- Səhabələr - https://sehabe.meneviyyat.az -

Döyüş meydanlarında İslam dininin təbliğ edilməsi

Hz.Ömər dövründə səhabələrin müharibələrdə islami təbliğ etməsi

Hz. Ribi ibn Amirin Rüstəm-Zalı İslama dəvət etməsi

O gün orada olanlar rəvayət edirlər: “Rüstəmin istəyi ilə Sad ibn Əbi Vəqqas (r.a.) Ribi b. Amiri onun yanına göndərdi. Ribi Rüstəmin hüzuruna girincə bir də nə gördü! Rüstəmin məclisi qızıl naxışlı yastıqlarla, saçaqlı ipək xalçalarla, yaqutlarla, bahalı incilərlə, dəbdəbəli zinət əşyaları ilə bəzənmiş! Rüstəm də başında dəbdəbəli bir tac qızıldan düzəldilmiş taxtın üzərində oturmuşdu. Ribi isə əynində köhnə paltar, yanında qalxanı və qısa ayaqlı atının belində içəri girdi. Atı ilə ipək xalçaların üstü ilə irəlilədi. Sonra düşüb atı o yastıqlardan birinə bağladı və Rüstəmə yaxınlaşdı. Əlində silah, əynində zireh, başında da dəbilqə var idi. Ona: “Silahını təslim et!” – dedilər. O isə: “Özbaşıma gəlməmişəm, dəvətinizə görə gəldim. Məni belə qəbul etsəniz əla, etməsəniz qayıdıb gedərəm,” – deyərək cavab verdi. Rüstəm: “Buraxın,” – dedi. O da mizrağına söykənib xalçaları deşə-deşə irəlilədi. Ondan: “Nə məqsədlə gəldiniz?” – deyə soruşdular. Bu cavabı verdi:

– Bizi Allah göndərdi. Vəzifəmiz Allahın dilədiyi bəndələri qullara qulluqdan xilas edib Allaha qul olmaq istiqamətinə yönəltməkdir. Onları çətinlik və yoxsulluqdan qurtarıb zənginliyə, zülm və haqsızlıqlardan qurtarıb İslamın ədalətinə aparacağıq. Allah bizi haqq din ilə insanlara göndərdi ki, onları Ona çağıraq. Kim bunu qəbul etsə, biz də onun müsbət cavabını qəbul edər, ona toxunmarıq. Qəbul etməyənlərlə də şəhid olana qədər döyüşərik.

Rüstəm: “Allah nə vəd edir?” – deyə soruşdu. “Döyüşərkən ölənlər üçün cənnət, sağ qalanlar üçün də zəfər”. Rüstəm: “Sözlərinizi dinlədim, bizə möhlət verərsinizmi? Beləcə biz də düşünərik, siz də,” – dedi.

Ribi: “Bəli, əlbəttə olar! Nə qədər müddət istəyirsiniz, bir günmü, iki günmü?”

Rüstəm: “Yox! Xeyr, daha çox. Çünki bu müddətdə məslə­hətçilərimiz və qövmümüzün böyükləri ilə məktublaşmaq lazımdır”.

Ribi: “Peyğəmbərimiz (s.ə.s.) düşmənlə qarşılaşarkən bizə düşmənə üç gündən çox əlavə müddət vermə səlahiyyəti vermədi. Sən özünü və xalqını düşün, üç gün sonra bu üç şeydən birini seç: müsəlman olmaq, cizyə vermək, döyüşmək”.

Rüstəm: “Onların rəhbəri sənsənmi?” – deyə soruşdu. Ribi: “Xeyr! Amma müsəlmanlar bir vücud kimidir, vəzifəcə aşağı mövqedə olanlar yuxarı mövqedə olanların adından zəmanət verə bilər,” – dedi. Bunun ardınca Rüstəm qövmünün əyan-əşrəfi yığdı və: “Bu adamın sözlərindən daha güclü və daha seçimə layiq bir söz heç eşitdinizmi?” – dedi.

