Səhabələr

Baba Abdulmuttalibin himayəsi

Adamlar əvvəlcə yad bir yerdə səhv hərəkətin xəcaləti ilə çaş-baş qalıb geri çəkilirlər. Ancaq yenə maraqlarını boğa bilməyib bəzi suallar verirlər:

− Bu, kimin uşağıdır?

Atanın olmadığı yerdə əmi və baba ata sayılırdı. Ümmü Eymən də buna uyğun  cavab verir:

− Abdulmuttalibin...

Bu, onların tanıdığı isim idi: Məkkənin rəisi. Onsuz da onlar Abdulmuttalibin yanına gəlmişdilər. Onun  harada olduğunu  soruşurlar. Ünvan Kəbəni göstərirdi.

Çox keçməmiş Abdulmuttalibi Kəbənin həyətində, taxtının üstündə tapırlar. Salam-kəlamdan və hal-əhval tutduqdan sonra sözü yolda gördükləri uşağın üstünə  gətirib soruşurlar:

− Bu gün gözəl bir uşaqla rastlaşdıq. Yanındakı qadın bu uşağın sənin olduğunu  dedi.

− Bəli, o, mənim oğlumdur.

− Xeyr, ola bilməz, − onlardan biri dillənir, − ola bilməz, çünki bu uşağın atası o, anadan olmamış vəfat etməlidir, − deyə əlavə edir.

Demək, onların bildiyi məqamlar var idi və daha açıq danışmaq lazım idi. Yəməndəki məlik kimi bunlar da nədənsə agah idi. Buna görə də Abdulmuttalib:

− Bəli, o, mənim oğlumun əmanətidir, yəni nəvəmdir, − deyir.

Məsələ aydın idi. Zehinlərini gəmirən şübhə artıq ortadan qalxmışdı. Gördükləri hər şey bu uşağın gözlənilən Şəxs olduğunu göstərirdi. Onlardan biri:

− Bu uşağın ayaq izləri ilə Məqamı-İbrahimdəki izlər eynidir. Yəni bu, İbrahimin soyundan gəlir. Çöhrəsindəki gözəllik. Gözlərinin rəngi.Hal və görkəmindəki duruluq. Xarakterindəki ululuq. Hələ iki çiyni arasındakı işarə bu uşağın Gözlənilən Peyğəmbər olduğunu söyləyir.

Başqa bir nəfər də belə deyir:

− Biz İsmailoğullarından gələcək və Peyğəmbərlərin sonuncusu olacaq bir Peyğəmbərin xüsusiyyətlərini kitablarda oxumuşuq. Bu məlumatlara görə, həmin Peyğəmbərin zühur edəcəyi yer də buradır, yəni  Məkkə!

Bu vaxt valideyinlərini itirmiş Məhəmməd də babasının yanına gəlmişdi. Gözlər yenə Ona zillənmiş, nəzərlər İnsanlığın Əminini süzürdü. Qonaqlardan biri əyilib Abdulmuttalibin qulağına:

−  Ancaq bu uşağı yaxşı qorumalısan, − deyir və əlavə edir, − çünki gözlənilən Peyğəmbərin bu uşaq olduğunu bəzi qısqanc din adamları anlayarsa (onlar da bu uşağın gələcəyini yaxşı bilirlər), Ona zərər verərlər.[3]

Davamı: 1 2 3 4 5 6