Səhabələr

Bədrə Doğru

Eyni zamanda Onunla səfərə çıxanlara dua edir: – Allahım! Bu insanların ayaqlarına geyinməyə bir şeyləri yoxdur, Sən onlara dözüm və yol məşəqqətlərinə qatlaşma gücü ver! Bunların əyinlərində paltar yoxdur, Sən onları geyindir! Bunların əlində azuqə imkanı da yoxdur, Sən onları doydur! Və bu insanlar yoxsuldur, Sən onları fəzl və kərəminlə varlı et![7] Türban adlı yerə gələrkən Rəsulullah  (s.ə.s.) üzünü Sad ibn Əbu Vəqqasa tutur və: – Ey Sad, – deyə səslənir. Mübarək barmaqları ilə irəlidəki ceyrana işarə edir və buyurur ki, ox-yayını hazırlasın. Hz. Sad yayını gətirib hazırlayır. Allah Rəsulu da əlini mübarək çənəsinə qoyub: – İndi at, – deyir və  Allaha dua  edir: – Allahım! Onun oxunu hədəfə çatdır. Doğrudan da, ox ceyranın boynuna saplanır. Rəsulullahın üzündə təbəssüm görünür. Çünki bu, qida olmayan bir vaxtda Allahın əshabi-kirama bir lütfü, bir ehsanı demək idi. Hz. Sad dərhal ceyranı tutub kəsmiş, hüzura gətirmişdi, Peyğəmbərimiz də ətinin bişirilib səhabələr arasında bölüşdürülməsini buyurmuşdu. İrquz-Zabyə adlı yerə çatanda bir bədəvi ilə rastlaşırlar. Allah Rəsulu (s.ə.s.) hər bir vəziyyəti qiymətləndirib məlumat toplamağa çalışırdı və bu adamdan da karvanla bağlı nə bildiyini soruşur. Çox keçmədən məlum olur ki, bədəvinin bu barədə heç bir məlumatı yoxdur. Bu arada bəzi səhabələr adamı məcbur edirdilər ki,  Rəsulallaha salam  versin. O da: – Aranızda, həqiqətən, Rəsulallah varmı? – deyə təəccüb edir və sonra da gəlib Peyğəmbərimizə salam verir. Bədəvi idi: Peyğəmbərdən dərs alıb tərbiyə görməmişdi. Buna görə də sualın ardınca dərhal: – Əgər Sən, həqiqətən, bir peyğəmbərsənsə, bu dəvəmin qarnındakını mənə de, – deyə soruşur. Sual əshabı hiddətləndirir. Buna görə də Sələmə ibn Sələmə irəli atılır: – Bunu Rəsulullahdan soruşub Onu incitmə! Soruşursan, məndən soruş, cavab verim, – deyir, onu utandırır. Bunu eşidən Allah Rəsulu kədərlənir və yenidən məsələyə müdaxilə etmə lüzumunu hiss edir: – Ondan əl çək. Kobud davranıb üstünə çox getmə, – deyir. Allah  Rəsulu (s.ə.s.) Hz. Sələmədən də üzünü çevirir. Beləliklə, O, hər halı ilə əshabına dərs verir və qiyamətə qədər var olan bəşəriyyətə müəllimlər yetişdirirdi. Buna görə də bəzən sözləri ilə əshabına xəbərdarlıq edir, bəzən hərəkətləri ilə onu istiqamətləndirib davranışlarında səbatlılığa çalışırdı. Əbu Sufyan fərasəti və Qureyşin  vəziyyəti Digər tərəfdə isə Şamdan qayıdan Əbu Sufyan Mədinədəki bu hərkətlilikdən xəbər tutmuş, yolunu dəyişdirib birbaşa Məkkəyə yönəlmişdi. Həmçinin məkkəliləri yol boyunca baş verənlərdən xəbərdar etmək üçün Damdam ibn Amra iyirmi misqal ödəyib çapar kimi