Adamları: “Maazallah (Allah qorusun)! Buna meyl edirsən? Dinini buraxıb bu itin yanına keçəcəksən? Bunun paltarlarını gör­mürsənmi?” – dedilər.

Rüstəm: “Heyif! Paltara baxmayın, düşüncəyə, sözə, davranışa diqqət yetirin. Qaldı ki, ərəblər geyimə və yeməyə əhəmiyyət verməz, daha çox soylarını mühafizə etməyə əhəmiyyət verərlər,” – dedi.

Sad b. Əbi Vəqqasın bir dəstə müsəlman heyətini döyüşdən əvvəl Kisranın yanına göndərməsi

Əbu Vail rəvayət edir: “Həzəti Sad (r.a.) gəldi və Qadisiyədə düşərgə saldı. Dəqiq bilmirəm, amma yeddi və ya səkkiz mindən çox deyildik. Müşriklər isə otuz min nəfər idi (İbn Kəsrin “əl-Bidayə”də Seyf və daha başqa tarixçilərdən nəql etdiyinə görə, o gün düşmənin ümumi sayı səksən min imiş. Digər bir rəvayətdə də Rüstəmin yanında yüz iyirmi minlik qoşun olması, səksən min əsgərin də ehtiyatda baş verənləri izləməsi yazılır). Həmçinin Rüs­təmin ordusunda otuz üç baş fil var idi. Onların içindən olan ağ fil keçmiş Kisralardan biri olan “Sabur”un fili idi. Ən böyüyü və ən qabaqda gedəni idi, o biri fillər onun arxasınca gedirdilər. İranlılar: “Gücünüz yox, silahınız yox, nə üçün gəldiniz? Haydı, geri qayıdın,” – dedilər. “Dönməyəcəyik!” – cavabını verdik. Oxlarımıza baxıb gülür və: “Dük dukiğ, iğ (teşi)” deyir, oxlarımızı kirmana (toxuma aləti) bənzədirdilər. Dönməyəcəyimizi bildirincə: “Bizim yanımıza başbilənlərinizdən birini göndərin, gəlişinizin səbəbini yaxşı-yaxşı izah etsin,” – dedilər.

Həzrəti Muğirə b. Şubə: “Mən varam!” – deyib onlara tərəf getdi, taxta çıxıb Rüstəmin yanında oturdu, iranlılar donquldanıb bağırışdılar. Muğirə:

– Burada oturmaq mənim şərəfimi artırmaz, hökmdarımızı da dəyərdən salmaz, – dedi. Rüstəm: “Doğru söylədin. Yaxşı, nə üçün gəldiniz?” – deyə soruşdu.

Həzrəti Muğirə: “Biz pislik və azğınlıq içində idik, Allah-taala bizə Peyğəmbər göndərdi, onunla bizi doğru yola çatdırdı, onun sayəsində bizə ruzilər bəxş etdi. Bu diyarda bitən buğda dənələrini yeyib əhli-əyalımıza da daddırınca: “Bunu yeməyə alışdıq, bundan sonra yeməsək, dözə bilmərik! Bizi o torpaqlara aparın, buğda çörəyi yeyək!” – dedilər. Rüstəm: “Onda sizi öldürərik!” – dedi. Muğirə: “Bizi öldürsəniz, cənnətə girərik, biz sizi öldürsək, cəhənnəmə girərsiniz, sağ qalanlarınız da cizyə verər,” – dedi. Muğirə “Cizyə verərsiniz,” – deyincə farslar donquldana-donquldana: “Sizinlə sülh bağlamarıq!” – dedilər.

