbərlər

Mədinəyə döndükdən sonra elçilərin göndərilməsi işinin davam etdirilməsi və heyətlərin qəbul edilməsi zamanı gözlənilməz hadisələr də baş verir. Bəlkə də, Allah bu cür halları Rəsulullahın sağlığına rast gətirməklə müsəlmanlara belə vəziyyətlərdə necə hərəkət etməyi Rəsulunun şəxsində felən göstərmək istəyirdi!

İlk xəbər Yəmən tərəflərdən gəlir. Əsvədül-Ansi adlı bir nəfər peyğəmbər olduğunu iddia edirdi! Kahinlik və hoqqabazlıqla bəzi sadəlövh insanları ətrafına toplamış, onları da öz "peyğəmbər"liyinə inandırmışdı. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Hz.Cərirlə göndərdiyi məktublardan biri də ona yazılmışdı. Ancaq o, Allah Rəsulunun xəstələnməsindən də cəsarətlənərək söz dinləmir, iddiasından da əl çəkmirdi. Saqiq və Şərik adlı iki mələyin ona da vəhy gətirdiyini söyləyir, xalqın başına gələcək hadisələri də əvvəlcədən xəbər verə bildiyini iddia edirdi!

Yazdığı məktublarda Allah Rəsulu (s.ə.s.) valilərindən Əsvəd barədə daha tədbirli və həssas olmalarını tələb edir və xalqın yalan-yanlış bəyanlarla aldadılmasına imkan verməməyi tapşırır.

Başqa bir xəbər Yəmamə tərəflərdən gəlir. Müseylimə də peyğəmbərlik iddiası ilə ortaya çıxmış, sadəlövh insanları ətrafına toplamağa başlamışdı! Halbuki bu adam bir neçə ay əvvəl Bəni-Hənifə heyəti ilə birlikdə Mədinəyə gəlmiş və İslamı qəbul etmişdi. İndi isə hoqqabazlıq və sehrbazlıq sənətlərini işə salaraq özünün də möcüzə sahibi olduğunu söyləməyə başlamış,[4] qeyri-adi şeylər göstərməyə çalışırdı. Hətta rastına çıxan hər işə əl atdığı üçün bəzən gülünc vəziyyətə düşürdü. Belə ki, O da Rəsulullah  (s.ə.s.) kimi insanlara su möcüzəsi göstərmək istəyir, quyuların başına gedib ağzında çalxaladığı suyu oralara boşaldır. Ancaq suların bərəkətlənib çoxalması bir yana, quyuların hamısı quruyur! Bərəkət umaraq yeni doğulan uşağın hansının ağzına xurma qoyurdusa, o uşaq ya keçəl, ya da lal olurdu.

Səltənət həvəsi gözünü o qədər örtmüşdü ki, bu gülünc vəziyyətlərlə insanların gözündən düşmək onun üçün bir şey ifadə etmirdi. Bu dəfə də Qurana nəzirə deməyə başlayır, özünə vəhy gəldiyini iddia edərək bəzi sözlər uydurur. Bu arada Allah Rəsuluna bir məktub göndərərək özünü peyğəmbərlikdə Onun şəriki elan edir!

Hz.Əlini yanına çağıran Allah Rəsulu həddini aşan bu adama bir məktub yazacaq və yer üzünün Allaha aid olduğunu, onu heç kimlə bölüşməyəcəyini qeyd edib Allahın yer üzünü istədiyi quluna xas qılacağını ifadə edərək nəticədə təqva sahiblərinin üstün gələcəyini bildirəcəkdi.

Üsamə ordusu

Səfər ayının çıxmasına dörd gün qalmış, bir şənbə günü Allah Rəsulu əshabına səfər hazırlığı görmək üçün əmr verir. Belə ki, Rum diyarından təhdid səsləri yüksəlir və orada yaşayan möminlərə ağlagəlməz əziyyətlər verirdilər. Rum diyarına yaxın bölgənin – Məanın valisi Fərvə ibn Amrın başına gətirlənlər səbir kasasını daşdıran son damla olur. Öz torpaqlarında bir İslam nişanəsinin mövcudluğundan hədsiz dərəcədə narahat olan Bizans Rəsulullahın valisini öldürməyə cürət etmişdi.

Qərargah Cürüfdə qurulacaqdı. Səhabələri yenə cihad həyacanı bürümüşdü. Yeni bir hədəfə gedəcəklər deyə tələsirdilər. Ertəsi gün Allah Rəsulu azadlı köləsi Zeyd ibn Harisənin on səkkiz yaşlı oğlu Üsaməni yanına çağırıb ona:

– Səni hazır bu orduya sərkərdə təyin etdim. Sürətlə hərəkətə başla və atanı şəhid edənlərin üstünə get, – buyurur və gediş istiqamətini, diqqət yetiriləsi məqamları, atılacaq addımları başa salır. Hətta ordusu ilə xəbərdən də sürətli hərəkət etməli olduğunu deyir, ancaq xəbərləşməyə, məlumatlara hakim olmaqla qalib gələcəyini nəzərinə çatdırır!