göndərmişdi. Damdam gedəcək və dəvəsinin burnunu, qulağını kəsib palan və yəhərini də parça-parça edəcəkdi. Bu halı ilə məkkəliləri təhrik edəcək, bu zaman hətta əynindəki köynəyi də cıracaqdı... Belə ki, o dövr üçün bu, vəziyyətin vahiməsini göstərən önəmli bir əlamət  idi. Mədinəyə yaxınlaşdıqca Əbu Sufyanın qorxusu artırdı. Bədirdən keçərkən qarşılaşdığı Məcdi ibn Amrdan  soruşur: – Burada bir adama rast gəldinmi? Hər hansı bir dəyişiklik hiss etmisənmi? – Elə narahat  olacaq bir şey görmürəm, yalnız iki atlı ilə rastlaşdım.[8] Bu təpədə bir qədər durular və quyudan bir az su götürüb getdilər, – deyə Məcdi cavab verir. Bu xəbər Əbu Sufyanı daha da təlaşlandırır. Dərhal göstərilən yerə gəlir, buraya gəlib gözləyən, sonra da su içib gedənlərin kim olduğunu öyrənmək istəyir. Təpəyə yaxınlaşdıqda qarşısına çıxan dəvə peyini diqqətini cəlb edir və əlindəki çubuqla onu qarışdırır. Bir qədər sonra ətrafdakılara: – Vallah, bunlar Yəsrib yemləridir! Buradan Məhəmmədin casusları keçib, – deyir. Çox ağıllı adam idi və peyindəki yem dənələrindən bu iki insanın Mədinədən gəldiyini təsbit etməkdə çətinlik çəkmir. Karvanın məsuliyyətini üzərində hiss edən Əbu Sufyan təşvişə içində idi. Dərhal yoldaşlarının yanına gəlir və Bədrin kənar sərhədlərinə doğru istiqamətini dəyişdirir. İndi karvan daha təhlükəsiz ərazi ilə irəliləyirdi. Buna görə də Əbu Sufyan Qeys ibn İmriülqeysi Məkkəyə göndərir. Artıq  narahtlığın geridə qaldığını və karvanın təhlükəsiz yerdə olduğunu bildirmək  istəyirdi. Atiqə binti Abdulmuttalibin yuxusu Bu arada Məkkə Rəsulullahın (s.ə.s.) bibisi Atiqə binti Abdulmuttalibin gördüyü yuxudan  danışmağa başlamışdı. O,  gördüyü yuxunu qardaşı Abbasa danışarkən: – Qardaş, bu gecə dəhşətli bir yuxu gördüm. Yaxınlarımızın başına böyük bir müsibət gələcəyindən qorxuram, – deyə narahatlığını dilə gətirmişdi. Onun yuxudan danışarkən rənginin solduğunu görən Abbas: – Nə görmüsən? – deyə soruşduqda: – Heç kimə danışmamağa söz verməsən, sənə heç nə deməyəcəyəm, çünki insanlar bunu eşitsə, bizi incidər və haqqımızda xoşagəlməz sözlər danışar, – deyə qardaşına xəbərdarlıq edir. Abbas da eyni qənaətdə idi, ancaq bu röyanın başlarına gələcək müsibətdən çox vacib bir xəbərdarlıq olduğuna inandığı üçün özünü saxlaya bilməyib onu yaxın dostu Vəlid ibn Utbəyə danışır. O da atası Utbəyə... Və beləliklə, yuxu qısa zamanda bütün Qureyşin dilinə düşür. Əbu Sufyanın çapar kimi göndərdiyi Damdamın Məkkəyə gəlişindən üç gün əvvəl Atiqə binti Abdulmuttalib yuxuda dəvə belində Məkkəyə gələn və Əbtahda durub insanları uca səslə döyüşə çağıran bir adam görür. Adam: – Haydı, döyüş üçün hazırlaşıb