Muğirə: “Çox yaxşı, indi döyüşmək üçün siz bizim tərəfə keçəcəksiniz, yoxsa biz sizin tərəfə?” – deyə soruşdu. Onlar: “Biz sizin tərəfinizə keçəcəyik!” – dedilər. Bunun müqabilində İslam ordusu geri çəkildi, farslar keçincə müsəlmanlar ani bir hücumla onları məğlubiyyətə uğratdılar”.[1]

Müaviyə b. Qurrə (r.a.) rəvayət edir: “Qadisiyyə döyüşünün baş verdiyi gün Muğirə b. Şubəyə (r.a.) iranlıların başçısının yanına getmək əmri verildi. Muğirə: “Mənimlə on nəfər də gəlsin,” – dedi. İstəyi yerinə yetirildi. Muğirə paltarını möhkəmcə bağladı, təmiz dəri qalxanını götürüb getdi. Fars sərkərdəsinin yanına çatanda yoldaşlarına: “Yerə bir qalxan qoyun,” – dedi. Qoyulan qalxanın üstündə oturdu. Uzun boylu bir fars:

– Ərəblər! Ölkəmizə niyə gəldiyinizi bilirəm. Öz diyarınızda qarınlarınızı doyuracaq yemək tapa bilmirsiniz. Alın, sizə ehtiyacınız qədər yemək verək. Biz atəşpərəst cəmiyyətik, sizi öldürmək istəmirik, sizi öldürsək, torpağımız çirklənər, – dedi.

Muğirə cavab verdi: “Vallah, biz bu düşüncələrlə gəlmədik. Biz daşlara və bütlərə tapınan bir qövm idik. Sitayiş etdiyimiz daşdan daha gözəlini gördüyümuz vaxt onu atar, başqasını götürərdik. Nəhayət, Allah bizə özümüzdən bir Peyğəmbər göndərdi. O bizi İslama çağırdı, biz də Ona tabe olduq. Biz əsla azuqə əldə etmək üçün gəlmədik. İslamı qəbul etməyən düşmənlərimizlə döyüşmək mükəlləfiyyətini daşıyırıq. Döyüşçülərinizi öldürmək, zürriyyətləri­ni əsir götürmək üçün gəldik. Yemək məsələsinə gəlincə and içirəm ki, qarındolusu yemək tapa bilmirdik, hətta çox zaman doyunca içməyə su da tapa bilmirdik. Sizin torpaqlarınızda isə bol ərzaq, bol su tapdıq. Vallah, bu nemətləri qoyub getməyəcəyik, bunlar ya sizin olacaq, ya da bizim!”

Rüstəm farsca: “Doğru söylədi,” – dedikdən sonra Muğirəyə: “Sabah gözün çıxacaq,” – dedi. Amma sabahısı gün bir oxun batması ilə öz gözünü itirdi,”[2]

“Əl-Bidayə”də tarixçi Seyfin bunları nəql etdiyi yazılır: “Sad b. Əbi Vəqqas (r.a.) bir dəstə yoldaşını döyüşdən əvvəl Kisranın yanına göndərdi. Onu İslama dəvət edəcəkdilər. Kisranın hüzuruna çıxmaq üçün icazə istədilər, izin verildi. Müsəlman heyətin əyin-başını görmək üçün bölgə sakinləri küçələrə çıxdı. Baxdılar ki, əyinlərində qısa paltar, əllərində qamçı, ayaqlarında çarıq, altlarında çəlimsiz ayaqlarını sürüyən atlar! Çox təəccübləndilər. Bu adamlar onların həm sayına, həm də hərbi imkanlarına görə güclü və möhtəşəm ordularını necə məğlub edəcəkdi?

Müsəlman heyət Məlik Yezdəgirdin hüzuruna çıxanda hökmdar onları qarşısında oturtdu. Yezdəgird çox təkəbbürlü, tərbiyəsi naqis və kobud bir adam idi. Heyətdən geyimlərinin, xirqələrinin, çarıqlarının və qamçılarının adlarını soruşmağa başladı. Müsəlmanların hər cavabını bir uğur kimi qəbul edirdi. Amma Allah onun öz lehinə olan düşüncələrini əleyhinə çevirdi. Sonra onlardan soruşdu: “Bu ölkəyə nə səbəbə gəldiniz? Sizi o daxilimizdəki çəkişmə və qarışıqlıqlar cəsarətləndirdi?”

