Səhabələr

Bütün Peyğəmbərlərin müştərək istəyi

Hadisələri  lap başdan diqqətlə izləyən Hz. Musanın qol-qanadı qırılmışdı. O, bu qədər nemətə göstərilən nankorluqdan utanc hissi keçirirdi. Halbuki Hz. Musa onlar üçün öz həyatını təhlükəyə atmış və onların doğru yola gəlməsi naminə nə qədər zəhmət çəkmişdi. Doğulduğu andan ilahi beşikdə böyüdülən bir topluluğun üzünü çevirdiyi hər yerdə belə etiraz etməsi onu kədərləndirirdi, amma Allahın hüzurunda onlardan eyni etirazı əsla gözləmirdi.

Pənah aparacağı yeganə bir qapı vardı. Əllərini açaraq titrək səslə öncə:

− Ya Rəbbim, − dedi və:

− Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin,− deyə yalvarışlarına davam etdi. Sonra da:

− Ey Allahım, aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər), Sənin sınağından başqa bir şey deyil. Sən bu sınaqla istədiyini zəlalətə düçar edər, istədiyinə də doğru yol göstərərsən!

Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən mərhəmət edənlərin ən xeyirlisisən!

Bizə bu dünyada da, axirətdə də yaxşılıq nəsib et. Biz Sənə yönəldik  və Sənin yoluna tabe olduq.

Bu səmimi dua və yalvarışlardan sonra Hz. Musa yenə də Uca Allahın  rəhmət qapısına üz tutacaq və hər şeyə rəğmən:

− Mərhəmətin, Allahım, − deyəcəkdi.

Ancaq ilahi təqdir daha fərqli idi. Rəhman olan Allah belə buyururdu:

− Əzabım var, istədiyimi əzabıma düçar edərəm. Mərhəmətim var, mərhəmətim hər şeyi əhatə və ehtiva etmişdir. Onu da, xüsusilə, müttəqilərə (Allahdan qorxub pis əməllərdən çəkinənlərə), zəkatını verənlərə və ayələrimizə iman gətirənlərə nəsib edəcəyəm!

Uca Allahın mərhəmət qapısından heç vaxt ümidini kəsməyən Hz. Musa tayfası üçün  yeni bir qapı  aralanacağı düşüncəsi ilə sevinirdi. Ancaq işin axarı fərqli idi. Gələn səs  bunları söyləyirdi:

− O kəslər ki, əllərindəki Tövratda və İncildə (adı, vəsfi və əlamətləri) yazılmış gördükləri Rəsula − Ümmi peyğəmbərə tabe olurlar. O peyğəmbər onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz və pak nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları və zəncirləri açar.

Ona iman gətirən, Ona böyük bir ehtiram və yardım göstərən və Onunla endirilmiş nurun ardınca gedənlərin məhz onlar nicat tapanlardır![6]

Bu, əsrlər əvvəl Tur dağından ucalan ilahi səsin Son Nəbinin adını dünyaya bir daha elan etməsi deməkdi. Gözlər yenidən gələcəyə dikilir və diqqətlər müjdəsi verilən günlərə yönəlirdi.

Davamı: 1 2 3 4