Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Döyüş meydanlarında İslam dininin təbliğ edilməsi

Tarix: 07.05.2013 | Bu məqalə 1. 892 dəfə oxunub.

Hz.Ömər dövründə səhabələrin müharibələrdə islami təbliğ etməsi

Hz. Ribi ibn Amirin Rüstəm-Zalı İslama dəvət etməsi

O gün orada olanlar rəvayət edirlər: “Rüstəmin istəyi ilə Sad ibn Əbi Vəqqas (r.a.) Ribi b. Amiri onun yanına göndərdi. Ribi Rüstəmin hüzuruna girincə bir də nə gördü! Rüstəmin məclisi qızıl naxışlı yastıqlarla, saçaqlı ipək xalçalarla, yaqutlarla, bahalı incilərlə, dəbdəbəli zinət əşyaları ilə bəzənmiş! Rüstəm də başında dəbdəbəli bir tac qızıldan düzəldilmiş taxtın üzərində oturmuşdu. Ribi isə əynində köhnə paltar, yanında qalxanı və qısa ayaqlı atının belində içəri girdi. Atı ilə ipək xalçaların üstü ilə irəlilədi. Sonra düşüb atı o yastıqlardan birinə bağladı və Rüstəmə yaxınlaşdı. Əlində silah, əynində zireh, başında da dəbilqə var idi. Ona: “Silahını təslim et!” – dedilər. O isə: “Özbaşıma gəlməmişəm, dəvətinizə görə gəldim. Məni belə qəbul etsəniz əla, etməsəniz qayıdıb gedərəm,” – deyərək cavab verdi. Rüstəm: “Buraxın,” – dedi. O da mizrağına söykənib xalçaları deşə-deşə irəlilədi. Ondan: “Nə məqsədlə gəldiniz?” – deyə soruşdular. Bu cavabı verdi:

– Bizi Allah göndərdi. Vəzifəmiz Allahın dilədiyi bəndələri qullara qulluqdan xilas edib Allaha qul olmaq istiqamətinə yönəltməkdir. Onları çətinlik və yoxsulluqdan qurtarıb zənginliyə, zülm və haqsızlıqlardan qurtarıb İslamın ədalətinə aparacağıq. Allah bizi haqq din ilə insanlara göndərdi ki, onları Ona çağıraq. Kim bunu qəbul etsə, biz də onun müsbət cavabını qəbul edər, ona toxunmarıq. Qəbul etməyənlərlə də şəhid olana qədər döyüşərik.

Rüstəm: “Allah nə vəd edir?” – deyə soruşdu. “Döyüşərkən ölənlər üçün cənnət, sağ qalanlar üçün də zəfər”. Rüstəm: “Sözlərinizi dinlədim, bizə möhlət verərsinizmi? Beləcə biz də düşünərik, siz də,” – dedi.

Ribi: “Bəli, əlbəttə olar! Nə qədər müddət istəyirsiniz, bir günmü, iki günmü?”

Rüstəm: “Yox! Xeyr, daha çox. Çünki bu müddətdə məslə­hətçilərimiz və qövmümüzün böyükləri ilə məktublaşmaq lazımdır”.

Ribi: “Peyğəmbərimiz (s.ə.s.) düşmənlə qarşılaşarkən bizə düşmənə üç gündən çox əlavə müddət vermə səlahiyyəti vermədi. Sən özünü və xalqını düşün, üç gün sonra bu üç şeydən birini seç: müsəlman olmaq, cizyə vermək, döyüşmək”.

Rüstəm: “Onların rəhbəri sənsənmi?” – deyə soruşdu. Ribi: “Xeyr! Amma müsəlmanlar bir vücud kimidir, vəzifəcə aşağı mövqedə olanlar yuxarı mövqedə olanların adından zəmanət verə bilər,” – dedi. Bunun ardınca Rüstəm qövmünün əyan-əşrəfi yığdı və: “Bu adamın sözlərindən daha güclü və daha seçimə layiq bir söz heç eşitdinizmi?” – dedi.

Adamları: “Maazallah (Allah qorusun)! Buna meyl edirsən? Dinini buraxıb bu itin yanına keçəcəksən? Bunun paltarlarını gör­mürsənmi?” – dedilər.

Rüstəm: “Heyif! Paltara baxmayın, düşüncəyə, sözə, davranışa diqqət yetirin. Qaldı ki, ərəblər geyimə və yeməyə əhəmiyyət verməz, daha çox soylarını mühafizə etməyə əhəmiyyət verərlər,” – dedi.

Davamı: 1 2 3 4 5