Numan b. Muqarrin belə bir cavab verdi:

– Allahın bizə rəhmi gəldi və bir Peyğəmbər göndərdi. O, bizə xeyri göstərir, xeyir işləməyi əmr edir, şəri tanıdır, ondan da çəkindirirdi.

Ona itaət etməyin əvəzində bizə dünya və axirətin xeyirlərini vəd edir. Hansı qəbiləni dəvət edirdisə, şübhəsiz, həmin qəbilə iki yerə bölünürdü, bir dəstəsi ona yaxınlaşarkən, digəri ondan uzaq qalırdı. Onun dininə qəbilənin nüfuzlu adamları qəbul edirdi. O, Allahın dilədiyi qədər bu şəkildə dini təbliğ etdi. Sonra Allah ona əmr etdi ki, qarşı çıxan ərəblərin üstünə hücum etsin və əvvəlcə onlardan başlasın. O da belə etdi. Nəticədə, ərəblərin hamısı iki yolla müsəlman olmağa başladı: zorla və ya öz arzusu ilə. Əvvəlcə müsəlman olmaq istəməyənlər sonra məmnun qaldılar. Öz arzuları ilə İslama girənlərin şövqləri daha da artdı. Onun bizə gətirdiyi dinin etdiyimiz düşmənçiliklərdən daha üstün olduğunu anladıq. O, bizə əvvəl yaxın qonşumuz olan millətlərdən başlamağı, onları ədalətə çağırmağı tövsiyə etdi. Biz sizi dinimizə çağırırıq. Bu, İslam dinidir. O, gözəli bəyənən, çirkini pisləyən bir dindir. Qəbul etsəniz, sizə Allahın kitabını verəcək, onun hökmləri ilə hökm etmək şərtilə geri qayıdacaq, işlərinizə və ölkənizə qarışmayacağıq. Bizə cizyə gətirsəniz, cizyələrinizi qəbul edəcək, sizi qoruyacağıq, əks halda sizinlə döyüşəcəyik.

Yezdəgird: “Yer üzündə sizdən daha vəhşi, daha azğın, bir-biri ilə çəkişən, pis xasiyyətli bir qövm tanımıram. İndiyə qədər səhradakı kəndləri sizə həvalə etmişdik. Farslar sizinlə döyüşmür, siz də onlara qarşı çıxmazdınız. Sayınızın çoxalması sizi aldatmasın. Əgər dolanışıq çətinliyi sizi bu yola sövq etdisə, bolluğa qədər sizə ərzaq verərik, böyüklərinizə bəxşişlər, hədiyyələr verər, hamınızı geyimlə təmin edərik. Başçılarınızı var-dövlətə tutar, sizinlə mülayim davranan bir hökmdar da təyin edərik,” – dedi.

Müsəlman heyəti susdu. Muğirə b. Şubə ayağa qalxdı və:

– Ey Məlik! Bu gördüklərin ərəblərin rəisləri, öndərləridir, zadəganlarıdır. Zadəgan zadəgandan utanar: zadəganlara ancaq zadəganlar ikram edər, əşrafın hüququnu yenə əşraf qoruyar. Onlar nə üçün göndərildiklərini sənə tamamilə açıqlamadılar, hər sözünü cavablandırmadılar. Yaxşı da etdilər! Onlar kimi insanlara ancaq belə hərəkət yaraşar. Məndən cavab istə, sənə gerçəkləri mən çatdırım, onlar da şahid olsunlar. Sən məlumatın olmadan bizi bəzi xüsusiyyətlərlə təsvir etdin!

