Səhabələr

Baba Abdulmuttalibin himayəsi

− Bəli, ey məlik! Mənim bir oğlum vardı. Onu çox istəyir və üstün­də, demək olar ki, tir-tir əsirdim. Onu qövmüm arasında ən kərim alicənab qız olan Vəhbin övladı Əminə ilə evləndirdim. Əminə bir oğlan dünyaya gətirdi və adını Məhəmməd qoydum. Ancaq onun atası, sonra da anası vəfat etdi. O, indi mənim və əmisinin himayəsindədir.

Sözün bu yerində Seyf  müdaxilə edir:

− Elə mənim də sənə demək istədiyim bu idi. Onu yaxşı qoru və Ona düşmən olan paxıl din adamlarının şərindən mühafizə et! Düzü, onlar Ona heç bir zərər yetirə bilməyəcək. Əgər bilsəm ki, ölüm Onun zühuruna qədər mənə möhlət verəcək, bütün ordumla birlikdə Mədinəyə gedib orada məskunlaşar və Onu gözləməyə başlayardım. Çünki mən keçmiş elmlərdə və kitablarda Mədinəni Onun məskunlaşacağı məkan, köməkçilərinin bölgəsi və dəfn ediləcəyi yer kimi görürəm.[2]

Yəməndəki işlərini də qurtarıb Məkkəyə qayıtmışdılar. Abdulmuttalib Seyf ibn Zi-Yezənin sözlərini beynində elə hey götür-qoy edirdi. Bəlkə də, kənardan baxanlar bunun fərqinə varmırdılar. Amma həmişə onun dünyasında nəvəsi ilə bağlı xəyallar, onun sabahı ilə bağlı düşüncələr dolaşırdı. Bunları fikirləşməkdən heç cür özünü saxlaya bilmirdi.

Abdulmuttalib öz qövmü qədər, kənardan gələnlərin də müraciət yeri idi. Buna görə də zaman-zaman ətraf bölgələrdən də heyətlər gəlir və ondan kömək istəyirdilər. Yenə bir gün bir neçə müdlicli alim Məkkəyə gəlmişdi. Aydın idi ki, Hz. İsanın davamçıları olan bu adamlar da Seyf ibn Zi-Yezən kimi Onun gələcəyindən xəbərdar idilər. Belə ki, Kəbəyə gələrkən gözləri bir oğlana sataşmışdı. Heyranlıqla Ona tamaşa edir və təəccüblərini də ifadə etməkdən özlərini saxlaya bilmirdilər. Sürətli addımlarla yaxınlaşıb Onu daha yaxından tanımaq və söhbət etmək istəyirlər. Ümmü Eymən onların marağını sezmişdi və bundan narahat olub müdaxilə etmək istəyir:

− Toxunmayın o uşağa!

Davamı: 1 2 3 4 5 6