Səhabələr

Davamçılar və möhnət illəri

Bir anda bütün gözlər ona zillənir:

− Bu adama baxın, bu da dinindən döndü, − deyir və onu məsxərəyə qoyurlar. Bir nəfərin də qarşı tərəfə keçdiyini eşidən hər kəs ora gəlmiş və Əbu Zəri təhqir etmək yarışına girmişdilər. Nəhayət, məsələni bir az da böyüdür və kaftar sürüsü kimi hücum çəkirlər Əbu Zərin üstünə. Gözünü qan örtmüş izdihamın yumruq-təpiyinə hədəf olmuşdu Qifarlı Əbu Zər...

Məsələnin ciddiyyət və həssaslığını anlayan və hadisələrə  məntiqlə yanaşan Rəsulullahın əmilərindən Hz. Abbas[10] orada olmasaydı, bəl­kə də, həmin gün Əbu Zəri öldürəcəkdilər. Hz. Abbas əvvəlcə Əbu Zərin üstünə əyilib qolları ilə onu qorumağa çalışacaq, sonra isə gözünü qan örtmüş izdihama belə səslənəcəkdi:

− Ey Qureyş camaatı! Siz nə edirsiniz? Qifar qəbiləsi sizin ticarət yolunuzun üstündədir. Onu öldürməklə ticarətinizin axırına çıxmaqmı istəyirsiniz? Buraxın onu!

Bəli, Abbas doğru deyirdi. Müdafiəsiz bir adamı öldürməklə yeganə yaşayış vasitələri olan ticarəti təhlükəyə atmağın bir mənası yox idi. Onlar bu xəbərdarlıqdan sonra Əbu Zərə təhqiramiz sözlər deyə-deyə oradan  uzaqlaşırlar.

Kəbədə təkbaşına və qan içində qalan Əbu Zər əvvəlcə Zəmzəm quyusunun yanına gedir. Əl-üzünü yuyub özünə gəlməyə, üstündəki qanı da Zəmzəmlə təmizləməyə çalışırdı. Daxilində elə tufanlar qopur, ruhunda elə fırtınalar əsirdi ki, bədəninə dəyən o qədər yumruğun, təpiyin ağrısını, bəlkə də, heç hiss etmirdi. Həmin günü bu cür gəl-getlərlə keçirib, səhərisi yenə qərar verir və bu dəfə də Kəbənin həyətinə gəlir. Və  hündür bir yerə çıxıb eyni sözləri ucadan hayqırır. Sanki, bu gün dünənkinin təkrarı idi. Yenə üstünə şığıyırlar və yenə Hz. Abbas dadına yetişir.[11]