Bizim çox pis bir vəziyyətdə olduğumuzu söylədin, doğrudur! Bizdən pisi yox idi. Aclığımız heç bir qövmün aclığına bənzəmirdi, həşaratları, əqrəbləri, ilanları yeyir, bunları təbii qidalar sayırdıq.

Evlərimiz isə torpağın üstü idi, geyimlərimizi də dəvə tükündən, qoyun yunundan hörürdük. Dinimiz isə bir-birimizi öldürmək, bir-birimizə zülm etmək idi. Çörəyimizə ortaq olmasın deyə qız övladlarımızı diri-diri basdıra bilirdik. Əvvəlki halımız bu idi. Sonra Allah bizə hər kəsin tanıdığı bir adamı Peyğəmbər göndərdi. Biz onun soyunu, kimliyini və doğumunu bilirdik. Torpağı dünyamızın ən xeyirli yeri, əsil-nəcabət cəhətdən ən üstünümüz, evi evlərimizin ən yaxşısı, qəbiləsi qəbilələrimizin ən şərəflisi idi. Şəxsiyyəti etibarilə Peyğəmbərlikdən əvvəl də ən doğrumuz, ən yumşaq xasiyyətlimiz idi.

Bizi elə bir məfkurəyə dəvət etdi ki, ilk anda onu dostu və özündən sonra xəlifəsi Əbu Bəkirdən başqa heç kim qəbul etmədi. O, bir şey dedi, biz başqa şey dedik, O, doğrunu hayqırdı, biz inkar etdik! Amma O, artarkən biz azaldıq. Aləmlərin Rəbbi ilə bizim aramızda vasitəçi oldu! Bizə söylədiyi Allahın sözü, bizə əmr etdiyi Allahın əmrləri idi. Bizə Rəbbimizin belə buyurduğunu söylədi:

– Allah mənəm! Təkəm, ortağım yoxdur. Heç bir şey yoxkən, Mən var idim. Varlığımdan başqa, hər şey yox olacaq! Bütün varlıqları Mən yaratdım. Hər şey Mənə dönəcək. Rəhmətim sizə yetişdi. Ölümdən sonra əzabımdan qurtaracağım yolu göstərmək, sizi öz evim olan əmin-amanlıq yurduna aparmaq üçün bu şəxsi göndərdim!”

Biz də onun Haqqın dərgahından haqqı gətirdiyinə şəhadət edirik. Allah-taala bizə Peyğəmbər vasitəsilə bunları bildirdi: “Bu məfkurədə kim sizə tabe olsa (dininizi qəbul etsə), lehinizə olan onun da lehinə, əleyhinizə olan onun da əleyhinədir. Qəbul etməyənlərə də cizyə təklif edib öz canlarınızı qoruduğunuz kimi, onları da himayənizə götürün. Cizyə verməyi qəbul etməyənlərlə də döyüşün, aranızda hakim mənəm. Sizdən öldürüləni cənnətimə qoyacağam. Sağ qalanınıza da düşmənini məğlub etməsi üçün kömək edəcəyəm”.

Muğirə bunları nəql etdikdən sonra belə dedi: “İndi istəsən, alçaldıcı vəziyyətdə cizyə ver, istəsən, qılıncı seç! Diləsən, ­İslamı qəbul et, canını qurtar.” Yezdəgird: “Bunları mənə deyirsən?” – dedi. Muğirə: “Mən mənimlə danışan insana deyirəm bunları, əgər başqası mənimlə danışsa idi, bunları sənə deməzdim!” – dedi. Yezdəgird: “Elçiləri öldürməmək adətdən olmasa idi, dərhal sizi öldürərdim. Mənim yanımda sizə veriləcək heç bir şey yoxdur!” – dedi və adamlarına: “Bir çuval torpaq gətirin, bunların ən əsil-nəcabətlisinin belinə yükləyin, Mədaindən çıxana qədər qoyun küçədə daşısın,” – deyə əmr verdi. Müsəlman heyətə də: “Sərkərdənizin yanına qayıdın və ona bildirin ki, üzərinə Rüstəmi göndərirəm. Qoy onu və ordusunu Qadisiyyə xəndəklərinə basdırsın, onu və sizi cəzalandırsın. Daha sonra Rüstəmi ölkənizə göndərəcəyəm, Kisra Saburun etdiyi işgəncələrindən daha dəhşətlisini sizə versin, sizi bir-birinizə düşmən etsin!” – dedi və soruşdu: “Ən əsil-nəcabətliniz kimdir?”