Allah Rəsulu (s.ə.s.) ordunun bayrağını gənc Üsaməyə şəxsən öz əlləriylə təslim edir. Bayrağı alan Hz.Üsamə onu hicrətin bayraqdarı Büreydə ibn Hüsayba verir və Cürüfə gedib Rəsulullah ordusunu hazırlamağa başlayır. Artıq hazırlıq görən hər kəs Cürüfə üz tuturdu!

Rəsulullahın (s.ə.s.) xəstəliyi

Bir çərşənbə günü idi. Allah Rəsulu bayrağı Üsaməyə verəndən bir gün sonra xəstələnmişdi. Hərarəti yüksəlmişdi. Baş ağrısından əziyyət çəkirdi! Ancaq Onun bu xəstəliyi böyük qayğı ilə hazırladığı ordunun təşəkkülünə əngəl olmurdu. Əksinə hər şeyə rəğmən, bu ordunun hədəfə çatmasını arzulayır və əshabını da bu istiqamətdə təşviq edirdi.

Hz.Üsamənin rəhbərlik edəcəyi orduda Hz.Əbu Bəkir, Hz.Ömər, Hz.Osman və Hz.Əli kimi nüfuzlu səhabələr vardı. Deməli, Allah Rəsulu (s.ə.s.) əshabını gəncləşdirmək və missiyasını gəncliyin çiyinlərində qurmaq istəyirdi. Eyni zamanda bu, keçmişə aid bəzi düşüncələrin, anlyışların aradan qaldırılması mənasına gəlirdi. Çünki Hz.Üsamə azad edilmiş bir kölənin oğlu idi və ərəblər bir köləni əsla başlarında sərkərdə kimi görmək istəməzdilər. Allah Rəsulu (s.ə.s.) məhz cəhalətə aid nə qədər "büt" varsa, bir-bir hədəfə götürmüş, cəmiyyətin içərisindən söküb atırdı. Ancaq bu, ilk mərhələdə hər kəsin qəbul edəcəyi xüsus deyildi və gənc Üsamə ilə hədəflənmiş dövlətin o dövr üçün iki hegemon gücdən birincisi olduğunu nəzərə alan bəzi insanlar onun sərkərdəliyi barədə fərqli fikirlər irəli sürürdülər. Xüsusən də, Ayyaş ibn Əbi Rəbiə kimi insanlar:

– İlk mühacirlər bir kənarda dura-dura bu gənc onlara sərkərdə təyin edilir, – demiş və belə bir tapşırığı qəribə qarşıladıqlarını ifadə etməyə başlamışdı. Şənbə günü idi. Vəziyyətdən xəbər tutan Allah Rəsulu (s.ə.s.) sarığını başına sarıyıb minbər çıxır və əshabına:

– Ey insanlar! – deyə səslənir, – vallah, siz Üsamənin sərkərdəliyinə etiraz edib ona qarşı çıxdığınız kimi, onun atası barədə də eyni cür davranmış, onun sərkərdəliyi məsələsinə də etiraz etmişdiniz. Allah haqqı üçün, o, məmurluq vəzifəsini yerinə yetirməyə ən layiq insandır. Bu da bir həqiqətdir ki, onun atası Mənim üçün insanların ən sevimlisi idi. Ondan sonra da Üsamə Mənə ən sevgili olandır!

Bu ərəfədə Hz.Üsamə ilə döyüşə yollanan öncül, adlı-sanlı səhabələr hüzura gəlib Allah Rəsulu ilə vidalaşırlar. Əslində, bu, Onun da əshabı ilə son vidalaşması idi. Rəsulullahın xəstəliyi getdikcə ağırlaşırdı. Ancaq O:

– Üsamə ordusunu ləngitmədən göndərin! – deyə səhabələrinə tapşırıq verir.

Bu tapşırığın ardınca səhabələr Cürüfə axışır və gecəni orada keçirirlər. Bazar günü yenidən Allah Rəsulunun hüzuruna gələn Hz.Üsamə göz yaşlarını saxlaya bilmir. Çünki Rəsulullah qızdırma içində yanırdı; ağrılarını azaltmaq üçün ağzına dərman damcıladırdılar. Vidalaşmaq üçün gəlmişdi, ancaq könlü Onu bu halda qoyub getməyə razı olmurdu. Əyilib Allah Rəsulunu öpür. Peyğəmbərimiz danışmırdı. Əllərini bir müddət səmaya qaldırır, sonra da Üsamənin üzərinə endirir. Görünür, gənc sərkərdəyə dua edirdi.

Hz.Üsamə o gün Cürüfə qayıdır, amma könlü-gözü Allah Rəsulunun (s.ə.s.) yanında qalır. Buna görə ertəsi gün yenə hüzura gəlir. Bir bazar ertəsi idi. Rəsulullahın ağrıları keçmiş kimi idi və Hz.Üsamə Allah Rəsulunu əmrini yerinə yetirmək üçün yenidən ordunun başına yollanır.

Davamı: 1 2 3 4 5 6 7 8