tez yola çıxın! Çıxın ki, başınıza gələcək müsibəti və yerlə-yeksan olacağınız yeri özünüz görəsiniz! – deyirdi. Bir anda ətrafına böyük bir izdiham toplanır. Daha sonra həmin adam Kəbəyə gəlir, insanlar da onun arxasınca... Qəribə idi; adamın dəvəsi Kəbə qədər böyümüşdü, adam da gur səslə yenə eyni cümləsini təkrar edirdi. Bir müddət sonra dəvə Əbu Kubeys dağı boyda olur, adam yenə dəvənin üstündə idi və eyni cümləni təkrar edirdi: – Haydı, döyüş üçün hazırlaşın, tez yola çıxın! Çıxın ki, başınıza gələcək müsibəti və devriləcəyiniz yeri özünüz görəsiniz! Sonra yerdən böyük bir qaya qopardır və onu Əbu Kubeys dağından aşağı atır. Qaya bir anda parça-parça olur. Sonra bu qayadan qopan hər bir parça Məkkə evlərinə dəyir və içəri düşür... Təşviş içində oyanan Atiqə binti Abdulmuttalib uzun müddət gördüyü yuxunun təsirindən çıxa bilmir və onu qardaşı Abbasla bölüşmək qərarına gəlir. Məkkədə dilə-dişə düşən yuxu məhz bu idi. Kəbəni təvaf etmək məqsədilə evindən çıxan Abbas Əbu Cəhillə qarşılaşır. Əbu Cəhil bir dəstə insanla Atiqənin gördüyü yuxudan danışırdı. Abbas ibn Abdulmuttalibin gəldiyini görən kimi: – Ey Əba Fadl! Təvafını bitir, gəl, səninlə söhbətim var, – deyir Əbu Cəhil. Təvafını bitirib yanlarına gələndə istehza ilə: – Ey  Muttaliboğulları! Aranızdakı bu qadın peyğəmbər nə zaman peyda oldu? – deyir. – Nədən danışırsan? Hansı  peyğəmbər? – deyə Abbas cavab verir. – Atiqənin gördüyü yuxu, – deyir Əbu Cəhil. Abbas davranışı ilə hadisədən xəbərsiz olduğunu göstərməyə çalışır: – Nə görüb ki? – deyə cavab verincə Əbu Cəhil ciddiləşir: – Ey Muttaliboğulları, kişilərinizin peyğəmbərlik iddiasında olması azmış kimi, indi də qadınlarınız peyğəmbərliyə başlayır! Atiqə üç gün ərzində başımıza böyük bir bəla gələcəyini söyləyir! Əgər həqiqətən, dedikləri doğrudursa, üç gündən sonra bunu görəcəyik. Ancaq söylədikləri doğru olmasa, o zaman biz sizini barənizdə ərəblər arasında ən yalançı ailə hökmünü çıxaracağıq ki, ömür boyu bu addan qurtula bilməyəcəksiniz! Oradan uzaqlaşan Abbas həqiqəti bildiyi halda bixəbər kimi davrandığı üçün xəcalət çəkirdi. Axşam vaxtı Muttaliboğulları başına toplaşarkən bu davranışının nə qədər reaksiyaya səbəb olduğunu daha aydın görür. Əbu Cəhillə olan söhbətini eşidənlər yanına gəlir və: – Bu pis və fasiq adam kişilərinizə dil uzatdığı yetmirmiş kimi, indi də qadınlar haqqında həqarət edir və sən də bunun qarşısında səsini çıxartmırsan, hə? – deyirlər. Xüsusilə, Atiqə binti Abdulmuttalibin sirrini yayan qardaşına qəzəbinin həddi-hüdudu yox idi. O qədər danlayırlar ki, Abbas söz verir ki, gedib Əbu Cəhlin qarşısında duracaq və cavabını verəcək.