Heç kimdən səs çıxmadı. Yalnız Asam b. Amr (r.a.) çuvalı götürmək üçün: “Ən əsil-nəcabətlisi mənəm, bunların başçısıyam, torpağı mənə yükləyin,” – dedi. Yezdəgird: “Özünün dediyi kimi ən əsil-nəcabətliniz bu adamdırmı?” – deyə soruşdu. Onlar da: “Bəli,” – deyə cavab verdilər.

Asım torpağı çiyninə alıb eyvan və evləri keçib miniyinin yanına gəldi, torpağı onun belinə yüklədi. Yola çıxdılar. Asım yoldaşlarını keçdi, Qudeys qapısını geridə qoyunca: “Sərkərdəmizi zəfərlə müjdələyin! İnşallah, müzəffər olacağıq!” – dedi.

Yoluna davam edib özü ilə gətirdiyi torpağı Ərəb torpaqlarına keçirdi. Sonra geri qayıtdı, baş sərkərdə Sad b. Əbi Vəqqasın (r.a.) yanına girdi, son vəziyyəti izah etdi və: “Müjdə! Vallah, Allah onların mülklərinin açarlarını bizə verdi!” – dedi.

İslam ordusu Yezdəgirdin Asımın kürəyinə yüklətdiyi torpağı xeyrə yozub bunu fars torpaqlarını fəth edəcəyinə müvəffəq olacağına işarə saydı”.[3]

Hz. Amr ibn Asın Misrin fəthi zaman insanları İslama dəvət etməsi

Xalid və Hz. Ubadə (r.a.) rəvayət edir: “Həzrəti Ömər (r.a.) Mə­dinəyə qayıtdıqdan sonra Amr b. As Misrə getmək üçün yola çıxdı. Misirdəki Əlyun qapısına gəldi. Arxadan Zübeyr də getdi, orada birləşdilər. Burada onları İslam diyarlarında yaşayan xristianların başçısı Əbu Məryəm qarşıladı. Muqavqis Əbu Məryəmin hakim olduğu bölgəni qorumaq üçün bir yepiskopun rəhbərliyi altında qoşun göndərmişdi. Həmin yepiskop da Əbu Məryəmin yanınada idi. Amr b. As (r.a.) onlara yaxınlaşanda döyüş vəziyyətini aldılar. İslam sərkərdəsi xəbər göndərdi:

“Bizimlə döyüşməyə üçün tələsməyin. Sizə gəliş səbəbimizi bə­yan edək, ondan sonra fikrinizi bildirərsiniz”. Bunun müqabilində adamlarını geri çəkdilər. Amr təkrar xəbər göndərdi: “Mən meydana çıxıram. Əbu Məryəm ilə Əbu Miryam da qarşıma çıxsın”. Bu təklifi qəbul etdilər. Bir-birlərinə təminat verdikdən sonra Amr bu iki adama:

– Siz bu diyarın rahiblərisiniz, məni yaxşı dinləyin. Allah-taala, Məhəmmədi (s.ə.s.) haqq din ilə göndərdi, Ona haqqı əmr etdi. Məhəmməd (s.ə.s.) də verilən hər əmri bizə çatdırdı. Sonra O (Allahın salat və rəhməti üzərinə olsun), axirətə köçdü, vəzifəsini yerinə yetirərək və bizə açıq-aşkar bir sünnət qoyaraq getdi. Onun bizə gətirdiyi əmrlərdən biri də insanlara amalımızı, davamızı və nə üçün bura gəldiyimizi izah etməkdir. Buna görə də sizi İslama çağırırıq, hər kim İslamı qəbul etməyə razı olsa, o da bizim kimidir. Qəbul etməyənə cizyə verməyi təklif edərik, onu qorumaq üçün bütün gücümüzü səfərbər edərik. Peyğəmbərimiz bizə sizin ölkənizi fəth edəcəyimizi bildirmiş və vəsiyyət etmişdi ki, aramızdakı yaxınlığa görə (Çünki İsmail Əleyhissalamın anası Həcər Misir qıptilərindən idi. Allah Rəsulu bunu qohumluq vəsiləsi qəbul etmişdi) sizi qoruyaq. Bizi qəbul və bizə itaət etsəniz, daha da yaxınlaşmış və dostluğumuzu gücləndirmiş olarıq. Bundan başqa Möminlərin Əmiri Həzrəti Ömərin bizə: “Qiptilərlə yaxşı davranın, çünki Peyğəmbərimiz (s.ə.s.) qıptilərlə yaxşı rəftar etməyi tapşırmışdı,” – dedi.

Dedilər ki: “Bu qədər uzaq bir qohumluq, belə qədim qohumluq hüququnu yalnız Peyğəmbərlər qoruya bilər. Bəli, Həcər soylu qadın idi, hökmdarımızın qızı idi, Mənf ailəsindən idi, mülk və səltənət onlarda idi. Sonra Aynı Şəms xalqı onları məğlub edib öldürdü, mülklərini aldılar, sağ qalanları da qürbətə getdi. Bu səbəbdən Həcər də İbrahimin (əleyhissalam) yanına getdi. Bəli, bax belə. Yaxşı, ey Amr, xoş gəldiniz! Bizə möhlət ver, vəziyyəti müzakirə edər, sizə xəbər verərik”.

Amr b. As: “Mənim kimi insanı aldatmaq çətindir, sizə qövmünüzlə məsləhətləşmək üçün üç gün möhlət verirəm, yoxsa sizinlə döyüşərəm,” – dedi. Misirlilər: “Bəlkə, möhləti artırasınız!?” – dedilər. Həzrəti Amr bir gün də əlavə etdi. Yenə: “Artır!” – dedilər. Həzrəti Amr bir gün də verdi. Sonra Muqavqisin yanına qayıtdılar. Muqavqis əvvəl sülh bağlamağı düşündü. Lakin orada olan Rum sərkərdəsi Ərtabun müsbət cavab verilməsinə mane olaraq müsəlmanlara hücum edilməsi və döyüşməyi təklif etdi. O iki rahib Misir xalqına: “Biz bütün gücümüzlə sizi müdafiə edəcək, müsəlmanların yanına qayıtmayacağıq. Hələ dörd gün var. Bu müddətdə başınıza heç bir şey gəlməyəcək,” – dedilər.

Həzrəti Amr və Həzrəti Zübeyr bir gecə qəflətən Fəraqabın basqınına məruz qaldılar. Amma Amr hazırlıqlı idi, çevik tərpənib onu və yanındakıları tutub öldürdü. Daha sonra Həzrəti Amr ilə Həzrəti Zübeyr Aynı Şəmsə doğru hərəkət etdi”.[4]

Əbu Harisə ilə Əbu Osman rəvayət edir: “Həzrəti Amr b. As ın(r.a.) Aynı Şəmsdə misirlilərin ətrafında düşərgə saldığını görən Misir xalqı hökmdarlarına:

– Kisranı, Qeysəri öz ölkələrində məğlub edən bir qövmə qarşı nə etmək istəyirsən? Onlarla dərhal razılığa gəl, özünü də, bizi də təhlükəyə atma!” – dedilər.

Bu söhbət Həzrəti Amrın verdiyi beş günlük möhlətin dördüncü günündə cərəyan etdi. Məlik xalqının bu təklifinə müsbət baxmadı, İslam ordusuna hücum etdi. Vuruşmağa başladılar. Həzrəti Zübeyr şəhərin qala bürcünə çıxdı. Misir xalqı Həzrəti Zübeyri orada görüncə şəhərin qapılarını Hz. Amrın açdı, ona doğru qaçıb sülh istədi. Amr b. As da təkliflərini qəbul etdi. Həzrəti Zübeyr isə oranı qəflətən mühasirə altına aldı”.[5]

Hz. Sələmə ibn Qeys Əl-Şəcainin rəhbərlik etdiyi səhabələrin rəqiblərini İslama dəvət etməsi

Süleyman b. Büreydə rəvayət edir: “Hz. Ömər (r.a.) səfər məq­sədilə möminlərdən toplanan orduya alim və fəqih şəxsləri başçı təyin edərdi. Bir dəfə hüzurunda toplanan orduya Sələmə ibn Qeys əl-Əşcaini rəhbər təyin etdi və bunları nəsihət etdi:

– Allah naminə get, Allahı inkar edənlərə qarşı Allah yolunda cihad et. Müşrik düşmənlərinizlə qarşılaşanda onları üç şeyə çağırın: əvvəlcə İslama dəvət edin. Müsəlman olub öz yurdlarında qalmaq istəyərlərsə, mallarından zəkat alınacağını, İslam ordularının əldə etdiyi qənimətlərdən onlara verilməyəcəyini, sizinlə birlikdə olmaq və cihada qatılmaq istəyərlərsə, lehinizə olanın lehlərinə, əleyhinizə olanların da əleyhlərinə olacağını söyləyin. İslamı qəbul etməsələr, cizyə verməyə çağırın. Qəbul etsələr, onları düşmənlərdən qoruyun, onlardan gücləri çatmayan cizyəni istəməyin. Cizyə verməyə də razı olmasalar, onlarla döyüşün. Allah onlara qarşı mübarizədə sizə yardım edƏcƏkdir. Əgər bir qalaya sığınsalar və sonra oradan Allah və Rəsulunun hökmünə razı olub çıxmağı təklif etsələr, Allahın hökmü üzrə bu istəklərini qəbul etməyin. Çünki Allah və Rəsulunun onlar haqqında hansı hökmü verdiyini bilə bilməzsiniz. Sizdən Allah və Rəsulu adından təminat istəsələr, bu təminatı da verməyin. Ancaq öz adınızdan söz verin. Sizinlə döyüşsələr, qənimət mallarını mənimsəməyin, xəyanət etməyin. Əl, ayaq, burun kəsərək işgəncə etməyin, uşaqları öldürməyin”.

Həzrəti Sələmə (r.a.) deyir: “Getdik. Müşrik düşmənlərimizlə qarşı-qarşıya gəldik. Onları möminlərin əmirinin təlimatı üzrə İslama dəvət etdik, qəbul etmədilər. Cizyə verməyə çağırdıq, razı olmadılar. Buna görə də onlarla döyüşdük. Nəticə olaraq, Allah bizə zəfər lütf etdi. Döyüşçülərini öldürdük, əhli-əyallarını əsir götürdük, tökülən-dağılan əşyalarını da topladıq”.[6]



[1]. İbn Kəsir, əl-Bidayə, 7/38

[2]. Hakim, Müstədrək, 3/510 (5901)

[3]. İbn Kəsir, əl-Bidayə, 7/41, Təbəri, Tarix, 4/9

 [4]. Təbəri, Tarix,, 4/227.

 [5]. Təbəri, Tarix,, 4/288.

 [6]. Təbəri, Tarix, 5/9.